BU İL İKİNCİ QARABAĞ MÜHARİBƏSİ BAŞLAYA BİLƏR

BU İL İKİNCİ QARABAĞ MÜHARİBƏSİ BAŞLAYA BİLƏR

Ramil Məmmədli: "Kreml heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın hərbi üstünlüyünə imkan verməyəcək"

"Əgər hərbi əməliyyatlar başlayarsa, onda Rusiya münaqişədə tərəf rolunu oynayacaq, Ermənistana öz hərbi bazaları vasitəsi ilə kömək edəcək"

"Belə bir fakt ortaya çıxarsa, onda Qarabağ Qərb və Rusiya arasında növbəti müharibə poliqonuna çevriləcək"

ABŞ milli kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə qlobal təhdidlərlə bağlı hesabatını təqdim edərkən bildirib ki, Dağlıq Qarabağ ətrafında münaqişənin gərginləşməsi istisna deyil. Onun fikrincə, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gərginlik qalmaqdadır və Rusiyanın müdaxiləsi ilə burada genişmiqyaslı hərbi münaqişə baş verə bilər.

Nəzərinizə çatdıraq ki, bu yaxınlarda Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan da bunabənzər açıqlama ilə çıxış edib. Belə ki, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bu ilin yazında başlaya biləcəyini vurğulayan Aram Sarkisyanın sözlərinə görə, Ermənistan hökumətinin dinc şəraitdə iş üçün bir il vaxtı var: "Bu, müddət ərzində müdafiə potensialını gücləndirmək, iqtisadiyyatda və ümumilikdə dövlət idarəçiliyində ciddi nəticələrə nail olmaq lazımdır". Qeyd edək ki, Ermənistanın hərbi eksperti, Van Ambarsumyan da bu qənaətdədir ki, bu ilin yaz və ya yay aylarında, yəni hava şərtlərinin yol verdiyi şəraitdə Azərbaycanın Dağlıq Qarabağda tammiqyaslı hərbi əməliyyatlara başlayacaq. Azərbaycan Silahlı Qüvvələrinin artıq Dağlıq Qarabağ istiqamətində mövqelərini daha da önə çəkdiyini deyən erməni ekspert Azərbaycanın Ermənistanın Tavuş rayonu ilə sərhəddə N saylı hərbi briqadasını döyüş mövqelərindən çəkdiyinə və həmin mövqelərin bundan sonra Dövlət Sərhəd Xidmətinin qoşunları tərəfindən qorunacağı barədə xəbərlərə diqqət çəkib: "Bütün il ərzində Azərbaycan Silahlı Qüvvələrinin daşınan artilleriyadan tutmuş, yaylım atəşli reaktiv sistem, piyadaların döyüş maşınları, zirehli transportyorlar və əsas döyüş tanklarına qədər quru hərbi texnikasını təmas xəttinə gətirdiyi barədə xəbərlər gəlib. Cəbhə xəttinə olduqca böyük qüvvələr cəmlənib. Bu qoşunlar hələ də mövqelərdən çəkilməyib. Daha doğrusu onlar daimi dislokasiya yerlərinə geri qayıtmaq yerinə ön sədlərdə qalmaqda davam ediblər. Azərbaycan Ermənistanın Tavuş rayonu ilə sərhəddə N saylı hərbi briqadasını döyüş mövqelərindən çəkərək həmin hissəsi Qarabağ istiqamətinə göndərib. Öz gücünə və silahlanma qabiliyyətinə görə, Azərbaycanın Dövlət Sərhəd Xidməti kiçik müdafiə nazirliyini, ordu içində ordunu xatırladır". Van Ambarsumyan sərhəd qoşunlarının hücum xarakterli deyil, əsasən müdafiə yönümlü hərbi texnika ilə silahlandığını, lakin 24 ədəd "Mi-35" zərbə helikoperlərinə malik olduğunu bildirib: "Fikirləşirəm ki, hər şey yayın sonlarında başlanacaq. Qışda döyüşmək asan deyil. Həmin fəsildə dizel yanacağı gündə ən azı 2 dəfə işə salmaq lazımdır. Lakin qış aylarında da diversiya-kəşfiyyat növündə xırda toqquşmalar ola bilər".

"Dağlıq Qarabağdakı separatçı qüvvələr bir çox məsələləri birbaşa Kremllə müzakirə edir və qərarlar bundan sonra əldə olunur"

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi tam aydındır. Onun sözlərinə görə, Kremlin istəyi budur ki, münaqişə məhz Rusiyanın maraqları çərçivəsində həll olunmalıdır: "Əks təqdirdə, Moskva heç bir halda münaqişənin həllində maraqlı olmayacaq və bu istiqamətdə real, təsirli addım atmayacaq. Bundan başqa, proseslər də onu göstərir ki, Dağlıq Qarabağdakı separatçı qüvvələr bir çox məsələləri birbaşa Kremllə müzakirə edir və qərarlar bundan sonra əldə olunur. Hətta bəzi məqamlarda rəsmi İrəvan bu məsələlərdə oyundan kənar vəziyyətdə belə, qalır. Biz bunu Ter-Petrosyanın hakimiyyəti dövründə də görmüşük, indi də Bako Saakyanın və separatçı Dağlıq Qarabağ rejiminin rəhbərliyinin mövqeyində də görürük. Bir neçə gün bundan əvvəl Dağlıq Qarabağ separatçılarının rəhbərlərindən biri, qondarma rejimin "Təhlükəsizlik Şurasının sədri", Xocalı faciəsini törədənlərdən biri Vitali Balasanyanın da bu məsələ ilə bağlı mövqeyində də bu məqam xüsusi olaraq öz əksini tapıb".

"Kremldə Ermənistanın Qarabağ münaqişəsində məğlubiyyətini qəbul etmək istəməyən və bunun əleyhinə olan ciddi qüvvələr var"

Rusiyanın münaqişədə tərəf olaraq iştirakına gəlincə, hərbi-siyasi icmalçı qeyd etdi ki, rəsmi Moskva heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın hərbi üstünlüyünə imkan verməyəcək: "Bu, realdır və bu səbəbdən də bu məqamı nəzərdən qaçırmaq avamlıq, təcrübəsizlik olardı. Bu baxımdan, hesab edirəm ki, əgər Azərbaycan ərazilərini işğaldan azad etmək məqsədiylə hərbi əməliyyatlara başlayarsa, o zaman Rusiya Ermənistanla hərbi müttəfiq olduğuna görə, hibrid və yaxud da birbaşa rıçaqlarından, hərbi vasitələrindən istifadə edərək münaqişədə tərəf rolunu oynayacaq. Çünki Kremldə Ermənistanın Qarabağ münaqişəsində məğlubiyyətini qəbul etmək istəməyən və bunun əleyhinə olan ciddi qüvvələr var. 1990-cı illərin əvvəllərində də biz bunun şahidi olmuşuq".

Bu gün Rusiyanın iki cəbhədə - Suriya və Ukraynada daha açıq müharibə apardığını deyən Ramil Məmmədlinin fikrincə, Moskva məhz bu səbəbdən Qarabağda üçüncü cəbhənin açılmasına imkan vermir: "Qeyd edim ki, 2016-cı ilin aprel savaşında da belə oldu. Odur ki, əgər Azərbaycan ərazilərini işğaldan azad etmək istəsə, hərbi əməliyyatlara başlayarsa, onda Rusiyanın müttəfiq olaraq Ermənistana öz hərbi bazaları vasitəsi ilə kömək edəcəyi bəllidir. Əlbəttə, burda rəsmi Bakının mövqeyi tam aydındır. Yəni əgər Azərbaycan hərbi əməliyyatlara başlayacaqsa, o zaman ərazilərin tam azad olunmasına çalışacaq. Lakin nəzərə almaq lazımdır ki, belə bir fakt ortaya çıxarsa, onda Qarabağ Qərb və Rusiya arasında növbəti müharibə poliqonuna çevriləcək. Çünki 2016-cı ilin aprel döyüşlərində də Avropanın beynəlxalq təsisatları və Qərb dövlətləri, bəziləri birbaşa, bəziləri isə dolayısıyla münaqişənin həlli ilə bağlı Azərbaycana öz dəstəyini verdilər. Ancaq Rusiya ciddi şəkildə münaqişənin qarşısını almağa, atəşkəsin əldə olunmasına çalışıb. Bu, onunla bağlı idi ki, Kreml Suriya məsələsində ciddi problemlə üzləşmişdi və bu səbəbdən də növbəti cəbhə açılacağı təqdirdə, burda hərbi əməliyyatların gedişatına nəzarət edə biləcəyinə ümid etmirdi. Bu baxımdan, ABŞ Milli Kəşfiyyatının rəhbərinin belə bir fikir söyləməsi həqiqətə uyğundur. Çünki Rusiya bəzən açıq şəkildə olmasa da, hərbi-diplomatik kanallarla münaqişədə tərəf olduğunu nümayiş etdirir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA