“Bu, Putinin mövqelərini gücləndirəcək” – Müsahibə

“Bu, Putinin mövqelərini gücləndirəcək” – Müsahibə

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu ilə müsahibəni təqdim edirik:

- Elxan bəy, dünən Ukraynada keçirilən prezident seçkisi nəticəsində son inqilabi dalğa ilə hakimiyyətə gələn Poroşenko şoumen Vladimir Zelenskiyə uduzdu. Seçki prosesini və nəticəni necə qiymətləndirirsiz?

- Həm birinci, həm də ikinci turdan əvvəl keçirilən rəy sorğuları Zelenskinin qalib gələcəyini göstərirdi. Poroşenkonun yeganə şansı debat zamanı reytinqini artıra bilməsi idi. Poroşenko düşünürdü ki, Zelenski siyasətdə naşıdır və seçicilər debatda onun zəif fiqur olacağını əyani görəcəklər. Amma bu, baş vermədi, əksinə debat zamanı Zelenski Poroşenkonu zəif nöqtələrindən vura bildi. Debatda Poroşenko istədiyinə nail ola bilmədi. Seçkinin nəticəsi də Poroşenkonun böyük səslə məğlub olduğunu göstərdi. Amma bu, Ukraynanın gələcəyi baxımından heç nəyi həll etmir. Hesab edirəm ki, Zelenski üçün çox ağır olacaq. Ukraynanın daxili və xarici siyasətində ciddi problemlər var. Unutmayaq ki, Ukrayna dövlət quruluşuna görə yarı prezident, yarı parlamentli dövlətdir. Bir çox məsələləri parlament həll edir. Zelenskinin zəif tərəfi Ali Radada fraksiyasının olmamasıdır. Parlament seçkiləri isə oktyabrda keçiriləcək. Zənnimcə, oktyabra qədər Zelenskinin reytinqi çox aşağı düşə bilər. Mən Zelenskinin problemləri həll edə biləcəyini düşünmürəm. Ölkədə böyük işsizlik var, sənaye müəssisələri dayanıb, investisiyalar gəlmir. Üstəlik də müharibə əhval-ruhiyyəsi var. Zelenski bunları necə həll edəcək? Ukrayna torpaqları faktiki işğal altındadır. Zelenski bir tərəfdən deyir ki, Qərblə əməkdaşlığı davam etdirək, bir tərəfdən deyir ki, Rusiya ilə dialoq mümkündür. Bu ikisinin bir arada olması isə mümkün görünmür. Bu mənada hesab edirəm ki, yeni prezidentin reytinqi oktyabra qədər aşağı düşəcək.

- Siz dediklərinizi Ukrayna xalqı bilmirmi?

- Ukrayna xalqının bir xüsusiyyəti var. Bir insana böyük dəyər verir, onu yüksək mərtəbəyə qaldırır, səs verir. Sonra görəndə ki, bu şəxs verdiyi vədləri həyata keçirmir, bu halda onu aşağı endirə bilər. Viktor Yuşenko timsalında biz bunu müşahidə etdik. İndisə Poroşenko ilə bağlı bu münasibəti gördük. Fikrimcə, Zelenski də eyni taleyi yaşaya bilər. Zelenskinin siyasətdə naşı olduğunu nəzərə alsaq, bu şəxsin daha pis durumla üzləşə biləcəyini ehtimal edə bilərik. İnsanlar onu siyasətçi olmadığına görə seçdi. Çünki insanlar siyasətçilərdən və idarəçilik sistemindən beziblər. Siyasətçilər tərəfindən verilən vədlər bu illərdə yerinə yetirilməyib. İndi görək, Zelenskinin komandası necə olacaq. Əslində komanda sanballı olarsa, bu, uğur gətirə bilər. İndilikdə isə Zelenskinin nə komandası, nə də proqramı var. Yəni çox unikal vəziyyət yaranıb. Ukrayna xalqı komandası və proqramı olmayan artistə dəstək verib. 3-4 aydan sonra Zelenskinin nəyə qadir olduğu bilinəcək.

- Konkret olaraq Zelenskinin siyasi oriyentasiyası haqqında nə demək olar, yeni prezident Qərbin adamıdır, yoxsa Rusiyaya yaxındır?

- Bu, qeyri-müəyyəndir. Prinsipcə qərbpərəst siyasətin davam edəcəyi bəllidir. Avropa Birliyinə üzvlük hədəf kimi qoyulub. Sadəcə olaraq, məndə NATO ilə bağlı suallar yaranıb. O mənada ki, Zelenski NATO üzvü olmaqdan yayına bilər. Zelenski Rusiyaya yaxınlaşsa, problemləri daha da çoxalacaq. Çünki Moskva Ukrayna prezidentinin zəif olmasında maraqlıdır. Əgər Zelenski Rusiya ilə yaxınlaşmaq siyasəti yürütsə, bu, Putinin mövqelərini gücləndirəcək. Çünki Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalar Ukraynaya görədir. Qərb görsə ki, Ukrayna özü Rusiya ilə dialoqa başlayır, bu halda Avropa tətbiq etdiyi sanksiyalardan imtina etməyə üstünlük verəcək. Üstəlik Zelenski Rusiyaya yaxınlaşsa, ölkədəki millətçi və qərbpərəst qüvvələr ona qarşı çıxacaq. Ancaq tam qərbyönlü siyasət də Zelenskinin problemlərini həll etməyəcək. Çünki ona səs verən elektoratın arasında Rusiya meylli seçicilər də var. Əslində Ukraynada çox çətin durum var. Digər tərəfdən, Ukraynada oliqarxik sistem var və Poroşenko bu sistemi dəyişə bilmədi.

- Poroşenko özü oliqarx deyildimi?

- Bəli, özü də oliqarx idi. Zelenski oliqarx deyil, amma sürgündə olan oliqarx İqor Kolomoyski tərəfindən dəstəklənir. Hətta ehtimal olunur ki, onun seçki kampaniyası Kolomoyski tərəfindən maliyyələşib. Bu o deməkdir ki, Zelenskinin hakimiyyəti dövründə də oliqarxiya mövcud olacaq.

- Zelenskiyə Qərb daha çox simpatiya bəsləyirdi, yoxsa Rusiya?

- Rusiyanın ona elə bir simpatiyası yoxdur. Sadəcə olaraq, ruslar Poroşenko-Zelenski qarşıdurmasında Zelenskinin qələbəsini arzu edirdi. Çünki görürdülər ki, Zelenski siyasətdə naşıdır və böyük səhvlərə yol verə bilər. Rusiyaya isə Ukraynada səhvlərə yol verə bilən prezident lazımdır.

Qərb isə Zelenskiyə müəyyən qədər dəstək verəcək. Amma pul, investisiya verməyəcək. Poroşenkonun tam qərbpərəst siyasət aparmasına baxmayaraq, onun özünə maliyyə dəstəyi verilmirdi. Avropa öz qapılarını Zelenskinin üzünə açıb Ukraynanı Avropa Birliyinə qəbul etməyəcək. Bu mənada Zelenskiyə həm şimal, həm də qərb istiqamətində çətin olacaq. Tam qərbpərəst siyasət yürütsə belə, bu da problemləri həll etməyəcək. Məncə, indi əsas oktyabrda keçiriləcək parlament seçkiləridir.

- Niyə məhz parlament seçkiləri?

- Əsas məsələ parlamentdə qüvvələr nisbətinin necə olacağıdır. Rusiya indi Ukraynada əsasən, parlament seçkilərinə hazırlaşır. Nəzərə alın ki, prezident seçkilərində ruspərəst namizəd II tura keçə bilmədi. Amma parlament seçkilərində Rusiya istəyəcək ki, beşinci kolonunu parlamentdə söz sahibinə çevirib Ukraynanı istədiyi şəkildə idarə edə bilsin.

- Daha vacibi Zelenskinin ortaya çıxaracağı komandadır. Bu baxımdan Zelenskinin komandasında kimlər yer ala bilər?

- Komandasına fərqli adamlar yığılıb. Mən ötən gün baxdım, təxminən 20 nəfərlə birlikdə TV-yə çıxmışdı. Onların bir neçəsini tanıyıram. Keçmiş nazir müavinləri, siyasətçilərdir. Yəni son vaxtlar siyasətdən uzaqlaşan siyasətçilərdir. Ukraynada siyasətçilər tez-tez düşərgələrini dəyişirlər. Belə siyasətçiləri öz komandasına yığıb. Məncə, daha vacibi bir neçə posta təyinatı olacaq. Əsasən müdafiə, təhlükəsizlik və xarici işlər nazirlərinin kim olmasıdır. Digər nazir postuna təyinatları isə Ali Rada təsdiq etməlidir. Ancaq baş nazir də güclü və islahatçı olmalıdır. Poroşenkonun vaxtında baş nazirlər ciddi siyasətçi təsiri bağışlamadılar. Qəribədir ki, hazırda Ukraynanın yeni seçilən prezidenti və baş naziri yəhudi əsillidir.

- Sakaaaşvilinin yenidən Ukraynaya dəvət olunması ehtimalları varmı?

- Ehtimalı yüksək qiymtləndirmirəm. Sakaaşvili Kiyevə qayıda bilər. Amma iş ondadır ki, Zelenskinin arxasında İqor Kolomoyski kimi oliqarx dayanıb. Kolomoyskinin Sakaaşviliyə münasibəti isə mənfidir. Zelenskinin Kolomoyskinin rəyini nəzərə almadan Sakaaşviliyə yüksək vəzifə verəcəyinə inanmıram.

- Tarixdə aktyor və şoumenlərin hakimiyyətə gəldikdən sonra ciddi uğurlar əldə etməsi nümunələri var. Bu tarixi təcrübəni nəzərə almamaq olarmı?

- Mən sizinlə razıyam. Ancaq Reyqan aktyor olsa da, uzun illər siyasi fəallığı ilə seçilib, Los-Angeles kimi şəhərin qubernatoru olub. Zelenski isə prezidentliyə qəfil gəlib. Yəni bunun siyasi təcrübəsi ümumiyyətlə, yoxdur.

- Ukraynanın düşdüyü problemlərin girdabından çıxması üçün özünün resurs və potensialı varmı?

- Siyasi mübarizə, Ukraynanın şərqə və qərbə bölünməsi və oliqarx sistemi imkan vermir ki, ölkə inkişaf etsin. SSRİ zamanı Ukrayna müttəfiq respublikalar içərisində özünü təmin edirdi, ən inkişaf edən respublika idi. SSRİ sistemi dağıldıqdan sonra Ukraynada qurulan sistem problemləri həll etməkdə acizdir. Parlament və prezident eyni ideologiyaya sahib olmalıdır ki, 10 il sakitlik olsun və problemlər də həll edilsin. Digər tərəfdən, Rusiya özü də imkan vermir ki, Ukrayna problemlərini həll edə bilsin. Çünki Rusiya görürük ki, Ukrayna inkişaf etdikcə Qərbə doğru gedir.

- Ukraynanın gələcəyi ilə bağlı pessimist ab-havada olmağınıza səbəb Poroşenkonun seçkilərdə uduzması reallığıdır?

- Yox. Mən sadəcə olaraq, Ukraynaya gedirəm, siyasətçilərlə görüşərəm. Bu gözəl ölkənin gələcəyi ilə bağlı optimist deyiləm. Açığını desək, Krımın necə qaytarılacağı mənim üçün müəmma olaraq qalır. Donbas məsələsində güzəştlər ola bilər. Amma Rusiyanın nə zamansa Krımı Ukraynaya qaytaracağına inanmıram. Mən arzu edirəm ki, Ukrayna bizə tərəfdaş dövlət olaraq öz problemlərini həll etsin, amma reallıqlar da var. Cəmiyyət, siyasi sistem o qədər parçalanmış haldadır ki, Ukrayna vahid şəkildə bu problemlərin üzərinə getməkdə acizdir. Avropa bir tərəfə, Rusiya digər tərəfə çəkir. Üstəlik oliqarxik sistem, işsizlik, sənaye müəssisələrinin bərbad halda olması, ölkəni tərk edən milyonlarla ukraynalı var. Bunların hamısı bir nəfərin həll edəcəyi məsələ deyil.\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA