Cavidin qəbir məzarını nişan verən aktyor

Cavidin qəbir məzarını nişan verən aktyor

Xalq artisti Ələkbər Seyfi

Ələkbər Seyfi. Bu ad Gəncədə teatr ictimaiyyətinə çox yaxşı tanışdır. O Ələkbər Ceyfi ki, məhz Gəncə Dövlət Dram teatrı üçün 19 illik sürgün həyatı yaşayıb. 19 il sürgündə.

1932-ci ilin dekabr ayının 15-də Bakı Türk İşçi teatrının yaradcı kollektivi bütövlükdə Gəncəyə köçürülür. O illərdə Gəncədə müstəqil teatr binası yox idi və yaradıcı kollektiv fəaliyyətini bir sıra mədəniyyət evlərində, klublarda davam etdirmək məcburiyyətində idi. 1930-cu illərdə Foreren qardaşları tərəfindən caxır anbarı üçün tikilən bir bina 1934-36-cı illərdə Gəncədə fəaliyyət göstərən Bakı Türk İşçi teatrı üçün rekonstruksiya olundu. Yaradıcı kollektiv 1936-cı ildə öz müstəqil teatr binasına köçürüldü. Əsl sınaq da məhz bundan sonra başladı. 1937-ci ilin ağır represiya küləyi Ələkbər Seyfinin də qapısını döydü. Sən demə çaxır anbarı üçün tikilən bina teatr üçün rekonstruksiya olunan zaman bünövrəyə Ələkbər Seyfi bomba qoyub və bomba partlayaçaq. Elə bu minvalla Seyfi əmi uzaq Sibirə sürgün edildi. Onun bu sürgün həyatı cətin olsa da taleyin bu qisməti ilə istəsə də istəməsə də barışmalı idi. Çünki 37-ci ilin represiya küləyindən çətinki canını qurtaran olaydı. O, bu ağrılı-acılı günləri 19 il yaşadı. 19 il bir insan taleyi, bir insan qisməti idi. 1956-cı ildə Ələkbər Seyfi uzaq Sibirdən sürgündən geri dönəndə Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi onu böyük coşqu ilə dəmiryolu vağzalında qarşıladı. Öz təmkinin pozmadan elə vaqzaldaca kollektivə verdiyi ilk sual da bu oldu. “Mən qoyduğum bomba partlayıbmı?” Ancaq düz 1937-ci ildən bu günə kimi 80 ildir ki, yaradıcı kollektivlə birgə elə Ələkbər Seyfinin narahat ruhu da bombanın hələ də partlamasını gözləyir. 1956-cı ildə uzaq Sibirdən qayıdan Ələkbər Seyfi sürgün günləri haqqında öz xatırələrində yazırdı: “Uzaq Sibirə sürgün olunmağımın bircə xoşbəxtliyi vardı. Böyük Hüseyn Cavid mənimlə eyni kamerada yatırdı. O əvəzsiz şəxsiyyət, böyük düha mənim qollarım arasında gözlərini əbədiyyətə yumdu.” Sürgündən gələn kimi böyük Hüseyn Cavidin uzaq Sibirdəki məzarının ilk kordinatlarını da o zamanlar Milli Təhlükəsizlik İdarəsinə təqdim edən də məhz Ələkbər Seyfi olubdur.

Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olub. “İttifaq” məktəbində təhsil alıb. Səhnədə ilk dəfə şagird vaxtı, 1914-cü ilin əvvəllərində Şəmsəddin Saminin “Gaveyi-ahəngər” (Dəmirçi Gavə) pyesinin tamaşasında Gavənin oğlu Bəhram obrazında çıxış edib. Bundan sonra məktəb tamaşalarında da kiçik rollar oynayıb. 1917-ci ildə “İbrət” dram dərnəyinə üzv yazılıb. Qeyd etmək lazımdır ki, o illərdə Tiflisdə bir neçə teatr cəmiyyəti fəaliyyət göstərirdi. Ələkbər Seyfi bu truppada hazırlanan bir sıra tamaşalarda, o cümlədən Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”da Hafizə xanım, Vano Mçedaşvilinin “Qaçaq Kərəm”də Feyzulla, Şəmsəddin Saminin “Gaveyi-ahəngər”də (Dəmirçi Gavə) Pərviz, Nəriman Nərimanovun “Nadir şah”da Rzaqulu xan, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin”də Mahmud bəy, Hüseyn Cavidin “Maral”da Cəmil bəy, Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan”da Vəli və Telli, İsa bəy Aşurbəyovun “Azərbay və Can”da Can, Cəlil Məmmədquluzadənin “Ölülər”də Müəllim, Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər”də Yetər obrazlarında maraqlı çıxışları ilə yaddaşlarda qalıb. Göründüyü kimi, Ələkbər Seyfi həmçinin səhnədə qadın rollarını da oynayıb. Təbii ki, bu da o illərdə mövcud vəziyyətlə bağlı idi.

Professor Abbas Hacıyevin Tiflis Azərbaycan teatrı ilə bağlı apardığı tədqiqatlardayazırdı: “1919-1920-ci illərdə “İbrət” dram cəmiyyətinin fəaliyyəti çoxcəhətli olub.Buna görə də Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Hüseynqulu Sarabski və Əbülfət Vəli dram cəmiyyətləri arasındakı ziddiyyət və narazılıqları nəzərə almır, “İttihad”la “İbrət”in gücündən, şəhərin istedadlı və təcrübəli artistlərindən eyni dərəcədə istifadə edirdilər. Bununla yanaşı, ümumi səyə, repertuar əlvanlığına baxmayaraq, “İbrət”in tamaşaları müasir tələb və ehtiyacı ödəyə bilmir, hətta cəmiyyət qadın rollarını kişilərə tapşırmağa məcbur olurdu. Lakin bütün bunlara baxmayaraq Ələkbər Seyfinin teatra, səhnəyə olan həvəs və məhəbbəti sönmədi. O, qadın rollarını da həvəslə oynayırdı”.

Hətta qeyd etmək lazımdır ki, o illərdə Ələkbər Seyfinin qadın obrazlarının mahir ifaçısı olaraq oyun tərzi bir çox tədqiqatçıların diqqət mərkəzində olub. Belə ki, Altay Məmmədov və Alp Ağamirovun “Ələkbər Seyfi” kitabında oxuyuruq: “1919-cu ilin fevralında “Pəri-cadu”da Hafizə xanım rolu Ələkbər Seyfiyə tapşırılır. Qabaqlar həmin tamaşada nökər Əmrah və təlxək rollarını olduqca müvəffəqiyyətlə ifa edən Ələkbər Seyfi əvvəlcə bu roldan boyun qaçırmağa çalışır, lakin yoldaşlarının təhriki ilə razılıq verir. Çox gərgin məşqlər gedir. Məşqlərin birinə xəlvəti baxan Əbdürrəhim bəy Haqverdiyev işdən sonra Ələkbər Seyfinin yoldaşlarına deyir:

- Ələkbərdən əla Hafizə xanım çıxacaq.

Ələkbər Seyfi böyük ədibin inamını doğruldur, bu zabitəli və qəddar qadının unudulmaz surətini böyük məharətlə yarada bilir”.

Qeyd etmək lazımdır ki, Əbdürrəhim bəy Haqverdiyev 1919-cu ildə bu iki cəmiyyəti və qrupları yəni “İttihad” və “İbrət”ibirləşdirərək, yaratdığı yeni teatr cəmiyyətinə gənc istedadları cəlb edə bilib. 1997-ci ildə Tbilisidə çapdan çıxan Şurəddin Məmmədlinin “İbrahim İsfahanlı” kitabında Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələrindən yazan müəllif qeyd edir ki; “Böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin Tiflisdə olmasından istifadə edən hər iki cəmiyyətin “İttihad” və “İbrət”in nümayəndələri Haqverdiyevlə görüşdülər, hər iki cəmiyyətin iclası oldu, həmin iclasda iki cəmiyyət birləşdi. Haqverdiyevin təklifi ilə cəmiyyəti idarə etmək üçün heyət seçildi. Heyətə Əlimirzə Nərimanov, İsmayıl Həqqi, Ələkbər Seyfi daxil edildilər. Həmin iclasda Mirzəli Abbasov, Nadir İbrahimov və mən rejissor vəzifəsinə irəli çəkildik”.

Tarixi faktlar deməyə əsas verir ki, 1921-ci ilədək truppa şəklində fəaliyyət göstərən Tiflis teatrı həmin il hökumətin qərarı ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrı statusu ilə fəaliyyətini davam etdirir. İbrahim İsfahanlı, Mirzəli Abbasov, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Əli Qurbanov, Möhsün Sənani, Panfiliya Tanailidi, Əbülfət Vəli və digərlərinin səhnə fəaliyyəti Tiflisdə teatr ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və bu teatr fədailəri ilə birlikdə Ələkbər Seyfi də dram teatrın ilk aktyorlarından olur. Ələkbər Seyfi 1922-ci ildən başlayaraq bu teatrda bir sıra maraqlı obrazlar yaradaraq, istedadlı aktyor kimi tanınmağa başlayıb. Bu illərdə o, teatrda “İblis”də Zabit, “Şeyx Sənan”da Şeyx Abuzər və Serqo, “Müfəttiş”də Pyotr İvanoviç, “Arşın mal alan”da Vəli, “Topal Teymur”da Cücə, “Hacı Qara”da Kərəməli, “O olmasın, bu olsun”da Hambal, “Yağışdan çıxdıq, yağmura düşdük”də Əşrəf bəy, “Sevil”də Əbdüləli bəy, “Ölülər”də Şeyx Əhməd və bir çox başqa rolları uğurla ifa edə bilib. Ələkbər Seyfi Tiflis Dövlət Azərbaycan Dram teatrında 1929-cu ilədək fəaliyyət göstərib. Böyük aktyor 1929-cu ildə Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə Bakı Türk İşçi Teatrına gəlib. O, burada əvvəlcə ədəbi hissə müdiri, direktor müavini, bir qədər sonra isə Bakı İşçi teatrının direktoru kimi fəaliyyət göstərib. Aktyor 1932-ci ildən isə fəaliyyətini Gəncədə davam etdirib.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli özünün “Gəncə teatrı” adlı kitabında Ələkbər Seyfinin səhnə fəaliyyəti haqqında yazır: “Romantik üslublu məhəbbət və qəhrəmanlıq faciələrində oynadığı rollarda da mənsub olduğu realist aktyor məktəbinin poetika göstəricilərinə sadiq qalıb. Aktyor bütün yaradıcılığı boyu bu istiqamətdə axtarışlarını və sınaqlarını davam etdirib.

İyirminci əsrin iyirminci və otuzuncu illərində psixoloji teatr ünsürlərindən cəsarətlə bəhrələnən ilkin aktyor sırasında adını çəkmək olar”.

Gəncədə çalışan xalq artisti Ələkbər Seyfi bir çox dəyərli, yadda qalan obrazlar qaleriyası yaratmağa müvəffəq olub. “Nadir şah”da Rzaqulu, “Hacı Qara”da Kərəməli, “Ölülər”də Məşədi Oruc, “Şeyx Sənan”da Şeyx Kəbir, “O olmasın, bu olsun”da Hambal, Həsənqulu bəy,“Arşın mal alan”da Vəli, “Müfəttiş”də Dobçinski, “Yanğın”da aqronom, “İncə”də Kərim, “Bahar”da Veysəl Mirzə, “Vicdan”da Abdulla, “Kələkbaz sevgili”də kapitan Bernardo və başqa rolları aktyorun müvəffəqiyyətlə yaratdığı obrazlar silsiləsinə daxildir.

Xalq artisti Ələkbər Seyfi özünəməxsus ustalıqla obrazların xarakterik cəhətlərini tapır, müəllif və rejissor fikrini bütün incəliklərinə kimi səhnədə hər an canlandırmağa nail olurdu. Bu baxımdan səciyyəvi nümunə olaraq onun rejissor, respublikanın əməkdar incəsənət xadimi Hüseyn Sultanovun quruluşunda Gilerma Fiqeyredonun “Tülkü və üzüm” pyesinin tamaşasında yaratdığı Ksanf obrazını xüsusi olaraq qeyd etmək kifayətdir. Tamaşaçı Ələkbər Seyfinin ifasında bu obrazın səhnədə canlı təcəssümünü görür, müstəmləkəçi imperialistlərin, pul hərisi olan milyon sahiblərinin çirkin əxlaq və mənəviyyatını nəzərlərində bir daha canlandırır. Hər zaman oyunundakı təbiilik, obrazı dərk etmə qabiliyyəti, aydın nitqi, səsindəki ahəngdarlıq, mimikalarındakı dərin məna, düşünülən hərəkətlər, Azərbaycan dilinin bütün incəliklərinə hərtərəfli bələd olmaq bütün bunlar bir görkəmli aktyor kimi səciyyələndirilməsinə əsas verərək bu gün də yaddaşlarda onu böyük bir sənətkar kimi yaşadır.

Qeyd etmək lazımdır ki, Ələkbər Seyfi dram və kino aktyoru, teatr təşkilatçısı kimi tanınıb, eyni zamanda, teatrşünas və tərcüməçi kimi də fəaliyyət göstərib. O, bir sıra səhnə əsərlərini Azərbaycan dilinə tərcümə edib. Aleksandr Tuqanovun 1923-1924-cü illərdə Tiflis Azərbaycan Dram teatrının baş rejissoru vəzifəsində işləyərkən hazırladığı uğurlu tamaşalardan olan F.Şillerin “Məkr və məhəbbət” pyesini Ələkbər Seyfi tərcümə edib. Onun tərcümə etdiyi üçpərdəli “Harun ər Rəşid” pyesinin də səhnə quruluşu Aleksandr Tuqanova məxsusdur. Tarixi məmbələrə istinadən qeyd etmək lazımdır ki, 1924-cü ilin aprelində Ş.Rustaveli adına teatrın binasında Ələkbər Seyfinin şərəfinə oynanılan bu tamaşada baş rollarda aktyorun özü və Panfiliya Tanailidini çıxış ediblər. O, sonralar Tiflis teatrında, habelə digər teatrlarda tamaşaya qoyulan “Qızılquşlar və qarğalar”, “İki yetim qız”, “İşarə”, “Morqanın qohumu”, R. Taqorun “Fəlakət”, Lope de Veqanın “Kələkbaz sevgilim”, Şillerin “Qaçaqlar”, G. Fiqeyredonun “Tülkü və üzüm”, A. Salinskinin “Təbilçi qız”, H. Muxtarovun “Şeytan nəsli”, M. Lavrovun “Sabahın xeyir”, B. Brextin “Üç qəpiklik opera”, E. Kaplinksayanın “Növbədə” və bir çox başqa pyesləri də Azərbaycan türkcəsinə müvəffəqiyyətlə tərcümə edə bilib.

O, 1920-ci illərdə Tiflisdə “Yeni fikir” qəzetində və “Dan yıldızı” jurnalında dərc olunan teatrla bağlı bir sıra məqalələrin də müəllifi məhz bu körkəmli aktyor Ələkbər Seyfidir.

1929-cu ilin əvvəllərində böyük sənətkarımız Abbasmirzə Şərifzadənin səhnə fəaliyyətinin 20 illiyi Tiflisdə də geniş qeyd edilib. Ələkbər Seyfinin bu münasibətlə yazdığı və həmin mətbuat orqanlarında dərc etdirdiyi “Türk səhnəsinin dəyərli aktyoru”, “Hamlet” və “Abbas Mirzə Şərifzadənin 20 illik yubileyi” məqalələri teatr tariximizin öyrənilməsi üçün bu gün də böyük əhəmiyyət kəsb edir.

Xalq artisti Ələkbər Seyfinin arxiv materiallarının icərisində maraqlı sənədlərdən biri də görkəmli teatr xadimləri ilə olan yazışmalarıdır. Onun yazışmaları arasında professor Əziz Şərif, xalq artisti A.Tuqanov, əməkdar artist Ə.Salahlı və onlarla görkəmli şəxsiyyətlərin səmimi məktubları diqqəti bu gün də daha çox cəlb edir. Həmin məktublarda həyata, sənətə ciddi münasibəti olan şəxslərin və eləcə də xüsusi olaraq Ələkbər Seyfinin arzu, istəkləri öz əksini tapıb. Bu məktublar arasında onun Əziz Şəriflə yazışması daha çox səmimidir. Əziz Şərif məktublarının birində Ələkbər Seyfiyə yazır: “Əzizim Seyfi, heç biləsən, kağızın məni nə qədər çox sevindirdi. Bəlkə daha çox ona görə ki, bu son iki ayın ərzində səni tez-tez xatırlayırdım. Bu vaxt mən Ə.Haqverdiyev haqqında müfəssəl xatirat yazır, onun mənə yazdığı məktublarını çapa hazırlayırdım. Bu ərəfədə gah Haqverdiyevin məktublarında, gah müxtəlif sənədlərdə, gah da öz gündəliyimdə hey sənin adına rast gəlirdim. Səni könlüm çox istəyirdi. Axı o vaxtdan sağ qalan ikicə bizik, bir də Rza Təhmasib. Qalanları Allahın rəhmətinə gedib, bizim yolumuzu gözləyirlər. Biz də üzü yamanlıq edib getmək istəmirik. İnşaallah, hələ çox gözləməli olacaqlar. Seyfi can, özünü qıvraq saxla, məni də unutma”.

Ələkbər Seyfi 1960-cı illərdə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Səhər”, “Qanun naminə”, “Mən ki gözəl deyildim” filmlərinə çəkilib, “Uşaqlığın son gecəsi” filmində yaratdığı İsmayıl obrazı ilə daha çox yaddaşlarda qalıb.

O, 1958-ci ildə respublikanın əməkdar artist, 1961-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Böyük sənətkar 1977-ci ildə Gəncədə vəfat edib.

Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, respublikanın xalq artisti Ələkbər Seyfinin yaşadığı binanın önündə Heydər Əliyev prospekti 301-309 ünvanında onun xatirəsini əbədiləşdirmək məqsədilə vurulan xatırə-baralyef lövhəsi bina təmir-rekonstruksiya olunan zaman götürülüb. Bu günə kimi də xatırə-baralyef lövhəsi əvvəlki yerinə vurulmayıb. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?

Bəlkə də elə biz, özümüzük!

Anar Burcəliyev,

Teatrşünas

Loading...

QALEREYA