Cəfakeş elm adamı - Bəybala Ələsgərov - 65

  • 2019-03-29 13:24:18
  • |

Cəfakeş elm adamı - Bəybala Ələsgərov - 65

İnsanlar dünyaya müxtəlif missiyaları yerinə yetirmək üçün gəlir. Ana təbiətdə hər gülün, hər çiçəyin öz ətri, öz rəngi olduğu kimi Yer üzünün əşrəfi sayılan insanlar da öz xarakterinə, öz zəkasına görə bir-birlərindən fərqlənirlər. Bəzən öz xarici görünüşü və davranışı ilə ətrafdakılardan heç nə ilə fərqlənməyən bir insan yeri gələndə elə qəhrəmanlıq edir ki, nəinki öz adını, ailəsini, hətta mənsub olduğu bir xalqı bütün dünyada tanıdır. Belə qəhrəmanlarla xalq həmişə fəxr edir və onların adını uca tutur. Lakin qəhrəmanlıq deyəndə yalnız əlinə silah alıb döyüş meydanında vuruşmağı təsəvvür etmək düzgün olmaz. Yaşadığımız çağdaş dövrdə soyuq müharibələrin, qanlı-qadalı döyüşlərin yerini artıq informasiya müharibəsi əvəz etməkdədir. Bu mənada indi əlinə qələm alıb xalqın istək və arzularını ifadə etmək, onun elm və mədəniyyətini təbliğ etmək, Azərbaycan həqiqətlərini dünya arenasına təqdim etmək özü bir qəhrəmanlıqdır. Nə yaxşı ki, zaman-zaman xalqımızın bu missiyanı çiyinlərində daşıyan ziyalı övladları olub və olacaqdır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşı olan yazıçı-publisist Bəybala Ələsgərov da öz qələmi ilə hünər meydanına atılan belə ziyalılardan biridir. Uzun illər respublika dövrü mətbuatından imzasını tanıdığım bu zəhmətkeş insanla bugün eyni mühitdə işləmək, onu şəxsən tanımaq mənim üçün həqiqətən qürurverici hissdir. Bəybala müəllimin sadə, təvazökar, zəhmətsevər, çalışqan olması onu ətrafdakılara sevdirən başlıca xüsisiyyətidir. İstər məqalərıni, istərsə də kitablarını mütaliə edərkən onun qədirşünas, vətənpərvər bir alim olması qənaətinə gəlirəm. Atalarımızın gözəl bir sözü var: “Zər qədrini zərgər bilər.” Bəybala müəllimin qəhrəmanları onun özü kimi həyatını xalqın maariflənməsinə həsr edən, öz əsərləri ilə oxucuların qəlbinə yol tapan, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin tanınmış simaları olan ziyalılarımızdır, həm də öz işinin vurğunu və bilicisi olan sadə peşə adamlarıdır.

Dialektikanın qanunudur: Təsadüfdən zərurət doğur. Bəzən insanın gələcək həyat yolunu, seçdiyi peşəni də təsadüflər müəyyən edir. Bəybala müəllimin Azərbaycanın canlı klassiki olan yazıçı Elçin haqqında kitablarını vərəqləyərkən istər-istəməz bir hadisəni xatırladım. Orta məktəbdə oxuduğum vaxtlarda mənim sadəlövh uşaq instinki ilə nağıl kitabı sanıb aldığım ilk kitab Elçinin “Bülbülün

nağılı” idi. Bu yaşıl üzlü nağlıldan da maraqlı kitab mənim ədəbiyyata, kitab dünyasına sevgi yolumda əslində yaşıl işıq oldu.

Bir məqamı vurğulamaq yerinə düşər ki, Bəybala müəllimin qəhrəmanları bizim hər birimizin sevdiyi yaradıcı insanlardır, o, sanki yazdığı kitablarla bu insanlara xalqın böyük məhəbbətini və ehtiramını ifadə etmək arzusundadır və nə yaxşı ki, bu arzusuna çata bilib.

Çağdaş dövrün böyük ziyalısı, akademik Nizami Cəfərova, eləcə də professorlardan Kamal Abdullayevə, Buludxan Xəlilova həsr etdiyi kitablar Bəybala müəllimin bir alim kimi elmə və elm adamlarına verdiyi yüksək dəyərin göstəricisidir.

Azərbaycanın gözəl təbiət mənzərələrini mahir fırçasıyla tablolara, oradan da ürəklərə köçürən unudulmaz rəssam Səttar Bəhlulzadə və görkəmli rejissor Şəmsi Bədəlbəyli haqqında kitab yazmaq Bəybala müəllimin incəsənətə olan sevgisindən xəbər verir.

İlk dəfə “Ağ qəm” kitabını oxuyandan sonra tanıyıb sevdiyim yazıçı Sədaqət Kərimova haqqında kitabla Bəybala müəllim öz el qızının yaradıcılığına səmimi münasibətini bəyan edir.

Həmmüəllifi olduğu “Qusarın şanlı övladları” kitabı Bəybala müəllimin doğulub böyüdüyü Vətən torpağına övladlıq borcunu ərmağan etməsi kimi qiymətləndirilməlidir. Mənə elə gəlir ki, Bəybala Ələsgərovun özünün adı təkcə Qusarın deyil, Azərbaycanın şanlı övladları siyahısında xüsusi mövqeyə layiqdir. Çünki zəngin həyat bioqrafiyası olan bu insan 1993-cü ildən Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Mərkəzinə üzv, 1996-cı ildən həqiqi üzv seçilmiş ilk azərbaycanlıdır. Çünki Bəybala müəllim ömrün ağsaqqal çağında belə gənclik enerjisi ilə hələ də öz yaradıcılıına davam edən, yorulmadan çalışan cəfakeş elm adamıdır. Belə şəxsiyyətləri əbəs yerə ziyalı adlandırmırlar, onların ziyası təkcə öz ətrafını deyil, bütün cəmiyyəti işıqlandırır, insanları yazıb-yaratmağa, gözəl işlər görməyə həvəsləndirir.

Nəcib insan, gözəl dost, xeyirxah əməl sahibi, yorulmaz tədqiqatçı, istedadlı qələm sahibi Bəybala müəllim, nə yaxşı ki, varsınız!

Tərlanə Əliyeva,

Azərbaycan Milli Kitabxanasının aparıcı kitabxanaçısı

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA