“Bu əclaf Ukraynaya o qədər ziyan vurub ki…” - Poroşenkonun plakatı qalmaqala səbəb olub

  • 2019-04-10 18:24:55
  • |
  • Dünya /

“Bu əclaf Ukraynaya o qədər ziyan vurub ki…” - Poroşenkonun plakatı qalmaqala səbəb olub

Ukraynda seçki günü yaxınlaşdıqca, prezidentliyə namizədlər öz “arsenallarındakı” bütün “silahlardan” istifadə etməyə çalışırlar.

Hurriyyet.org “AzPolitika.info”ya istinadən xəbər verir ki, hazırkı prezident Pyotr Poroşenkonun son seçki plakatı həm Ukraynada, həm də Rusiyada böyük səs-küyə səbəb olub.

Sözügedən plakatda P.Poroşenko Rusiya prezidenti Vladimir Putinlə üz-üzə, qarşı-qarşıya əks etdirilib və bu görüntü “21 aprel-həlledici seçim” ifadəsilə müşaiyət olunub.Bununla da hazırkı prezident bir növ bir güllə ilə iki dovşan vurmuş olub. Bir tərəfdən yalnız özünün Rusiyanın qarşısında dura biləcək güc olduğunu göstərib, digər tərəfdən isə seçkidəki rəqibinin, yəni Zelenskini rusiyameylli və daha çox Putinin “əlinə oynayan” birisi kimi qələmə verib.

Rusiya tərəfi isə Poroşenkonun həmin seçki plakatı ilə bağlı açıqlama verməli olub. Jurnalistin sualına cavab verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov həmin şəklə bir qədər qeyri-müəyyən münasibət bildirib: “Biz Putini seçirik, ukraynalılar isə …. Baxarıq.”

Ukraynalıların Poroşenkonun bu “tryukuna” münasibəti isə birmənalı deyil. Məsələn, ölkənin qərbində plakat müsbət qarşılanıb və müşahidəçilər bunu onsuz da həmin bölgənin əhalisinin böyük hissəsinin Poroşenkoya dəstək verməsilə izah ediblər. Bununla yanaşı, ölkə prezidentinin Putinlə birgə şəklinin böyük plakatlarda əks olunmasına etiraz edənlər də var.

Belə ki, Ukraynanın kifayət qədər iri şəhərlərindən biri olan Çerkassın meri Anatoli Bondarenko belə plakatların şəhərdə yer almasının qəti əleyhinə olduğunu bildirib. Hətta qeyd edib ki, artıq bir çox iri şəhərlərdə quraşdırılan həmin plakatların Çerkassda quraşdırılmasına imkan verməyəcək.

Şəhər meri hətta Putinin şəklinin bu cür görüntülənməsinin Ukrayna üçün təhqir olduğunu bildirib: “Bu əclaf Ukraynaya o qədər ziyan vurub ki, belə şeylərin yayımlanması anormal görünür. Bizim şəhərə Putin lazım deyil.” Mer bildirib ki, Çerkassda belə plakatlar quraşdırılsa, şəhərin icraiyyə komitəsi dərhal yığışaraq, onları demontaj etdirəcək.

Poroşenkonun seçki qərərgahından isə deyiblər ki, sözügedən plakat rəsmən qeydiyyatdan keçirilib və burada heç bir qanunsuzluq yoxdur. Onun məqsədi isə sadəcə, “güclü prezident və ali baş komandan” fikrini çatdırmaqdır.
Lakin müşahidəçilər qeyd edirlər ki, bu plakatlar seçki qanunvericiliyinə ziddir. Belə ki, Ukrayna qanunlarına görə, seçki təbliğatı zamanı xarici ölkə vətəndaşlarından bu və ya digər formada istifadə etmək qadağandır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA