“Bu gün Saakaşvilinin komandası qalib gələcək” - SƏRDAR CƏLALOĞLU

“Bu gün Saakaşvilinin komandası qalib gələcək” - SƏRDAR CƏLALOĞLU

“Qərb İvanişviliyə təsir edib, bu proseslərdə onu neytrallaşdıra və Qərbpərəst qüvvələr hakimiyyətə gələ bilər”

“Gürcülər bir şeyi anlamalıdırlar ki, Gürcüstan azərbaycanlıları Gürcüstan dövlətinin taleyində gürcülərin özləri qədər rol oynayan ciddi bir etnik gücdür. Bu gücdən düzgün istifadə etməsələr, bu Gürcüstanın öz əleyhinə işləyə bilər”

Bu gün Gürcüstanda mühüm tarixi əhəmiyyət kəsb edən prezident seçkiləri keçirilir. Gürcüstan Konstitusiyasına görə, prezidentin səlahiyyətləri məhdudlaşdırılsa da, “Güc birlikdədir” koalisiyasının namizədi Qriqol Vaşadze Gürcüstan prezidenti seçiləcəyi təqdirdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bu seçkilərdə də Saakaşvilinin pariyasının başçılıq etdiyi “Güc birlikdədir” koalisiyası qələbə qazana bilər ki, bu da Gürcüstanda yeni bir siyasi dönəmin başlanğıcı üçün əsas ola bilər. Çünki bundan sonra Saakaşvili hakimiyyətə qayıda və islahatlara başlaya bilər. Amma görək, bu gün dünyanın diqqətlə izlədyi seçiklərin nəticələrinə görə “Gürcü arzusu”nun dəstəklədiyi Salome Zurabişvili, yoxsa “Güc birlikdədir” koalisiyasının namizədi Qriqol Vaşadze Gürcüstan prezidenti olacaq? Bu və digər suallarımızı Azərbaycan Demokrat Pariyasının sədri Sərdar Cəlaloğlu cavablandırdı.

- Öncə onu deyim ki, Gürcüstandakı seçkilər iqtidar-müxalifət məsələsi ilə bağlı deyil. Gürcüstandakı seçkilər Rusiyanın və yaxud Amerikanın Gürcüstandakı hakimiyyətin gələcək taleyini həll etməsi ilə bağlıdır. Hətta müxalifətdə elə qüvvələr var ki, onlar Rusiyapərəst qüvvələrdir. Bu baxımdan, Saakaşvilinin rəhbərlik etdiyi partiyanın qələbə çalması Qərbin və Amerikanın maraqlarına uyğun olduğuna görə, seçkilərin nəticələrinə Qərb və Amerika daha ciddi şəkildə dəstək verəcək. Bu dəstəyin də hesabına çox güman ki, Saakaşvilinin komandası qalib gələcək.

- Yəni düşünürsünüz ki, seçkini İvanişvilinin milyonları deyil, Saakaşvilinin nüfuzu qazanacaq?

- Hamı bilir ki, son illər Gürcüstanda gedən proseslərə İvanişvilinin çox böyük təsiri var. Hətta orada katolikosun fəaliyyətinin və digər məsələlərin də tənzimlənməsində İvanişvili faktiki olaraq öz pulu ilə aktiv şəkildə iştirak edir. Hansı ki, onun da sərvətinin əsas qaynaqlarından biri Rusiyadır. Amma həmişə pul həlledici sözə malik olmur. Yəni bu gün Gürcüstan onsuz da müəyyən qədər ərazilərini itirib, artıq orada NATO qoşunları var, Qərbə inteqrasiya edir. Gürcüstanda Avropa institutları olduqca sıx işləyir. Heş təsadüfi deyil ki, Norveç səfirliyini burada bağlayıb, Gürcüstanda açıb. Bu da Qərbin Gürcüstana daha çox diqqət etməsi və Gürcüstanı mümkün qədər Rusiya və onun əlaltılarından qorumaq məqsədi daşıyır. Ona görə də düşünürəm ki, Gürcüstan Qafqaz respublikaları içərisində Qərb inteqrasiya edən ilk respublika olacaq.

- Sərdar bəy, Qərbin seçkiyə təsiri barədə müəyyən qədər qeyd etdiniz. Rusiyanın bu seçkiyə təsir imkanları necə olacaq?

- Bilirsiniz ki, Sovet hökuməti vaxında da gürcülərin rusları görməyə gözləri yox idi, rus dilində danışmazdılar, onlarda rus dilində reklam olmazdı. Ümumiyyətlə, Gürcüstanda ruslara münasibət pis idi. Bu gün bu məsələ daha da qatılaşıb. Çünki Gürcüstanın böyük ərazisini Rusiya işğal edib. Buna görə də gürcülərdə ruslara qarşı çox ciddi bir nifrət var. Burada yalnız İvanişvilinin neytrallaşdırmaqdan söhbət getmir. Keçmiş post-Sovet məkanında korrupsiya yolu ilə milyardlar qazanmış insanların böyük əksəriyyəti istəsə də, istəməsə də Qərbdən asılıdır. Elə Putinin özü də. Çünki onların oğurladıqları pullar Qərbin nəzarəti altındadır. O baxımdan, İvanişvlinin özünün də maliyyə resursları Qərbin nəzarəti altında olduğuna görə, düşünürəm ki, Qərb İvanişviliyə də təsir edib, bu proseslərdə onu neytrallaşdıra və Qərbpərəst qüvvələr hakimiyyətə gələ bilər.

Nəzərə alaq ki, indi Rusiya ilə Ukraynanın münasibətləri gərginləşib. Qaradənizdə Rusiya ilə Ukrayna müharibə vəziyyətindədir. NATO qoşunları da Gürcüstan sahillərindədir. Ona görə də hesab edirəm ki, Rusiyanın indki mürəkkəb stiuasiyada Gürcüstanda proseslərə çox da ciddi təsir etmək imkanları olmayacaq.

- İvanişvili hökuməti Gürcüstan vətəndaşlarına banklarda olan borclarını bağlamaq məqsədilə vədlər verib. Bügünkü seçkilərdə xalq bu vədlərə aldana bilər?

- Təbii ki, ağlı başında olan adam ciddi iqtisadi islahatlar olmayacağı tədirdə inanmazdı. Aşağı səviyyəli müəyyən bir təbəqə var. Ola bilsin ki, onları şirnikdirələr. Amma düşünmürəm. Çünki Gürcüstanda insanlar reallıqları, ölkə içərisində nə baş verdiyini kifayət qədər başa düşür və Qərb institutları bizdən fərqli olaraq Gürcüstanda çox ciddi şəkildə demokratiyanın inkişafını istəyirlər. Yəni gürcülərin siyasi şüuru azərbaycanlıların siyasi şüur səviyyəsindən çox yüksək səviyyədədir. Ona görə düşünürəm ki, o cür vədlərlə seçiciləri aldatmaq mümkün olmayacaq.

- ADP bir neçə ay öncə Gürcüstanda müxalif qüvvələrlə görüşmüşdü. “Güc Birlikdədir” koalisiyasında həmin qüvvələr təmsil olunurmu? Ümuiyyətlə, “Güc birlikdədir” koalisiyasının namizədi Qriqol Vaşadze prezident seçilərsə, Sizin partiya onlarla əlaqələri davam etdirəcək?

- Biz orada müxtəlif qüvvələrin birləşdiyi “Yeni Gürcüstan” koaliyasının və digər bir partiyanın rəhbərləri ilə görüşdük. Bütün partiyalarla, o cümlədən Saakaşvilinin partiyası ilə də görüşmək imkanımız olmadı. Həm vaxt, həm də əlaqələr yaratmaq baxımından mümkün olmadı. Təbii ki, Gürcüstanda hakimiyyətə gələcək bütün demokratik qüvvələrlə, hətta hakimiyyətə gəlməyən, müxalifətdə qalacaq demokratik qüvvələrlə də Demokrat Partiyası olaraq biz əməkdaşlığa hazırıq. O görüşlərmizdə də çox ciddi razılaşmalar əldə etmişdik. Biz öz tərəfimizdən həmin əməkdaşlığın davam edirilməsini də nəzərdə tuturuq. Ona görə, orada demokratik partiya hakimiyyətə gələcəksə, Azərbaycan Demokrat Partiyasının Azərbaycandakı fəaliyyətinə də müəyyən mənada müsbət təsir edə bilər. Çünki bilirisiniz ki, Azərbaycanda həm də Gürcüstan mənşəli kifayət qədər seçici var. Bu seçicilərin böyük əksəriyyətinin həm də Gürcüstanda qohum-qardaşları yaşayır. Gürcüstanda yarım milyondan çox azərbayanlı var. Onların buradakı qohumları seçici kimi çıxış edirlər. Yəni bu baxımdan Azərbaycanla Gürcüstan arasında əlaqələri nəzərə alsaq, Gürcüstan bizim üçün çox önəmli siyasi əhəmiyyət kəsb edən bir bölgə dövləti kimi önə çıxır. Nəzərə alsaq ki, həm də Azərbaycanın ən böyük investisiya qoyduğu ölkələrdən biri Gürcüstandır. Gürcüstan hökumətinin də Azərbaycana münasibətindən çox şey asılıdır. Xüsusən də bölgədə Rusiyanın təsir dairəsinin genişlənməsində Gürcüstanın da maraqlı olmadığına görə, həm də ermənilərin aqressiyasına qarşı Gürcüstanın imkanlarından geniş istifadə etmək olar. Ona görə də mən hesab edirəm ki, Gürcüstan həm iqtisadi, həm siyasi, həm də demokratik baxımdan çox əhəmiyyətli bir ölkə kimi önə çıxır.

- Soydaşlarımızın taleyi baxımından bu gün keçirilən seçki ilə bağlı ADP-nin tövsiyyəsi nədir? Yəni azərbaycanlılar Vaşadzeyə, yoxsa Zurabişliyə səs verməlidir?

- Gürcüstanda biz həm də azərbaycanlılarla görüşdük. Orada azərbaycanlılar kifayət qədər siyasi fəal deyillər. Ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə iştirak etmirlər. Azərbaycanlılara qarşı gürcülər də müəyyən qeyri-sağlam siyasət aparır. Xüsusən bu siyasət İvanişvilinin dövründə davam etdirilir. Saakaşvilinin dövründə də azərbaycanlıları yaşayan rayonlara gürcü mənşəli şəxslər rəhbər təyin olunub. Yəni Gürcüstan azərbaycanlıları Gürcüstanda birinci, ikinci dərəcəli vətəndaş deyillər. Baxmayaraq ki, ölkə əhalisinin sayına görə ikinci yerdə Azərbaycan türkləri durur. Orada ikinci dövlət dili 100 min əhalisi olan acarların dilidir. Halbuki, Azərbaycan dili Gürcüstanda ikinci dövlət dili olmalıdır. Çünki Çar və Sovet hökumətinin vaxtında da Azərbaycan dili Qafqaz xalqlarının işlək dili olub. Amma orada azərbaycanlılar qarşı elə millətçi münasiət var ki, Azərbaycan dili orada ikinci dövlət dili kimi istifadə olunmur.

- Bu məsələdə Sizinlə razıyıq. Amma azərbaycanlılar bu seçkilərdə olduğu qədər heç aktiv olmamışdı. Azərbaycanlılar həmişə iqtidarı dəstəklədiyi halda, bu dəfə müxalifəti, Saakaşvilinin komandasını dəstəkləyir.

- Mən gördüklərimi deyirəm. Bu seçkilərdə Gürcüstan azərbaycanlıları özlərinin xoşbəxt gələcəyini hansı partiya ilə, hansı liderlə gördüklərini özləri müəyyən etməlidirlər. Gürcüstanda həqiqətən demokratiya inkişaf edərsə, Gürcüstan azərbaycanlılarının da vəziyyəti yaxşılaşar. Çünki demokratiya bütün xalqlara irqindən, cinsindən asıl olmayaraq azadlıqlar verir, imkanlar tanıyır və. s. Ümid edək ki, Saakaşvilinin komandası ikinci dəfə hakimiyyətə gəldikdə əvvəlki dönəmdəki nöqsanlar olmayacaq və orada Gürcüstan azərbaycanlıları ölkənin ictimai-siyasi həyatında aktiv mövqe tutacaqlar. Təkcə səsvermədən söhbət getmir. Sabah komanda, hökumət formalaşacaq. Məncə, azərbaycanlı olan adamların hökumətdə, eləcə də bələdiyyələrdə, yerli hakimiyyətdə təmsil olunması Gücüstanın gələcəyi üçün də çox önəmlidir. Gürcülər bir şeyi anlamalıdırlar ki, Gürcüstan azərbaycanlıları Gürcüstan dövlətinin taleyində gürcülərin özləri qədər rol oynayan ciddi bir etnik gücdür. Bu gücdən düzgün istifadə etməsələr, bu Gürcüstanın öz əleyhinə işləyə bilər. Bilirsiniz ki, ermənilərin gürcülərə qarşı da torpaq iddiası var. Bu baxımdan, gürcülər başa düşməlidirlər ki, biz artıq təbii müttəfiqik. Ermənilərə qarşı müttəfiq kimi və Qafqazda Rusiyanın təsirinin azalması üçün birgə səylər göstərməliyik. Çünki Rusiyanın Qafqazda təsiri nə qədər zəifləyəcəksə, Gürcüstan, Azərbaycan bir o qədər müstəqil dövlət kimi inkişaf edəcək. Maraqlarımız bu qədər üst-üstə düşdüyünə görə taktiki məsələlərdə də biz gərək, gürcülərlə razılaşaq.

- Qeyd etdiyniz kimi Gürcüstanla Azərbaycanın əlaqələri çox geniş olmalıdır. O baxımdan, Qriqol Vaşadzenin, yoxsa, Zurabişvilinin seçilməsi Azərbaycanın mövqeyinə uyğun olar ki, Azərbaycanla düzgün siyasət yürütmək mümkün olsun?

- Bilirisiniz, Azərbaycan demokratik bir respublika deyil, Azərbaycanda demokratiya yoxdur. Gürcüstanda bir demokratik qüvvə hakimiyyətə gələcəyi təqdirdə bu baxımdan siyasi rejimlər arasında fərqdən doğan problemlər olacaq. Amma iqtisadi baxımdan Gürcüstan Azərbaycandan o qədər asılı bir vəziyyətdədir, o qədər Azərbaycanın dəstəyinə ehtiyacı var ki, orada istənilən komanda Azərbaycanla müsbət münasibət qurmağa məcburdur.

- Sizcə, bu gün seçkilərin nəticəsində Gürcüstan prezidenti bəlli olmaya bilər? Yəni üçüncü tur mümkündür?

- Mən düşünürəm ki, bu gün Gürcüstan prezidenti bəlli olacaq. Dünya təcrübəsində hələ indiyə kimi üçüncü tur olmayıb. Adətən bir nəfərin səsi də seçkini həll edir. Həm də bundan əvvəlki seçkilərdə dağınıq olan qüvvələr indi birləşmiş şəkildədir. Ona görə, düşünürəm ki, bu gün hər şey həll olacaq.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz