Cavid Qurbanov haqda SENSASİON FAKTLAR - Və yaxud baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi - II HİSSƏ

Cavid Qurbanov haqda SENSASİON FAKTLAR - Və yaxud baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi - II HİSSƏ

Cavid Qurbanovun biznesinin izi Gürcüstandan, Türkiyədən keçib Avropaya qədər gedir

O, "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər gələndən sonra burada çalışanların sayı iki dəfə azalıb və indi təxminən 6 min nəfərə düşüb. Əvəzində təkcə 2015-2017-ci illərdə ADY-nin bank kreditləri üzrə borcu 2,6 dəfə artıb və 2 milyard 549 milyon manata çatıb...

Mərhum prezident Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda çox az sayda məmur vəzifədən onun kimi urvatsız yola salınıb: 1994-cü ilin noyabrında "işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə” Cavid Qurbanov "Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Meydan.tv xəbər verir ki, Fərmanda elə belə də yazılıb. Çox keçmədən o, nəinki yenidən revanş etdi, vəzifə pillələri ilə irəli çəkildi, dövlət qurumlarında çalışmaqla barabər, qanun bunu yasaqlasa da, özəl biznesdə çox böyük uğurlar qazandı. İndi onun nəzarəti altında olan nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətlər Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/cavid_qurbanov_haqda_sensasion_faktlar_-_ve_yaxud_bas_demiryolcunun_erq-qerb_dehlizi_boyunca_uzanan_biznesi)

Nəqliyyat sektorunun bosslarının Türkiyədəki işbirliyi

"Azerinşaat Yapı İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkəti 2010-cu ilin oktyabrında "Azerinşaatservis Türkiye A.Ş.” adı ilə yaradılıb və "Baltech” qrupu ilə eyni ünvanda - Beşiktaş, Etiler məhəlləsi, Etiler küçəsi, ev 13-də yerləşir. Şirkətin 500 min lirə məbləğində kapitalının 96%-ni Azərbaycanda avtomobil və dəmir yollarının tikintisi ilə məşğul olan "Azərinşaatservis” MMC yatırıb. Yerdə qalan 20 min lirəlik payı bərabər hissələrlə Anar Məmmədov, Hüseyn Salamov, Vüsal Aslanov və Bülənt Karani qoyublar. İlk iclasda şirkətin İdarə Heyətinin sədri vəzifəsinə B. Karani seçilib, keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədov onun müavini, V.Aslanov isə İH üzvü təyin olunublar. 2011-ci ilin iyununda şirkətin kapitalı əsas səhmdar "Azərinşaatservis” MMC-nin hesabına 1,6 milyon lirəyə qaldırılıb. Anar Məmmədovu İdarə Heyətində Hüseyn Salamov əvəz edib. Qeyd edək ki, orta təhsilli H. Salamov Ziya Məmmədovla dost olub və 2014-cü ilin yanvarında Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. 2012-ci ilin fevralında "Azerinşaat Yapı İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətinin kapitalı 3,4 milyon lirəyə çatdırılıb. Bu kapital artımı da "Azərinşaatservis” MMC-nin ödəmələri hesabına baş tutub. 2013-cü ilin aprel ayının 24-də payçılar bütün səhmlərin "Qlobal Trans” MMC-yə ötürülməsi haqda qərar veriblər. Türkiyənin Ticarət Reyestrinə təqdim olunan məlumata görə, "Qlobal Trans” MMC-nin hüquqi ünvanı (Bakı şəhəri, S.Ə. Şirvani, ev 1, mənzil 83) "Azercon” ASC-nin hazırki İH sədri Kamil Hüseynovun qeydiyyat ünvanı ilə üst-üstə düşür. Aprelin 24-də həm də "Azerinşaat Yapı İnşaat Sanayi ve Ticaret A.Ş.” ofisinin Beşiktaşda Uyğur İş Mərkəzinə dəyişdirilməsi haqda qərar verilib. 3 fevral 2015-ci il tarixində Azərbaycan vətəndaşı Ramin İbadov YK sədri, Vüsal Aslanov isə onun müavini seçilib. 2017-ci il 29 dekabr tarixində keçirilən iclasda Ramin İbadov daha üç il müddətinə sədr seçilib. "Global Trans” şirkəti adından həmin iclasda Pərviz Mehdiyev iştirak edib.

Yenə də Anar Məmmədov və digərləri

"BBK Turizm Yatçılık Gayrimankul Yatırım İnşaat İthalat İhracat ve Ticaret A.Ş.” 2008-ci ilin mayın 30-da Bodrumda otel tikintisi məqsədilə yaradılıb. Şirkətin Anar Məmmədov, "Baghlan Group” şirkətinin sahibi Hafiz Məmmədov və onun iki oğlu (Sənan və Kanan Məmmədovlar), Türkiyə vətəndaşı Ahmet Çolakoğlu və Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli təsis ediblər. Əlli milyon lirə kapitalın 5 milyonunu 22 yaşlı Ş. Şəmşirlinin qoyacağı elan edilib. Şirkət həmin ilin dekabr ayında Bodrumun Kisebükü kəndində 35.371 kvadratmetrlik torpaq sahəsini satın alıb . Tarixi abidələrlə zəngin bölgədə yerləşən bu əraziyə görə şirkət Türkiyənin "Nurol İnşaat ve Ticaret A.Ş.” şirkətinə 4.500.000 lirə ödəyib. Lakin Bodrumun ictimai təşkilatlarının dirənişi şirkətin meşə qoynunda yerləşən ərazidə 1400 yerlik turizm obyekti tikmək planlarının qarşısını alıb. Ortaqlar tikinti işlərinə 52 milyon lirəyədək sərmayə qoymağı nəzərdə tuturdular.

2011-ci ilin sentyabrında bu şirkətin ortaqları "Euroasia İnvestment İnşaat Sanayi ve Ticaret A.Ş” şirkətinə birləşmək haqda qərar verirlər. Birləşmədən öncəki balansa görə, "BBK Turizm Yatçılık Gayrimankul Yatırım İnşaat İthalat İhracat ve Ticaret A.Ş.”nin təsisçiləri şirkətin kapitalına elan olunan 50 milyon lirənin təxminən 23 milyonunu qoyubmuş. Onun balans aktivləri isə bundan da az – 21,8 milyon lirə idi. Birləşmədən sonra "Euroasia İnvestment İnş. San. ve Tic. A.Ş” şirkətində Cavid Qurbanovun oğlunun payı 4.359.699 lirə idi. Həmin ilin fevral ayından etibarən Ş.Şəmşirli Xarici İşlər Nazirliyində çalışırdı və ona attaşe diplomatik rütbəsi verilmişdi. Sonrakı illərdə "Euroasia İnvestment İnş. San. ve Tic. A.Ş” şirkətinin payçılarının strukturu tez-tez dəyişib. Şəmşir Şəmşirlinin payını ortaqlarına nə zaman ötürdüyü barədə Türkiyənin rəsmi mənbələrində məlumat verilmir. Bu ilin fevralında şirkətin 15 milyon lirəlik kapitalına Anar Məmmədovun təkbaşına nəzarət etdiyi açıqlanıb.

Şəntürk ailəsinin Azərbaycana borcu

C.Qurbanova bağlı olan şirkətlərlə ortaqlıq bağları olan Türkiyənin Bayburt qrupu Azərbaycanda iki inşaat şirkətilə təmsil olunur. Bu ölkənin mediası yazır ki, 2017-ci ildə keçirilən tenderlərin birində Bayburt qrupu müsabiqə komissiyasına Azərbaycanda 1 milyard dollar dəyərində dövlət satınalmasının qalibi olduğu haqda sənədlər təqdim edib . Azərbaycan Respublikası Vergilər Nazirliyi "Bayburt Grup İnşaat” şirkətinin Azərbaycandakı filialının vergilər üzrə dövlət büdcəsinə 16.591.752,09 manat (9 mln. 759,8 min ABŞ dolları) borcunun yığılıb qaldığını bildirir.

Şəntürk ailəsinə məxsus qrupa daxil olan "Bayburt Grup İnşaat Nakliyat Madencilik İth. İhr. San. ve Tic. A.Ş.” 2012-ci ilin fevralında, "Özgün Yapı Sanayi ve Ticaret A.Ş.” isə 2013-cü ilin aprelində Bakıda filiallarını açıb. Azərbaycanda metro və avtomobil yollarının tikintisi işlərinin aparılması üçün podratçı təşkilatlar bir qayda olaraq ictimaiyyətə açıq satınalma müsabiqəsi keçirmədən seçilir. Dövlət satınalma müqavilələrinin reyestrinin təqdim olunduğu portalında bu şirkətlərin qalib gəldikləri müsabiqələr haqda məlumat verilmir. Elə satınalan təşkilat - AAYDA və Türkiyə şirkətləri də tərəfdaşlıqları barədə kasad məlumat verirlər. Agentliyin məlumatına görə, Özgün Yapı şirkəti Asiya İnkişaf Bankının maliyyələşdirdiyi Masallı-Astara avtomobil yolunun 19,4 kilometrlik Girdəni-Pensər hissəsinin tikintisinin baş podratçısı qismində işə 2013-cü ilin iyununda başlayıb. Yol tikintisi 2017-ci ilin sonunda başa çatıb, amma AAYDA və AİB bu işə görə Türkiyə şirkətinə hansı məbləğdə vəsaitin ödənildiyini gizli saxlayıb. Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatı Özgün Yapı şirkətinin 2012-2016-cı illərdə AİB-in vəsaiti hesabına təşkil olunan nəqliyyat sektoruna aid satınlamalarda 86,04 milyonlıq müqavilə bağladığını açıqlayıb . Lakin bu məbləğin hansı hissəsinin Azərbaycana aid olduğu bildirilmir.

Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi Gəncə-Qazax-Gürcüstan sərhədi magistral yolunun (130,15 km) genişləndirilməsi layihəsinin iki əlavə zolaq tikilməklə ikitərəfli magistral yola çevrilməsi layihəsinin icrasının bir hissəsi Özgün Yapı şirkətinə tapşırılıb . Şirkətə 40 kilometrlik yol, çoxsaylı körpü, keçid və digər yol infrastrukturu obyektlərinin tikintisi üçün 2018-ci ildə bağlanan müqaviləyə görə 120 milyon ABŞ dolları ödəniləcək.

Iki "ADY Express” arasında

"Azərbaycan Dəmir Yolları” QSC illik maliyyə hesabatlarını Azərbaycanda açıqlamır. Bu, milli qanunvericiliyin pozuntusudur. Əvəzində həmin hesabatları Dünya Bankı - Azərbaycan dəmir yolunun yenidən qurulmasının əsas borcverənlərindən biri - öz internet səhifəsində yerləşdirir. Cavid Qurbanovun və Fuad Səfərovun imzaladığı 2016 və 2017-ci illərə dair həmin hesabatlarda diqqət çəkən məqamlar var.

ADY QSC-nin 2016-cı il üzrə maliyyə hesabatına görə, həmin ilin fevral ayının 5-də ADY QSC "Karvan Logistics” MMC-ni satın alıb. Şirkətin adı dəyişdirilib və o, indi "ADY Express” adlanır. "Baker Tilly Azərbaycan” audit şirkətinin verdiyi rəyə əsasən, "Karvan Logistics” MMC satın alınarkən, 35.000 manat dəyərində əmlak daxil olmaqla, aktivləri 2.531.000 manat qiymətləndirilmişdi. Öhdəliklər çıxıldıqdan sonra isə xalis aktivlərin dəyəri 653.000 manat idi. Bu şirkətin alınmasından ötrü ADY QSC-nin nə qədər pul ödəməsi, eləcə də özəl şirkətin dövlət müəssisəsi tərəfindən hansı zərurətdən satın alınması barədə hesabatda məlumat verilmir.

Bəs "Karvan Logistics” MMC haqda nə bilirik? Şirkət 2015-ci ilin may ayının 1-də 100 manat kapitalla Bakı ş., S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115 ünvanında – "Azercon” ASC-yə bağlı olan şirkətlərin qeydiyyatdan keçdiyi mənzildə - dövlət qeydiyyatına alınıb. İlk direktoru İbrahim Kərim oğlu Cəfəri olub. Sonra onu Fuad Adil oğlu Məmmədov əvəz edib, onun yerinə isə indiki direktor – Azad Şəfi oğlu Qasımov gəlib. A.Qasımov "Yüksel Proje-Caspian” QSC-nin Müşahidə Şurasının dörd üzvündən biri olub. Oktyabr ayında o, yeni yaranmasına baxmayaraq, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə hərəkət edən "Nomad Express” konteyner qatarının 4 operatorundan biri təyin edilib.

Azərbaycanda yaradılan "Karvan Logistics” şirkətinin təsisçilərin kimliyi məlum deyil. Amma İngiltərə və Uelsin Şirkətlər Reyestri bu haqda müəyyən ehtimal irəli sürmək üçün əsaslar verir. Belə ki, 2015-ci ilin mart ayının 13-də Londonda, Velbek küçəsi, ev 7 ünvanında (7 Welbeck Street, London) "Karvan Logistics LLP” şirkəti qeydiyyata alınıb. Məhdud məsuliyyətli yoldaşlığı üç Azərbaycan vətəndaşı, artıq adları bizə tanış olan Vüsal Aslanov, Kamil Hüseynov və Yaşar Səmədov qurublar. Cavid Qurbanovun müşaviri vəzifəsində çalışan V. Aslanov 2016-cı ilin iyulunda prezident İlham Əliyevin sərəncamı ilə ADY-nin İH sədrinin müavini təyin olunduqdan sonra Britaniyadakı şirkətin ortaqlarını tərk edib. Onu Fuad Səfərov əvəz edib. Amma bunadək şirkət adını da dəyişmişdi. 2016-cı ilin iyun ayının 1-dən etibarən o, "ADY Express LLP” adlanır. Bakıdakı "Karvan Logistics” MMC isə "ADY Express” MMC adını həmin ilin fevralından daşıyır.

Yarandığı vaxtdan Londonda üç ünvan dəyişən "ADY Express LLP” hazırda Santa James's Square küçəsi, ev 11-12 ünvanında məskunlaşıb. Maliyyə sənədlərinə görə, yarandığı gündən 2016-cı ilin mart ayının 31-dək onun dövriyyəsi 23.243.121 ABŞ dolları təşkil edib. Bu dövrdə ortaqlar 995.832 dollar mənfəət qazanıblar. Növbəti maliyyə ilində "ADY Expresss LLP”-nin mənfəəti 1.623.816 dollar, 31.03.2017-31.03.2018-ci maliyyə ilində isə təxminən 1 milyon dollar azalaraq 627.956 dollar olub. Auditor hesabata verdiyi rəydə şübhəli məqamları da qeyd edib. O bildirib ki, yoxlama gedişində 31 mart 2017-ci il tarixinə alınacaq ($2.974.014) və ödəniləcək ($14.835.827) borclara dair məlumatları alternativ vasitələrlə təsdiq edə bilməyib. Auditor həm də əlaqəli tərəf kimi təqdim olunan "Azercon Holding Limited” şirkətindən alınacaq 13 milyon dollardan çox vəsaitə dair təsdiqedici sənədləri əldə edə bilməyib.

"ADY Express LLP” 31.03.2017-31.03.2018 il dövrü əhatə edən maliyyə ilində 34.470.511 dollar gəlir əldə edib. Bir il əvvəllə müqayisədə əldə olunan vəsait təqribən 16 faiz azalıb. Şirkət bu gəlirləri hansı ölkə ərazisində əldə etdiyi barədə hesabatında məlumat vermir.

C. Qurbanov ADY-ni Şəntürklərə necə borclu etdi

Elə buradaca yenidən ADY QSC-nin maliyyə hesabatlarına qayıdaq. Hesabatda yazılır ki, dövlət dəmir yolu şirkəti 2016-cı il, iyulun 19-da "Karvan Logistics LLP” və "Bayburt Group Construction” şirkətləri ilə 15.455.000 avro məbləğində üçtərəfli saziş imzalayıb. Müqavilənin məqsədi ADY 17 may 2016-cı il tarixli QDY QSC və "Karvan Logistics” LLP arasında faizsiz 10 illik "kredit müqaviləsi ilə bağlı iddia hüquqlarının köçürülməsi ilə bağlı münasibətlərin tənzimlənməsidır”. Yuxarıda qeyd etdildiyi kimi, "Karvan Logistics LLP” adının "ADY Express LLP”-yə dəyişdirilməsi barədə qərar İngiltərə və Uelsin Şirkətlər reyestrinə hələ iyun ayının 1-də rəsmən bəyan etmişdi. Bu baxımdan üçtərəfli müqavilənin altında "Karvan Logistics LLP” şirkətinin imzasının durması təəccüblüdür. Digər tərəfdən, kreditin alınması səbəbləri və onun Türkiyədəki Bayburt qrupu ilə nə kimi əlaqəsi olduğu da müəmmalı qalır.

"Karvan Logistics” MMC-nin keçmiş direktoru

"LV Caspian Limited” şirkətinin Azərbaycandakı filialının rəhbəri Fuad Məmmədovdur. Bir müddət "Karvan Logistics” MMC-nin direktoru olmuş F. Məmmədov Britaniya mənbələrinə görə, həm də "LV Caspian Limited” şirkətinin üç təsisçisindən biridir. 2014-cü ilin aprelində Londonda qurulan bu logistika şirkətində Niderland kapitalı ilə bu ölkədə yaradılan "LV Shipping Holdings Limited” şirkətinin 52% iştirak payı var. "Edelvveiss Logistics” MMC-nin direktoru Emil Eduard oğlu Xəlilov Britaniyadakı şirkəti 2015-ci ildə tərk edəndən sonra Fuad Məmmədovun "LV Caspian Limited” şirkətində payı 50%-ə yüksəliib. Bu şirkət yalnız Azərbaycanın nəqliyyat bazarında fəaliyyət göstərir. 2017-ci onun xidmətlərdən əldə etdiyi gəlir 9 milyon funta yaxın olub. İl ərzində şirkət 874,4 min funt xalis mənfəət qazanıb.

Cavid Qurbanov gələndən sonra böyüyən borc dəftəri

Maliyyə hesabatlarına əsasən, bu dövlət şirkətinin kredit borcu təkcə bir il ərzində 1.873.876.000 manatdan (31 dekabr 2016) 2.548.765.000 manata (31 dekabr 2017) qalxıb. Cavid Qurbanov 2015-ci ilin fevralında "Azərbaycan Dəmir Yolları” QSC-nin İH sədri təyin olunandan sonra ADY QSC aşağıdakı beynəlxalq və yerli təşkiatlarından kredit alıb:

"BNP Paribas (Suisse) S.A.”. Libor+3,75% şərtilə 180.000.000 ABŞ dolları (müqavilənin imzalanma tarixi – 2.09.2015),

"Credit Suisse AG”. Eurobor+1,15% şərtilə 73.735.000 avro (15.05.2015)

"Credit Suisse AG”. Eurobor+3% şərtilə 11.194.000 avro (15.05.2015)

"HSBC Bank Plc”. Euribor+1% şərtilə 389.404.000 avro məbləğində iki kredit xətti (14.04.2015)

"Ceska Sporitelna S.A”. Euribor+1,45% şərtilə 64.039.000 avro (25.02.2016)

"Cesloslovenska Obchodni S.A”. Euribor+1,45% şərtilə 82.000.000 avro (26.02.2016)

"Societe Generale”. Euribor+1% şərtilə 99.698.000 avro (30.03.2016)

"Kapital Bank” ASC. 4,6% şərtilə 136.579.000 ABŞ dolları (04.07.2017)

"Azərbaycan Beynəlxalq Bankı” ASC. 4% şərtilə 49.500.000 ABŞ dolları (18.07.2017)

10."Dəmir Bank” ASC (ləğvetmə prosesindədir). 14% şərtilə 7.500.000 ABŞ dolları (24.02.2015)

Bundan başqa, ADY QSC bu dövrdə Azərbaycan hökumətindən müxtəlif şərtlərlə (illik 0-1%) 49.739.000 avro, 213.000.000 ABŞ dolları və 344.000.000 manat borc götürüb. ADY, həmçinin, xarici şirkət olan "Transoil” MMC-nin ABB-dən 2014-cü ilin fevral ayında götürdüyü 15 milyon manat məbləğində kredit üzrə təminatçı qismində iştirak etdiyinə görə, bu borc üzrə 9.495.000 manat məbləğində ödəmə öhdəliyi açıqlanmayan səbəblərdən ADY QSC-nin üzərinə qoyulub.

Astarada taxıl terminalının ortaqları

ADY QSC-nin maliyyə hesabatında İran Astarası ərazisində 35 hektar ərazidə Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən yük terminalı barədə də məlumat verilir. 2016-cı ildə ADY bu terminalın idarə olunması məqsədilə "Astara Grain Terminal” MMC yaradıb. 100 manatlıq kapitalda 50 faizlik iştirak payı "Yaşa İnşaat” MMC-yə verilib. "Astara Taxıl Terminalı” MMC-nin hüquqi ünvanı Bakıda S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115, "Yaşa İnşaat" MMC-nin ünvanı isə Bakı ş., Atatürk pr., ev 65, mənzil 6-dır. Sonuncu ünvanda ADY QSC-nin rəsmisi Vüsal Aslanov qeydiyyatdadır. Şirkətin direktoru isə "Azercon Holding Limited”də çalışan Yaşar Səmədovdur.

ADY QSC terminalın tikintisinə 2017-ci ildə başlayıb. Vəsaiti Azərbaycan tərəfi qoymağına baxmayaraq, iki dövlət arasındakı razılaşmaya əsasən, terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib. 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.

Slovakiya: atalar və oğullar

Repaşskeho küçəsi, ev 18 Cavid Qurbanovun Bratislava şəhərindəki ünvanıdır. O, 2003-cü ildən Slovakiyanın Yinosadı şəhərindəki "Satex S.r.o” şirkətinin ortaqlarındandır . Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımov və onun həyat yoldaşı Marina Qasımovanın da payçı olduğu bu şirkətnin fəaliyyət sahələri əsasən topdansatış, yağ və alkoqolsuz içkilər istehsalıdır. Aktivi 117 min avrodan çox dəyərləndirilən şirkət son illər işini dayandırıb. 2018-ci ildə onun 687.000 avro borcu vardı .

Slovakiyanın Sladkoviçovo şəhərində 2004-cü ildən fəaliyyət göstərən Danubius Universitetinin səhmlərinin 95 faizi "Satex İnternational S.r.o.” şirkətinə məxsusdur. Nizamnamə kapitalı 15.000 avro olan bu ali təhsil ocağının aktivləri 2018-ci ilin sonunda 2,5 milyon avroya yaxın olub. Təhsil haqları və digər mənbələr üzrə "Vysok Skola Danubius s.r.o” şirkəti il ərzində 2,3 milyon avrodan çox gəlir əldə edib. "Satex İnternational S.r.o.” şirkətində payların 60% faizi Şəmşir Şəmşirlinin, 40% isə Cəlal Qasımovun mülkiyyətindədir. C. Qasımov həm də bu universitetin icraçı direktorudur.

Bu ölkənin Ticarət Reyestrinin məlumatlarına görə, Ş. Şəmşirli Vinosadı şəhərindəki "Satex İnternational S.r.o.” şirkətinin payçıları arasına 2006-cı ildə daxil olub. Ş. Şəmşirlinin Slovakiyadakı ünvanı Pezinok şəhəri, Yavorovo küçəsi, 5802/6-dır. Şirkətin 2017-ci ilə aid son açıqlamasında Ş. Şəmşirlinin dövlət qulluğunda çalışmadığı yazılır.

2015-ci ilin fevralında Bakıdakı məlum ünvanda (S.Ə. Şirvani küçəs, ev 1, mənil 115) "Satex İnternational” MMC təsis olunub. Ayaz Məmmədovun rəhbərlik etdiyi bu şirkətin ləğv edilməsinə 2018-ci ilin avqustundan başlanıb.

Adını ADY QSC-nin İdarə Heyətinin keçmiş müavini Arif Əsgərovun oğlanlarının (Elnar və Urfan) və Elvin Süleymanovun adlarının ilk iki hərfindən götürən, Satex şirkətləri ilə eyni ünvanı bölüşən (Vinosadı, Pezinska küçəsi, 185) "Elurel Trans E.r.o.” şirkətinin təsisçiləri 2018-ci ildə dəyişib. İndi payçıların arasında Hicran Valehov da var. H. Valehov Cavid Qurbanovun ADY QSC-dəki müavinlərindən biridir. 2003-cü ildən C. Qurbanovla çiyin-çiyinə işləyən H. Valehovun Pezinokdakı ünvanı (Yavorovo, 5803/8) Səmşir Şəmşirli ilə qonşuluqdadır.

Hazırladı: KƏNAN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA