“Bu, rus xalqına çox baha başa gələcək...” - "QUDUZ KÖPƏK" SƏRT DANIŞDI

“Bu, rus xalqına çox baha başa gələcək...” - "QUDUZ KÖPƏK" SƏRT DANIŞDI

ABŞ-ın müdafiə naziri, dəniz piyadalarının "quduz köpək" ləqəbli generalı Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin bu günlərdə Federal Məclisə müraciətində bir neçə yeni silah növünü ilk dəfə nümayiş etdirməsinə münasibət bildirib. General deyib ki, Putinin yeni strateji silahlar barədə bəyanatları onu məyus edib, amma təəcübləndirməyib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Pentaqon rəhbərinin sözlərinə "The Washington Post" qəzeti yer verir. Generalın bildirdiyinə görə, bu cür yeni silah nümunələrinin işlənib hazırlanması Birləşmiş Ştatların mövqeyinə təsir etməyəcək, ona görə də Moskva həmin silahlara nə qədər istəsə pul xərcləyə bilər. "Lakin bütün bunlar rus xalqına baha başa gələcək" - Ceyms Mettis deyib.

"Rusiyanın silahlanma yarışına nə qədər pul yatırmasından asılı olmayaraq bu, bizim çəkindirmə mövqeyimizə təsir etməyəcək. Əgər onlar istəyirlərsə, qoy bütün pullarını ora töksünlər. Bu, mənim strateji düşüncəmə heç cür təsir göstərməyəcək. Mən təkcə onu təxmin edə bilərəm ki, bütün bunlar sadə rus insanlarına çox baha başa gələcək", - Pentaqon rəhbəri əlavə edib.

ABŞ müdafiə naziri onu da deyib ki, Putinin həmin müraciəti Rusiyanın hərbi potensialını heç cür dəyişdirməyib. "Onun danışdığı həmin sistemlərin hər biri haqda bizə çoxdan məlum idi. Mən bu silahların hərbi tarazlığı dəyişə biləcəyini hesab etmirəm", - Ceyms Mettis bildirib.

Habelə general əminlik ifadə edib ki, Rusiya prezidentinin dediklərinin böyük qismi seçkilər ərəfəsində adi ritorika idi. Mettisin sözlərinə görə, o Rusiya silahlı qüvvələrinin öz liderlərinin seçkiqabağı ritorikasını havada qapmayacağına ümid edir.

Pentaqon rəhbəri Rusiyanın ABŞ-la strateji sabitliyə və problemlərin aradan qaldırılmasına dair danışıqları təxirə salmasına münasibət bildirərək deyib ki, bu məsələdə Moskva öz maraqlarına uyğun hərəkət etmir.

Xatırladaq ki, Putin martın 1-də Federal Məclisə müraciətində bir neçə yeni silah növünü açıqlayıb. Bunlar qeyri-məhdud radiusa malik "Sarmat" ballistik raketi, nüvə mühərriki ilə təchiz edilmiş qanadlı raket, yenə də nüvə mühərrikli pilotsuz sualtı zərbə aparatı, hipersəs sürətli "Kinjal" aviasiya raket kompleksi və yeni lazer topudur.

Ötən gün Rusiya Müdafiə Nazirliyi Cənub hərbi dairəsinin ərazisində dislokasiya olunmuş MiQ-31 qırıcısından şərti hədəfə "Kinjal" raketi ilə zərbə endirilməsinə dair görüntüləri yayıb. Nazirlik raketin döyüş sınağının uğurla başa çatdığını bildirir. Habelə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov deyib ki, nazirlik səsdən 20 dəfə iti uçan və ətrafında alov buludu yaradan "Avanqard" qanadlı raketinin seriya istehsalı üçün müqavilə bağlayıb. Borisovun bildirdiyinə görə, Putinin sanki alov kürəsi, meteroit kimi hədəfə şığıyan bu raket barədə dedikləri blef deyildi.

Yuri Borisov onu da bildirib ki, Rusiya özünün "Voyevoda" qitələrarası ballistik raketinin utilizasiyasını həyata keçirəcək, onların yerini qeyri-məhdud radiusa malik "Sarmat" raketləri tutacaq. Bu raketlər həm Şimal, həm Cənub yarımkürəsi üzərindən hədəfə uça bilər. Nazir müavini raketin ən müxtəlif raketdən müdafiə sistemlərini dəf edə biləcəyini deyib.

Loading...

QALEREYA