BMT İRANA NƏZARƏTİ ARTIRIR - Bu ölkədə insan haqlarının durumu qurumun diqqətində olacaq

  • 2019-03-14 13:32:04
  • |
  • Region /

BMT İRANA NƏZARƏTİ ARTIRIR - Bu ölkədə insan haqlarının durumu qurumun diqqətində olacaq

Bu gün dünyada ən çox insan haqlarının pozulduğu ölkələrin siyahısında ilk yerdə gedən dövlətlərdən biri də İran İslam Respublikasıdır (İİR). “Amnesty İnternational”-“Beynəlxalq Aministiya” təşkilatının BBC TV kanalına verdiyi açıqlamasında bildirilir ki, İİR-in “Evin” və “Kahrizak” həbsxanaları dünyada ən çox siyasi məhbusun saxlanıldığı məkandır. “Amnesty İnternational”ın son hesabatında belə bir açıqlama olduqca ilginc xarakter daşıyır: “Dünyada son 20 ildə siyasi məhbusların ən çox saxlanıldığı ölkə İİR-dir. “Evin” və “Kahrizak” həbsxanalarında insanlar sadəcə məhbus kimi saxlanılmırlar. Burada orta ərslərin işgəncə və cəza metodlarından daha dəhşətli şərait hökm sürür. Hər iki həbsxanaya düşən insanlar çox nadir hallarda sağ-salamat çıxa bilirlər. Siyasi məhbuslar sadəcə əqidələrinə görə deyil, həm də intellektual səviyyələrinə görə İİR üçün təhlükəli sayılırlar. Bundan əlavə, İİR-in ən iri şəhərlərində də siyasi məhbusların saxlanılma şəraiti dözülməzdir. Siyasi məhbuslara ən yüngül cəza “sürgün”dür. Siyasi məhbuslar üçün çıxarılan ən ağır cəza isə “edam hökmü”dür.

Azad seçim hüquqlarının pozulması

İran İslam Respublikasında (İİR) bələdiyyə, parlament və prezident seçkilərində ilk öncə nəzərə çarpan qanunsuzluq proseduru bütün namizədlər Daxili İşlər Nazirliyində (DİN) öncədən qeydiyyata alınmalarıdır. DİN-nin nəzdindəki “Siyasi İdarə” qərarını verdikdən sonra, “İran İslam İnqilabı Ali Şurası” – “Xübrəqan Məclisi” tərəfindən təsdiqə göndərilir. Bu qurum İİR-i siyasi baxımdan idarə edən və ayətullahların bir araya gəldiyi beyin mərkəzi statusunu daşıyır. “Siyahılar” DİN-nin və “Xübrəqan Məclisi”nin “senzura”sının təsdiqindən sonra, seçkilər barəsində qərar verilir. Son illərdə seçkilərə “demokratik” don geyindirmək üçün, bəzən alternativ qaydalar irəli sürülür. Həyəcanlı seçki marafonu adına hətta süni şəkildə “mühafizəkarlar” və “islahatçılar” qanadlarının kəskin rəqabəti görüntüləri gündəmə gətirilir. İİR-də çoxpartiyalılıq yoxdur. Parlamentdə təsdiq olunan hökumət üzvləri DİN və “Xübrəqan Məclisi”nin irəli sürdüyü namizədlər əsasında təyin olunurlar. Müstəqil namizəd statusu ilə seçkilərə qatılmaq istəyən vətəndaşların heç bir hüququ qəbul olunmur. Hətta onları xüsusi cəza təhlükəsi ilə qorxutmaq kimi siyasətlər açıq şəkildə nümayiş etdirilir. Əhvaz vilayətində yaşayan 3 milyondan çox ərəb bölgənin Xuzistan adlandırılmasına 40 ildir etiraz edir. Tehran rejimi səsini qaldıranları edam edir, ən yaxşı halda həbsxanaya salaraq işgəncələr verir. Tehrandakı fars şovinistlərinin iddiasına görə guya bölgənin əsil sakinləri xuzilər qədim Əhəmənilər dönəmində fars mənşəli avtoxon xalq olublar. Ancaq, o da bəllidir ki, ən qədim dövrlərdən bu günə kimi tarixdə “xuzi” adlı xalq olmayıb. Bölgədə ərəblər hakimiyyət strukturlarında çox nadir hallarda təmsil olunurlar. Kəndlərdən savayı, iri şəhərlər, valilik və parlamentdə Xuzistan bölgəsini təmsil edənlər Tehrandan təyin olunmuş fars məmurlarıdırlar. Belə bir aqibət Loristan, Mazəndaran, Gilan, Bəlucstan vilayətlərində də möcvuddur. Təkcə Güney Azərbaycan və İran Kürdüstanı bölgələrində durum bir qədər fərqlidir.

Kitab nəşri və KİV-lərin durumu

İran İslam Respublikasının (İİR) ən ucqar bölgələrində belə istənilən nəşriyyatı açmaq, KİV orqanını yaratmaq qanunla yasaq deyil. Ancaq, adi bir şeir kitabını dərc etdirmək üçün öncədən Daxili İşlər Nazirliyinin (DİN) “senzura idarəsi”nə həmin kitabın əlyazması və ya hazır yığılmış nüsxəsi təqdim olunmalıdır. “Senzura idarəsi”nin təsdiqindən sonra, istənilən kitabın nəşri mümkün olur. Tehran molla rejimi dünya ədəbiyyatının tərcüməsi və ölkə daxilində yayılması məsələsində hər hansı bir yasaq qoymur. Ancaq, ərəb, lor, bəluc, kürd, gilək, Azərbaycan və digər xalqların dillərində istənilən əsərin çap olunması məsələsində “mikroskop” siyasəti hərəkətə gətirilir. Fars olmayan xalqların arasında ən çox kitab, jurnal və qəzet nəşrində ermənilər ilk sırada yer alırlar. Digər xalqlar isə bütün bunlardan məhrumdurlar. İİR-də rəsmi statusla 28 erməni məktəbi fəaliyyət göstərir və onların bütün məsrəfləri dövlət büdcəsi hesabına ödənilir. Buraya dərsliklər, müəllimlərin maaşları, təmir işləri, texniki avandanlıqlarla təchizat və digər məsələlər daxildir. Başqa xalqların nümayəndələri ölkənin konstitusiyasının 15 və 19-cu maddələrini əsas tutaraq ana dilində təhsil almaq istəyənlər hər zaman təqib olunmuşlar. Təhsillə bağlı etiraz piketində, mintinqdə və ya sosial şəbəkələrdə fəallıq göstərənlər dərhal həbs olunublar.
Son bir neçə ildə beynəlxalq təzyiqlərdən sonra sözüdə “yumşalma” nümayiş etdirən İİR yeni bir taktika ilə hərəkət edir. Bu, “ana dilində təhsil almaq könüllülük əsasında olmalı və bunun üçün kurslar təşkil oluna bilər”. O zaman belə bir sual yaranır: “Ermənilər üçün bütün imtiyazlar dövlət büdcəsi ilə tənzimləndiyi halda, nədən digər xalqlara “könüllülük” prinsipi ilə yanaşılır?

BMT-nin təpkilərinə gözünü yuman Tehran

Son 25 ildə BMT-nin qətnamələrinə və bir sıra qərarlarına məhəl qoymayan əsas iki ölkədir. Bu, strateji müttəfiqlər statusu ilə çıxış edən İran və Ermənistandır. İrəvanın Azərbaycan Respublikasına qarşı işğalçı siyasətinə qarşı çıxan və buna görə 822, 853, 874 və 884 saylı qərarlarına işğalçı Ermənistan hələ də əməl etmir. BMT-nin İran İslam Respublikası (İİR) ilə bağlı qəbul etdiyi qətnamələrin də taleyi Ermənistandakı kimidir.
BMT baş katibinin İİR-də insan haqlarının durumu üzrə xüsusi məruzəçisi Əhməd Şahidin hazırladığı hesabatda qeyd belə olunur: “2013-cü ildə İranda 852 nəfər edam olunub. Ötən müddət ərzində orta əsr qaydaları ilə insanlara kütləvi məkanda cəza verilməsi ənənəsi İranda daha da inkişaf etdirilib. Kütləvi yerlərdə edamların sayının siyahısını zorla əldə edə bilirik. Həbsxanalarda, məhbusların saxlandığı düşərgələrdə nə qədər insanın edam edildiyindən isə, tamamilə xəbərsizik”. BMT-nin insan haqları hesabatında bildirilir ki: “İranda 35 jurnalist müstəqil fikirlərinə görə həbs olunublar. Bundan əlavə, sosial şəbəkələrdə informasiya paylaşımçılarının həbsdə saxnılmasını diqqətlə izləyirik. Facebook.com sosial şəbəkəsində molla rejimini tənqid edən 8 nəfər jurnalist həbs olunmuş və onların hər birinə 20 il həbs cəzası verilib. Halbuki, həmin jurnalistlərin heç biri irqi ayrıseçkilik, mövcud iqtidarın devrilməsi və dinlərarası ədavət tipli antibəşəri təbliğatlar aparmayıblar. Onlar sadəcə hakimiyyətin bir sıra qüsurlarını gündəmə gətiriblər”.

“Cəsus ovu” və məhbəslər

“Amnesty İnternational”ın Almaniya üzrə xüsusi nümayəndəsi və İranda insan haqlarının duruma məsələsində tanınmış mütəxəssis sayılan Dieter Karg BMT və Avropa Birliyinin insan haqlarının müdafiəsi üzrə illik hesabatlarda bunları qeyd edibdir: “İranda son illər həbs olunan vətəndaşlar “xarici ölkələrə cəsusluq” və “vətən xaini” maddələri ilə günahlandırılıblar. Siyasi əqidəsinə görə tutuqlanan vətəndaşları ağır ittihamlarla üz-üzə qoyaraq, onlara həbsxanalarda ən ağır işgəncələri verməklə və ya edam təhlükəsi ilə qorxudaraq “etiraf”a məcbur edirlər. Qadın və ya kişi olmasına baxmayaraq, siyasi məhbuslara qarşı “cinsi zorakılıq” da tətbiq olunur. İranda insan haqlarının pozulması məsələsində ölkənin “İslam İnqilabı Keşikçiləri Korpusu”nun müstəsna xidmətləri vardır. Bu hərbi qurumun ictimai, siyasi və vicdan azadlıqlarına nəzarət etməsi bir daha isbat edir ki, İran dövləti hərbi xunta qanunları ilə idarə olunur”.
“İran İslam İnqilabı Ali Şurası”nın rəhbəri ayətullah Seyidəli Xameneyinin sərəncamı ilə “İslam İnqilabı Ali Məhkəməsi”nin sədri təyin olunan Sadiq Xalxali xatirələrində qeyd edir ki: “Mənim işlədiyim dövrdə kütləvi yerlərdə hamının gözü qarşısında ildə azından 2 min nəfər nəfər edam cəzasına məhkum olunurdu. Bundan əlavə, həbsxana və digər işgəncə məkanlarında xeyli sayda insanlar onlara verilən əzablardan dünyasını dəyişirdilər. Bütün bunlar heç zaman peşiman olmadım” (Mənbə: bbc.co.uk/persian/%C4%B0ran/2009/11/091103_si_montazeri_usembassy.shtml).

Sosial şəbəkələrdə pəncərə sistemi

Heç bir siyasi, ictimai və digər fəal sahələrə bağlı olmayan ölkə vətəndaşları Tehran rejiminin xüsusi nəzarətindədirlər. Xüsusilə gənclər bunu gündəlik həyatın yaxından görürlər. Belə ki, “facebook”, “twvitter”, “google”, “yahoo”, “youtube” kimi beynəlxalq sosial şəbəkələr, eləcə də “skype”, “viber”, “whatsapp” əlaqələri xüsusi nəzarətə alınıb.
“Gmail”, “hotmail”, “yahoo” kimi servislərindən istifadə isə yasaqlanıbdır. “Virtual Private Networks” (VPN) filtri isə tamamilə bloklanıbdır. Beləliklə də müasir dünyanın inkişafı baxımından internet resurslarından istifadə Tehran rejimi tərəfindən rəzalətə bərabər bir anlam kimi qəbul edilir. İnternet resurslarına qarşı ağır basqılar parlament və prezident seçkiləri ərəfəsində xüsusilə müşahidə olunur. Beləliklə ölkənin biznes, ticarət, maliyyə və istehsal vasitələri ağır şərtlər altında işləməyə məcbur qalırlar. Sosial şəbəkələri idarə etmək və nəzarətdə saxlamaq üçün “İslam İnqilabının Keşikçiləri Korpusu” tipli hərbi təşkilatın nəzdində xüsusi idarə yaradılıbdır. Bundan əlavə, “Bəsicilər Hərəkatı”, DİN, “VEVAK” - “Vezarete Ettelat” (kəşfiyyat nazirliyi), “Keşvəre Pasdaran”, “İnformasiya Nazirliyi” (siyasi baxımdan), “Müdafiə Nazirliyi” (hərbi-siyasi kəşfiyyat idarəsi), “KSİR” və “SOP” (xarici hərbi-siyasi kəşfiyyat), “MOİS”, “LEF” və digər kəşfiyyat orqanları rabitə texnologiyaları və innovasiyaları üzrə xüsusi şəbəkəyə malikdirlər. Burada çalışan on minlərlə məmur ölkədə molla rejiminin qorunmasına xidmət edirlər. Faktiki olaraq bu orqanlar “İran İslam İnqilabı Ali Şurası”na tabedirlər. Azərbaycan Respublikasına qarşı 40 illik təcrübəyə malik və külli miqdarda vəsaitlə təmin edilmiş bu qurumlar demək olar ki, hər gün təxribatçı iş rejimi şəraitində fəaliyyət göstərirlər.

Ə. Yusifoğlu, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA