BMT-nin fəaliyyətində Azərbaycanın rolu

BMT-nin fəaliyyətində Azərbaycanın rolu

Dünyanın ehtiyac duyduğu təhlükəsizlik strategiyası

Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirir. 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən prezident İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmaması üçün BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsinin vacibliyini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların mühüm məsələyə çevrildiyini bildirmişdir.

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Beləliklə, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".Azərbaycan BMT çərçivəsində islahatlara dair müzakirələrdə, xüsusilə Hökumətlərarası Danışıqlar Qrupunun işində fəal iştirak edir. İnkişaf və əməkdaşlıq BMT-nin əsas məqsədlərindən biridir. Dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsi və sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində inkişaf və əməkdaşlığa dair əhəmiyyətli ölçüdə praktiki əməkdaşlıq imkanları formalaşdırılmışdır. Artıq ikinci onillikdir ki, inkişaf məsələləri BMT-nin yüksək səviyyəli müzakirələrində ən əsas vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə konkret zaman çərçivələrində müəyyən hədəflərə nail olunması qərarlaşdırılmışdır. 2015-ci il BMT sammitində 2000-ci il sammitində başladılmış bu səylərin növbəti 15 il ərzində (2030-cu ilə qədər) davam etdirilməsi qərar alınmış və qlobal inkişafa dair bır sıra konkret hədəflər (17 “Davamlı İnkişaf Məqsədi” üzrə 169 hədəf) müəyyən edilmişdir. BMT müxtəlif qurumları vasitəsi ilə bu sahədə beynəlxalq əməkdaşlığı təşviq edir. Azərbaycan BMT-yə üzv olduğu tarixdən inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq formalaşdırılmışdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun ləğvi, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Bu çərçivədə BMT tərəfi ötən illərdə Azərbaycana əhəmiyyətli ölçüdə inkişaf və humanitar yardım etmişdir. BMT xətti ilə Azərbaycana 1992-ci ildən bəri 106 milyon ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir. Azərbaycan müvafiq iqtisadi imkan əldə edən kimi, humanitar həmrəylik prinsiplərinə sadiq olaraq, bir sıra ölkələrə yardımlar etməyə başlamışdır. Bu məqsədlə, Azərbaycan hökuməti 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) yaratmış və həmin Agentliyin xətti ilə 4 milyon ABŞ dolları həcmində beynəlxalq humanitar və inkişaf yardımı göstərmişdir. Həmçinin, Azərbaycan elektron hökumət və ictimai xidmətlər sahəsində öz üstün təcrübəsini BMT çərçivəsində paylaşmağa başlamışdır. Azərbaycan beynəlxalq hüququn inkişafı, o cümlədən, beynəlxalq hüququn kodifikasiyası məsələlərində fəal iştirak edir. Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyəti zamanı dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutur.

Mülki cəmiyyət dövlətlərin təhlükəsizliyinin açarıdır

Bu yanaşmadan çıxış edərək, ölkəmiz BMT çərçivəsində insan hüquqlarının təşviqi sahəsində proseslərdə də fəal iştirak edir. Azərbaycan beynəlxalq humanitar və insan hüquqlarına dair qəbul olunmuş bir sıra qətnamələrin müəllifi və ya həm-müəllifi olmuşdur. Ölkəmiz insan hüquqlarının ümumi standartlarının təmini məsələsi ilə yanaşı insan hüquqlarının kütləvi şəkildə pozulduğu hallara (xüsusilə konfliktlər zamanı) diqqətin artırılmasına səy göstərir. Bunlar arasında, müvafiq BMT orqanlarında qəbul olunan “İtkin düşmüş şəxslərlə bağlı”, “Hərbi vəziyyətdə həbs edilmiş və əsir götürülmüş qadın və uşaqların azad edilməsi”, “Mülki hüquqlar və mülkiyyətin münaqişə şəraitində müdafiəsi” başlıqlı qətnamələri göstərmək olar. Azərbaycan BMT-nin işində fəal iştirak etmiş və beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində BMT Nizamnaməsinin məqsədlərinin yerinə yetirilməsinə öz töhfəsini vermişdir. Bu dövrdə, BMT çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi üzrə fəaliyyət prioritet təşkil etmişdir. “Azərbaycan işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bəndlər BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının gündəliyində saxlanmışdır. Bu dövrdə münaqişə zonasında vəziyyət, ələlxüsus, 2016-cı ilin aprel ayında Ermənistanın cəbhə xəttində etdiyi irimiqyaslı hücum cəhdləri və onun gedişində törətdiyi müharibə cinayətləri barədə BMT çərçivəsində müntəzəm məlumat yayılmışdır. Azərbaycan BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının əsas komitələri və plenar iclaslarının müzakirələrdə və qərarların qəbul olunmasında aktiv iştirak etmişdir. 20-26 sentyabr 2016-cı il tarixlərində BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələri keçirilmişdir. Ümumi müzakirələr “Davamlı İnkişaf Məqsədləri: dünyamızı dəyişmək üçün birgə səy” mövzusuna həsr olunmuşdur. Müzakirələr zamanı beynəlxalq səviyyədə inkişaf məsələləri, o cümlədən, 2015-ci ildə qəbul olunmuş “2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Gündəliyi”nin yerinə yetirilməsinə dair məsələlər mühüm yer tutmuşdur. Eyni zamanda, çıxışçılar beynəlxalq sülh və təhlükəsizliyə dair aktual problemlər haqqında fikirlərini ifadə etmişlər. XİN naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti 2016-cı ilin 19-24 sentyabr tarixlərində ümumi müzakirələrdə iştirak etmək üçün Nyu-York şəhərinə səfər etmiş və 23 sentyabr 2016-cı il iclasda tarixində çıxış etmişdir. Çıxış zamanı, tədbirin mövzusuna uyğun olaraq, ölkəmizdə sosial-iqtisadi inkişaf və Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi sahəsində aparılan siyasət və əldə olunmuş tərəqqi barədə məlumat verilmişdir. Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması, 2016-cı ilin aprel ayında törətdiyi təxribat və onun çərçivəsində beynəlxalq humanitar hüququ növbəti dəfə kobud şəkildə pozması barədə Baş Assambleyaya məlumat verilmişdir. Nümayəndə heyətinin rəhbəri ümumi müzakirələrdə çıxış etməklə yanaşı, bir sıra digər beynəlxalq tədbirlərə qatılmış və ikitərəfli görüşlər keçirmişdir. Qeyd edilən həftə ərzində Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşü, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun ilk iclası, Cammu və Kaşmir üzrə Təmas Qrupunun iclası, Türk Şurasının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi üzrə Müqavilənin Dostları Qrupu tərəfindən təşkil edilən nazirlər iclası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının qeyri-rəsmi iclası, İnkişaf Hüququ üzrə Bəyannamənin qəbul olunmasının 30 illiyi münasibəti ilə BMT Baş Assambleyasının yüksək səviyyəli iclası, Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin illik 15-ci iclası, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclası və BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun nazirlər iclasında iştirak və çıxışlar etmişdir.

Nyu-York görüşlərinin səmərliliyi

Ümumi müzakirələrdə iştirak üçün Nyu-Yorka səfəri müddətində nümayəndə heyətinin başçısı İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin illik əlaqələndirmə iclası çərçivəsində keçirilən Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun ilk iclasında iştirak və çıxış etmişdir. İƏT-in baş katibi İyad Amin bin Mədəninin sədrliyi altında keçirilmiş iclasda Azərbaycan, Türkiyə, Malayziya, Mərakeş, Səudiyyə Ərəbistanı, Qambiya, Pakistan və Cibutinin nümayəndə heyətləri iştirak etmişlər. Çıxış edən dövlətlər Ermənistanın beynəlxalq hüquqa hörmət etməyə və işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmağa məcbur edilməsi üçün beynəlxalq səylərin intensivləşdirilməsinin əhəmiyyətini qeyd etmişlər. Dövlətlər, Qrupun fəaliyyəti üçün müvafiq “yol xəritəsinin” hazırlanması barədə razılığa gəldilər. Hazırda Xarici İşlər Nazirliyi qeyd edilən yol xəritəsinin hazırlanması istiqamətində İƏT Katibliyi və üzv dövlətlər ilə müvafiq iş aparır. 2016-cı ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən “BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi” adlı sənəd imzalanmışdır.

2016-cı il ərzində Azərbaycan Respublikasının BMT-nin sülhməramlı əməliyyatlarında iştirak imkanları ilə bağlı daha öncə görülmüş işlər davam etdirilmişdir.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi sistemi

BMT sistemi 1992-ci ilin noyabr ayından etibarən Azərbaycanda fəaliyyət göstərir. BMT-nin Rezident Əlaqələndiricisi BMT sisteminə daxil olan qurumlara rəhbərliyi həyata keçirir. O, eyni zamanda BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi vəzifəsini icra edir. Hazırda BMT-nin Rezident Əlaqələndiricisi səfir Ghulam İsakzaydır. Hazırda Azərbaycanda fəaliyyət göstərən BMT sisteminə aşağıdakı rezident və qeyri-rezident qurumların nümayəndələri daxildir:

−FAO Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

−IFAD Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond

−ILO Beynəlxalq Əmək Təşkilatı

−IMF Beynəlxalq Valyuta Fondu

−IOM Beynəlxalq Miqrasiya Təşkilatı

−OCHA BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə İdarəsi

−UNESCO Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı

−UNICEF Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu

−UNDP Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı

−UNOHCHR Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı
− VWB Dünya Bankı

−UNFPA Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu

−UNHCR Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı

−UNWOMEN Birləşmiş Millətlər Təşkilatının Qadınları

−UNDPI Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti

−WHO Dünya Səhiyyə Təşkilatı

Bu qurumlar BMT-nin prinsip və məqsədlərinə və öz mandatlarına uyğun olaraq Azərbaycanda inkişafa yardım üzrə layihələr həyata keçirirlər. Bu qurumlar içərisində Azərbaycanda fəaliyyətə ilk başlayan UNDP-dir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA