Bu gedişlə heç vaxt qələbə çalmayacağıq

Bu gedişlə heç vaxt qələbə çalmayacağıq

Min il də qalsa, biz YAP-ın ideoloqları ilə, qorxu-hürkü bilmədən dövləti tarac edən məmur bandası ilə zəfər qazanmayacağıq

Macarıstanda Petöfi Şandorun adını çəkəndə vətənpərvərlər ayağa qalxırlar. Vur-tut 26 il ömür sürmüş bu gənc hər misrası od saçan şeirləri ilə bütöv bir milləti ayağa qaldırmağı bacarmışdı. O, adi tribun şair deyildi. 1848-ci ildə qalxmış silahlı üsyanda əsas rəhbərlərdən biri kimi iştirak etmiş, bütün döyüşlərdə həmişə ön cərgələrdə çarpışıb. Milli istiqlaliyyət uğrunda ölümə gedənlər onun şeirlərini əzbər bilirdilər. 1849-cu ilin iyul ayının 31-də qeyri bərabər döyüşdə rus kazakları onu qətlə yetirmişdilər. O gündən bu cəngavər şair macar xalqının əsl mübarizə bayrağına döndü. İndinin özündə elə bir macar gənci yoxdur ki, onun şeirlərini əzbər bilməsin.

...1941-ci ilin yayında əsgər paltarını geyən bir çox rus şairi və yazıçısı onu ancaq müharibən sonra əyinlərindən çıxartdılar. Onların şeirlərinə bəstələnmiş mahnıları Rusiyanın qocaları da, gəncləri də indinin özündə vəcdlə oxuyurlar. Təntənəli mərasim və tədbirlərdə minlərlə insan ağız-ağıza verib müharibə illərinin mahnılarını səsləndirəndə sakit, laqeyd qulaq asmaq mümkün deyil.

Dəfələrlə yazmışam, otuz il ərzində bu xarabada “Vstavay strana oqromnaya, vstavay na smertnıy boy!” kimi bir nəğmə bəstələnmədi. Otuz il ərzində realist səpkidə batal janrda bir-iki abırlı tablo ortaya qoyulmadı.

...Yazırıq, özümüzü oda-közə vururuq, xeyri yoxdur, kiminsə əməlini tənqid edib qınayırıqsa, o biriləri heç vecinə də almır. İllər ərzində məmləkətin bütün elm, təhsil sistemini tar-mar edib, müharibədə ağır məğlubiyyətə uğramış xalqın iki nəslini mənən şikəst etmiş Misir Mərdanov barədə daha nələr deyilmədi? O KİV yox idi ki, bu ziyanəvərin “savab” əməllərini rüsvayı-cahan eləməsin. Rəzalət o yerə çatmışdı ki, hətta birinci sinifə gedən körpə uşaq da valideyninin məktəbə nə qədər pul aparacağına və kimə verəcəyini bilirdi. Bu bədbəxt ölkədə müharibə dövrünün qayda-qanunu işləsəydi Misir Mərdanovu ilim-ilim itirər, bütün var-yoxunu fövrən müsadirə edərdilər.

Amma bizim iqtidar heç kimə, heç nəyə məhəl qoymadan onu ağuşuna çəkib başını tumarlayıb başqa yağlı vəzifəyə qoydu. Bu o demək idi ki, Misir bala, sən Azərbaycanın mənəvi aləminin qəsdinə durmuş keşiş-mason dünyasının arzusunu gözündə qoymadın, sənə zaval dəyməyəcək, get cah-calallı bağ evində kefə bax, gənc nəsil nəinki bunu, həm də milyonları dədəsinin malı kimi qoltuğuna vurub sakitcə aradan çıxanları da görür.

O kimdən örnək götürməlidir? Emin Ağalarovun Bakıya gətirib tökdüyü estrada tüfeylilərindən? Neçə vaxtdır bu milyarder balası daha Rusiyada o pulgir estrada lotusu qalmadı ki, bu dağılmışa dəvət eləməsin. Bunların sənətdən tamam uzaq ifaları, sözün tam mənasında xalqı dolayan “mahnıları” kimlərin zövqünü oxşayır? Son illərdə ölkədə formalaşmış yırtıcı nuvoriş zümrəsinin əxlaqsız, mənən pozğun övladlarının. Adi rəiyyət bu zinadan törəyənlərin əyləncə yerlərinə, eyş-işrət qurduqları məkanlara yaxın da düşə bilməz. Sər-sifətləri telekanallardan düşməyən iqtidar turbadurları Aydın Mirzəzadə, Elman Nəsirov kimi dil pəhləvanlarına müraciət edirəm. Ağalarovun gül balasının eqidası altında keçirilən “festivallarda” konsertlərdə olun, auditoriyaya diqqətlə baxın. Biri Şimali Amerikanın koyotları kimi ulayır, biri giyena kimi səslər çıxarır, qız-gəlinlərin də həyasızcasına göbək oynatmalarına isə söz ola bilməz.

Misir Mərdanov kimi ziyanəvərlərin, bu üsuli-idarənin mənən şikəst etdiyi gənclik budur! Amma bəxtimiz onda gətirib ki, pullu bicbalaların, harınların kefə baxdıqları belə məkanlarda kasıb-kusub uşaqları gözə dəymir. Onlarda o pul nə gəzir ki, belə yerlərə yaxınlaşa bilsinlər?

Tvardovski, Simonov kimi misilsiz qələm yiyələri ən ağır döyüşlərin getdiyi yerlərdə min əzaba dözərək müdafiədə də, hücumda da əsgərlərlə bir idilər. Mən hələ başqa ədiblərdən, mədəniyyət xadimlərindən danışmıram! Bizimkilər isə yetmiş iki tirə olub qiblələrini də unutdular. Türkçülükdən dəm vuran bir neçə cüvəllağı isə qan-namus qısasını bir yana qoyub üz tutdular uzaq Yakutiyaya, guya orada olan şamanlardan vətənpərvərlik dərsi alacaqlar. Boyunuzu yerə soxum!

Hələ indiyə kimi çoxunu qandıra bilmədim ki, Ürməvi, Nizami, Rumi, Maraği, Füzuli Tusi, Behzad, Nəsimi, Əcəmi mədəniyyətini ölənə qədər yuyunmağı günah sayan, it iyi verən, üst-başından sür-sümük sallanan tunqus tayqasının şamanlarının səviyyəsinə endirməyin, ayıbdır.

Hələ indiyə kimi çoxunu başa sala bilmədim ki, qərinələr boyu Avropanı lərzəyə gətirmiş əfsanəvi yeniçərilər, Pərvanə savaşında Çingiz xan kimi sərkərdəni qaçmağa məcbur edən Cəlaləddinin süvariləri, Səfəvilərin məğlubiyyətin nə olduğunu bilməyən qorçu alayının pəhləvanları, Sultan Mahmud Qəznəvinin cəngavərləri, Qızıl Ordanın, Eldəgizlərin namdar igidləri döyüşə gedəndə qurd kimi ulamayıblar. Onların bayraq və ələmlərinin üzərində canavar təsviri olmayıb.

Məni dara da çəksələr sözümü deyəcəyəm, bir şərəf əzabının nə olduğunu bilmirik. Namiq Abbasovun Milli Məclisdə etdiyi çıxış yadınızdamı? O minə qədər əsir edilmiş və sonra da Yaxın Şərqin əxlaqsızlıq yuvalarına satılmış qız-gəlindən danışdı. Kişi kimi etiraf edin, bu torpaqda bir adamın halı təğyir tapdımı? Bu dəqiqənin özündə Bakıda şıdırğı insan alveri gedir, özü də bizim şanlı polis bunu əla bilir.

Mən Namiq Abbasovun məlumatına qayıdıram, cariyə kimi əldən ələ verilmiş bu qədər qız-gəlinin əmisi, dayısı, qardaşı, atası, qeyri əqrəbası yoxmu? Niyə birisinin indiyə kimi qeyrəti cuşa gəlmədi? Son otuz ildə Bakıda bir rusun, bir erməninin də burnu qanamayıb. Öldürülən, alçaldılan ancaq müsəlmanlardır. Bəziləri məni milli ədavətin qəsdən qızışdırılmasında günahlandırmaq istəməsinlər. Azərbaycanlı ədavət də apara bilmir. Bakıda yaşayan əlli mindən çox erməniyə güldən ağır söz deyən var?

Yanvar, Xocalı qətlamından sonra da əgər millət heç bir şey olmamış kimi kefindən qalmadısa, min nəfər mənim kimi təbliğatçı da olsa belə, o xabi-qəflətdən ayılmayacaq. Dəfələrlə yazdım ki, məğlubiyyətə uğramış, qan-namus qisası yerdə qalmış ölkədə tolerantlıq oyunu milli xəyanətdir. Biz kor və nadan deyilik, təqib edilən, xadimləri min qadağa ilə küncə sıxışdırılan islam dinidir. Bər-bəzəkli məscidlərin çoxluğu o demək deyildir ki, İslamın bütün ülvi qanunları burada həyata keçir. Dədə-baba torpaqlarını düşməndən azad etmək üçün bizlərə təkcə müasir silahlar yox, İmam Hüseyn məktəbi lazımdır. Heç kim gözünü bərəltməsin, bu məktəb baş yarmaq, zəncir, sinə vurmaq deyil, bu kişilik, haqq iş, ədalət, vətən, hürriyyət uğrunda təmənnasız mübarizə məktəbidir. Min il da qalsa biz YAP-ın ideoloqları ilə, qorxu-hürkü bilmədən dövləti tarac edən məmur bandası ilə zəfər qazanmayacağıq. Utanmasalar, bunlar “Misri”, “Cəngi”, “Heyratı” kimi havaların çalınmasını da yasaq edərlər. Millət nə qədər çox fağırlıq hissi oyadan, iniltili, sızıltılı musiqiyə aludə olsa, bir o qədər də indiki iqtidara əl verir. Bu bədbəxt torpaqda son dəfə “Qisas!” , İntiqam!” sözlərini nə vaxt eşitmişiniz?

Özəl telekanallarda yeyib-içməkdən vağzal samovarlarına oxşayan toyxana lotuları, elementar həya-abırı bilmərrə unutmuş “xanımlar” , “mavilər” ağalıq eləmirlər? Bir dillənən yoxdur, mənəvi təxribat əvvəlki vüsətlə davam edir...

Yaramazlar sanki dərddən yananlara qızıl-qırmızı deyirlər. Siz yazmağınızda olun, biz də pul qazanmağımızda, var olsun bizim məşuqlarımız və cahil, pulgir ideoloqlarımız. Məni bəzən qınayırlar ki, tənqidimdə ağına-bozuna baxmadan kimi gəldi yıxıb-sürüyürəm. Mən, düşmən əlinə keçməmək üçün özlərini qayalardan atmış Kəlbəcər qızlarına, Milli qurtuluş batalyonunda vuruşub həlak olmuş Rəhilə Orucovaya da Azərbaycan qızı deyim, estrada pozğunlarına da?!

Neçə vaxtdır bu söz dəbə düşüb, mən fəxr edirəm ki, azərbaycanlıyam. Asın, kəsin məni, amma, bu sözü dilimə gətirmək mənim üçün çətindir. Çocuq-Mərcanlıda biz konsert verməklə Şuşa dərdini, yüzlərlə xəyanəti mənə unutdurmaq istəyən iqtidar olan yerdə hansı fəxarətdən söhbət gedə bilər? Mən fəxr eləməliyəm ki, burada Cavanşirin mirası, Çıraq qala kimi nadir istehkam tar-mar olur, amma mənim iqtidarım uzaq Romada katakombaların restavrasiyası üçün milyonlar sərf edir.

Mən fəxr etməliyəm ki, hər cəhətdən xarı-zəlil olduğumuz əsnada puldan qudurmuş Qalib Mustafayev adlı bir nacins itləri üçün toy eləyir və həmin “şanlı” məclisə özü kimi bişərəfləri dəvət edir. Fəxr eləməliyəm ki, iqtidar dəstəsinin içindən bir kişi çıxıb onun üzünə tüpürməyib. Deyirlər ki, qəzetdə söyüş, təhqir yazmaq yaxşı hərəkət deyil. Qoy məni təhqirv üstündə məsuliyyətə cəlb etsinlər, amma sözümü deyəcəyəm. Axı Qalib Mustafayev və onun badə yoldaşları dinimizi, imanımızı, vətənimizi, bizim üçün müqəddəs nə varsa hər şeyi təhqir edib. Mən ona şərəfsiz, nacins, zinadan törəyən deməməliyəm? Məəttəl qalası şeydir, yəni o boyda Goranboyda beş kişi tapılmayıb ki, gedib zinakar yığnağını alt-üst edəydi?

Doğrudanmı bu xarabada heç kim başa düşmək istəmir ki, biz hər yerdə rüsvay olmuşuq, heç yerdə bizə hörmət yoxdur? Bu it toyu barədə söz-söhbət qonşu ölkələrə də yayılıb, biz yerin təkinə girməliyik.

Odioz məddahını qorumaq üçün 90-nı xırdalayan mənim kimi heydən düşmüş qocanı 20 ay təqaüdsüz qoyan, onlarla ərizəmə cavab verməyən bu iqtidarda bircə misqal şərəf anlayışı olsaydı, o dövlətin nüfuzuna zərbə vurmuş Qalib Mustafayevi ilim-ilim itirib, nəslini də bu torpaqdan iti qovan kimi qovmalı idi.

“Hürriyyət” qəzetinin 141-ci sayında Aygül İsayevanın ürək ağrıdan məqaləsini oxuyandan sonra özümə gələ bilmirəm. Bəli, biz bilirdik ki, üzümüzə gülə-gülə, danabaşlığımızdan sui-istifadə edərək öz xalqı üçün gün ağlayan Gürcüstan hökuməti uzun illərdir ki, bizim soydaşlarımızın başına tənbəki oyunu açır. Bizim yaltaqlar isə gürcü şovinistlərinin qarşısında dörd qat əyilib “əbədi qardaşlıq və dostluqdan” qəsidə oxuyurdular. 1989-cu ildə fəaliyyət göstərən 183 məktəbdən 117-si qalıb, bu da “əbədi qardaşlığın” bərəkəti. Haradasınız, ay şamanlardan, mifik Turandan gəvəzələyənlər niyə səsiniz çıxmır? İqtidarın hamının zəndi-zəhləsini aparmış turbadurları elman nəsirovlardan, aydın mirzəzadələrindən, mübariz əhmədzadələrindən daha danışmaq istəmirəm. Bu siyasi flügerlərdən dövlətə indiyə qədər nə xeyir dəyib?

Indi bəziləri qəzəbnak olub, biz flüger deyilik, deyərək qəzetin üstünə gəlməsinlər. Heydər Əliyev ağır xəstə yatanda “Yeni Müsavat” qəzetində ağzını Allah yoluna qoyub hərcayı-hərcayı danışanları hamı tanıyır. Teleməddahların, flügerlərin bircəciyinin səsi çıxmırdı. Qorxurdular, qotur-qoy edirdilər, birdən olmadı belə, oldu belə deyə danışmırdılar.

Məqaləmin əvvəlində macar xalqının milli qəhrəmanı Petofi Şandordan söhbət açmışdım. Onu döyüş meydanında rus kazakları rizə-rizə doğramışdılar. Xəlil Rza Ulutürkün şeirləri P.Şandorun yazdıqlarından heç də geri qalmır. Zavallı Xəlil isə oğlunu Vətən yolunda qurban verdi və iki dəfə də öz soydaşlarından elə zərbələr aldı ki, qılınc yarası onların yanında heç nədir. Milyonluq mitinqlərdə, qalx ayağa Vətənim, canım Azərbaycanım hayqıran Xəlili sözlə öldürənlər, onu Moskvaya satanların hamısı azadlıqdan, Arazdan, millətdən danışan ziyanəvərlər idi. Bu barədə bir dəfə yazmışam...

...İqtidarın rəsmi ruporuna çevrilmiş “Yeni Müsavat” qəzetinin bu ilki 189-cu sayında belə məlumata rast gəldim, 2019-cu ilin altı ayı ərzində 544 qadın əcnəbiyə ərə gedib. (Təxminən 20 il bundan əvvəl bir qəzetdə ermənilərə ərə getmiş azərbaycanlı qadınların sayı verilmişdi, özü də Qarabağda qan su yerinə axanda. Sonra bu statistikanı aparmadılar, utandılar). 544 qadından neçəsinin erməniyə ərə getməsini bu dəfə də gizlədiblər!

Niyə gizlədirsiniz, ağalar, utanmayın, biz tolerant xalqıq, o binamusluq qalmayıb ki, dözməyək. Əsl Vətən müharibəsi gedən yerdə əcnəbiyə ərə getmirlər, orada sutenyorlar göbək rəqsləri, “gözəllik müsabiqələri” keçirmirlər.

Pula pul deməyən, indiki iqtidarın sayəsində sərvət sahibi olmuş təyin edilmiş deputatlar, bizlərə telekanallardan vətənpərvərlik dərsi verən siyasi infuzorilər, yadınıza salmaq istərdim ki, ikinci dünya müharibəsi zamanı Azərbaycanda dörd il toy olmadı. İnanmırsınızsa, ağsaqqallarınızdan, nənələrinizdən soruşun.

O vaxtları kimin ağlına gələrdi ki, bir ovuc erməni sayı on milyona çatmış milləti at döşünə salıb Xəzərin sahillərinə sıxışdıracaq və azərbaycanlıların binamus bir zümrəsinin başı öz doğma Vətənini talan etməkdən eyş-işrətdən ayılmayacaq.

Firuz Haşımov