Büdcədə seçki üçün nəzərdə tutulan 90 MİLYON HARA XƏRCLƏNƏCƏK?

Büdcədə seçki üçün nəzərdə tutulan 90 MİLYON HARA XƏRCLƏNƏCƏK?

Taliyət Əliyev: “37 milyon manat parlament seçkilərinin və referendumun keçirilməsi üçün nəzərdə tutulub”

2019-cu dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsaitin 53 milyon 900 min manatı ilin sonunda bələdiyyə seçkilərinə xərclənəcək.

Ekspertlər yerdə qalan 37 milyon manata daha bir seçki və ya referendum keçiriləcəyini hesab edirlər. Bu səbəbdən də düşünürlər ki, hakimiyyət bu il üçün yenidən seçki və ya referendum keçirmək niyyətindədir.

Əslində, seçkilərə 37 milyon manatın artıq nəzərdə tutulması da deməyə əsas verir ki, hakimiyyət növbədəkənar parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Sadəcə, hələlik vəziyyətə nəzarət edir, beynəlxalq və daxili qüvvələrin bu yöndə fikirlərini təhlil etməyə çalışır.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər təsadüfi deyil”

Seçkilərə ayrılan vəsaitlə bağlı “Hürriyyət”lə fikirlərini bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev xatırlatdı ki, bu ilin sonunda Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır: “Sözsüz ki, bələdiyyə seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır. O ki qaldı orada əlavə vəsaitin qalmasına, mən hesab edirəm ki, bu əlavə vəsait növbədəkənar parlament seçkilərinin keçirilməsinə sərf olunacaq. Çünki ötən il prezident seçkilərindən bəri növbədəkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səslənir. Hətta bu seçkilərin ötən ilin sonlarında keçirilməsi proqnozlaşdırılırdı, amma bu proqnozlar özünü doğrultmadı. İndi yenidən ölkədə növbədəkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səslənir. Görünür, bu fikirlərin səslənməsi də təsadüfi deyil, burada nəsə var. Yəqin ki, hakimiyyətin yuxarı eşalonunda ölkədə növbədəkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı fikirlər var. Amma növbədəkənar parlament seçkilərinin keçirilməsi hüquqi baxımdan müəyyən əngəllər yaradır. Gərək, bundan ötrü Konstitusiyada müəyyən düzəlişlər olsun. Çünki indiki Konstitusiyaya görə ölkədə növbədəkənar parlament seçkilərinin keçirilməsi hüquqi baxımdan mümkün deyil. Ona görə də yerdə qalan 37 milyon manat hesab edirəm ki, növbədəkənar parlament seçkilərinin keçirilməsinə və növbəti bir referendumun keçirilməsi üçün nəzərdə tutulub. Çünki növbədəkənar parlament seçkilərinin keçirilməsi üçün ilk növbədə, referendum keçirilməlidir. Referendum keçirilib, Konsititusiyaya dəyişiklik olunduqdan sonra ölkədə növbədəkənar parlament seçkilərinin keçirilməsi üçün hüquqi baza yaranır ki, bundan sonra parlament seçkiləri keçirilə bilər. Yerdə qalan vəsait də yəqin ki, onun üçün nəzərdə tutulub. Çünki 2017-ci ilin sonlarında da növbədəkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı fikirlər səslənsə də, bunu çoxları təkzib edirdi. Amma bildiyiniz kimi, ötən ilin aprel ayında növbədəkənar prezident seçkiləri keçirildi. Doğrudur, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının funksionerlərindən olan Siyavuş Novruzov açıqlamasında ölkədə parlament seçkilərinin keçiriləcəyi ilə bağlı qəti bir fikir söyləməmişdi, amma bunun keçirilməsindən ötrü ilk növbədə, referendum keçirilməsinin vacib olduğunu bildirmişdi. Çünki bu, hüquqi bir bazadır. O baxımdan, növbədəkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hakimiyyətin qəti mövqeyi ortadadırsa, referendum keçirilməlidir. Yəni o hüquqi baza hazırlanmalıdır, sonra isə parlament seçkiləri keçirilməlidir”.

“Hakimiyyətin maraqlarını həyata keçirməkdən ötrü qanunverciliyə əlavə və dəyişikliklər edirlər”

T. Əliyev nəzərə çatdırdı ki, 2016-cı ildə referendum keçirilərkən növbədəkənar parlament seçkilərinin keçirilməsi üçün hüquqi baza yaradılmayıb: “Görünür, o vaxtı hakimiyyətin belə bir niyyəti olmayıb. Bilirsiniz ki, Azərbaycanda eyni qanunvericiliyə ildə ən azı 1-2 dəfə əlavə və dəyişikliklər olur. Məsələn, ötən illərdə yeni İnzibati Xətalar Məcəlləsi yarandı. Ondan sonra, ona 2 dəfə əlavə və dəyişikliklər oldu. Yəni bizdə qanunvericilik siyasəti kifayət qədər formalaşmayıb. Hər il bütün qanunlara əlavə və dəyişikliklər olur. Məsələn, 2002, 2009, 2016-cı illərdə referendum olub. Əslində, normal bir ölkədə Konsititusiya bir dəfə qəbul olunar, 30-40 ildə bir dəfə dəyişiklik ola bilər. Amma bizdə bu, praktika yoxdur, daha tez-tez olur. Hakimiyyətin hansısa bir siyasətini, maraqlarını həyata keçirməkdən ötrü qanunverciliyə bu tpli əlavə və dəyişikliklər edirlər. Tutaq ki, 2002-ci ildə hakimiyyətə ölkədə proprosional seçki siteminin ləğvi lazım idi, onu keçirtdilər. 2009-cu ildə prezidentin iki dəfədən artıq prezident seçilməsi qərarının ortadan qaldırılması lazım idi, onu elədilər. Yəqin ki, 2016-cı ildə onların belə bir marağı, istəyi olmayıb. İndi əgər hakimiyyət üçün növbədəkənar parlament seçkilərinin keçirilməsi vacibliyi ortaya çıxıbsa, sözsüz ki, yenə referendum keçirəcəklər. Mən hesab edirəm ki, bunun çox ciddi səbəbləri var, təkcə ölkə daxili məsələlər deyil, o cümlədən də regionda və dünyada baş verən hadisələr və hakimiyyət daxili ziddiyyətlərin daha da kəskinləşməsi, hakimiyyətə qarşı beynəlxalq təzyiqlərin güclənməsi əsas səbəblərdir. Hətta hakimiyyətə yaxın müxalifyönlü şəxslər, parlamentin üzvləri bəyanat verirlər ki, Azərbaycan Cənubi Qafqazda yeganə ölkələrdən biridir ki, parlamentdə heç bir fraksiya yoxdur. Yəqin ki, bu məsələlər növbədəkənar parlament seçkilərinin keçirilməsi zərurətini ortaya qoyub. Ona görə də hakimiyyət buna getməlidir”.

“Azərbaycan hakimiyyətinin bu dəfə müxalifəti hazırlıqsız vəziyyətdə yaxalmaq niyyəti baş tuta bilməz”

“Əlbəttə ki, prezident seçkisi kimi, parlament seçkisi də qəfil təyin oluna bilər. Bilirsiniz ki, Azərbaycan hakimiyyəti bu tipli şeyləri qəfil elan edir. Bu da düşünülmüş bir addımdır. Yəni müxalifət seçkilərə lazimi səviyyədə hazırlaşa bilməsin, hazırlıqsız vəziyyətdə yaxalansın. Necə ki, keçən il prezident seçkiləri qəfil şəkildə elan olundu və müxalifət demək olar ki, hazırlıqsız vəziyyətdə yaxalandı. Xatırlıyırsınızsa, müxalifətdə prezidentliyə iddialı olan şəxslər 2018-ci ilin oktyabr ayını hədəfləmişdilər, amma onlar qəfil yaxalandı və demək olar ki, müxalifət düşərgəsinin böyük əksəriyyəti bu seçkilərə qatılmadı, çünki hazırlıqsız bir vəziyyətdə idi. Ona görə də hesab edirəm ki, hakimiyyət bu seçkilərin vaxtını qəfil elan edə bilər. Amma burada bir məsələ var ki, bu seçkilərin vaxtını elan etməzdən əvvəl ölkədə referendum keçirilməsi zərurəti var. O baxımdan, bu dəfə fərqli olacaq. Çünki növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün referendum həyata keçirilməlidir, ondan sonra, parlament seçkiləri keçirilməlidir. Ona görə də mən hesab edirəm ki, Azərbaycan hakimiyyətinin bu dəfə müxalifəti hazırlıqsız vəziyyətdə yaxalmaq niyyəti baş tuta bilməz. Çünki ilk növbədə, referendum olmalıdır. Referendum olanda aydın olacaq ki, bu artıq parlament seçkilərinin keçirilməsinə hədəflənən bir məsələdir. Ona görə də yəqin ki, müxalif düşərgə bu seçkilərdə kifayət qədər hazırlıqlı bir vəziyyətdə olacaq”,-deyə ADP sədrinin müavini vurğuladı.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA