“Bu, manatı möhkəmlənmə təsiri altında saxlayır” – Mərkəzi Bank

“Bu, manatı möhkəmlənmə təsiri altında saxlayır” – Mərkəzi Bank

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı son açıqlamasında, Fond tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satıldığı qeyd edilib. ARDNF tərəfindən 2019-cu ilin iyul ayı ərzində 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, İyul ayı ilə müqayisədə Avqustda valyuta satışı 2 dəfəyə yaxın artıb. Həmçinin, Avqust ayındakı satış 2019-cu ilin rekordudur. Valyuta satışının kəskin artması dollara tələbin artdığını ağıllara gətirib.

Bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirdmişdi ki, Dövlət Neft Fondu büdcəyə transfert planını tam icra edə bilmir. Transfertlərin tam icra edilməməsinin səbəbi bazarda dollara tələbin kifayət qədər olmaması və Mərkəzi Bankda artıq qalan vəsaiti almamasıdır. Dollar təklifi ona olan tələbi üstələyir və keçirilən valyuta hərraclarında manatın məzənnəsi möhkəmlənmə təzyiqi altındadır. Lakin Mərkəzi Bank mənfi fəsadları olacağını nəzərə alaraq Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsindən aşağı düşməsinə (Manatın bahalaşmasına) icazə vermir.

Bəs Avqustda dollara tələb artıb və valyuta hərraclarında tələb təklifi üstələyib?

Mərkəzi Bankdan “Marja”ya bildirilib ki, Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması dövlətin xarici öhdəliklərinin (əsasən xarici borclarının) qrafiki ilə bağlıdır. Hələ də valyuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir.

“Dövlət Neft Fondunun avqust ayında valyuta satışlarına dair bildiririk ki, xarici ticarət balansının profisitli (müsbət saldolu) olması ilə əlaqədar valuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir. Bütövlükdə hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalmışdır ki, bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır. Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması isə dövlətin xarici öhdəliklərinin qrafiki ilə bağlıdır. Belə ki, avqust ayında dövlətin vaxtı çatan xarici öhdəliklərinin həcmi 300 milyon ABŞ dollarınadək (ümumi tələbin 36,8%-i ) olmuşdur ki, bu da ötən dövrdə valyuta hərraclarında satılmamış vəsaitlər hesabına təmin olunmuşdur”,- məsələ ilə bağlı Mərkəzi Bankdan “Marja”nın sorğusuna cavab olaraq bildirilib.

2019 Valyuta satışı, məbləği
Yanvar 634,9 milyon dollar
Fevral 316,2 milyon dollar
Mart 600,5 milyon dollar
Aprel 423,7 milyon dollar
May 352,4 milyon dollar
İyun 315,9 milyon dollar
İyul 434,9 milyon dollar
Avqust 815,4 milyon dollar
Cəmi 3 milyard 893,9 milyon dollar
Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA