BOLTON ƏLİYEVLƏ HANSI MƏSƏLƏNİ MÜZAKİRƏ EDİB?

BOLTON ƏLİYEVLƏ HANSI MƏSƏLƏNİ MÜZAKİRƏ EDİB?

Qabil Hüseynli: “Bölgədə olan maraq dairəsi uğrunda mübarizənin yeni bir mərhələsi başlayıb”

“Dağlıq Qarabağ probleminin həllinə səy göstərməyə məcburdurlar”

Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib. Görəsən, bu ərəfədə Con Boltonun Prezidenti İlham Əliyevə zəng etməkdə məqsədi nə ola bilər?

“Hürriyyət”in bu və digər suallarını keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli cavablandırdı:

Картинки по запросу Qabil Hüseynli

- Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə çoxtərəfli məsələlər müzakirə olunub. Amma həmin məsələlərin içərisində Dağlıq Qarabağ məsələsi ön planda olub. Mənim zənnimcə, Con Bolton və eləcə də Amerika siyasi elitası yaxşı başa düşməyə başlayıb ki, Cənubi Qafqazda Qarabağ probleminin həlli olmadan hər hansı bir strateji maraqların reallaşmasına imkan yaranmayacaq. Onu da gizlətmək lazım deyil ki, ABŞ-ın Cənubi Qafqaza marağının artması Rusiya ilə rəqabətin mövcudluğuna xeyli dərəcədə təsir edir. ABŞ bu ölkələri Rusiya təsirindən və yaxud təzyiqindən qorumağa çalışır və bu prosesin normal gedişində isə Dağlıq Qarabağ probleminin həll edilməməsi çox ciddi problemlər yaratmaqda davam edir. Ona görə də ABŞ buradakı rəqabət gücündə üstünlüyü əldə etmək və Qarabağ probelminin çözülməsi üçün daha ciddi səylər göstərməyə başlayıb.

- Amerika Cənubi Qafqaz ölkələrini Rusiyanın təzyiqindən qoruya biləcəkmi?

- Amerika bunu səmimi istəyirsə və buna bütün strateji potensialını yaxud lazım olan strateji potensialı sərf edəcəksə, bunu mütləq reallaşdıra bilər. Amma Amerika buna keçici bir proses, maraq kimi yanaşsa, ola bilsin ki, bu prosesə arzu olunan təsiri göstərə bilməsin. Hər şey Amerikanın məsələyə ciddi surətdə yanaşmasından asılıdır. Burada mən təkcə Amerikanı demirəm, BMT-ni də, ATƏTİ də bura əlavə etmək istəyirəm. Bütün beynəlxlaq qurumların bu prosesə müştərək müdaxiləsi məncə, maraqlar münasibətində taraşlaşdırılmış bir balans yarada bilər. Hər halda bölgə dövlətlərinin daha suveren və müstəqil hərəkət etmələrinə şərait yarada bilər.

- Necə bilirsininz, ABŞ bu məsələyə səmimi və ciddi yanaşacaqmı?

- Amerika özü üçün Rusiyanı bir nömrəli təhdid elan edib. Rusiyaya qarşı sanksiyalar durmadan artır. İndi Avropanın bir neçə məşhur ziyalısı beynəlxlaq təşkilatlara, xüsusilə də ABŞ-a müraciət edərək Avropa sivilizasiyasına Rusiya təcavüzünün qarşısını almağa çalışıblar. Onlar iddia edirlər ki, dünyadakı lokal sivilizasiyalara və mədəniyyətlərə güclü təsir göstərmiş dünyanın ən qədim Avropa sivlizasiyasi ciddi təhdid altındadır. Onlar çəkinmədən deyiblər ki, bu təhdidləri də yaradan Kremlin ağasıdır. Burada türkiyəli nobel mükafatı laureatı Orxan Pamukçunun da adı var və onlar belə hesab edirlər ki, bu saat Amerika, Qərb sivilizasiyası dünyada əmin amalıq, sülh üçün ən böyük təhdidlərdən biridir və bunun neytrallaşdırılması üçün müasir sivilizasiyanın qorunmasını arzulayan bütün dövlətlər və şəxslər səfərbər olunmalıdırlar. Bu nöqteyi-nəzrdən demək olar ki, bu məsələ təkcə ABŞ-ın deyil, həm də Avropanın strateji maraqları sırasına daxildir. Avropa, Qərb sivilizasiyası üçün təhdid olan hər şey digər dövlətlər üçün də müəyyən arzuolunmaz nəticələr doğuran təhdidlər kimi qəbul edilə bilər. Bu nöqteyi-nəzərdən mən güman edirəm ki, Avropa qitəsində olan ölkələrin bəlkə də hamısı bu məsələdə düyün nöqtələrindən biri olan Dağlıq Qarabağ probleminin həllinə səy göstərməyə məcburdurlar. Dağlıq Qarabağ problemi Ukraynanın Donbas, Krım, Moldavanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi kimi, hətta bəlkə onlardan daha çox aktuallıq kəsb edir. Bu məsələlər çözlümədən Rusiyanın bölgədəki təhdidlərini yox etmək və yaxud minimuma endirmək mümkün olmayacaq.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivini görürsüz?

- Mən rus siyasətindən Amerika siyasətinin bu bölgəyə daha pozitiv çalarları ilə seçildiyini qeyd etmək istəyirəm. Həm də kimsə bu bölgədə doğurdan da mütərəqqi rol oynamaq istəyirsə, beynəlxalq hüquq normalarına daha çox uyğun gələn və həmin normaların həyata keçməsini təmin edə biləcək təkliflər irəli sürməlidir. Çünki başqa strateji maraqlarını əsas tutub, beynəlxalq hüquqa ziddi olan addımlar atacaqsa, mən bunun həyata keçməsini mümkünsüz hesab edirəm. Bu nöqteyi-nəzərdən görünən odur ki, Amerikanın təklifləri Rusiyanın təklifləri ilə müqayisdə daha poztiv səslənir. Amerika da, Avropa Birliyi də burada problemin həllinə daha çox meyllənirlər. Məhz bu meyllənmə nəticəsində Rusiyanı da müəyyən qədər hərəkətə gətirə biliblər. Nəticə etibarilə bölgədə olan maraq dairəsi uğrunda mübarizənin yeni bir mərhələsi başlayıb. Bu mərhələdə hər bir kəs tərəflər və yaxud bölgə üzərində nəzarətə yiyələnmək və burada olan təsirlərini qoruyub, saxlamağa çalışırlar. Bu nöqteyi-nəzərdən Amerika və Avropanın fəallaşması Rusiyanın da müəyyən qədər fəallaşmasına və indiyə qədər burada yeritdiyi siyasəti götür-qoy etmək məcburiiyyəti qarşısında qalmasına gətirib çıxarıb.

- “Qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakir olunub” deyəndə Con Boltonla İlham Əliyevin telefon danışığında İranla bağlı da müzakirə ola bilərdimi?

- Mən inanmıram ki, telefonla İranla bağlı məsələlər müzakirə edilsin. İranla bağlı məsələlər bağlı qapılar arxasında müzakirə edilər bilər. Üstəlik də İranla bağlı məsələlərdə Azərbyacanın neytrallığı hamıya bəllidir. Azərbaycan öz dövlət maraqlarını qorumağa yönəlik siyasət yürütməkdədir. Bu siyasətdə hər hansı bir ölkənin maraqlarına ziddi olacaq addm atılması mümkünsüzdür. Ona görə, İranla bağlı məsələlərdə Azərbaycanla hər hansı bir bazarlıq imkanları yox dərəcəsindədir.

- Son günlər Venesuelada da vəziyyət gərgindir. ABŞ başda olmaqla, bir neçə ölkə müxalifət lideri Xuan Quaydonu müvəqqəti prezident kimi tanıyıb. Bolton bu zənglə həm də Azərbaycandan Venesuleanın müxalifət nümayəndəsini prezident kimi tanımasını istəyə bilərdimi?

- Bunun mümkün ola biləcəyini istisna etmirəm. Belə arzu Amerika tərəfindən bəyan edilə bilər. Amma hər halda Azərbaycan bu məsələdə öz maraqlarına uyğun hərəkət etməyə çalışır və bu məsələyə münasibətini qorumağa çalışır, eyni zamanda qonşu ölkələrində də bu məsələyə münasibətini əsas götürür. Onsuz da Rusiya, Türkiyə, İranın özü Venesueladakı mövcud rejimi dəstəkləyirlər. Azərbaycan hələ ki, neytrallığını saxlayır. Mənim zənnimcə, bu, ən düzgün addımdır. Bu məsələdə Azərbaycana hər hansı bir məsləhət verməyə ehtiyac görmürəm.

- Yəni bu məsələdə prezident İlham Əliyevin Türkiyə prezidenti Ərdoğana qarşı gedəcəyinə inanımırsınız. Bildiyimiz kimi, Rəcəb Təyyub Ərdoğan Venesuela prezidenti Nikolas Maduronu dəstəkləyir…

- Biz Maduronu dəstəkləyən heç bir siyasi mövqe ortaya qoymamışıq. Amma eyni zamanda Türkiyə bizim strateji müttəfiqimizdir, həm də yeganə müttəfiqimiz olması faktdır. Heç cürə Türkiyəni gözardı etmək mümkün deyil. Üstəlik də türk xalqı Azərbaycan xalqı ilə qardaş və eyni soykökdən olan bir xalqdırlar və bu məsələdə də Azərbaycan “bir millət, iki dövlət” tezisinə uyğun gələn siyasi metodları həyata keçirir. Əksər hallarda da bu siyasəti həyata keçirir və Türkiyənin maraqlarına uyğun olmayan addım atmamağa çalışır.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA