BƏSDİRİN, XALQI DOLAMAĞINIZ YETƏR!

BƏSDİRİN, XALQI DOLAMAĞINIZ YETƏR!

Ay özünü bəstəkar sayan Azad Vəliyev, sizə kim ixtiyar verib ki, Üzeyir bəyin əmanətinə xəyanət edirsiniz?

Notr-Damın yanmasından ürək ağrısı keçirdən şeyx cənablarına xatırlatmaq istərdim ki, otuz ildə bizim torpaqda qan su yerinə axıb, o cinayət, o rəzalət qalmayıb ki, Qarabağda törədilməsin, millətin ziyarətgahları bir yana, şəhidlərin məzarları da dağıdılıb…

Nə qədər çalışıram ki, susum danışmayım, alınmır. Dözmək mümkün deyil, ölkənin tən yarısı güdaza veriləndən sonra, ancaq arsız adam hər şeyi qulaq ardına vura bilər. Sabir rəhmətliyin təbirincə desək, göz görür, əqlim kəsir, mən günəşi göydə dana bilmirəm. İndiyə qədər düçar olduğum bəlalar, hal-hazırda çəkdiyim ovunmaz dərd-sər mənə tam ixtiyar verir ki, heç kimə güzəştə getməyim. Hiss edirəm ki, bu fani dünyada missiyamı yerinə yetirirəm, elə buna görə də heç kimin qarşısında reverans etmək fikrim yoxdur.

Ayın 29-da din xadimlərinin böyük yığıncağında bizim şeyxülislam cənabları nitq irad edib. Bununla işim yoxdur. Hamı onun natiqlik istedadına bələddir. Ziyarətgahların ermənilər tərəfindən məhv edilməsindən bir az danışandan sonra, şeyx cənabları Notrdam kilsəsinin yanmasından ürəyinin ağrıdığını da deyib, azərbaycanlıların xaricdə əleyhimizə danışmaqlarından, ermənilərlə dostluq etmələrindən gileylənib. Bax, burada beş-altı kəlmə deməsəm olmayacaq.

Bu və ya digər səbəb üzündən cəlayi-vətən olanların xaricdə ürəklərini başlatmasını gözəl başa düşürəm. Bir iş də var ki, onların mini də danışsa, hətta beş qəzet də buraxsalar, buradakı rüşvətxor bandasının bir gündə vurduğu ziyanı vura bilməzlər. Onlar xain deyillər, xain, burada simsarsızların, işsiz bədbaxtların, oğul-uşağına gün ağlaya bilməyən zavallıların gözləri qabağında qəsrlər ucaldan, harın həyat tərzi ilə camaata acıq verən binamuslardır. Şeyx cənabları ermənilərlə dostluq edənləri qınayır.

Mən heç vaxt inana bilmərəm ki, bizim şeyx cənabları istər Milli Məclisdə, istərsə də hakimiyyətin lap yuxarı dairələrində oturanların erməni qohum-əqrəbalarından bixəbər olsun. Bu barədə dəfələrlə yazılıb… Erməni kəşfiyyatı məhz onların sayəsində istədiyi məlumatı alır. Notr-Damın yanmasından ürək ağrısı keçirdən şeyx cənablarına xatırlatmaq istərdim ki, otuz ildə bizim torpaqda qan su yerinə axıb, o cinayət, o rəzalət qalmayıb ki, Qarabağda törədilməsin, millətin ziyarətgahları bir yana, şəhidlərin məzarları da dağıdılıb.

Amma, mən indiyə qədər bir dəfə eşitmədim ki, hansısa katolik, protestant, provoslav kilsə xadimi qəzəbli səsini ucaltın, erməniyə layiq olduğu sözü desin.

Olmayıb belə şey, bundan sonra da olmayacaq. Səlib dünyasında tolerantlıq ancaq dildədir. Axmaq bizik ki, hər it-qurdu qeydiyyatdan keçirib, ölkənin içinə buraxmışıq… Düşməni evin yuxarı başına keçirib, sonra da kütlüyümüzü, biganəliyimizi “seminarlar keçirmişik”, “tövsiyyələr vermişik”, “forumlarda mövqeymizi açıqlamışıq” və s. bu kimi heyvərə sözlərlə ört-basdır etmişik.

O ki qaldı İraqdakı, Suriyadakı uşaqların taleyinə, bu barədə qeyrətli çeçenlərdən ibrət dərsi almaq lazımdır. Məmləkətin daxilində körpələrin, yeniyetmələrin bəzən dadına çata bilməyən hökumət durub İraqdakı gözləri yaşlı uşaqlara kömək əlini uzadacaq?

…Bütün qayda-qanunlara görə məqalə yazanda söyüşə, təhqirə yol vermək böyük qəbahətdir, yolverilməzdir. Bunu başa düşdük. Bəs birisi hərcmərclikdən, ideoloji sahənin bərbad günə düşməsindən sui-istifadə edib ağzına gələni yazanda, ağsaqqal, qarasaqqal saymadan dörd yana çirkab püskürəndə nə edəsən?

Mirzə Cəlil rəhmətlik deyirdi ki, belə olanda gərək yerdən bir qarpız qabığı götürüb çırpasan onun ağzına, qoy çıxıb getsin işinə.

Faciəmiz ondadır ki, keçən əsrin 20-ci 90-cı illərində millətin mənəviyyatının şikəst olmasında müstəsna rol oynamış şəxslərin törəmələri, lakey xislətli ardıcılları indiki iqtidarın karına gəldi. Prezident təqaüdündən, əlverişli işdən mərhum olmamaq üçün bunlar istənilən adamı çirkaba batırıb mənən öldürə bilərlər. Əmr olmasa, gözlərinin qarşısında min xəyanət də baş tutsa özlərini görməzliyə vururlar. Bu konfromist kütlə hiddətlənmək qabiliyyətini də itirib.

Qan, namus qisasını almaq üçün düşmən üzərinə gedən, qeyri-bərabər döyüşdə neçə-neçə erməni cəlladını cəhənnəmə vasil edib, sonra da şəhadətə çatan Mübariz kimi igidin xatirəsi təhqir olunur. Mən dözməyib bu mənfur əməl yiyəsinə layiq olduğu “epiteti” vermişəm və indi də təkcə ona yox, valideynlərinin də ünvanına daha o ucu güləbətinli söz qalmayıb işlətməyim. Başım çıxmır, müqəddəslik zirvəsinə ucalan şəhid təhqir olunur, mən niyə susub durmalıyam, nə var, nə var mətbuat etikası bunu tələb edir?

Bəli, qeyrətli insanlar tapılır və bu zinadan törəyən məxluqu məhkəməyə verirlər. Böyükləri illər boyu rusun, erməninin aftafasını gəzdirənlər prosesin vaxtını uzadırlar. “5-ci kalonna” burada işini görür, bir gün hakim işin aparılmasından imtina (??) edir, bir az keçmiş başqa hakim təyin olunur, amma bu dəfə nə təqsirləndirilən tərəf, nə də vəkil məhkəməyə gəlmirlər. Bu sətirləri yazdığım radələrdə eşidirəm ki, növbəti məhkəmə iclası ayın 8-nə təyin olunub.

İşin nə ilə qurtaracağını indidən demək olar. Yuxarıdan, “5-ci kalonna”nın rəhbəri göstəriş verəcək ki, məsələni süründürün, imkan olsa, şikayət edənləri şərləyin, Mübarizin ruhunu incidənə güldən ağır söz deməyin, o bizim adamdır.

İmansızlığın hökmfərma olduğu məkanda nə desəniz baş verə bilər.

Tağı Əhmədov min “zəhmət və alın təri” ilə qazandığı pulları tələb edir.

Bu həngamədən hamı xəbərdardır. Tağı müəllim işdən çıxarılanda onun yarı-yavərləri, cici-bacıları xırda ticarət əhlindən bac-xərac kimi yığdıqlarını geri qaytarmağa başladılar. Əlbəttə ki, çoxunun pulu batdı, bəziləri dəbbələdi, bəziləri ustalıqla aradan çıxa bildilər. Bu da məlum oldu ki, bir qərinə ərzində əlindən gələni beş qaba çəkən Tağı müəllimdən külli miqdarda pul qopara biliblər. Bəli aylar ötüb, həftələr keçib, Tağı müəllimdən çığırda-çığırda pul qoparanlar həbs edilib.

Tağı müəllimi harada görürdük? Harada bir yaxşı konsert olurdusa onu görürdün ki, Tağı müəllim ən yaxşı yerdə əyləşib. İlahi, bəni-Adəmdə də bu qədər musiqiyə həvəs olarmış!! Operatorlar da hər dəfə iri planda kişinin gül-camalını, xətti-xalını göstərib sanki camaata acıq verirdilər, yəni baxın, yana-yana qalın. YAP heç bir vaxt “təmizlik, paklıq mücəssəməsi” olan sevimli üzvünü ayağa verməz.

Beş-on günün sözü ola ya olmaya iqtidarın ruporu sayılan bir qəzetdə Tağı müəllimin qəzəbli bəyanatını oxudum. Tağı ağa verdiyi rüşvəti indi geri tələb edir, söhbət bir neçə milyondan gedir. Arxayındır, yaxşı bilir ki, nə qədər bu quruluş mövcuddur, ondan heç kim bu qədər pulu necə qazandığını soruşmaycaq. On illər boyu yeraltı dünyanı “Kubinka”ya döndərib əziz-giramları ilə fantastik gəlir əldə etmiş Tağı ağa farslar demiş, pişəzvəxt tədbir görməsəydi, bu qədər qeyli qaldan sonra yenə də kefə baxmazdı. Generallar sığma-boğmaya salınandan sonra Tağı ağanın dili açılıb. Guya Çovdarov ondan rüşvət tələb edəndə o birbaş Prezidentin özünə üz tuta bilməzdi? Böyük dövlət əhəmiyyəti kəsb edən metropolitan kimi bir sahəyə başçılıq edən Tağı ağa min məmurun başı üstündən Prezidentə də olmasa, onun ən yaxın köməkçisinə də məlumat verə bilərdi. Bəs respublikanın ikinci şəxsi harada idi? Ona da əli çatmırdı?

Buyurun, bu məzhəkəyə tamaşa edin YAP-ın Yasamal rayonu üzrə “qauleyteri”, on illər boyu min köşk və dükandan bac-xərac yığmış, metropolitan təsərrüfatını belədən belə fırlatmış və heç kimə də bir dəfə də olsun hesabat verməmiş unikum, cəfakeş pozasında durub ədalət tələb edir, özü də utanmadan, qızarmadan bizləri inandırmağa çalışır ki, milyonları min əzab-əziyyətlə qazanıb. Sabahları ona böyük ordenlərin biri verilsə mən təəccüblənməyəcəyəm.

Həyanız olsun, Üzeyir bəydən əlinizi çəkin!

…”Arşın mal alan” filmi çəkiləndə Niyazi icazəsiz musiqiyə müdaxilə edir. Bunu bilən Üzeyir bərk əsəbiləşir, onun neçə-neçə adamın yanında rus dilində Niyaziyə möhkəm təpinməsini hamı bilir. Mən dahimizin yerində özü də haqlı sözlərini burada təkrarlamaq fikrində deyiləm. Amma Üzeyir bəyin həmin gün ürək ağrısı ilə dilinə gətirdiyini yazıram: “Hamı bilir ki, Allah mənə övlad verməyib. Övladım əsərlərimdir, hələ mən sağ ikən onların başına belə oyun gətirirsinizsə, təsəvvür edirəm mən öləndən sonra nələr olacaq”.

Oldu da… 1956-cı ildə “O olmasın, bu olsun” filmi çəkiləndə H.Seyidzadə ilə Sabit Rəhman Üzeyir bəyin gül kimi əsərinin başına istədikləri oyunu açdılar. Onların heç bir əxlaq çərçivəsinə sığışmayan uydurmaları Mərkəzi Komitənin irticaçı ruspərəst xadimlərinin, müstəmləkə ədəbiyyatı “korifeylərinin” ürəyindən idi. Üzeyir irsinə xəyanət aktyorların mahir oyunları ilə ört-basdır edildi. Mən bu barədə bir dəfə yazmışam, əcəldən aman olsa mövzuya ətraflı qayıdacağam.

… İndi də yerindən duran dəlləkliyi Üzeyir bəyin əsərləri üstündə öyrənir. O adam qalmayıb ki, kişinin əmanətlərinə əl uzatmasın.

Avtomobil yarışlarının başlanması zamanı dövlət himni yeni arenjemanda səsləndi. Mən də soruşuram, ay özünü bəstəkar sayan Azad Vəliyev, sizə kim ixtiyar verib ki, Üzeyir bəyin əmanətinə xəyanət edirsiniz? Min nəfər sənin kimi bəstəkarın bütün həyatı, yaradıcılığı Üzeyir bəyin bir akkorduna dəyməz. Ruslar demişkən “bespardonnıy” həyasızlıq o həddə çatıb ki, eybəcər günə salınmış bu “himn” Prezidentin hüzurunda səsləndirildi.

Üç-dörd mahnı bəstələməklə özlərini Verdi, Şostakoviç səvioyyəsində ustad sayan Gövhər Həsənzadə, Aygün Səmədzadə kimi “bilicilərə” demək istərdim ki, Üzeyir bəyin əsərlərinə sizin üçün, nə də Azad Verdiyev üçün “eksperiment bazası” deyil. Həya-abır yaxşı şeydir. Heç olmasa, susun milləti avam yerinə qoymayın. Yenə də deyirəm, Allah Əkrəm Əylisinin ölənlərinə rəhmət eləsin, o kişi düz buyurub, Azərbaycanda doğrudan da ziyalı yoxdur. Ziylı olsaydı qələm zinakarları xəstə beyinlərinin ifrazatını qəzet səhifələrinə tökə bilməzdilər. Ziyalı olsaydı telekanallarda əvvəlki kimi düşüklük, heyvərəlik hökm sürməzdi.

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA