Con Boltonun istefası ABŞ-a nə vəd edir? - POLİTOLOQDAN ŞƏRH

Con Boltonun istefası ABŞ-a nə vəd edir? - POLİTOLOQDAN ŞƏRH

Nəzakət Məmmədova: “Tramp “qırğılardan” mərhələli şəkildə xilas olmaq istəyir”

Xəbər verildiyimi kimi, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton iki gün öncə, gözlənilmədən Amerika prezidenti Donald Tramp tərəfindən istefaya göndərilib. Tramp Boltonun istefaya göndərməsinə səbəb kimi onunla fikirlərinin üst-üstə düşməməsini göstərib. Bolton isə Trampdan istefasını özünün istədiyini bəyan edib.

ABŞ mətbuatı tərəflər arasında fikir ayrılığının daha çox Əfqanıstan, İran, Rusiya və Venesuela məsələsində yaşandığı haqqında məlumat yayıb. Belə ki, Bolton vitse-prezident Mayk Penslə birgə Trampın Əfqanıstan Prezidenti Əşrəf Qəni və Taliban liderləri ilə ABŞ-dakı məxfi görüşünün təyin edilməsinə kəskin etiraz edib. Görüş isə Talibanın hücumundan sonra təxirə salınmışdı.

Bildirilir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Çarli Kupperman icra edəcək, yeni milli təhlükəsizlik müşavirinin adı gələn həftə açıqlanacaq.

“Tramp daha çox yumşaq xətt tərəfdarı olan prezidentdir”

Boltonun istefası ilə bağlı politoloq Nəzakət Məmmədova “Hürriyyət”ə dedi ki, bu, daha çox Pompeo ilə onun arasında baş verən qarşıdurmayla əsaslandırılır: “Yəni Boltonun komanda daxilində problemləri var. Amma məncə, bunu daha çox Trampın “qırğılar”a hücumu kimi başa düşmək olar. Amerikada sərt xətt tərəfdarları şərti olaraq “qırğılar”, yumşaq xətt tərəfdarları “şahinlər” adlanır. Bolton Amerikanın xarici siyasətində ən sərt xətt tərəfdarlarından, “qırğılar”ın öndə gedən nümayəndələrindən biri idi. Məncə, Tramp Boltonu Pompeo ilə münaqişəyə görə istefaya göndərməzdi. Tramp Rusiya ilə yaxınlaşandan və bir qədər öz mövqeyini möhkəmləndirəndən sonra öz gücünü Amerikada müəyyən qədər artırmağa nail olub. Məncə, o, artıq öz komandasında təmizləmə aparır. Çünki əvvəlcədən Trampın “qırğılar”la münasibəti yaxşı deyildi. Tramp daha çox yumşaq xətt tərəfdarı olan prezidentdir. Ona görə, xarici siyasətdə sərt xətt tərəfdarlarına qarşı çıxırdı. Amma sonra onlarla bacarmadı. Çünki guya, onlar Trampın Rusiya ilə əlaqələrini, seçkilərə təsirini aşkarladılar. Hətta prezidentə təzyiq göstərərək, onun impicmentinə çalışırdılar. Ona görə də Tramp onlarla müəyyən qədər yaxınlaşdı. Məncə, burada yəhudi lobbisinin də rolu oldu. Çünki Tramp Qüdsü tanımaqla yəhudi lobbisinin də dəstəyini aldı, onlarla müəyyən anlaşmaya getdi. Əks halda Trampın impiçment təhlükəsi vardı. İndi isə artıq növbəti prezidentlik dönəmi yaxınlaşır. Ola bilər ki, Tramp Rusiya ilə münasibətlərini qaydasına salandan sonra, artıq onda bir əminlik yaranıb və o, ikinci dönəmədə prezident olmaq üçün ətrafındakı “qırğılar”ın ona problem yaratdığını görür. Məncə, Tramp onlardan mərhələli şəkildə xilas olmaq istəyir”.

Картинки по запросу Con Bolton

““Qırğılar” Trampın öz hakimiyyətinə qarşı təhlükə törədirlər”

N.Məmmədovanın sözlərinə görə, Rusiya məsələsində Bolton, “qırğılar” Trampa qarşı çıxıblar: “Çünki Tramp Rusiyanın “Böyük yeddiliyə” qayıtmasını təşəbbüskarıydı. Bilirik ki, o, böyük müqavimətlə qarşılaşdı. Böyük ehtimalla qırğılar buna qarşı çıxıb. “Qırğılar” Dövlət Departamentində, Mərkəzi Kəşfiyyat İdarəsində, Konrqresdə və Pentaqonda da var. Ancaq onlar Ağ Evdə o qədər yoxdurlar. Çünki Prezident Administrasiyanın əməkdaşlarını prezident özü müəyyən edir. Ən çox Bolton Trampa müqavimət göstərib. Yəni Bolton həmişə Rusiyanın əleyhinə olan bir adam olub. Onun gəlib Cənubi Qafqaza müdaxilə etməsi, Rusiyaya qarşı olması aydın görünürdü. Son dövrlərdə Amerikanın Azərbaycanla Ermənistan arasında olan Dağlı Qarabağ münaqişəsində də Bolton fəallıq göstərirdi. O, post-Sovet məkanında və Cənubi Qafqazda sərt Amerika siyasəti tərəfdarıydı. Ona görə, Amerikada “qırğılar”a qarşı mübarizdə Putinlə Tramp müəyyən mənada razılaşa da bilərlər. Çünki “qırğılar” həm də Trampın öz hakimiyyətinə qarşı təhlükə törədirlər. Ona görə, onu istefaya göndərib. Aydın məsələdir ki, o, Trampla mövqeyini bölüşməyib. Tramp da fürsət tapan kimi ondan xilas olmağa çalışdı və buna nail oldu”.

“Çarli Kappermanı təhlükəsizlik müşaviri olması siyasi elita arasında gedən mübarizədən asılı olacaq”

“Çarli Kappermanı müvəqqəti təhlükəsizlik müşaviri qoyublarsa, demək şansı var ki, təhlükəsizlik müşaviri olsun. Amma hər halda, o, Amerikada siyasi elita arasında gedən mübarizədən asılı olacaq. Yəni Tramp tərəfdarları, “şahinlər”, yəhudi lobbisi, yoxsa qırğılar” qalib gələcək, ondan asılı olacaq. Biz onu indidən deyə bilmərik ki, Çarli Kappermanı təhlükəsizlik müşaviri olacaq. Bu, yalan olar. Yəni fala baxmaq kimi olar. Təbii ki, ola da, olmaya da bilər. Amma prezidentin ətrafında olan maraq qruplarından kim güclü olacaqsa, o da öz adamını ora yerləşdirəcək. Onu dəstəkləməsələr, başqa bir təyinat ola bilər”,-deyə politoloq əlavə etdi.

“Bolton Rusiyaya qarşı aqressiv bir münasibət sərgiləyib”

“Rusiyalı senator Aleksey Puşkov deyib ki, Boltonun gedişi diplomatiyanın ziyanından çox, xeyrinədir. Belə çıxır ki, Boltonun gedişinə Rusiya sevinir”,-dedikdə N. Məmmədova belə cavab verdi: “Mən bayaq da qeyd etdim ki, Bolton Amerikda Rusiyaya qarşı ən sərt tərəfdarlarından biridir. Həmişə Rusiyaya qarşı aqressiv bir münasibət sərgiləyib. Ümumiyyətlə, “qırğılar” təkcə Rusiyaya yox, Amerikanın dünyadakı hegemonluğuna qarşı dayana biləcək istənilən gücə, Çinə də, İrana da o cür münasibət sərgiləyirlər. Bu baxımdan, təbii ki, onun istefasına Rusiyada sevinirlər. Çünki nə qədər “qırğılar”ın Amerikanın xarici siyasətinə təsiri az olarsa, o qədər Amerika Rusiya ilə anlaşma şəratində olar. Sanskiyalara da onlar nail olmuşdular. Yaxın Şərqdə Rusiyanın, İranın, Türkiyənin marağını nəzərə almamağı tələb edirdilər. Yəni birbaşa Amerikanın hegemonluğunu tələb edirdilər. Axı, bu da Amerikanı, Tramın özünü də dünya ilə küsülü qoyur. Ona görə. “qırğılar”ın sayı nə qədər çox azalarsa, bu, Rusiyanın, İranın, Türkiyənin xeyrinədir ki, Amerikanın sərt siyasəti yumşala bilər, onlar da bir az rahat nəfər ala bilərlər”.

“Trampın bir “qırğı”dan xilas olub, başqa bir “qırğı”nı təyin etməsi məntiqli görünməz”

“Çarli Kappermanı təhlükəsizlik müşaviri olarsa, onun şəxsiyyətini araşdırmaq lazımdır ki, bu insan hansı xəttin tərəfdarıdır. Yəni bu şəxs Amerika xarici siyasətində “qırğılar”dandırmı, yoxsa “şahinlər”dəndəmi. Burada milliyyətin bir o qədər də önəmi yoxdur. Amma yəhudidirsə, o yevangelistlərin namizədi ola bilər. Ola bilər Trampın öz adamı olsun. Ola da bilər ki, o, heç “qırğılar”dan deyil. Çünki Trampın bir “qırğı”dan xilas olub, başqa bir “qırğı”nı təyin etməsi məntiqli görünməz. Çox ehtimal ki, bu, yumşaq xətt tərəfdarı olan bir şəxsdi. Onun təyinatından sonra araşdırıb, bu barədə geniş danışmaq olar. Amma ilkin olaraq o, yəhudidirsə, ola bilər ki, Trampa yaxın olan yumşaq xətt tərəfdarıdır. Amma yəhudi lobbisinin üzvü olmağına görə Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarı olmaya bilər. Baxır o, İsrail tərəfindənmi çıxış edəcək. Amma Tramp şəxsən özü Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır. Tramp bir çox məsələlərdə, o cümlədən PYD-nin silahsızlaşdırılması, Gülənin təhvil verilməsi məsələsində Ərdoğanla razılığa gəlmişdi. Yəni ki, Trampın özü bu məsələlərdə loyal mövqe tutan bir adamdı. O, yumşaq xətt tərəfdarıdırsa, Amerika ilə Türkiyənin münasibətləri yaxşılaşacaq, sərt xətt tərəfdarıdırsa, o zaman yox. Həm də bu, tək bir şəxsdən asılı deyil. Düzdür, təhlükəsizlik müşavirinin dəyişməsi müəyyən proseslərə təsir edir. Amma Türkiyə-Amerika münasibətlərində bir dönüş yaranıb. Bu, bir şəxsin iradəsindən asılı deyil, orada bir çox kompenentlərin önəmi var. Yəni Türkiyə-Ameika münasibətlərinin təzədən yaxşılaşması üçün bir çox şeylərdə dəyişiklik olmalıdı. Ola bilər Tramp elə bir adam gətirsin ki, Suriya məsələsində Türkiyə ilə yaxınlaşmağın tərəfdarı olsun. Çünki Amerikanın Suriyada Türkiyəyə ehtiyacı var. Yəni Amerikanın Rusiya və İrandan çox Türkiyə ilə yaxınlaşma şansı var və biz bunun əlamətlərini görürük. Baxaq, görək müşavir kim təyin olunacaq. Müşavirin dəyişməsi əsasən İran, Suriya, Rusiyaya görədir. Çox güman ki, bu Trampa loyal adamdır. O, Bolton kimi, Trampın əl-ayağına dolaşan biri olmaz ki, Tramp Yaxın Şərqdə, Suriyada öz planlarını yerinə yetirə bilsin”,-deyə politoloq qeyd etdi.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA