“Bu maraq məni gizli fəaliyyət göstərən təşkilata gətirib çıxardı”

“Bu maraq məni gizli fəaliyyət göstərən təşkilata gətirib çıxardı”

Professor Zəfər Yaqubov: “Dövlət Təhlükəsizlik Komitəsi bizi təqib etməyə başladı, bəzi üzvləri cəzalandırıldı, mən birtəhər aradan çıxdım”

“Mən yatanda yuxuda özümü Bakıda, Biləsuvarda görürəm...”

“Əmim Əlihüseyin Muğanlı vaxtilə Müsavat Partiyasının üzvü olduğu üçün Dövlət Təhlükəsizlik Komitəsinin təqibindən Türkiyəyə qaçmış və ömrünün sonuna kimi orada yaşamışdır”

Müsahibimiz Rusiyada yaşayan tanınmış elm adamı, professor Zəfər Xanhüseyn oğlu Yaqubovdur.

Qeyd edək ki, Z.Yaqubov 1945-ci ildə Salyan rayonunda ziyalı ailəsində anadan olub. Atasının işi ilə əlaqədar ailəsi o vaxtkı Puşkin rayonuna köçüb. Təhsilini orada, Nizami adına orta məktəbdə alıb. Onun sözhbətimizə ilk olaraq orta məktəb illərindən başladıq:

- Mənim Nizami adına orta məktəbdə çox qayğıkeş, savadlı fənn müəllimlərim var idi. Deyilənlərə görə, orta məktəbdə çox fəal şagird olmuşam. Məktəbin komsomol təşkilat katibi olmuşam: şer yazardım, yerli və mərkəzi mətbuatda tənqidi məqalələrlə çıxış edərdim. Respublika səviyyəsində məktəblərarası riyaziyyat, fizika, kimya fənləri üzrə olimpiadalara birincilik qazanardım. Şagird yoldaşlarım mənə "Kirpi" ləqəbi vermişdilər. Mən gələcəkdə jurnalist olmaq istəyirdim.

-Bəs niyə jurnalist olmadınız?

-Rayonda mənim bir istedadlı jurnalist dostum var idi. O, həmişə mənə yuxarı təşkilatların ona təzyiq etməsindən şikayətlənərdi. Onun acı taleyi məni jurnalistlikdən uzaqlaşdırdı. Mən sənədlərimi Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) avtomatika və telemexanika fakültəsinə verdim və əla qiymətlərlə qəbul oldum.

Tələbə olanda fakültə üzrə “Tələbə elmi cəmiyyəti”nin sədri olmuşam. Qeyd etdiyim kimi, yazdığım şerlərimlə, məqalələrimlə mətbuatda çıxış edərdim. Məni kommunist partiyası sıralarına tələbə ikən qəbil etdilər. İnstitut partiya bürosunun üzvü seçdilər, hətta, fakültə partiya təşkilat katibi seçildim. Əmim Əlihüseyin Muğanlı vaxtilə Müsavat Partiyasının üzvü olduğu üçün Dövlət Təhlükəsizlik Komitəsinin təqibindən Türkiyəyə qaçmış və ömrünün sonuna kimi orada yaşamışdır. Lakin, bütün bunlara baxmayaraq, əmimə görə mənə dəyib-toxunan olmadı. Əmimin təsiri altında mən Müsavat Cümhuriyyəti və onun banilərinin fəaliyyəti ilə dərindən maraqlanmağa başladım. Bu maraq məni Bakı Dövlət Universitetinin tərkibində gizli fəaliyyət göstərən təşkilata gətirib çıxardı. Bu təşkilatda biz Müsavat Partiya üzvlərinin fəaliyyətini öyrənib, təhlil edirdik. Bir müddət bu gizli təşkilat fəaliyyət göstərdi. Dövlət Təhlükəsizlik Komitəsi bizi təqib etməyə başladı. Üzvlərin bəziləri cəzalandırıldı, mən birtəhər aradan çıxıb, canımı qurtardım. Bu vaxt mən öz fakültəmdə müəllim saxlanılmışdım. Elmi axtarışa başladım. Diqqətimi saxta üsul ilə neftin istismarı cəlb etdi. Təxmini hiss etdim ki, Bakının ətraf rayonlarındakı neft mədənlərində bu sahəyə böyük ehtiyac var. Amma, bəzi üzdəniraq “mütəxəssis alimlələr” mənim Müsavata olan rəğbətimi və əmimi bəhanə edib, nəinki Politexnik İnstitutunda, hətta, Azərbaycan ərazisində axtarışlar aparmağıma imkan vermədilər. Mən çıxılmaz vəziyyətdə üz tutdum Moskva şəhərinə. Artıq ailəli idim və iki uşağım var idi. İqtisadi çətinlik, ailə və s. Moskvada özbək bir alim mənə havadar çıxdı, o, mənim elmi rəhbərim oldu. O vaxtdan onun məsləhəti ilə taleyimi Uxta neft mədənlərinə və Dövlət Sənaye İnstitutuna bağladım. 1996-cı ildən bu institutun kafedra müdiriyəm, texniki elmlər doktoru, professoruyam.

- Valideynləriniz, ailə üzvləriniz haqda nə deyə bilərsiniz?

- Atam, Yaqubov Xanhüseyn həkim, anam Yağubova Umugülsüm Əsəd qızı orta ixtisaslı tibb işcisi olmuşdur. Dörd baçım, bir qardaşım var. Bacılarımın hamısı təhsilli və ailəlidir. Qardaşım Fazil Bakı Neft Texnikumunu bitirmiş, neftçi olmuşdur. Hazırda həyat yoldaşı Faina ilə Qus-Xrustalnıyda yaşayırlar, təqaüdçüdürlər. İki övladları var. Böyük oğlu İslam (Slavik) Rusiya tank qoşunları general-mayorudur, təqaüddədir. Kiçik oğlu Fərid milis polkovnikidir, təqaüddədir.

- Məşhur azərbaycanlı alim Fərman Salmanovla əlaqələriniz barədə nə deyə bilərsiniz?

- Fərman mənim üçün bir ideal şəxsiyyətdir. Onunla tez-tez telefonla zəngləşirik. Bəzən, Moskvada vaxt tapıb görüşürük. Azərbaycan adını yüksəklərə qaldıran bir insan mənə çox böyük təsəlli verərdi.

- Siz həyatınızda kimlərə minnatdarsınız?

- Məndə poeziyaya, mətbuata maraq oyadan anama, düzlük, prinsipiallıqda atama, anam dünyasını dəyişəndən sonra körpə qalan bacılarımın təhsil almaqlarında, ailə qurmaqlarında qayğısını əsirgəməyən analığım Səyyarə xanıma, çətin günlərimdə elm aləmində əlimdən tutan elmi rəhbərim, özbək alim Timur Aslanoviç Vəliyevə, hələ Politexnik İnstitutunda təhsil aldığım illərdə sevib, evləndiyim qrup yoldaşım Həqiqət xanıma özümü borclu bilirəm. Allah hər birinin haqq dünyasını versin. Amin.

- Bir qədər də Rusiyadakı elmi fəaliyyətiniz haqda danışaq...

- Elmi fəaliyyətimlə əlaqədar istənilən qədər materialı öz saytımda vermişəm, maraqlanan istədiyi suala cavab tapa bilər. Bununla belə, qısa deyim, 450-dən çox elmi məqalələrin, 4 monoqrafiyanın müəllifiyəm, xeyli aspirant, dissertant, elmlər doktoru yetişdimişəm.

- Rusiya sizə nə verib?

- Məncə, Rusiya mənə çox şey verib. Oğlum Emin Rusiyada orta, ali təhsil alıb, texniki elimlər doktoru dərəcəsini alıb, bir müddət Naxotkada Sənaye İnstitutunda rektor olmuş, hazırda Sıktıvkar Universiteyində professordur, şahmat üzrə beynəlxalq qrossmeysterdir. Qızım Gülsüm Uxtada qızıl medalla orta məktəbi bitirmiş, tibb elmləri namizədidir, hazırda Uxtada klinikada həkim işləyir. Yeznəm Andrey tibb elmləri namizədidir, həkim, müəllimdir. Nəvəm Zaur orta təhsilini bitirmək üzrədir. Rusiya Federasiyası Elimlər Akademiyasının həqiqi akademikiyəm. Rusiya Federasiyasının qabaqcıl elm xadimiyəm. Rusiya Federasiyasının ilin qabaqcıl mühəndisiyəm. 2010-cu ildə çap olunan “Məşhurların toplusu”nda mənim haqqımda geniş məlumat verilibdir. Texniki elmləri doktoruyam, 1996-cı ildən kafedra müdiriyəm. Rusiya Federasiyasının Ali Attestasiya Şurasının (neft-qaz sahəsində), SSRİ jurnalistlər ittifaqının üzvüyəm və s.

- Vətənlə əlaqəniz varmı, nə vaxtsa Azərbaycana qayıtmaq istərsinizmi?

- Kim Vətənə gəlmək istəməz? Mən yatanda yuxuda özümü Bakıda, Biləsuvarda görürəm. Vaxtaşırı telefonla bacılarımla, dost-tanışlarla danışıram. Azad Mirzəcanzadənin 90 illiyi ilə əlaqədar yubleyə dəvətli idim. Rusiya Federasiyasını təmsil edirdim. Artıq mən yaşlıyam, səhhətimdə problemlər var. Əgər Vətənin mənə ehtiyacı olarsa, haqqımda yetərincə materiallar var, istifadə etsələr, mənə də xoş olar.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Boş vaxt tapan kimi rəhmətlik Həqiqətin məzarını ziyarət edirəm, söhbət edirəm, yazdığım şerləri ona oxuyuram, bununla təsəlli tapıram. Həyatda mənim və balalarımın əldə olunan nailiyyətləri ona məxsusdur. Yenicə rahatlaşmışdıq, əlimiz çörəyə çatmışdı ki, bizi tərk etdi(Adəti üzrə Zəfərin gözləri doldu, üzünü yana cevirdi- müəl.).

Həsənbala ƏHMƏDOV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA