“BU HADİSƏNİN SƏBƏBİ YALNIZ SÖYÜŞ VƏ TƏHQİRDİR” - KEÇMİŞ MTN ZABİTİ

“BU HADİSƏNİN SƏBƏBİ YALNIZ SÖYÜŞ VƏ TƏHQİRDİR” - KEÇMİŞ MTN ZABİTİ

İlham İsmayıl: “Dini dövlət qumağın yolu hansısa bir şəhərin icra başçısına güllə atmaqdan keçmir”

İyulun 3-də Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin və mühafizəçinin güllələnməsi hələ də sosial şəbəkələrədə, mətbuatda müzakirə olunmaqdadır. Çünki icra başçısının qardaşı, baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev mətbuata açıqlamasında bildirmişdi ki, “Elmar Vəliyevə qəsd edən Yunis Səfərov özü, anası ermənidi və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır. İndi bundan nəticə çıxarın”.

Buradan çıxan nəticə odur ki, guya, bu hadisə Rusiyanın əli ilə törədilib. Amma hadisə ilə bağlı istintaqın nəticəsi açıqlanmamış bu iddianın ortaya atılması absurddur. Dövlətdə yüksək vəzifə tutmuş bir adamın bu iddianı irəli sürməsi və bu işdə “erməni marağı”nı qabartması isə məntiqsizlikdir. Yunis Səfərovun özünün və anasının azərbaycanlı olması ilə bağlı mətbuatda yetərli qədər məlumatlar əksini tapıb.

Maraqlıdır ki, hərbi prokuror Xanlar Vəliyevin açıqlamasının əksinə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı yaydığı açıqlamada isə tamamilə fərqli fikirlər öz əksini tapır:

“2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçıb.

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub.

Videomüraciətdə Yunis Səfərov “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib”.

Göründüyü kimi, X.Vəliyevin açıqlaması ilə müvafiq qurumların açıqlaması aşkar ziddiyyət təşkil edir. Digər tərəfdən, özü, anası erməni olan və Rusiyanın xüsusi xidmət orqanlarında çalışan şəxs niyə İslam dövləti yaratmaq istəsin ki? Heç erməni olan kəs İslam dövləti yaradar? Ona görə də X. Vəliyevin bu açıqlamasının heç bir əsası yoxdur.

Məlum cinayəti törədən Yunis Səfərov sosial şəbəkələrdə demək olar ki, qəhrəman kimi qəbul olunur. Hətta bir nəfər sosial şəbəkə istifadəçisi test variantı təqdim edib ki, Yunis Səfərov terroristdir, şiədir, dindardır, yoxsa qəhrəmandır? Əksəriyyət qəhrəman variantını seçib.

Elmar Vəliyevin yaxınları, dost-tanışları, onun hesabına varlananlar onun gəncəlilər arasında sevildiyini desələr də, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti onun gəncəlilərin nifrətini qazandığını yazırlar. Hətta onun əlamətdar dini günlərdə şərab festivalı keçirdiyini, Gəncə pir və məscidlərinə qadağa qoyduğunu qeyd edirlər. Bu da onu göstərir ki, insanların inancları ilə oynamaq, onları aşağılamaq onun güllələnməsinə gətirib çıxarıb. Əslində, bu hadisədən sonra vətndaşlarla söyüşlə, təhqirlə danışan məmurlar nəticə çıxarmalı, həddini bilməlidir ki, belə hallarla üzləşməsinlər və ölkədə xaosa səbəb olmasınlar.

Müvafiq qurumlar Yunis Hüseynovun məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət hazırladığını, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərdiyini qeyd edirlər. Yaxşı olar ki, həmin videomüraciətlə ictimiayyət də tanış olsun. Hadisə barədə insanlar doğru məlumat ala bilsinlər.

“Xanlar Vəliyevin dedikləri birmənalı səhvdir”

Həm X.Vəliyevin, həm də müvafiq qurumların açıqlaması ilə bağlı keçmiş MTN zabiti İlham İsmayıl “Hürriyyət”ə dedi ki, hər ikisi kökündən səhvdir: “Xanlar Vəliyevin dedikləri birmənalı səhvdir. O, Rusiya xüsusi xidmət orqanlarının işçisi deyil. Birincisi, o, Rusiya xüsusi xidmət orqanlarının işçisi olsaydı belə, Xanlar Vəliyev belə tezliklə müəyyənləşdirə bilməzdi ki, o, xüsusi xidmət orqanlarının işçisidir. İkincisi də Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanda qarşıqlıq yaratmaqda nə marağı var? Əksinə, mən əvvəl də demişəm ki, Rusiya burada sabitliyin qorunmasının çox marağındadır. Çünki hər iki hakimiyyətin arasında ciddi ilişkilər və yaxşı münasibətlər var. Yəni ki, bu, birmənalı şəkildə doğru deyil.

İkincisi də, o adam burada din dövləti qurmaq istəyib, deyirlər. Din dövləti qurmağın yolu terror hadisəsi, kimisə vurmaq deyil. Bu da birmənalı şəkildə doğru deyil. O, dinə bağlı adamdır, özü də qatı şiədir. Moskvada yaşayır. Aşura günlərində Gəncəyə gəlirdi. İrana Məşhədə ziyarətə gedib. Buradan o yana deyil. Yəni İŞİD-çi deyil, İŞİD-lə bağlı xüsusi bir nəzəriyyəsi də yoxdur ki, desin, dini dövlət qurmaq istəyir. Dini dövlət qumağın yolu, yenə deyirəm, hansısa bir şəhərin icra başçısına güllə atmaqdan keçmir. Burada səbəb hamıya məlumdur. İş metodu söyüş və təhqirdən ibarət olan bir adam bütöv bir bölgəni, şəhəri çox pis həddə gətirib çıxarıb. Bu adam da qarşısına məqsəd qoyub. Çünki hiss olunur ki, ona hazırlıq görüb və bu işi görüb. Bu işi görməkdən ötrü də müəyyən mərhələ keçib. Bunu “dini dövlət quran”, İŞİD-çi etməyə heç bir ehtiyac yoxdur. Yəni bu mənada ikisi də səhvdir”.

“Azərbayacanın Konstitusion quruluşunu dəyişib, dini dövlət qurmaq istəyən müəyyən qüvvələr var”

“Əlbəttə ki, Azərbaycanda dini dövlət qurmaq istəyənlər var. Biz dəfələrlə demişik ki, Azərbayacanın Konstitusion quruluşunu dəyişib, dini dövlət qurmaq istəyən müəyyən qüvvələr var. bunlar həm vəhhabilərdir, həm də Səudiyyə Ərəbistanın və İranın dəstəklədiyi şiələrdir. Bu açıq şəkildə deyilir. Hətta 10 il əvvəl ölkədə sorğu keçirilmişdi. Sorğuda iştirak edənlərin 8 faizi bunu istəmişdi. İndi hələ bir az da artıb. Yəni bu, təhlükə olaraq qalır. Amma onun bu saat potenisal gücü yoxdur. Çünki Azərbaycan cəmiyyəti bunu heç cür qəbul etməz. Sadəcə olaraq, buna həssas yanaşmaq lazımdır ki, din özü həssas məsələdir. Onlar çıxış edəndə Allahın adı ilə çıxış edirlər. İnsanları da inandırmağa çalışırlar ki, guya, Allah istəyir ki, burada Konstitusion quruluş dəyişsin. Qonşuluğumuzda bir İran var, Konstituison quruluş dəyişib və bütün inkişafdan qalıb, cəhalətin içərisindədir. Biz elə bir vəziyyətə düşmək istəmirik. Amma bu təhlükə var”,- dedi keçmiş MTN zabiti.

“Təsadüfən üst-üstə düşən bir məsələdir”

İ.İsmayıl hesab edir ki, Gəncədə baş verən hadisənin Mingəçevirdə baş verən hadisə ilə təsüdüf etməsi birinci olayı yaddan çıxarmaq üçün törədilməyib: “Bu, heç vaxt mümkün deyil. Tamamilə təsadüfən üst-üstə düşən bir məsələdir. Gündəm dəyişmək məsələsi deyil. İşığın məsələsi həll olundu. Amma bu məsələ davam edir. Mən bir dəfə mətbuata izah etmişəm ki, psixoloji bağlılığı var. Hazırlıq görən adam nəhayət qərara alıb ki, bunu etsin. Çünki işıq, su yox, gərginlik var. O təsir edə bilərdi. Başqa heç bir bağlılığı yoxdur, planlaşdırılımış bir məsələ deyil. Burada da heç bir kənar qüvvəni axtarmaq lazım deyil. Necə illərdir Mingəçücir İES-ə ayrılan pullar yeyilib, avadanlıqlar sıradan çıxıb. Bəzi avadanlıqlar hətta ikinci dünya müharibəsindən qalandır. Hava istiləşdi, iqlimdə gərginlik yarandı. Mingəçevirdə o baş verdi, Gəncədə də bu baş verdi. Bunun arxa planı yoxdur. Hər şey üzdə olan məsələdir. Sadəcə olaraq eyni vaxta təsadüf edib”.

“Tərzinin gözünə qoyusunlar, görək, əhalinin 99,9 faizi nə fikirləşir?”

“Təbii ki, Elmar Vəliyevin yaxınları, tanış, dostları deyəcək ki, o, sevilirdi. Onun bir parkı abadalaşdırmağı, yaxud 2 küçəyə asfalt salmağı onun sevilməyi demək deyil. Mən Gəncəni yaxşı tanıyıram, tez-tez Gəncədə oluruq. Gəncənin nə gündə olduğunu görürəm. Gəncənin mərkəzdən kənarda bütün küçələri dağılmış vəziyyətdədir. Hələ də düzəldilə bilmir. Özü də 70-ci illərdə salınmış parkı yenidən abadalaşdrmaq niyə möcüzə olsun? Nizamini də bu dünya niyə unutmuşdu ki, təzədən ona hansısa yubiley keçirməklə dünyanın yadına salalar? Bu fikirlər özünü müdafiədən, yarınmaqdan başqa bir şey deyil, onu tərəzinin gözünə qoysunlar, görsünlər sevənlər kimdir, ona yaltaqlananlar kimdir, müəyyən göstərişlə bəzi mətbuat orqanlarında danışanlar kimdir? Bunlar göstərişlədir, başqa bir şey deyil. Tərəzinin gözünə qoysunlar, görək, əhalinin 99,9 faizi nə fikriləşir?”,- deyə keçmiş MTN zabiti sual etdi.

“Dindarları təhqir etməyi dini dövlət qurmaqla əlaqələndirmək lazım deyil”

İ.Ismayıl nəzərə çatdırdı ki, çox icra başçısı yarıtmaz iş görür: “Yarıtmaz başqa şeydir, insanları təhqir etmək, söymək başqa şeydir. Ölkənin 20 faizi işğal olunub. Heç əhali bir yerə yığışıb bu məsələni həll edə bilmir. Amma fərdi şəkildə söyüşə, təhqirə insanlar dözmür. İnsanın milyardını alarsan, bu qədər reaksiya verməz. Amma onun üzünə söyərsən, müxtəlif formada sözlə, nəhayət, yeri gələndə atəşlə cavabını verər. Çünki insanın psixologiyası belədir. Burada şəxsi zəmində heç nə yoxdur. Bütöv şəhəri təhqir edib və o dindar adamdır, dindarları təhqir edib. Dindarları təhqir etməyi də dinlə bağlamaq, dini dövlət qurmaqla əlaqələndirmək lazım deyil. Dindarın özünəməxsus heysiyyəti var, bütün əhalinin öz heysiyyəti var. Bunlar ikisi də üst-üstə düşür. Bu hadisənin səbəbi yalnız söyüş və təhqirdir. Bundan başqa bir şey deyil”.

“Şəxsən mən o adama terrorçu demirəm”

“Hadisəni törədən Yunis Səfərovu sosial şəbəkələrdə qəhrəman kimi təqdim edirlər. Sizcə, onun qəhrəman, yaxud terrorist kimi qələmə verilməsi doğrudur?” sualına İ.İsmayıl belə cavab verdi: “Nəyə görə terrorist olmalıdır? Rövşən Lənkəranksi var idi, o atasını öldürəni məhkəmə zalında öldürmüşdü. Heç kəs ona terrorçu demədi. Dedilər ki, qisasını aldı. Bu adam da qisasını alıb. Niyə terrorçu deyilsin ki?! Aydın məsələdir ki, bu adam cinayət törədib. Amma istənilən qaçaq da cinayət törədib, lakin camaat qacağı sevib. Bu da onu kimi bir məsələdir. Biz onun cinayət etdiyini deyirik. Qanunla törətdiyi cinayətə görə cəza alacaq. Amma cinayətin motivi də nəzərə alınacaq. Çünki o motiv nəzərə alınanda bəzi yumşaldıcı addımlar da, ağırlaçdırıcı hallar da ola bilr. İndi görək nə qərar qəbul edəcəklər? Hər halda, şəxsən mən o adama terrorçu demirəm”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA