Bu əfv Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi?

Bu əfv Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi?

Prezident İlham Əliyev şənbə günü əfv sərəncamı imzalayıb: "siyasi məhbus" kimi tanınan onlarla şəxs azadlığa çıxır.

"Siyahıda elə adamların adı var ki, onların nə vaxtsa azadlığa buraxılacağına çoxları ümidlərini itirmişdi", hüquq müdafiəçisi Səidə Qocamanlı deyir.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl uzun illərdir adı "siyasi məhbus siyahılarını gəzən", amma azadlığa buraxılmayan şəxslərin bu dəfə əfv sərəncamına düşməsini "hakimiyyətdə bu sahədə müşahidə edilən işartılar kimi" qiymətləndirir.

"Müavinlərimin, fəal üzvlərimizin bəzilərinin, digərlərinin azadlığa çıxması müsbət haldır, amma bu əfv "siyasi məhbus" məsələsini həll etmədi, AXCP sədri Əli Kərimlinin qənaəti belədir.

Əfv sərəncamını "hökumətin humanist addımı" kimi qiymətləndirən millət vəkili Aydıən Mirzəzadənin fikrincə, prezident İlham Əliyev üçün "kiminsə siyasi mənsubiyyəti, kiminsə hansısa siyahıda olub-olmaması" əhəmiyyət daşımır.

"Siyahımızın lobbiçiliyini etmişik"

Hüquq müdafiəçisi Səidə Qocamanlı əfv üçün prezidentə təqdim etdikləri siyahıdakı şəxslərdən çoxunun əfvə düşdüyünü deyir. O, keçmiş səhiyyə naziri Əli İnsanovun, "həbsdəki yeganə xanım siyasətçi" Gözəl Bayramlının, Fuad Qəhrəmanlının və digərlərinin azadlığa buraxılmasından "məmnunluğunu" gizlətmir:

"Siyahıda elə adamların adı var ki, onların nə vaxtsa azadlığa buraxılacağına çoxları ümidlərini itirmişdi", o deyir.

Səidə Qocamanlı xatırladır ki, əfv qabağı daxili işlər naziri Ramil Usubovla, Prezident Adminstrasiyasının şöbə müdiri Fuad Ələsgərov və digər rəsmi şəxslərlə görüşüb öz siyahılarına "lobbiçilik" ediblər. Amma siyahılarındakı bəzi şəxslər azadlığa çıxmayıb.

Onun sözlərinə görə, siyahılarında jurnalistlər Seymur Həzinin, Əfqan Muxtarlının, dövləti zorla ələ keçirmədə ittiham edilən Səid Dadaşbəylinin də adı olub: "Səid Dadaşbəyli ilə birgə həbs edilənlərin 5-i azadlığa çıxıb, Seymur Həzi isə bəlkə də məhkəmə yolu ilə azad ediləcək".

Hüquq müdafiəçisi əlavə edir ki, əfv sərəncamı verilsə və onların "siyahi məhbus" siyahısındakı onlarla şəxs azadlığa buraxılsa da, "siyasi məhbus məsələsi" bitmir: "Bizim işimiz davam edəcək. Bu problemi Azərbaycan üçün bitirməliyik".

"Əgər hökümət müsbət addım atıbsa..."

Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayıl uzun illərdir adı "siyasi məhbus siyahılarını gəzən", amma azadlığa buraxılmayan şəxslərin bu dəfə əfv sərəncamına düşməsini "hakimiyyətdə bu sahədə müşahidə edilən işartılar kimi" qiymətləndirir: "Əgər hökümət müsbət addım atıbsa, biz də təqdir etdiyimizi söyləməliyik".

Onların hazırladığı 124 nəfərlik "siyasi məhbus" siyahısından 50 məhbus azadlığa çıxır, Xədicə İsmayıl deyir. Amma o hesab edir ki, hələ də "siyasi məhbus" söhbəti öz aktuallaığını bir müddət saxlayacaq, çünki sərəncam bu problemi həll etmədi.

"Əfv sərəncamından sonra hələ də siyasi məhbus kimi tanınan dörd jurnalist - Seymur Həzi, Əfqan Muxtarlı, Araz Quliyev və Elçin İsmayıllı həbsdədir", o əlavə edir.

"13 üzvümüzdən 9-u hələ də həbsdədir"

AXCP sədri Əli Kərimli iki müavinin, bəzi partya fəallarını azadlığa buraxılmasını müsbət addım sayır, ancaq hesab edir ki, bu əfv sərəncamı olkənin "siyasi məhbus" probleminə "nöqtə qoya bilməyib".

"Yenə də həbsdə qalan siyasi məhbuslarının sayı 100-dən artıqdır. Azərbaycan Xalq Cəbhəsinin bu fərmana qədər 13 üzvü həbsdəydi, indi 9 nəfər həbsdə qaldı"

Əli Kərimlinin sözlərinə görə, "problemin həlli üçün mübarizələrini" davam etdirəcəklər.

"Prezident üçün kiminsə siyasi mənsubiyyəti əhəmiyyət daşımır"

Aydın Mirzəzədə

Millət vəkili Aydın Mirzəzədənin fikrincə, əfv sərəncamı ilə Azərbaycan höküməti özünün humanist xarakterini ortaya qoyub:

"Bir neçə saatdır ki, Azərbaycan cəmiyyətində əfv sərəncamı böyük əks-səda doğurub. İnsanlar bunu böyük razılıqla qarşılayıblar. Adı siyahıya düşmüş ailələrdə böyük sevinc yaşanır", Aydın Mirzəzədə deyib.

Onun fikrincə, prezident İlham Əliyev üçün "kiminsə siyasi mənsubiyyəti, kiminsə hansısa siyahıda olub-olmaması" əhəmiyyət daşımayıb:

"Törətdiyi əməldən peşmançılıq çəkən, cəmiyyət üçün artıq təhlükəli olmayan məhbuslar əfv komissiyasının süzgəcindən keçərək azadlığa buraxılıblar", o, BBC News Azərbaycancaya açıqlamasında deyir.

Prezident İlham Əliyevin şənbə günü imzaladığı əfv sərəncamında keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, "heykəl məhbusları" kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov, 2014-cü ildə keçirilmiş "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadənin adı var.

Bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbus" kimi tanıdığı şəxslər də əfv olunub. Keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP üzvü Murad Ədilov, ictimai fəal Elgiz Qəhrəman da əfv siyahısına düşüb.

Ömürlük həbs cəzası almış 3 məhbusun cəzası dəyişdirilərək onların həbs müddəti 20-25 ilə kimi endirilib.

Əfv sərəncamı 400-dən çox məhbusa şamil edilib.\\BBC

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA