Brejnevin “varisi” - O, Leninqrad mühasirəsindən çıxsa da, Kreml “mühasirəsi”ndən qurtula bilmədi

  • 2019-02-04 13:22:54
  • |
  • Tarix /

Brejnevin “varisi” - O, Leninqrad mühasirəsindən çıxsa da, Kreml “mühasirəsi”ndən qurtula bilmədi

1974-cü ildə Almaniya mətbuatında gedən kiçik bir məqalə Kremli əməlli-başlı bir-birinə vurmuşdu. Əslində yazıda əks olunan informasiyanın doğru olub- olmaması SSRİ rəhbərliyi üçün bir o qədər də önəmli deyildi, Kremli narahat edən Siyasi Büronun ən nüfuzlu simalarından birinin adının Qərb mətbuatında hallanması idi. “Şpiqel” jurnalı yazırdı ki, tanınmış sovet məmurunun qızının toyunda Ermitaja məxsus 144 personlu antikvar servisdən istifadə olunub. Sözsüz ki, bu da sovet ideologiyasına zidd olan bir hadisə kimi qiymətləndirilirdi. Söhbət Leninqrad vilayət Partiya Komitəsinin birinci katibindən, qeyri-rəsmi “Leninqradın sahibi” statusunu qazanmış Qriqori Romanovdan gedirdi...

Qriqori Romanov 7 fevral 1923-cü ildə Novqorod vilayətinin Zixnovo kəndində anadan olub. Natamam orta təhsildən sonra Leninqrad Gəmiqayırma texnikumunda oxuyub. Ali təhsilini qiyabi yolla Leninqrad Gəmiqayırma institutunda alıb.

Böyük Vətən müharibəsi illərində Qriqori Romanov Leninqrad və Pribaltika cəbhələrində döyüşüb, bir neçə dəfə yaralanıb. 872 günlük Leninqrad mühasirəsinin bütün acılarını, dəhşətlərini yaşayıb.

Romanov siyasi fəaliyyətinə müharibədən sonra zavod partiya təşkilatında katib kimi başlayıb. Elə bu kiçik vəzifədən də SSRİ-nin şimal paytaxtının birinci kürsüsünə qədər yüksəlib.

Qriqori Romanov 1970-ci ildən 1983-cü ilə qədər Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. Bu dövr onun siyasi fəaliyyətinin ən yaddaqalan dövrü kimi tarixə iz salıb.

Onun Leninqraddakı 13 illik fəaliyyəti birmənalı qiymətləndirilməyib. Hətta tarixçilər Romanovun Leninqraddakı fəaliyyətinə əks qütblü baxış bucağından yanaşıblar. Bir qrup araşdırmaçı Romanovu Leninqradın inkişafında əvəzsiz xidmətləri olan bir məmur kimi dəyərləndirib. Digərləri isə onu amansız və sərt rəhbər, özünü həmişə mütləq hakim kimi aparan katib, heç kimlə hesablaşmayan məmur kimi təqdim ediblər.

Bəs faktlar nə deyir?

Müasirlərinin fikirlərinə görə, Qriqori Romanov Leninqrada bütün varlığı ilə bağlı bir insan olub. Bunu, onun Leninqrad cəbhəsindəki döyüşləri, Leninqrad mühasirəsindəki çətin günləri ilə izah ediblər. Şəhərin ağır günlərinin canlı şahidi olan Romanov vilayətə rəhbərlik etdiyi 13 il ərzində bir çox uğurlara imza atıb. Bu illər ərzində Leninqradda 19 metro stansiyası işə salınıb. Yeni yaşayış massivlərinin salınması sayəsində vilayət sakinlərinin mənzil problemi yüksək templə həll olunub, 50-dən artıq iri istehsal müəssisələri istifadəyə verilib, Leninqrad AES-i istismara buraxılıb, kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə olunub.

Leninqrada rəhbərliyi dövründə Romanov mədəniyyət və incəsənət nümayəndələrinə qarşı sərt münasibəti ilə yadda qalıb. O, bu sahədə çalışanları “yararsız adamlar” adlandırıb. Elə bunun nəticəsidir ki, vilayətdə olan bir çox tınınmış mədəniyyət və incəsənət adamları Leninqradı tərk edərək Moskvaya üz tutub.

Qriqori Romanovun siyasi fəaliyyəti Kremldə həmişə diqqət mərkəzində olub. Leonid İliç Brejnevin şimal paytaxtının sahibinə xüsusi rəğbəti olub və baş katib Romanovu gələcəkdə SSRİ-nin rəhbəri kimi görüb. Bu haqda Romanov öz xatirələrində də yazıb:

“Brejnev mənim fəaliyyətimi yüksək qiymətləndirirdi. Mən onun etimadını tam doğruldurdum. Dəfələrlə mənim gələcəkdə baş katib postuna ən layiqli namizəd olduğumu söyləmişdi. Hətta bir neçə dəfə xarici ölkələrin başçıları ilə ziyafətlərdə olarkən mənim haqqımda “gələcəyin baş katibi” ifadəsini işlətmişdi...”

Təbii ki, Breynevin Romanova bu münasibəti Kremldə qısqanclığa səbəb olub. Birinci kürsüyə iddialılar arxa planda öz “tədbir”lərini görüblər. Elə Almaniya və digər ölkələrdə Romanov haqqında bir-birinin ardınca işıq üzü görən yazılar da bu “tədbir”lərin tərkib hissəsi olub. Versiyalara görə, üzdə çox mehriban olsalar da, Romanova qarşı gizli kampaniya aparan əsas fiqurlardan biri Yuri Andropov olub. Və bu, keçmiş DTK şefində uğurlu alınıb. Beləliklə, Brejnevin vəfatından sonra Andropov istədiyinə nail olaraq Kremlin birinci kürsüsündə əyləşib.

Yuri Andropov hakimiyyətə gəldikdən sonra “ərklə” Romanovu Moskvaya dəvət edib, onun ittifaq miqyasında fəaliyyət göstərməsinə ehtiyac duyulduğunu bildirib. Qriqori Romanov etiraz etməyib, o, 1983-cü ildə Mərkəzi Komitənin hərbi sənaye sahəsinə nəzarət edən katibi vəsifəsinə təyin olunub.

Andropov hakimiyyətindən sonra Romanov baş katib olmaq şansını yenidən itirib. Kreml daxilindəki qruplaşmalar Romanovu yenidən oyundankənar vəziyyətə salaraq Konstantin Çernenkonu baş katib vəzifəsinə gətiriblər. Amma elə ilk gündən Kremldə oyun quranlar yaxşı dərk ediblər ki, səhhətində ciddi problem olan Çernenkonun fəaliyyəti çox da uzun çəkməyəcək və hakimiyyət uğrunda gizli mübarizələr başlanıb. Bu dəfə isə Qorbaçov birinciliyi əldə etmək üçün bütün mümkün variantlara əl atıb. Bu məsələdə Qorbaçova dəstək verən əsas simalardan biri DTK sədri Viktor Çebrikov olub.

Çernenkonun vəfatından sonra 1985-ci ildə Mərkəzi Komitənin növbədənkənar keçirilən plenumunda Qorbaçov tərəfdarlarının plenumda iştirakını təmin etmək üçün Çebrikov hərbi təyyarələri az qala sərnişin təyyarələri əvəzinə istifadə edib. Baş katib kürsüsünə iddialı olan Qriqori Romanovun plenumda iştirakına isə süni əngəllər yaradıb.

Belə ki, həmin ərəfədə Romanov Kaunasda istirahətdə olub. Növbədənkənar plenumun keçirilməsi haqqında ona son anda məlumat verilib. Bununla yanaşı, Çebrikov Romanovun Kaunas-Vilnüs-Moskva reysi ilə təyyarə uçuşuna mane olub.

Kaunasdan uçan təyyarə Vilnüsdə çətinliklə eniş edib. Çebrikovun tapşırığı ilə eniş zolaqları qardan təmizlənməyib və Moskvaya uçuş təhlükəsizlik baxımından mümkün və məqbul sayılmayıb. Beləliklə, Qorbaçov əsas rəqibinin iştirakı olmadan asanlıqla baş katib seçilib.

Qorbaçov baş katib seçildikdən sonra da Romanovu ciddi siyasətçi kimi özünə rəqib sayıb. Elə buna görə də 1985-ci ilin iyul plenumunda onu bütün vəzifələrindən azad etməyə cəhd edib və nail olub. Romanov Qorbaçovdan başqa vəzifəyə keçirilməsi haqqında xahiş etsə də, rədd cavabı alıb. Beləliklə, səhhətində heç bir problem olmayan, kifayət qədər enerjili, zəngin siyasi təcrübəsi olan Qriqori Romanov 62 yaşında bütün siyasi fəaliyyətini dayandırıb.

Qriqori Romanov 2008-ci ildə 85 yaşında vəfat edib. O, Moskvada, Kuntsevo qəbirstanlığında dəfn edilib./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA