Casus proqramlarının qanunsuz satışına görə KÜTLƏVİ HƏBSLƏR

Casus proqramlarının qanunsuz satışına görə KÜTLƏVİ HƏBSLƏR

İsrail polisi bazar günü təhlükəsizlik texnologiyaları ilə məşğul olan iki şirkətin bir sıra vəzifəli şəxslərini həbs edib. Həmin şəxslər dinləmə və izləmə proqramlarını qanunsuz şəkildə xarici müştərilərə satmaqda, dələduzluqda, qaçaqmalçılıqda və “böyük məbləğdə” pulların “yuyulmasında” günahlandırılır.

Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, söhbət İsrail polisinin, Müdafiə Nazirliyinin və kəşfiyyat strukturlarının podratçısı olan “Ability Computer and Software Industries” və “Ability Security Systems” şirkətlərindən gedir. Bu ilin martında İsrail Müdafiə Nazirliyi həmin şirkətlərin lisenziyasını dinləmə və kəşfiyyat proqramlarını qanunsuz satdıqlarından şübələnərək dayandırmışdı. Şirkətlərin casus proqramlarını hansı xarici ölkələrə satdığı göstərilmir.

Bununla belə bildirilir ki, Müdafiə Nazirliyi və onun silahların ixracına dair nəzarət Departamenti, polis, vergi, gömrük və prokurorluq orqanlarının apardığı, aylardır davam edən hərtərəfli təhqiqatdan sonra həbslərin, axtarışların aparılmasına qərar verilib. Təhqiqatın detalları məhkəmə qərarı ilə məxfi elan edilib.

Company “Ability Security Systems” və “Ability Computer and Software” şirkətləri hökumət strukturlarının, polisin və kəşfiyyatın sifarişi ilə kəşfiyyat məlumatlarının toplanmasına dair müxtəlif qurğular, habelə proqramlar istehsal edir. Məsələn, 1994-cü ildə əsası qoyulmuş “Ability Computer and Software “ şirkəti mobil və peyk rabitəsi ilə danışıqların “tutulması” üzrə ixtisaslaşıb.

Bir neçə ay əvvəl beynəlxalq KİV-lərdə həmin şirkətin “WatsApp” messenceri ilə aparılan danışıqları ələ keçirmək üçün hazırladığı casus proqramını bir sıra xarici ölkələrə satdığı barədə bəhs edilmişdi.