Brüssel Bəyanatı və Dağlıq Qarabağ

Brüssel Bəyanatı və Dağlıq Qarabağ

Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsi üzrə verdiyi bəyanatların təsir imkanları

Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı məsələsində beynəlxalq səviyyədə neçə illərdir müzakirələr aparırlır və görüşlər aparılır. BMT səviyyəsində qəbul olunan qərarlar və diplomatik səviyyədə aparılan müzakirələrə baxmayaraq, Ermənistan tərəfi bütün bunları sanki görməzlikdən gələrək heç bir ciddi addımlar atmaq fikrində deyil. Azərbaycan tərəfi məsələsini hərbi yolla çözmək istədikdə isə, dərhal beynəlxalq birlik hərəkətə keçərək sülh danışıqları irəli sürməyə başlayırlar. Avropa Birliyi də BMT kimi Azərbaycanın qanuni ərazi bütövlüyünü tanımaq barəsində qərar veribdir.
Avropa Birliyi və ona üzv olan dövlətlər Dağlıq Qarabağ regionunda döyüşlərin son vaxtlar intensivləşməsi ilə bağlı dərin narahatlığını bildirir və hər hansı bir tərəfdən güc tətbiq edilməsini qəti şəkildə pisləyir. Birlik və ona üzv olan dövlətlər davamlı döyüşlər nəticəsində əhalinin yenidən üzləşdiyi əzab-əziyyətdən və insan tələfatından təəssüflənir.vDağlıq Qarabağın erməni və Azərbaycan əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalqları, hər iki hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etdikləri nəticəsində, eyni səviyyəli mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna görə də Birlik və ona üzv olan dövlətlər qəbul edilmiş prinsip və öhdəliklərə zidd olaraq ərazi bütövlüyünə qarşı və ya, mülki əhalinin daimi yaşayış yerlərindən qovulması da daxil olmaqla, siyasi məqsədlərə nail olmaq üçün gücə əsaslanan hərəkətləri pisləyir. Azərbaycan və erməni əhalisinin fundamental hüquqları mövcud sərhədlər məzmununda tam şəkildə bərpa edilməlidir. Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana müraciət edərək, maksimal dərəcədə təmkinlik nümayiş etdirməyə və ATƏM prosesinə konstruktiv töhfə verməyə çağırır. Bu mənada Birlik və ona üzv olan dövlətlər bütün tərəfləri Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi istiqamətində iş aparmağa və Dağlıq Qarabağ icmalarının təmsil olunmaları şərtlərinə dair razılıq əldə etməyə dəvət edir ki, onsuz davamlı sülhün bərqərar olması mümkün deyil.

Brüssel, 18 iyun 1992-ci il

AB-nin Aprel mövqesi və Dağlıq Qarabağa dair bəyanatı

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən döyüşlər ilə bağlı dərin narahatlığını bildirir. Birlik və ona üzv olan dövlətlər böhranın həllinə qətiyyən kömək etməyən hər hansı gücün tətbiq edilməsini ciddi şəkildə pisləyir. Onlar böhrana qatılan tərəfləri təmkinliliyə dəvət edir və növbəti əzab-əziyyət və ya insan tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır. Birlik və ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri nüfuzlarından istifadə edərək baş verən dəhşətli zorakılığa son qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır. Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir daha müraciət edərək ATƏM-ə daxil olarkən götürdükləri öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə çağırır. Onlar tərəfləri regionda sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏM-in himayəsi altında Minsk Konfransının tezliklə keçirilməsinin zəruri şərtlərinin yaradılması üçün Romada ilkin fövqəladə görüş çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırır.

Avropa İttifaqı, Brüssel, 7 aprel 1993-cü il

1993-cü ildə ard-arda qəbul olunan II Bəyanat

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin son zamanlarda kəskin şəkildə pisləşməsindən dərin narahatçılıq keçirir. Birlik və ona üzv olan dövlətlər hərbi əməliyyatların Kəlbəcər və Fizuli rayonları ərazisinə yayılmasından təəssüfləndiyini bildirir. Azərbaycan ərazilərindən dərhal çıxarılması və bu ərazilərdə döyüşlərin dayandırılması məqsədilə Ermənistan hökuməti Dağlıq Qarabağın hərbi birləşmələri üzərində olan təsirindən istifadə etməyə qətiyyətlə çağırılır. Cərəyan edən son hadisələrə baxmayaraq, bütün tərəflərdən ATƏM-in Minsk qrupunda aparılan danışıqları tərk etməməyi xahiş edilir.

Avropa İttifaqı, Brüssel, 24 iyun 1993-cü il

ATƏM-ə verilən status və Dağlıq Qarabağla bağlı 3-cü bəyanat

Birlik və ona üzv olan dövlətlər cənab Rafaellinin təqdim etdiyi ATƏM planının Dağlıq Qarabağ mübahisəsinin bütün iştirakçıları tərəfindən qəbul edilməsini alqışlayır. Onlar inanırlar ki, sözügedən plan regionda hərtərəfli atəşkəs, BMT TŞ-nın 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin həyata keçirilməsi və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli istiqamətində əsil irəliləyiş üçün ən yaxşı ümiddir. Onlar Dağlıq Qarabağda erməni icması nümayəndələrinin plana razılıqlarını təmin etmək məqsədilə Ermənistan prezidenti Levon Ter Petrosyanın uğurlu şəxsi müdaxiləsini yüksək qiymətləndirilər. Birlik və ona üzv olan dövlətlər ümid edirlər ki, Ermənistan hökuməti Dağlıq Qarabağda sülh planını hələ qəbul etməyən elementlər tərəfindən onu tam şəkildə qəbul etmək və Azərbaycanda Dağlıq Qarabağ və onun ətrafındakı indiki daxili çətinliklərdən sui-istifadə etməkdən çəkinmək çağırışlarını davam etdirəcəkdir. Birlik və ona üzv olan dövlətlər xəbərdarlıq edirlər ki, hazırkı vəziyyətdə hər hansı bir tərəfin hücum əməliyyatı sülh planını təhlükə altına sala bilər. Birlik və ona üzv olan dövlətlər münaqişə tərəflərini planı tam şəkildə dəstəkləməyə çağırır ki, bu, ATƏM-in müşahidəçi missiyasının yerləşdirilməsinin ilk mərhələsini asanlaşdırar. Onlar həmçinin tərəfləri qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını qəbul etməyə razılıq və ATƏM müşahidəçilərin ərazilərdə yerləşdirildiyi andan təhlükəsizliyinə təminat verməyə təkid edirlər.

Avropa Birliyi, Brüssel, 3 sentyabr 1993-cü il

1993-cü ilin sonuncu bəyanatı və atəşkəs rejimi

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda getdikcə genişlənən Azərbaycan ərazisini işğal edən yerli erməni qoşunlarının hücumlarını pisləyir. Onlar təəssüf hissi ilə qeyd edirlər ki, bu hərəkətlər döyüş bölgəsini genişləndirməklə daha böyük Azərbaycan ərazisini əhatə edir, Azərbaycanda çox ciddi qaçqın problemi meydana gətirir və qonşu ölkələri qatmaqla regional təhlükəsizliyi getdikcə azaldır. Birlik və ona üzv olan dövlətlər region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə olan dəstəklərini bir daha bəyan edirlər. Birlik və ona üzv olan dövlətlər Azərbaycan Hökuməti və Dağlıq Qarabağın rəhbərliyi arasında 31 avqust 1993-cü il tarixində əldə edilmiş müvəqqəti atəşkəsin davam etdirilməsi üçün ATƏM-in Minsk Qrupu çərçivəsində göstərilən səyləri tam dəstəkləyir. Birlik və ona üzv olan dövlətlər hər iki münaqişə tərəfini iyun ayının sonunda prinsip etibarı ilə razılaşdırılmış cədvəli yerinə yetirməyi mümkün edən hər hansı bir formada əlavə dialoqa başlamağa çağırırlar. Birlik və ona üzv olan dövlətlər həmçinin Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələrinin BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə hörmət etdiyini və Kəlbəcər, Ağdam, Fizuli və Cəbrayıl rayonlarından geri çəkiləcəklərini görəcəklərinə ümid edirlər. Birlik və ona üzv olan dövlətlərin əlində Azərbaycanın bu ərazilərdən irimiqyaslı hücumlar həyata keçirmək iqtidarında olduğuna dair heç bir dəlil yoxdur. Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ ermənilərinin BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə və ATƏM-in Minsk Qrupunun təkliflərinə əməl etmələri üçün Ermənistan hökumətini özünün həlledici təsirindən istifadə etməyə çağırır. Birlik və ona üzv olan dövlətlər Ermənistana müraciət edərək Azərbaycan ərazisində hücumlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin bu cür hücumlarını daha da genişləndirmək üçün onlara maddi yardımın verilməməyini təmin etməyə çağırır.

Avropa Birliyi, Brüssel, 9 noyabr 1993-cü il

Avropa Birliyinin məcburi köçkünlərə olan ilgisi

Avropa Birliyi 24 oktyabr 1993-cü il tarixində Dağlıq Qarabağ regionunda əldə edilmiş atəşkəsin pozulmasını pisləyir və bütün qüvvələri son vaxtlarda işğal edilmiş ərazilərdən geri çəkilməyə çağırır. Avropa Birliyi ATƏM prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə verdiyi əhəmiyyəti bir daha vurğulayır. Avropa İttifaqını döyüşlər nəticəsində yurdlarından didərgin salınmış insanların aqibəti xüsusilə narahat edir. Bu insanların qəbul edilməsi və qorunması beynəlxalq ictimaiyyətin əsas vəzifəsi olmalıdır. Bundan əlavə qaçqınların mövcudluğu münaqişənin beynəlxalq xarakter alması təhlükəsini artırır və bütün regionun sabitliyini təhdid edir. Avropa Birliyi zərər çəkmiş əhaliyə göstərilən yardımı davam etdirmək əzmindədir və region dövlətlərini həmin yardımların çatdırılması prosesini asanlaşdırmağa çağırır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinə nail olmaq məqsədilə ATƏM-in Minsk Qrupu tərəfindən göstərilən səyləri tam şəkildə dəstəklədiyini bir daha bildirir. Avropa İttifaqı münaqişə tərəflərini 24 oktyabr 1993-cü il tarixində pozulmuş atəşkəsi bərpa etməyə çağırır.

Bülleten Aİ 01-1994 (fr): 1.3.7

Kommunike və Dağlıq Qarabağla bağlı addımlar

1.3.7. Avropa İttifaqının Sədrliyi adından Azərbaycandakı vəziyyət ilə bağlı 17 yanvar tarixində Afina və Brüssel şəhərlərində yayılmış kommünike: “Avropa Birliyi dekabr ayının ortalarından etibarən Dağlıq Qarabağ regionunda irimiqyaslı döyüşlərin yenidən başlanması ilə bağlı dərin narahatlıq hissi keçirir. Avropa Birliyi mövcud tərəfləri təmkinlilik nümayiş etdirməyə və artıq müharibə nəticəsində əziyyət çəkmiş insanlara yenidən əzab verməməyə çağırır. Avropa Birliyi bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirir və münaqişənin sülh yolu ilə nizamlanmasına dəvət edir. Məsələnin beynəlxalq xarakter alması təhlükəsini nəzərə alaraq, Avropa İttifaqı aidiyyəti olan tərəfləri döyüşləri dayandırmağa və BMT TŞ müvafiq qətnamələrinə əməl etməyə çağırır. Avropa İttifaqı tam şəkildə dəstəklədiyi, ATƏM-in Mİnsk Qrupu çərçivəsində münaqişə tərəfləri arasında aparılan danışıqları ən qısa zamanda yenidən başlamağa çağırır.”

Bülleten Aİ 07-1994
Qeyd edək ki, Avropa Birliyi tərəfindən irəli sürülən tövsiyələrə bu günə kimi Ermənistan əməl etməmiş və işğalçılıq siyasətini hələ də davam etdirir. Azərbaycan tərəfinin üzərinə götürdüyü öhdəliklərə isə, hər zaman əməl olunubdur. Hər hansı bir dövlətin ərazilərinin işğalı və anneksiya məsələlərinə görə beynəlxalq təəhhüdlər vardır. Azərbaycan bu hüququndan istənilən zaman istifadə etməkdə israrlı olduğunu bildiribdir. Ermənistan tərəfi bunu gec-tez dərk etdiyində çox gec olacaq.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA