BP-dən böyük neft biznesini necə qurmaq olar? - Eşşək, pirat və yoxsulluqla...

BP-dən böyük neft biznesini necə qurmaq olar? - Eşşək, pirat və yoxsulluqla...

Bu fəhşətli hadisə Meksikanın paytaxtı Mexikodan 120 kilometr şimala doğru yerləşən Tlahuelilpan şəhərində olub.

Hakimiyyət güman edir ki, partlayış borunu oğurluq məqsədilə kəməri dəlmək cəhdindən sonra baş verib.

Bu cür kriminal fəaliyyət nəhəng qlobal qara bazarın tərkib hissəsidir.

Ehtimallara görə, oğurluq, fırıldaqçılıq və yanacaq növlərinin qarışdırılması nəticəsində neft və qaz şirkətlərinin itkiləri 133 mlrd dollara çatır. Belə statistika 2018-ci ildə Yale universiteti tərəfindən hazırlanan hesabatda əks olunur.

Bu rəqəm BP şirkətinin bazar dəyərindən artıqdır. O, həmçinin dünyanın ən iri 10 neft istehsalçısından biri olan Küveytin ÜDM-ni üstələyir.

Lakin aşağıda göstərildiyi kimi qara bazarın həcmi yalnız xırdavari oğurluq nəticəsində formalaşmır.

1994-c ildə Fransa və Əlcəzair vətəndaşları tərəfindən Mərakeşdəki hotelə hücum Əlcəzair-Mərakeş sərhədinin bağlanmasına səbəb oldu. Hərçənd bu qərar neftlə zəngin qonşunun ərazisindən yanacaq qaçaqmalçılığının qarşısını almadı.

Mərakeş neft və təbii qaza ehtiyacının çoxunu idxal hesabına qarşılayır. O, Yaxın Şərq və Şimali Afrika bölgəsində ən bahalı benzinin satıldığı 4 ölkədən biridir. Bu göstəriciyə görə Mərakeşi yalnız İsrail, İordaniya və müharibənin parçaladığı Yəmən üstələyir.

Bahalı yanacaq qaçaqmalçılıq üçün münbit şərait yaradır.

Buna görə yanacaq kanistrlərini daşiyan eşşək karvanları Əlcəzair sərhədi yaxınlığında nadir səhnə deyil.

Hərçənd ki, son illərdə sərhədin hər iki tərəfində qaçaqmalçılıqla mübarizə sərtləşdirilməkdədir.

Bunun altını günahsız heyvanlar da çəkir: Bölgədən daxil olan xəbərlərdə eşşəklərin güllələndiyi və partlayışda öldüyü bildirilir.

2013-cü ildə Əlcəzair Energetika Nazirliyinin dəyərləndirməsinə görə Mərakeş və Tunisə qanunsuz ötürülən yanacağın həcmi ildə 1.5 milyard litrdən artıq olub.

2012-ci ildə Nigeriya hökumətinin hesabatı pis idarəçiliklə korrupsiya nəticəsində büdcənin milyardlarla dollardan məhrum edildiyini ortaya çıxarıb.

Sənəd yanacağın bahalaşması ilə bağlı etirazlar ərəfəsində hazırlanıb.

BBC-nin də gördüyü həmin hesabatda deyilir ki, neft oğurluğuna görə büdcə itkilərinin həcmi hər il 6 milyard dollara çatır.

Nigeriya dünyanın ən iri neft istehsalçılarından biri olsa da, olduqca yüksək yoxsulluq səviyyəsi ilə seçilir. Kasıb bölgələrdən keçən boru kəmərlərində vandalizm adi haldır. Son iki onillikdə bu ölkə ərazisində bir neçə partlayış və tələfatla nəticələnən qəzalar qeydə alınıb. Onlardan ən böyüyü 1998-ci ildə baş verib. Hadisədə 700 nəfər həlak olub.

“Petro-piracy” və ya “neft piratlığı” daha bir gəlirli sahəni – tankerlərin qaçırılmasını təsvir edən ifadədir.

2018-ci ildə Qvineya körfəzində tankerlərə hücumların sayı artıb, Nigeriya Hərbi Dəniz Donanması bildirir.

Britaniyada mənzillənən Chatham House araşdırma mərkəzinin 2016-ci ildə hazırladığı hesabata əsasən körfəzdə oğurlanan neft məhsullarının günlük həcmi 400 min barel civarındadır.

Meksikada Robin Hood əvəzinə kartellər

Meksikada yanacaq oğurluğu o qədər geniş yayılıb ki, onu ifadə edən söz də mövcuddur – huachicoleo.

Nə vaxtsa huachicoleo-lar Robin Qud sayağı əməllərinə görə tanınıb. Lakin hazırda bu ad daha çox mütəşəkkil cinayətkarlıqla əlaqələndirilir.

Meksika hakimiyyətinə əsasən yanacaq oğurluğunda bədnam narkokartellərin də əli var. Güman olunur ki, onlar daha kiçik quldur dəstələrinə ödəniş müqabilində öz ərazilərindəki fəaliyyətə “izn” verirlər.

ABŞ-ın Atlantic Council təhlil mərkəzinin hesablamalarına görə, borudakı dəlik vasitəsilə 90 min dollar dəyərində benzin sızdırmaq üçün cəmi 7 dəqiqə vaxt kifayət edir.

Belə əməliyyat üçün huachicolerolara gündə 40 dollar ödənilir. Meksikada orta əmək haqqının 18 dollar təşkil etdiyini nəzərə alınsa, bu, olduqca gəlirli biznes sayıla bilər.

Hərçənd ki, Tlahuelilpanda baş verən partlayış işin təhlükəli olduğunu da təsdiqləyir.

Tlahuelilpan partlayışı ölkənin kəmər sistemində baş verən ən ölümcül qəza olsa da, ondan əvvəlki insidentlər qarşıdan gələn fəlakətlərin xəbərdarlıq işarələri sayıla bilərdi.

2010-cu ilin dekabr ayında San Martin Texmelukan bölgəsindən keçən kəmərdə yanğın 13 uşaq da daxil, 29 nəfərin ölümünə səbəb oldu.

Hadisə yerində göyə qalxan tüstünü fəzadan müşahidə etmək olardı.

Hadisəyə görə Pemex, dövlət neft şirkətini tənqid edən hakimiyyət əmin idi ki, neft şirkəti fəlakətin qarşısını almaq üçün tədbirlər görməmişdi.

“Yanacaq oğurluğunda Pemex rəhbərliyinin əli olduğunu sübuta yetirəcək dəlillərim yoxdur, – 2018-ci ilin sonunda prezident Andrés Manuel López Obrador jurnalistlərə bildirdi. – Amma onların nəyin baş verməsindən xəbərdar olması dəqiq məlumdur”.

Hadisə ilə bağlı keçirilən mətbuat konfransında Andrés Manuel López Obrador neft oğurluğuna qarşı amansız mübarizə elan etdi.

Tailand və Sinqapurda yanacaq hərisliyi

2017-ci ildə Tailandla həmsərhəd Kota Bharu bölgəsində Malayziya polisinin reydi vaxtı üç avtomobil müsadirə olundu.

Hər üç maşınının arxa oturacaqları altında 500 litr tutumlu əlavə gizli yanacaq bakı aşkarlandı.

Hər gün qeyri-qanuni yolla Malayziyadan Tailanda ixrac edilən yanacaq məhsullarının həcmi 3 milyon litrə yaxındır. Bu barədə “Neft və Yanacaq Qlobal Hesabatı: 2018” hesabatında deyilir.

Neft hasil edən Malayziyada benzinin qiyməti Tailanddan iki, Sinqapurdan isə üç dəfə artıqdır.

2016-ci ildə çəkilmiş videolarda görmək olar ki, Malayziyanın yanacaq doldurma stansiyalarındakı sinqapurlu sürücülər daha çox benzin doldurmaq üçün maşınlarını silkələyirlər.

Belə bir yolla bakı ağzınadək doldurmaq mümkün olsa da, risklidir, çünki təhlükəsizlik baxımından onun içində boş yer qalmalıdır.

İraqda İD qrupunun maliyyə mənbəyi

İraq iqtisadiyyatı üçün neft həyati əhəmiyyətə malikdir. Amma ölkənin əsas ixrac məhsulu həm də ziddiyyətlər məhbəsi sayılır.

1990-cı ildə, Birinci Körfəz Müharibəsindən sonra neft müqabilində humanitar yardımın gətirilməsi üçün yaradılan “Neft əvəzində Ərzaq” proqramı korrupsiya iddialarına qərq oldu.

Daha sonra bəzi neft yataqlarına özünü İslam Dövləti (İD) adlandıran qruplaşma nəzarət edirdi.

Britaniyalı ekspertlərə əsasən yanacaqdan əldə edilmiş vəsait İD-nin ikinci ən böyük gəlir mənbəyi olub.

Bu barədə Londonun Kings College universitetinin 2017-ci ildəki hesabatında deyilir.

JLT Sığorta şirkətinin dəyərləndirməsinə görə, yanacaq oğurluğuna görə İraq hər il 8 mlrd dollar dəyərində gəlirdən məhrum olur.

Kolumbiyanın əldəqayırma yanacaq emalı

Kolumbiya dünyanın ən iri neft istehsalçısı olmasa da, onun ixracatının 25 faizini neft və neft məhsulları təşkil edir. Bu, ölkənin dünyaca şöhrətli qəhvə satışlarını 3 dəfə üstələyir.

Mütəşəkkil cinayətkarlıq və silahlı qrupların fəaliyyətinə görə neft sahəsində cinayətlər onilliklərdir ki, ölkənin baş ağrısıdır.

Yalnız Cano Limon-Covenas neft kəməri ötən il ərzində 60 dəfə hücuma məruz qalıb.

Cinayətkarlar, adətən, ələ keçirilən nefti emal etmirlər.

Lakin 2017-ci ildə Kolumbiya ordusu və Pegasus Task Force təhlükəsizlik qüvvələrinin birgə əməliyyatı neft emalı üzrə qanunsuz fəaliyyət göstərən 77 müəssisəni üzə çıxarmışdı.

Bu müəssisələrin ərazisində aşkar edilən benzinin həcmi yarım milyon litrdən çox idi./BBC/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA