BİZİM YIRTICI MƏMURLAR VƏ ERMƏNİLƏR...

BİZİM YIRTICI MƏMURLAR VƏ ERMƏNİLƏR...

Ermənilər də Azərbaycandan istədiklərini alıblar, bizim imansız yırtıcılar da...

Bir tərəfdən şiddətlənən mərəzim, bir tərəfdən ovunmaz mənəvi əzabım, maddi mərhumiyyət, qocalıq məni elə heydən salıb ki, baş verənlərə fövrən vaxtında reaksiya verə bilmirəm. Əlimin altında nə saytım var, nə qəzetim, məslək, əqidə dostlarımın da çoxu bu dünyadan rehlət aparıb. Təyin olunmuş “millət vəkilləri”, heyvərə şərhçilər, buqələmun xislətli hərşeyşünaslar sevinə bilərlər. Bu mənhus güruhu yerində oturtmağa istedadım da, gücüm də yetər, di gəl bayaq ərz elədiyim kimi imkanım yoxdur.

Böyük ehtiramla yanaşdığım “Hürriyyət” qəzetinin bu ilki 99-cu sayında “Hakimiyyət ya Qarabağı almalı, ya da istefaya getməlidir” sərlövhəsi diqqətimi çəkdi. Bu sözün sahibi heç demə Ədalət Partiyasının sədri, hüquq elmlər doktoru, vaxtilə respublika prokuroru işləmiş İlyas İsmayılov imiş.

Mən bu kişini tələbəlik illərindən tanıyıram.... Məxləs, qəzetin bir səhifəsini tutmuş yazını diqqətlə oxudum. Təqdirdən başqa heç bir iradım yoxdur, düz sözə nə deyəsən? Amma sərlövhəyə çıxarılmış kəlmə barədə danışmaq vacibdir.

Ey nuri-çeşmim İlyas ağa, Siz sabiq prokuror kimi elə əsrarları bilirsiniz ki, belə şeylər yuxumuza da girməyib. Ucundan, qırağından biz rəiyyət də bəzi işlərdən agahıq.

Birdəfəlik bilmək lazımdır ki, bu hakimiyyət Qarabağı almaq fikrində deyil. Ora elə satılmayıb ki, qaytarmaq mümkün olsun. Otuz il ərzində bu qədər vur-çatlasından sonra da nə millət monolit qüvvəyə döndü, nə də “Vətən müharibəsi” modeli tətbiq olundu. Bu torpağın ziyalısı orta əsrlərin qulağı həlqəli qulamına dönməsi ilə öyündü. İkinci dünya müharibəsi illərində istər Rusiyada, istərsə də bizdə vətənpərvərlik təbliğatı, gənc nəslin tərbiyəsi xalqın münəvvər, qeyrətli fədakar övladlarına etibar edilmişdi. Kommunist idilər, amma işlərinə söz ola bilməzdi, kişi kimi çalışırdılar. Yağ-bal içində neynim demədən yaşayan, ancaq cibini güdən təyin olunmuş arsız “millət vəkili”, şou-biznes həşəratları, talançılıqda min başkəsən qulduru da geridə qoyan icra başçıları indiyə qədər millətə nə deyiblər ki, bundan sonra da desinlər. Xalq bunlardan çoxdan üz döndərib.

Çox hörmətli İlyas müəllim, Qarabağı məcməyi içində erməniyə peşkəş edənləri, onların mürşidini əla tanıyırsınız. Min il də qalsa siz barmaq uzadıb onları adbaad göstərməyəcəksiniz. Təcrübəli prokuror kimi indiyə qədər dillənənlərin aqibətini görmüşünüz. Məndən ibrət alın. Ölümü xilas kimi gözləyən artıq 90-nı xırdalayan mənim kimi xəstə veteranın qocalıq təqüdünü kəsib məddahına verən iqtidardan nə desəniz gözləmək olar.

Erməninin başına at təpib ki, o, Kəlbəcər kimi fantastik gözəlliyi olan məkanı, Şuşa kimi əfsanəvi yeri qaytarsın?

Vaxt-bivaxt ordunun qüdrətindən, hakim partiyanın sıralarında az qala bir milyon insanın üzv olmasından fəxrlə danışan hakimiyyət, Moskvanın bir barmaq silkələməsi ilə fas-fağır yerində oturdu. Mənən lümpenləşən toplum (millət yox ha!) üçün təsəlli tapıldı, saysız-hesabsız müsabiqələr, festivallar, idman yarışları, bağlarda, dəniz kənarında fonoqrammalı konsertlər.

İndi də üzümü iqtidarın teleməddahlarına tuturam, beyinlərinizin ilmələrini işə salın, görün bu sözlər kimə məxsusdur, nə vaxt və kim tərəfindən deyilib: “Biz istəsək də bu naqis rus xalqının axırına çıxa bilməyəcəyik, həddən ziyadə çoxdurlar. Bir yol var! Çalışın bütün yaşayış məskənlərini radiolaşdırın, gecə-gündüz bütün reproduktorlardan primitiv, bayağı musiqi səslənməlidir. Əhali ən ucuz spirtli içkilərlə, tütün məmulatı ilə nə qədər çox təmin edilsə, bir o qədər yaxşıdır”. 1941-ci ildə yazılmış bu sözlər bizim iqtidarın indiki siyasəti ilə məgər uyğun gəlmir?

.... Küçədə, bayırda siqaret çəkməyən cavana rast gəlməzsən. O yer yoxdur ki, orada bər-bəzəkli şüşələrdə mənşəyi məlum olmayan spirtli içki satılmasın. Nəzarətsiz qalan telekanalların yaydıqları “musiqiyə” isə söz ola bilməz.

İstisnalar var, amma nə edəsən ki, gözəl nümunələr çirkab seli içində itib batırlar. Bu xalqı birdəfəlik qəhr etmək istəyən daxili, xarici irtica məqsədinə yetib. Hamını indi ancaq fizioloji tələbatı və qarnı maraqlandırır...

Futbol yarışı üçün Bakıya gələn ingilis komandasının erməni əsilli bir üzvü başladı təşəxxüs satıb naz eləməyə. Düz iki həftə bizim bütün mətbuat, böyük şərhçi ordusu işini-gücünü buraxıb ancaq bir erməni dılqırından danışdı. Sanki bizim ordunun gələcək uğuru bir gədənin Bakıya gəlib-gəlməməyindən asılı idi.

İlyas müəllim, buyurursunuz ki, hakimiyyət Qarabağı almasa istefaya getməlidir. Kişilər adam başına milyard yığmaq yarışına giriblər, nəzarət yox, danışanların ağızları möhürlənib, dəfələrlə yazmışam, vəzifə sahibləri, partiya bonzları, ellik zəmanətlə bir-birilərinə bağlanmış yırtıcı məmur zümrəsi Azərbaycanı vətən yox, müvəqqəti örüş yeri hesab edirlər. Erməni də istədiyini alıb, bizim milli yırtıcılar da. Onlara Qarabağ qətiyyən lazım deyil!

İstefa isə şərəf əzabı anlayışının hökmfərma olduğu yerdə baş verir.

Popkorn satmaqla ailəsi üçün çörək pulu qazanan uşağın üzərinə gedən Rasim Musabəyova mən minnətdaram. O, bizim gülməşəkər iqtidarın iç üzünü açdı (Düzdür, bundan beşbetər ifşalar da olub, amma bu dəfəki məsələ ruslar demişkən, başqa “kolenkor”dur). Ot kökü üstündə bitər, deyərlər. Millətimin qanlı cəlladı, XI ordunun zirehli qatarı ilə Bakıya gələn Qəzənfər Musabəyovun törəməsindən nəcib əməl gözləmək axmaqlıqdır.

Eynulla ağa, kim, nə deyirsə desin, amma fikrimcə sizə min “Afərin!” düşür. Allaha şükürlər olsun ki, biz Rasim Musabəyovun əsl simasını gördük. İlahi, bəni-Adəm neçə ağaya qullyuq edərmiş? Görün iqtidar bizləri necə avam yerinə qoyub ki, Rasim kimi min üzlü subyekti boynumuza mindirib.

Vaxtilə xalqın qeyrətli övladlarının iftixarla gəzdirdikləri fəxri adları kimə gəldi, paylayan, mərdi qova-qova namərd etməyi bacaran, pulgir lakeylərin əlləri ilə minlərlə şikayət məktubunu, ərizəni zibil qutularına atdıran iqtidar, çoxdan üstündə oturduğu budağı baltalayıb.

Prezidentin ən yaxın, ən sadiq adamları yəni görmürlər ki, məmləkətin ideoloji-mənəvi mühitinin təhlükəsizliyini elman nəsirovlarla, mübariz əhmədoğlularla, elmira axundovalarla, musa Qasımovlarla, mübariz qurbanlılarla və digər konformist subyektlərə təmin etmək qeyri-mümkündür?!

Dünyanı məhvərindən tərpətmiş Leninin, kommunist partiyasının görkəmli xadimlərinin milyon tirajlarla (özü də müxtəlif dillərdə!) çap olunmuş kitabları çoxdan unudulub, mən hələ müstəmləkə ədəbiyyatı “korifeylərinin” qalın-qalın külliyyatlarından danışmıram. Elmira Axundovanın “salnamə”lərinin taleyini indidən demək olar. Heydər Əliyevin üzərinə necə çirkab atıldığının, hər cürə təhqirə məruz qaldığının şahidi olmuşuq. O ağır günlərdə, həftələrdə, cınqırı çıxmayan E. Axundova bir azdan sərvət-saman yiyəsi olacaq, onu gətirib Milli Məclisdə oturdacaqlar, rüsvayçı qalmaqallara baxmayaraq, ona “Xalq yazıçısı” fəxri adını da verəcəklər. Varam belə iqtidara!

Rəhmətlik Əşrəf Mehdiyevin xəbərdarlığı düz çıxacaq, çəkdiyim əzab-əziyyətə görə iqtidar mənə elə “Sağ ol!” deyəcək ki, dadı ömrüm boyu yadımdan çıxmayacaq.

Günahım vardı, sadəcə olaraq dövlətçiliyə canla-başla qulluq edəndə elə rəzalətlərlə üzləşdim ki, susmaq qeyri-mümkün idi. Dolanmaq üçün gədalığı boynuna götürüb hər əbləhliyi mədh etməli idin.

Gözlərim tutulur, cərrahiyə əməliyyatı üçün azı iki min manat pul lazımdır. İnfarkt keçirmişəm, yerimək mənim üçün müşkülə dönüb. Bir neçə ay bundan əvvəl yazmışdım, rizə-rizə doğranaram, amma bu iqtidara kömək üçün dil açmaram. Ötən illəri pulları əllərindən çıxmış bədbaxtların müdafiəsinə qalxdım, Xətai rayonunda on minlərlə ağacın kəsilməsindən , binaların iki ballıq zəlzələyə da davam gətirməyəcəklərini, nəhayət vəziyyətimin ağırlığından ərizələr yazdım. Aylarla gözlədim, bu mənfurlardan “ərizənizi aldıq!” sözünü də eşitmədim. Hara üz tuturam, qapılar açılmır, səsimə səs verən yoxdur. Avam deyiləm, bu yuxarıdan gələn əmrdir: “O həm məddahların, həm də bizim şənimizə toxunub. Bir şikayətinə, ərizəsinə yol verməyin, onsuz da bir azdan canı çıxacaq!”

Kiçik bir ricət

(Ardı var)

Firuz HAŞIMOV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA