Cəlilabadda müəllimin döyülməsi ilə bağlı ŞOK İDDİA

Cəlilabadda müəllimin döyülməsi ilə bağlı ŞOK İDDİA

Müəllimin döyülmə səbəbi müəmma olaraq qalır, amma...

Təhsil Şöbəsindən bildirdilər ki, məsələ ilə bağlı heç bir məlumat verməyəcəklər və bizə polislə əlaqə saxlamağı məsləhət gördülər

Bu günlərdə ölkə mətbuatında 9-cu sinif şagirdi olan qıza sataşdığına görə döyüldüyü iddia edilən, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizovun video görüntüsü yayılmışdı. Həmin görüntülərdə qanına qəltan edilən məllimin qızın yaxınları tərəfindən döyülərək təhqir edildiyi və məsələ ilə bağlı təhsil şöbəsində araşdırma aparıldığı bildirilirdi.

Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib

Az sonra isə Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə mətbuata bildirdi ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də payon polis şöbəsinə ərizə ilə müraciət edərək, mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü söyləyib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb, hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Hadisəni törədən şəxslər peşman olduqlarını etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O.Mansurzadənin sözlərinə görə, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Bu zaman həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmanlıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub.

Həmçinin bildirildi ki, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

“Hürriyyət” in əldə etdiyi məlumat isə rəsmi açıqlamadan əsaslı surətdə fərqlənir

“Hürriyyət”in əldə etdiyi məlumat mətbuata açıqlanan variantdan əsaslı surətdə fərqlənir. Belə ki, bizə daxil olan məlumata görə, adıçəkilən məktəbin ibtidai sinif müəllimi Aqil Əzizov həmin məktəbin direktoru tərəfindən döydürülüb. Səbəb isə Aqil Əzizzovla uzun illər eyni məktəbdə çalışan həyat yoldaşı və həmkarının səbəbsiz yerə işdən kənarlaşdırılmasına etiraz etməsi olub.

Videodan göründüyü kimi, 60 nyaşlı müəllim çox ağır bədən xəsarətləri alıb, qan içində, halsız vəziyyətdə yerdə uzanıb

Özü də videodan göründüyü kimi, 60 yaşlı müəllim çox ağır bədən xəsarətləri alıb, qan içində, halsız vəziyyətdə yerdə uzanıb. Rəsmi məlumatda isə zərərçəkmişə yüngül zərər vurulduğu qeyd olunub.

Sözügedən ziddiyyətli məqamlara aydınlıq gətirmək üçün Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı orta məktəbinin direktoru ilə əlaqə saxlamağa cəhd etdik. Amma bütün cəhdlərimiz boşa çıxdı. Məlumat bürosunda məktəbin nömrəsi qeyd olunmadığından Cəlilabad Bələdiyyəsinə ( 025 24 7 74 17) zəng vurduq. Amma yenə də zənglərimizə cavab verən olmadı. Cəlilabad rayon Təhsil Şöbəsindən (0-2524) 5-52-05) isə bizə bildirdilər ki, adıçəkilən məktəbdə telefon yoxdur, direktorun telefon nömrəsini bilmirlər və ümumiyyətlə məsələ ilə bağlı heç bir məlumat verməyəcəklər, qısa və lakonik söhbətin sonunda bizə polislə əlaqə saxlamağı məsləhət gördülər.

Müəllimin döyülmə səbəbi müəmma olaraq qalır

Beləliklə, müəllimin döyülmə səbəbi müəmma olaraq qalır. Öz şəxsi kanallarımız vasitəsi ilə araşdırmamızı davam etdirəcəyik.

Ümid edirik ki, aidiyyati qurumlar əsl həqiqətin üzə çıxarılmasında və günahkarların cəzalandırılmasında ən azından bizim qədər maraqlıdır.

Hazırladı: İnci TÜRKEL, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA