“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr Duqin

“Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır” - Aleksandr Duqin

Rusiyanın tanınmış politoloqu, Avrasiyaçılıq modelinin ideoloqlarından biri Aleksandr Duqin musavat.com-a geniş və çox maraqlı müsahibə verib.

Hurriyyet.org həmin müsahibəni təqdim edir:

– Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı “Lavrov planı” aktiv müzakirə mərhələsindədir. Planın detalları nədən ibarətdir, tərəflərə konkret nə təklif olunur?

– Plan yeni deyil. Müzakirə edilən məsələlər tərəflərə bir neçə il öncə təklif olunub. Prezident Putinin də, Rusiya XİN-in başçısı Sergey Lavrovun da dəstəklədiyi plana görə, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni boşaldır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılır – Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi yurdlarına dönür.

İndi hər iki dövlət hərbi qarşıdurma vəziyyətindədir, Qarabağda hər hansı sülhdən söhbət gedə bilməz, müharibə davam edir. Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən, Ermənistanla tərəfdaşlıq edir. Bu gün sürətlə gəlişən Azərbaycan-Rusiya münasibətləri kontekstindən baxsaq, hərbi qarşıdurma Rusiya üçün də əlverişli deyil. Azərbaycan üçün durumun qəbuledilməzliyini söyləməyə gərək yoxdur. Qarşıdurma yaxın müddətdə yalnız Ermənistan üçün sərfəlidir, ancaq burada da perspektiv yoxdur. Çünki nə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini, nə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç bir ölkə qəbul etməyəcək. Ermənistan nə Qərbdə, nə Şərqdə bunları qəbul edən bir ölkə də tapa bilməyib, bilməyəcək. Düzdür, dünyada bu cür etnik təmizləmələr aparılıb, yeni ərazilər qazanılıb, o ərazilərdə yeni dövlətlər yaradılıb. Örnək – keçmiş Yuqoslaviya. O zaman bəzi dövlətlər serblərə qarşı etnik təmizləmə aparan xorvatları müdafiə etdilər. Ancaq onların arxasında nəhəng bir güc dayanırdı. NATO ilə yanaşı, çökməkdə olan Sovetlər Birliyinin qərbpərəst rəhbərliyi xorvatları müdafiə etdi və münaqişə zonasında yaranan dövləti dünya ölkələri tanıdı.

Əgər Dağlıq Qarabağı işğal edən Ermənistanın arxasında Rusiya dayansaydı, ya da Qərb işğalı, etnik təmizləməni, işğal edilən torpaqlarda yeni dövlət yaradılmasını Kosovada olduğu kimi dəstəkləsəydi, o zaman durum fərqli olardı. Şübhəsiz, Ermənistan işğal coğrafiyasını Dağlıq Qarabağdan kənarda olan ərazilər hesabına ona görə genişləndirib ki, gələcəkdə münaqişənin nizamlanması üzrə danışıqlarda üstünlük qazansın. Yəni günlərin birində desin ki, buyurun, biz dünyanın barış təkliflərinə müsbət cavab verərək Azərbaycanın konkret ərazilərindən çıxırıq, qarşılığında da dünya Dağlıq Qarabağın müstəqilliyini tanısın. Azərbaycanın bir dönəm GUAM ölkəsi olması Ermənistan üçün üstünlük idi. Ermənistan ümid edirdi ki, bir gün Gürcüstanla, Ukrayna ilə olduğu kimi Rusiyanın Azərbaycanla münasibəti pisləşəcək və bu, Moskvanın Dağlıq Qarabağ məsələsində tamamilə onların mövqeyini müdafiə etməsinə gətirəcək. Belə bir plan Qarabağa yaramasa da, Abxaziya və Şimali Osetiyada işlədi. Ona görə bunu rasional yanaşma saymaq olmazdı. Bir qədər sonra Azərbaycanın beynəlxalq mövqeyi gücləndi. Fikrimcə, ölkəni çox gözəl idarə edən prezident İlham Əliyevin uğurlu siyasəti hesabına… O, öz mövqeyini gücləndirdi, uğurlu sosial sistem yaratmağa başladı, beləliklə, uğurlu liderə çevrildi. Bu dövrdə Ermənistana rəhbərlik edən şəxslər dəyişir və onların hər biri iqtidardan böyük siyasi qalmaqallarla gedirdilər. Ermənistan bütün bu illəri Kremlə qarşı davamlı qınaq, etiraz, iddia səsləndirərək əslində Rusiyanın hesabına yaşadı, bizdən 100 faiz asılı olsalar da, şantaj etməkdən çəkinmədi.

– Qərbə yaxınlaşmanı nəzərdə tutursunuz?

– Bəli. Qərblə xeyli yaxınlaşıblar. Burada bir dissonans yaranır. Azərbaycanla münasibətlərimiz daha məntiqli, daha ardıcıldır, Putin və Əliyev bir çox məsələlərdə ortaq mövqe sahibidirlər, ona görə yox ki, onlar şəxsi dostlardırlar, ona görə ki, məsələlərə rasional yanaşırlar. Əliyev deyir və edir, Putin deyir və edir… Beləliklə, tərəflər bir-birinə basqı göstərmədən milli maraqlar naminə strateji yöndən yaxınlaşırlar.

Biz bir müddət öncə Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas strateji müttəfiqi olması ilə bağlı konfrans keçirmişdik. Bu, hər iki prezidentin razılığı ilə müəyyən olunan yanaşma idi. Özü də həmin konfrans Qarabağda keçirildi. Məkan seçiminin də təbii, xüsusi anlamı vardı. Rusiya bununla açıq şəkildə Azərbaycanla yaxınlaşma istəyini bəyan edirdi.

– Siz Ermənistanın Qərblə yaxınlaşdığını dediniz. Bu, Ermənistanın xarici siyasətində hansı dəyişikliklərə səbəb olub?

– Hələlik bu, Ermənistan rəhbərliyinin niyyətidir. Qərb birmənalı olaraq Ermənistanın arxasında dayanmayıb. Çünki Ermənistan bizim hərbi müttəfiqimizdir. Biz də Ermənistanın arxasında hərbi müttəfiqliyimizə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dərəcədə dayanmamışıq və dəstəyimiz getdikcə azalır. Rusiya Yeltsinin dönəmindən bəri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu gün də onu dəstəkləyir. Əgər bir zamanlar bu, nominal tanınma idisə, bu gün bu, faktikidir, yəni təkcə de-yure deyil, de-fakto tanınmadır. Rusiya eyni zamanda özünü Dağlıq Qarabağın erməni icmasının qarantı sayır. Onların Dağlıq Qarabağda azad, təhlükəsiz yaşaması üçün Rusiya məsuliyyət daşıyır.

Biz onu da dərk edirik ki, Qarabağ əhalisinin yarısı – azərbaycanlılar etnik təmizləmə nəticəsində oradan köçürülüb və həmin insanlar öz yurdlarına qayıtmalıdır. Ancaq biz bunu savaşla baş verməsini istəmirik, çünki bu halda bizim sabitlikləri üçün qarant olduğumun ermənilər ziyan çəkə bilər.

Ona görə də biz münaqişənin birmənalı dinc yolla nizamlanmasının tərəfdarıyıq və bunun üçün ən rahat variantın 5 rayonun qaytarılmasından keçdiyini düşünürük. Özü də biz bu məsələyə Ermənistanın güzəştə getməsi kimi baxmırıq. Qarşılıq olaraq Rusiya-Azərbaycan və prosesə qoşulan Türkiyə ilə bərabər, Ermənistana iqtisadi inteqrasiya üçün yardım edəcək. Blokadalar aradan qaldırılacaq, Türkiyə sərhədlərini açacaq, nizamlamaya regionun bütün dövlətləri dəstək verəcək, Ermənistanın regiondakı proseslərə aktiv şəkildə qoşulması təmin ediləcək. Çünki Ermənistan 5 rayonu qaytarmağın qarşılığında ciddi dividentlər gözləyir.

– Bu plan Ankara ilə müzakirəyə çıxarılıbmı?

– Niyyətlər bütün tərəflərə bəllidir. Biz öncə Ermənistan-Türkiyə sərhədlərinin açılmasını istəmirdik. Çünki Türkiyəni rəqib, bu projeni isə Qərbin layihəsi sayırdıq. İndi Türkiyə Yaxın Şərqdə Rusiyanın müttəfiqi, ən azı tərəfdaşıdır, Ərdoğan və Putin, eyni zamanda Əliyevlə hər iki prezident arasında çox yaxşı münasibətlər var. Bu səbəbdən Paşinyanın addımları əsaslandırılmış, hərəkətləri adekvat sayıla bilməz. O, özünü hər kəsin qardaşları ilə yox, onunla ilgilənməsini istəyən kür uşaq kimi aparır. Reallığa dönmək zamanıdır.

– Şuşa və Laçın… Ermənistanın 1992-ci ilin mayında işğal etdiyi 2 rayon… Onlarla bağlı planda hansısa bənd varmı?

– Biz açıq deyirik ki, bu rayonlar Azərbaycanındır. Ancaq onlar Dağlıq Qarabağla Ermənistan arasında koridor olduğu üçün erməni tərəf üçün həyati əhəmiyyətidir. 5 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr başlaya bilər. Çünki orada yaşayan insanlar pasport almalı, sərbəst hərəkət edə bilməlidirlər. Rusiyanın bununla bağlı da planları da var. Biz Azərbaycanla, Türkiyə ilə, MDB-nin digər ölkələri ilə bərabər Qarabağda həyatı yenidən bərpa etmək istəyirik. Bu, diaspor ianələri ilə çözüləcək məsələ deyil – orada böyük quruculuq işlərinə ehtiyac var. Bu, son dərəcə həssas bir prosesdir. Çünki azərbaycanlılar böyük ziyan görüb, o səbəbdən qayıdış zamanı ciddi psixoloji məqamlar ortaya çıxa bilər. Prosesin yeni münaqişə yaratmaması, nizamlamanın qırılmaması üçün bütün məqamlar nəzərə alınmalıdır. Ona görə tələsmədən, bütün detalı incələyərək irəliləmək lazımdır. Burada “Qərb qazandı”, “Rusiya qazandı”, ya “azərbaycanlılar qazandı” kimi kəlmələrə yer yoxdur. Elə etməliyik çözümdən bütün tərəflər qazansın.

“Lavrov planı” daha bir suala birdəfəlik son qoyacaq – Qarabağ bundan sonra heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək. Ermənilər dərk etməlidirlər ki, indi onların arxasında dayanan konkret qüvvə yoxdur. Bakının da Qərblə münasibətləri var, buna baxmayaraq, Rusiyanın Azərbaycanla münasibətləri yetərincə istidir. Ola bilər, Bakı-Moskva yaxınlaşması Qərb üçün arzuedilməzdir, ancaq bu, müstəqil dövlətin öz seçimidir. Bu gün Qarabağ ətrafında qüvvələr nisbətindəki balans dəyişdiyindən münaqişənin nizamlanmasına şərait yaranıb. “Lavrov planı” məhz bu dönəmə hesablanıb. Bildiyim qədər, Azərbaycanda bu planı ziyanlı sayanlar çoxdur. Onlar sadəlövhlüklə “Lavrov ermənidir” deyib planın önünü kəsmək istəyirlər. Lavrov dövlət adamıdır və onun hadisələrə real baxışları var. Bundan başqa, bu, Lavrovun şəxsi planı deyil. Söhbət bizim ölkəmizin, dövlətimizin planından gedir. Dağlıq Qarabağ məsələsinin bu cür nizamlanması Rusiyanın da milli maraqlarına uyğundur. Çünki bu halda biz Azərbaycanla yaxınlaşma siyasətini, eyni zamanda Ermənistanla müttəfiqliyimizi davam etdirəcəyik. Ermənilər çox nahaq yerə bizimlə dostluqlarının Azərbaycana qarşı olduğunu önə çıxarmağa çalışırlar. Bu, heç zaman belə olmayıb. İndi isə bundan söhbət gedə bilməz. Paralel olaraq, Bakı-Moskva yaxınlaşmasını da ermənilərə qarşı davranış kimi dəyərləndirmək doğru deyil. Bu gün Rusiya üçün Ermənistanla münasibətləri korlamadan Azərbaycanla yaxınlaşmaq çox sərfəlidir.

– “Lavrov planı”na görə, Qarabağın güney sərhədlərini – yəni Azərbaycan-İran sərhədini hansı qüvvələr qorumalıdır?

– Bu, müzakirə ediləcək. İran da bizim müttəfiqimizdir. Bizim əsas hədəfimiz regiona amerikalıları buraxmamaqdır. Çünki onlar burada yeni konflikt yaradacaqlar. Qarabağ problemini Azərbaycan, Ermənistan, Rusiya, İran birlikdə çözə bilər. Biz üzərimizə yeni öhdəliklər götürmək fikrində deyilik. Rusiyanın məqsədi Güney Qazqazda barışı, balansı, qarşılıqlı münasibətlərin hormoniyasını təmin etməkdir.

– Cənab Duqin, bu plan Rusiya-Gürcüstan münasibətlərinə necə təsir edə bilər? Osetiya və Abxaziya Gürcüstan üçün hələ çözülməmiş münaqişələrdir…

– Rusiya Gürcüstanı əldən vermək istəmir. Bu, birmənalıdır. Çünki biz Gürcüstanı tamamilə əldən versək, oradan terror fəaliyyəti yayılmağa başlayacaq. İndi ABŞ Abxaziya və Güney Osetiyanı gözardı edərək Gürcüstanı NATO-ya çəkmək istəyir. Buna yol vermək olmaz. Gürcüstan ərazisində NATO bazası olsa, bu, Azərbaycanın da, Ermənistanın da, İranın da, Rusiyanın da müstəqilliyinə təhdiddir. Aydındır ki, Rusiya Gürcüstana “Qərbə yaxınlaşma” tələbi irəli sürə bilməz. Ona görə Gürcüstan üçün yeni strategiya yaradılmalıdır. Bu, hər şeydən öncə Gürcüstan üçün də əlverişli olmalıdır. İndi bu strategiya üzərində gərgin iş gedir.

– Qərbin çox cazibədar təkliflərinin qarşısında Rusiya Gürcüstana nələr təklif edə bilər?

– Hələlik bu haqda açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, İvanişvili ilə başlayan və indi də davam edən dönəmdə Rusiya-Gürcüstan münasibətlərində xeyli yaxınlaşma baş verib. Turizm sahəsində əməkdaşlıqlar genişləndirilir, ticarət yavaş-yavaş bərpa olunmağa başlayır. Bizim yaxınlaşma siyasətini davam etdirmək üçün Tiflisə yeni təkliflərimiz olacaq.

Haqqında danışdığımız “Lavrov planı”nda Güney Qafqaza kompleks baxış var. Bir məqamı vurğulayım ki, Rusiya Güney Qafqaza tam nəzarəti bərpa etməyə çalışmır. Rusiyanın belə bir imkanı yoxdur. İstəyimiz odur ki, bu ərazilər bizimlə düşmən münasibətlərdə olan Qərb dövlətlərinin nəzarətinə keçməsin. Bizə neytral, mehriban qonşuluq münasibətlərində olduğumuz Güney Qafqaz gərəkdir.

Ermənistanın İranla yaxşı münasibətləri var, Azərbaycanın İranla yaxşı, Türkiyə ilə daha yaxşı əlaqələri var. Rusiya indi Moskva-Ankara-Tehran siyasi xətti üzərində işləyir. Bu stratejinin hazırlanması və gerçəkləşdirilməsi üçün bizə Güney Qafqaz tam lazımdır. Gürcüstanda bizim pravoslav qardaşlarımız yaşayır, Ermənistan, Azərbaycan, İranla dostluq münasibətlərimizi genişləndirsək, tam bir barış ortamı yarada bilərik. Biz Atlantika faktorunu dəf edə bilsək, region düşüncəmizdəki kimi şəkillənər.

Təcrübə göstərir ki, prezident Putin və xarici işlər naziri Lavrov bu məsələləri region dövlətlərinin başçıları ilə masaya yatıranda nəticə əldə etmək çətin olmur. Təki həmin müzakirələrdə pozucu Qərbin təmsilçisi olmasın. Qərb ələ keçirdiklərinin hamısını məhv edir. Bu gün Yaxın Şərqdə bu mənzərə olduqca aydın görünür. Güney Qafqazda hansı respublika Qərbə tamamilə meyllənsə, onu Suriya kimi, İraq kimi tamamilə parçalanma gözləyir. Rusiya buna imkan verməyəcək.

– Dedikləriniz Ermənistana da aiddir? Nikol Paşinyan Qərb meyllərini indiki sürətdə davam eləsə, Ermənistan öz müttəfiqi Rusiyanı qarşısında görəcək?

– Rusiya Ermənistanın daxili işlərinə qarışmır. Müşahidə edirsinizsə, biz Paşinyanın hakimiyyətə gəlməsini çox sakit qarşıladıq. Niyə? Çünki söhbət şəxsiyyətlərdən getmir. Biz Sərkisyanı bəyənirik, yoxsa Paşinyan daha çox xoşumuza gəlir – bunun məsələyə heç bir aidiyyəti yoxdur. Bizim işimiz erməni xalqı və Ermənistan dövləti ilədir. Bu xalq bizə dostdur. Bizim dostluğumuz ənənəvidir, biz bu dostluğa sədaqətliyik və belə də davam edəcək. Ancaq biz bu siyasətin qurbanı olmaq istəmirik. Burada bir neçə format var. Əgər Paşinyan onlara əməl etsə, biz onunla dostuq edəcəyik. Bu, çox praqmatik yanaşmadır. Məsələn, günün birində Azərbaycan Moskvadan üz döndərib NATO ilə yaxınlaşma siyasəti yürütsə, aydındır ki, bizim münasibətlərimiz korlanacaq. İlham Əliyev deyir, biz neytralıq, Ermənistan deyir, biz dostuq. Bu bizim üçün yetərlidir. Əgər bunun üzərinə mehriban qonşuluq əlavə olunsa, çox yaxşıdır, gündəmə müttəfiqlik gəlsə, bu ondan da yaxşıdır, müttəfiqlik yoxdur – problem deyil, neytrallıq var – hər şey yolundadır.

Bayaq dediyim kimi, əsas odur regiona sabitliyi pozan faktor – Qərb gəlməsin. Bizim üçün prinsipial məqam budur. Güney Qafqazda Rusiyanın maraqlarını nəzərə almadan hərbi bazalar qurmaq mümkün deyil. Biz buna qarşı çıxacağıq. ABŞ “milli maraqlarımıza cavab vermir” iddiası ilə coğrafi mənada özündən çox uzaq ölkələrə qoşun yeridir. Özünü demokratik dövlət adlandırmalarına baxmayaraq, min kilometrlərlə uzaq məsafələrə hərbi müdaxilədən çəkinmir.

Biz başa düşürük, bu, böyük siyasətdir. Xoşumuza gəlməsə də, biz bunu dərk edirik. Rusiya Sovetlər Birliyinin yanlışlarını təkrarlamaq, öz iradəsini başqalarına güc yolu ilə yeritmək istəmir. Moskva çoxqütblü dünyanın tərəfdarıdır. Məncə, region dövlətləri “beyin mərkəzləri” yaradaraq hansı qütbə aid olacaqları üzərində ciddi araşdırmalar aparmalıdırlar. Sovetlər Birliyi varkən bu, daha asan idi. İki qütb vardı – ya kapitalizm, ya sosializm tərəfdarı idin. Ancaq çağdaş dünyada yeni qütblər yaranıb. Çin artıq müstəqil qütbdür. İslam dünyası toparlanmağa çalışsa da, ideoloji ayrımçılıq buna imkan vermir, amma İslam dünyası iqtisadi imkanları ilə ayrıca qütbdür. Hindistan da o sıradan. Bütöv Qərb də artıq yoxdur və proseslər bölünmənin daha da sürətlənəcəyini göstərir. Suveren düşünmək gərəkdir – biz harada olmalıyıq, hansı daha əlverişlidir? Bu qərarı yalnız prezidentlər güc strukturlarının rəhbərləri ilə verməli deyillər. Prosesə intellektuallar da qoşulmalıdırlar.

– Paşinyan bir neçə dəfə Rusiya rəhbərliyi ilə görüşüb. Siz Ermənistanın hansı qütbü seçəcəyini təxmin edirsiniz?

– Demək çətindir. Ermənistanda cəmiyyət çox qəlizdir. Amma real intellektual potensialları güclüdür. Bununla belə, iqtidara çox yaxın gəlmirlər. Onlar erməni xalqının maraqlarını çox dəqiq təsbit edirlər.

Düşünürəm ki, rasional düşünə biləcəklər. Onların çoxunu şəxsən tanıyıram, yaxşı münasibətlərimiz var. Sözsüz, iqtidara yaxın intellektuallar da var, müxalifətə yaxın olanlar da, müstəqil fəaliyyət göstərənlər də. Ancaq onların hamısını erməni millətçiliyi birləşdirir – özlərini sol, sağ, mühafizəkar, liberal adlandırmalarına baxmayaraq. Onlar arasında Rusiyanın baxışlarını bölüşənlər çoxdur. Biz heç bir ölkədə – nə Ermənistanda, nə Azərbaycanda, nə Rusiyada, nə Türkiyədə rusiyayanlı siyasilər, intellektuallar aramırıq, biz reallığı dəyərləndirə bilənlərlə, konyukturaya bağlı olmayanlarla, demoqogiya ilə, populizmlə məşğul olmayanlarlala işbirliyi qurmaq istəyirik.

Azərbaycanda da, təbii, belə insanlar var. Biz hər ölkənin realistləri ilə yaşadığımız coğrafiyanın gələcəyini qurmaq istəyirik. Bayaq dövlətlərarası münasibətləri misal çəkdim, indi də demək istəyirəm ki, erməni millətçiləri ilə dostluğumuz Azərbaycan intellektualları ilə ortaq fikir tapmayacağımız demək deyil. Türklərə görə, kürdlər separatçıdır. Amma biz türklərlə dostluq edəndə kürdlərlə işbirliyini kəsmirik. Rusiyaya bir tərəf üçün oynayan oyunçu kimi baxmaq olmaz. Türklər düşünür ki, biz onlarla dostluğu qüvvətləndirəcəyiksə, kürdlərin başına bomba yağdıracağıq. Belə deyil. Azərbaycanlılarla dostluğumuz da ermənilərlə düşmənçilik mənası daşımır. Ona görə yox ki, biz hiyləgər və ikiüzlüyük. Ona görə ki, bizim missiyamız başqadır. Bu, bizə çevrəmizdəki bütün millətlər və dövlətlərlə özəl münasibətlər qurmağı diktə edir.

– Türkiyə-Rusiya münasibətlərinin gələcəyini necə görürsünüz?

– Hələlik dəqiq heç nə demək mümkün deyil. Əslində Azərbaycanla da münasibətlərimizdə aydın olmayan məqamlar var. Münasibətlər liderlər üzərindədir. Onlardan sonra nələr baş verə biləcəyini proqnozlaşdırmaq çətindir. Ona görə də nə qədər ki, müdrik liderlərin mehriban qonşuluq, işbirliyi niyyətləri qüvvədədir, uzunmüddətli hədəflər üzərində düşünmək gərəkdir. Heydər Əliyev möhtəşəm bir strateji yaratmışdı. Azərbaycan bir dönəm onunla uğurlu yol keçdi. Amma zaman dəyişir, yeni reallıqlar ortaya çıxarır. İndi İlham Əliyev Azərbaycanın gələcəyinin təməlini qoymalıdır.

– Tarixi düşmənçiliklər stratejilərin hazırlanmasına nə qədər mane olur?

– Çox. Axı nə qədər Rusiya ilə Türkiyə arasında neçə müharibə olduğunu saymaq olar? Ruslar gəldi işğal etdi, sonra türklər bizi işğal etdi, sonra türklər yunanları işğal etdi… Bunlar keçmişdə baş verib. Millətlər bu savaşların ağrısını yaşayıb. Düşmənçilik bizi doğru hədəflərə götürməyə bilər. Biz birgə yaşayışın modellərini tapmalıyıq.

– Siz Rusiyanın Sovetlər Birliyinin yanlışlarını təkrar etməyəcəyini dediniz. Amma Avrasiyaçılıq modelinə Sovetlər birliyinin yeni forması kimi baxanlar var. Digər tərəfdən, Rusiyanın postsovet məkanına təsir imkanları azalmaqdadır. Belə təsəvvür var ki, Baltikyanı respublikalar NATO-ya daxil olandan, Gürcüstan, Ukrayna Qərbə inteqrasiyanı seçəndən sonra Rusiya üçün manevr imkanları yalnız Avrasiya coğrafiyasında realdır. Ukrayna ilə münaqişə səbəbindən Rusiya Qərblə münasibətləri son dərəcə pisləşdirdi. Rusiya bu siyasətin doğruluğuna hələ də əmindir?

– Avrasiyaçılıq haqqında Sovetlər Birliyinin yeni modeli kimi danışmaq çox yanlışdır. Bunun necə bir model olacağını bu ideyanı qəbul edən dövlətlər müəyyən edəcək. Onlar bu modeli necə düşündüklərini açıqlayacaq, daha sonra ortaq bir fikrə gəlinəcək.

Ukraynaya gəlincə, bu, Rusiya siyasətinin nəhəng yanlışıdır. Bu, məhz o haldır ki, biz birmənalı uduzmuşuq. Hamımız. Rusiya da, Ukrayna da, Ukraynada yaşayan rus kökənli əhali də, müstəqillik ideyasının daşıyıcıları da. Hamı. Mənim haqqımda bəzən yazırlar ki, bütün günahı Ukraynada görürəm. Belə deyil. Qismən etnik ukraynalıyam. Bu iki ölkənin qarşıdurması şəxsən mənim üçün böyük itkidir. Biz Krımla bağlı qərar verənə qədər Ukrayna xalqı ilə işləməliydik. Amma Rusiya sadəcə, Avropaya boru xətti çəkirdi, ora tikinti briqadaları göndərirdi və onların içərisində çox xəbis, dar düşüncəli insanlar vardı. Sonradan bu qrupların içərisindən prezident Putinin yaxın çevrəsinə qədər yüksələn və Rusiyanın yanlış addımlar atmasına səbəb olanlar da çıxdı. Nəticədə biz Ukraynanı itirdik. Bu, yeri doldurulmayacaq bir itkidir. Bütün məsuliyyət Moskvanın üzərindədir. Çünki bu siyasətin formalaşdırılması elə bədnam insanlara tapşırılmışdı ki, başqa nəticə sadəcə, mümkün deyildi. Rusiya təşəbbüsü tamamilə qərbyönlü siyasi texnoloqlara vermişdi. Krımı qazanmaq bizim dəhşətli itkilərimizin qarşısında dənizdə damladır. Nə öldürdük, nə xilas etdik, biz Ukraynanı şikəst etdik. Bu ən dəhşətlisidir. Pravoslav kilsəsi belə bölündü.

– Prezident seçkilərindən sonra Ukraynada nələr dəyişə bilər?

– Bu seçki normal inkişaf edən ölkədə yox, “əlillər evində” keçirildi. Bayaq dedim, biz Ukraynanı şikəst etdik. Ukraynanın nə bu seçkidən, nə növbəti seçkilərdən sonra dirçələcəyini düşünmürəm. Bu gün üçün bizim Ukrayna ilə hər hansı pozitiv münasibət qurmaq ümidimiz sadəcə, yoxdur. Çünki Rusiya yanlışlarını davam etdirir. Rusiya mediasının Ukrayna ilə bağlı tənqid tonunu qəti qəbul etmirəm. Bu yazıların, çıxışların, tok-şouların heç birində Rusiyanın məsuliyyəti haqqında danışılmır. Rusiya Ukrayna ilə bağlı heç bir mərhələdə düzgün davranmadı. Maydan hadisələri kulminasiyasını yaşayanda prezident Putin paraolimpiya oyunlarını seyr edirdi. Bu, qara piar idi. Çoxqütblü dünya quran, Suriyada yeni dünya düzəni yaradan liderin həlledici siyasi proseslər zamanı idmançıların halqanın içərisindən necə tullanacağını seyr etməsi Rusiya üçün ölçüyəgəlməz yanlışlar idi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA