Botvinnikin saymadığı uşaq 12 ildən sonra onu mat etdi – Mixail Talın Bakı menyusu

  • 2019-05-29 13:33:04
  • |
  • Tarix /

Botvinnikin saymadığı uşaq 12 ildən sonra onu mat etdi – Mixail Talın Bakı menyusu

Şahmat üzrə dünya çempionu Vladimir Botvinnik onun kumiri olub. Hələ 12 yaşı olanda qonşularından eşidib ki, Botvinnik Riqada pansionatların birində istirahət edir. Valideynlərdən xəbərsiz pansionatları gəzən həmin uşaq, nəhayət, onun yerini öyrənə bilib. Köməkçisini taparaq ondan xahiş edib ki, məşhur şahmatçı ilə onu görüşdürsün. Görüşün məqsədini soruşanda, onunla şahmat oynamaq arzusunda olduğunu söyləyib. Botvinnik imtina edib, o isə inadkarlığından dönməyib, dönə-dönə təkid edib, köməkçini sakit buraxmayıb. Bundan sonra Botvinnik otağından çıxaraq bir az da əsəbi şəkildə üzünü ona tutub:

- Mənim sənin kimi adam bezdirən uşaqla şahmat oynamağa həvəsim yoxdur.

Amma dünya çempionunun ağlına gəlməyib ki, bu inadkar uşaq düz 12 ildən sonra onu mat edərək çempionluq tacını başından götürəcək. Həmin uşağın adı Mixail olub... Mixail Tal...

Şahmat taxtası arxasında rəqiblərin mübarizəsi dünyada həmişə böyük marağa səbəb olub. Birinciliyi qazananlar təkcə təmsil etdikləri ölkənin idman şərəfini deyil, həm də siyasi imicini də yüksəldiblər. Elə bəlkə buna görədir ki, dövlət başçıları da “ağ-qara” müstəvinin üzərindəki oyuna böyük həvəslə azarkeşlik edirlər...

SSRİ şahmatçısı, səkkizinci dünya çempionu Mixail Tal dünya şahmat tarixində özünəməxsus izi olan şahmatçılardan biri sayılır.

Mixail Tal 1936-cı ildə Riqada anadan olub. Uşaqlıqdan qeyri-adiliyi ilə fərqlənib. Yaşıdlarından fərqli olaraq o, bütün sahələrdə, futbol oynamaqda, riyazi misalları həll etməkdə, pianoda məharətini göstərməkdə, güclü yaddaşa malik olmaqda valideynlərini və müəllimlərini sözün əsl mənasında təəcübləndirib.

Tal məktəb illərində şahmat oynamağı öyrəndikdən sonra bütün sevimli məşğuliyyətlərini bir kənara atıb.

O, 18 yaşında ustalıq dərəcəsini qazanıb, 21 yaşında SSRİ çempionu, 24 yaşında isə 49 yaşlı Vladimir Botvinnik üzərində parlaq qələbə qazanaraq dünya çempionu tituluna sahib olub.

“64 xanalı taxtanın piratı” adlandırılan Talın özünəməxsus oyun taktikası olub. Şahmatçı “qurban verməsən, bütövlükdə qurban gedərsən” taktikasına üstünlük verib. O, çox rahatlıqla fiqurlarının bir neçəsini qurban verərək rəqibini arxayınlaşdırıb, beynində qurduğu kombinasiyanı isə bu “arxayınlıq”dan sonra şahmat taxtasının üstündə asanlıqla tətbiq edib.

Həmkarlarının bir çoxu elə düşünüb ki, Talda hipnoz etmək bacarığı var. Hətta qrossmeyster Pal Benko Talın hipnozunun təsirinə düşməmək üçün oyunların birinə qara eynəklə gəlib. Amma bu eynəklər də şahmatçının köməyinə çatmayıb.
Tal anadan olanda sağ əlində üç barmağı olub. Amma buna baxmayaraq, məşhur şahmatçı pianoda əsl peşəkarlar kimi ifa edib.

Uşaqlıqdan səhhətində ciddi problemlər olan Mixail Tal bir çox xəstəliklərdən, xüsusislə də böyrək xəstəliklərindən əziyyət çəkib, bir neçə dəfə əməliyyat olunub. O, heç vaxt həkimlərin qadağasına məhəl qoymayıb. Gün ərzində 3 qutu “Kent” siqareti çəkən şahmatçı bununla bağlı çox qənaətcil olduğunu da söyləyib: “Mən hər gün 3 qutu siqaret çəkirəm, amma alışqandan bir dəfə istifadə edirəm. Səhər birinci siqaretimi alışqanla yandırıram, qalanlarını isə bir-birinə calayaraq alışqana qənaət edirəm...”

Tal əyləncələrə, alkoqollu içkilərə, qadınlara qarşı da laqeyd olmayıb. Gecə yarıyadək məclislərdə oturub, ağrıları keyiyənə qədər viski, konyak, araq içib. Şən, zarafatcıl olub. Əgər restorana birlikdə getdiyi adam sakit oturubsa, o “ciddi” şəkildə ofisiantı çağıraraq rica edib: “Xahiş edirəm, həmsöhbətimi dəyişin...”
Tal məşhur şahmatşı Viktor Korçnoyla Kuba səfərindən vətənə alnında şramla qayıdıb. Belə ki, Kuba səfərində Tal və

Korçnoy gecə klubuna istirahətə gediblər. Korçnoy kubalı xanımı rəqsə dəvət edib. Xanımın sevgilisi rəqsdən xeyli qeyzlənib və qısqanclıq o həddə çatıb ki, Korçnoy yerinə keçəndə kubalı sevgili viski şüşəsini ona atıb. Ağır viski şüşəsi Talın alnına dəyib və məşhur şahmatçılar həmin gecənin yarısını xəstəxanada keçiriblər.

Tal kifayət qədər böyük vəsaitlər qazansa da, heç vaxt pul yığa bilməyib. Hətta dünya çempionu titulunu qazananda ona hədiyyə olunan “Volqa” avtomobilini də qardaşına bağışlayıb.

Mixail Talın Bakı ilə bağlı xatirələri da jurnalistlərin diqqətini çəkib. 1961-ci ildə şahmat üzrə SSRİ şempionatı Bakıda keçirilib. İki həftəyə yaxın Bakıda qalan Tal, yaşadığı “Bakı” mehmanxanası haqqında fikirlərini mətbuata belə açıqlayıb:
“Siz təsəvvür edə bilməzsiniz, mehmanxanın restoranında menyu çox zəngin idi, amma bütün hazırlanan yeməklər yağın içində üzürdü. Mən, nəhayət, dözməyib dilə gəlmişdim, mənə pəhriz yeməyi verin, mədəm artıq mübarizə apara bilmir...”
Nəhayət, on gündən sonra çempionatın təşkilat komitəsinə rəhbərlik edən, Bakı şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski Mixail Talın menyusuna əl gəzdirərək onu yağlı yeməklərdən xilas edib.

Mixail Tal həyat yoldaşlarını şahmat taxtaları qədər çox dəyişməyə imkan tapmayıb, şahmatçı üç dəfə ailə qurub. Ömrünün son günlərində isə birinci həyat yoldaşı, Riqa Gənc Tamaşaçılar Teatrının aktrisası Salli Landaunu daha çox sevdiyini etiraf edib.

Altıqat SSRİ, səkkizqat Olimpiya, altıqat Avropa və səkkizinci dünya çempionu olan Mixail Tal 27 iyun 1992-ci ildə qida borusundakı qanaxma nəticəsində, 55 yaşında Moskvada 15 saylı xəstəxanada vəfat edib. O, Riqa şəhərində yəhudilərə məxsus Şmerli qəbirstanlığında dəfn edilib./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA