“Böyük dövlətlər Ukrayna prezidentinin rəyini nəzərə almayacaqlar” - ŞƏRH

“Böyük dövlətlər Ukrayna prezidentinin rəyini nəzərə almayacaqlar” - ŞƏRH

“Böyük dövlətlər öz prinsiplərindən vaz keçərək Krımın ilhaqını həzm etməyə hazırdılar”

“Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə Rusiyanın “böyük yeddilərə” qayıtmasına tərəfdar olduğunu deyib. Putin üçün bu göydəndüşmə təklifdir. Maraqlıdır ki, bir çox məsələdə Makronla fikir ayrılığı içərisində olan ABŞ prezidenti Donald Tramp da Rusiyanın “böyük yeddilərə” qayıtmasını dəstəkləyir”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

“Bu müddətdə Kreml də boş dayanmayacaq”

Şahinoğlu nəzərə çatdırıb ki, “Böyük yeddilərin” növbəti sammiti 2020-ci ildə keçiriləcək: “Həmin tarixə qədər Amerika və Fransa o biri dövlətləri də Rusiyanın qayıtmasına razılıq verməyə çalışacaqlar. Fikrimcə, bu müddətdə Kreml də boş dayanmayacaq, arxasında Paris və Vaşinqtonun dəstəyini hiss edərək Berlin, Tokio və digərlərini yola gətirməyə çalışacaq və bu istiqamətdə diplomatik fəallığını artıracaq. Bu məsələdə problem başqadır”.

“Qərb dövlətləri Kremli tam itirmək istəmirlər”

E. Şahinoğlu onu da diqqətə çatdırıb ki, Rusiya 2014-cü ildə Krımı ilhaqına görə “böyük səkkizlərdən” çıxarılmış və klub “böyük yeddilərə” çevrilmişdi: “İndi isə belə çıxacaq ki, böyük dövlətlər öz prinsiplərindən vaz keçərək Krımın ilhaqını həzm etməyə hazırdılar. Ümumiyyətlə, hadisələrin gedişatı göstərir ki, Qərb dövlətləri Krımın ilhaqına görə Rusiyaya qarşı 5 ildir sanksiyalar tətbiq etsələr də, Rusiya ilə bağlı siyasətlərini bir qədər korrektə çalışır və Kremli tam itirmək istəmirlər. Yeni strategiyanın qısa izahı belədir: “Rusiya prezidentinin siyasətini bəyənmirik, Krımın ilhaqı və Donbass separatçılarına verilən dəstək yanlışdır, ancaq buna görə Rusiyanı özümüzdən uzaqlaşdırmamız düzgün deyil, bu siyasət müsbət nəticə vermir. Rusiya bizdən uzaq qaldıqca rəqiblərimizlə, o cümlədən Çinlə yaxınlaşır. Ona görə də Rusiyanı bütün qüsurlarına və yanlış addımlarına rəğmən, yanımızda tutmalıyıq”.

“Böyük dövlətlər Rusiyanı yenidən klublarına qaytarmaq istəsələr..”

“Bu arada, Ukrayna prezidenti Vladimir Zelenskiy deyib ki, Rusiya “böyük yeddilərə” qayıtmaq istəyirsə, Krımı Ukraynaya qaytarsın və Donbass separatçılarına dəstəkdən vaz keçsin. Təəssüf ki, böyük dövlətlər Rusiyanı yenidən klublarına qaytarmaq istəsələr, Ukrayna prezidentinin rəyini nəzərə almayacaqlar”,-deyə plitoloq vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA