Cümhuriyyətin birinci xanımları - Foto

Cümhuriyyətin birinci xanımları - Foto

Dünən Azərbaycan Respublikasının seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin ömür-gün yoldaşı Həlimə xanım vəfat etdi. Həlimə xanım Elçibəyin prezidentliyi dönəmində də ön sırada olmadığına görə onun həyatı, xarakteri haqqında məlumat sahibi deyilik.

Birinci xanım institutu Cümhuriyyət dönəmində olmadığına, üstəlik həmin illərdə qadınlar siyasətdə aktiv yer almadığına görə o vaxtkı liderlərin həyat yoldaşları haqqında kifayət qədər yazılmayıb. Bu yazımızda Cümhuriyyəti elan edən Milli Şuranın rəisi kimi Məhəmmədəmin Rəsulzadənin və iki baş nazirin – Fətəli xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin həyat yoldaşlarından bəhs edəcəyik.

Fətəli xanın xanımı

N.Yaqublunun yazdığına görə, Cümhuriyyətin ilk baş naziri Fətəli xan Xoyskinin həyat yoldaşı milliyyətcə rus olan Yelizaveta Vasilyevna idi. O, İslamı qəbul edib. Fətəli xanın qohumları onu Ceyran adlandırıblar. Xoyskilərin üç övladı olub: qızı Tamara (1902-1990), oğlanları Murad (1910- 1973) və Ənvər (1914-1935). Övladların hər üçü Gəncədə doğulub. Tamara xanım bolşevik Mirzədavud Hüseynovla ailə qurub, amma övladları olmayıb. M.Hüseynov 1938-ci ildə güllələndikdən sonra Tamara xanım həbs edilib və o, 10 ilə qədər həbsxanada qalıb. Tamara xanım həbsdən sonra 90 yaşına qədər yaşayıb.

Tədqiqatçı-jurnalist Hafiz Əhmədovun araşdırmasına görə, Murad Xoyskinin qızı Tamara xanım hazırda Bakı məktəblərinin birində kimya müəllimi işləyir. Murad bəy qızına bacısının adını verib.

Nəsib bəyin birinci xanımı: Şəfiqə Qaspıralı

Cümhuriyyətin ikinci baş naziri Nəsib bəy iki dəfə ailə həyatı qurub. Onun ilk xanımı türk dünyasının böyük şəxsiyyəti İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanım olub. Şəfiqə xanım 1886-cı ilin 21 noyabrında Bağçasarayda doğulub. Anası Zöhrə xanım Akçuraoğulları nəslindən olub. Şəfiqə xanım atasının “Tərcüman” qəzetində yazı yazmaqla ictimai həyata qatılıb. “Tərcüman”da uğur qazanan Şəfiqə Qaspıralı bir neçə il sonra özünün rəhbəri olacağı bir dərgi çap etdirməyə başlayır. Bu ərəfədə isə onun həyatına gələcəkdə Azərbaycan Cümhuriyyətində önəmli rol oynayacaq bir şəxs daxil olur: Nəsib bəy Yusifbəyli

Nəsib bəy 1881-ci ildə Gəncədə anadan olub. Gəncə klassik gimnaziyasını bitirdikdən sonra – 1902-ci ildə Odessa Universitetinin Hüquq fakültəsinə daxil olur, burada azərbaycanlı tələbələrin “Həmyerlilər” təşkilatının rəhbərlərindən birinə çevrilir. Universitetdə baş verən iğtişaşlardan sonra Bağçasaraya gəlir, burada İsmayıl bəy Qaspıralı ilə tanış olur. Bir müddət burada qalan Nəsib bəylə Şəfiqə xanım arasında münasibət yaranır və Nəsib bəy geri qayıtdıqdan sonra onlar məktublaşmağa başlayır.

1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qurur. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur. Bu evlilikdən onların Zöhrə və Niyazi adlı iki övladı olur.

İsmayıl bəy Qaspıralının ölümündən sonra “Tərcüman”ın işlərini üzərinə götürməklə yanaşı, Şəfiqə xanım həmçinin ictimai-siyasi fəaliyyətini daha da yüksəldir. 1917-ci ilin aprelində Kazan şəhərində keçirilən Rusiya Müsəlman-Türk qadınları Konqresinə nümayəndə seçilir. Krımda “Qadın komitələri” təşkilatını yaradır. 1917-ci ilin may ayında isə Moskvada keçirilən Rusiya müsəlmanları Konqresində Krımı təmsil edir. Lakin Krımda yaranan ümumi ab-hava fonunda çar rejimi sərt tədbir görərək 1918-ci il fevralın 23-də “Tərcüman” qəzetini bağlayır, mətbəəni isə müsadirə edir.

Nəsib bəyin Eynülhəyat Baişova adlı başqa bir xanımla olan ikinci evliliyi Şəfiqə xanımın ondan ayrılmasına səbəb olur. Bu hadisə Nəsib bəyə çox pis təsir edir. Şəfiqə xanıma göndərdiyi məktubların birində yazır:

“Şəfi! Sənə çəkdirdiyim bu qədər iztirabı unutmağını istəməyə haqqım varmı? Hər halda haqlı olaraq məndən nifrət edirsən. Özüm barədə nə yazacağımı bilmirəm. Həyat məni layiq olmadığım mövqeyə yüksəldib. İndi Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Hər kəsdən hörmət görürəm. Amma xoşbəxt deyiləm. Uşaqları xatırladıqca, varımdan yox oluram. Yuxum ərşə çəkilib, rahatlığım itib. Hansımızın daha çox günah işlətdiyini bilmirəm. Bildiyim tək şey ortalıqda bir xətanın olmasıdır”.

1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır. Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım Cümhuriyyətə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Eyni zamanda dövri mətbuatda qadın azadlığı mövzusunda yazılarla çıxış edir.

Amma bu vəziyyət uzun sürmür. Cümhuriyyətin işğalından sonra – 1920-ci il mayın əvvəllərində Nəsib bəy Kürdəmir qəzasında müəmmalı şəkildə qətlə yetirilir. Şəfiqə Qaspıralı xatirələrində Nəsib bəydən aldığı son məlumatı bu cür qeyd edir:

“1920-ci il mayın ilk günlərində təbdili-qiyafət edərək, ata minib qərarlaşdırılan səmtə yollanan Nəsib Kürdəmir yaxınlığın- da yoxa çıxdı. Kürdəmirdən kiçik bir məktubunu aldım. Gətirən məndən, mən də ondan qorxa-qorxa açıb oxudum. Sağ-salamat gəlib Kürdəmirə çatdığını xəbər verir, Kürü keçmək üçün gözlədiyi- ni yazırdı. Ondan sonra nə bir səs, nə də bir nəfəs gəldi... Şəhadəti haqqında bir neçə rəvayət var. Biri Kür çayı sahilində Əyricə kəndi- nin sakinləri tərəfindən Bakı milyonçularından zənn edilərək öldü- rülməsidir. Bu rəvayəti burada mənə Qarxunlu Əşrəf adlı bir şəxs söyləmişdi. Başqa rəvayətə görə, yenə Kür sahilindəki bir kənddə, əvvəlcədən hazırlanmış evdə gecələyibmiş. Salla nəhrin qarşı tərəfinə keçməli imiş. Bərk tələsir, səbirsizlik göstərirmiş. Nəhayət, sal hazırlanmış, gecənin qaranlığında yola çıxmışlar. Amma çayın o biri sahilində dayananlar salı görməmişdi. Üçüncü rəvayət də cinayətin elə Qarxunlu Əşrəfin öz əli ilə törədilməsidir. Amma bunların hamısı, sadəcə, söz-söhbətdir. Yeganə doğru olan şey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında aldığım o kiçik məktubdur. Başqa bir xəbər də eşitmişəm. Guya, böyük qardaşı gedib o yerləri axtarıb, hətta məzarını da tapıb. Amma həmin məlumatın doğruluğu ilə bağlı şübhələrim çox böyükdür”.

Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, ona Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir. O, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Lakin bu prosesin uzun sürməyəcəyi aydın idi. TBMM-in Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə aparılır. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab nəşr etdirir.

1965-ci ildə Nəsib bəylə Şəfiqə xanımın övladı Niyazi bəy vəfat edir. 1975-ci ilin 31 avqustunda Şəfiqə xanım vəfat edir, sentyabrın 1-də Zincirliquyu məzarlığında dəfn edilir.

Nəsib bəyin ikinci xanımı: Eynülhəyat Yusifbəyli (Baişeva)

Eynülhəyat Yusifbəyova 1887-ci il mayın 30-da Rusiyanın Penza şəhərində doğulub. Qızlıq soyadı Baişeva olan Eynülhəyat mənşəcə Kazan tatarlarındandır.

Eynülhəyat xanım ümumi təhsilini Penza II qadın gimnaziyasında alıb, həmin gimnaziyanı 1905-cı il iyunun 11-də qızıl medalla bitirib. Bundan sonra Balaşov qadın gimnaziyasının əlavə VIII sinif kursunda təhsilini davam etdirib, həmin kursu 1906-cı il mayın 29-da bitirərək riyaziyyat üzrə ev mürəbbiyəsi vəzifəsinə hüquq əldə edib. 1909-1910-cu tədris ilində Petroqrad ali qadın kurslarının fizika-riyaziyyat bölməsinin sırf riyaziyyat və astronomiya üzrə elmi kurslarını uğurla bitirən Eynülhəyat xanıma bu təhsil ocağının professorlar şurası tərəfindən 1910-cu il oktyabrın 5-də şəhadətnamə verilib. Xarkov tədris dairəsi qəyyumunun 15 sentyabr tarixli 20120 №li təklifi ilə Eynülhəyat xanıma icazə verilib ki, 1910-cu il sentyabrın 1-dən etibarən müvəqqəti olaraq Saransk qadın gimnaziyasının yuxarı siniflərində riyaziyyat, hesab və fizikanın metodikası üzrə dərsləri tədris etsin.

1911-ci il noyabrın 30-da Xarkov tədris dairəsi qəyyumu tərəfindən Eynülhəyat Yusifbəyova yariyaziyyat fənni üzrə ev mürəbbiyəsi adının verildiyini təsdiq edən 27160 №li şəhadətnamə təqdim edilib. Qafqaz tədris idarəsi rəisinin 25 oktyabr 1912-ci il tarixli 24398№ li sərəncamlarına uyğun olaraq Eynulhəyat xanım 1912-ci il oktyabrın 20-dən etibarən Gəncə müqəddəs Nina qadın məktəbinə riyaziyyat və fizika müəlliməsi vəzifəsinə təyin edilərək Gəncə şəhərinə köçməli olub.

Eynülhəyat Baişeva 1916-cı il mayın 21-də Nəsib bəylə ailə həyatı qurub. Cümhuriyyət illərində o, təhsil sahəsində millətə xidmət göstərib. 1918-1920-ci illərdə Eynülhəyat xanım Bakıda Nina gimnaziyasında, Bakı realnı məktəbində riyaziyyat müəllimi işləyib və bir neçə ay Maarif Nazirliyinin inspektoru vəzifəsində çalışıb. 1921-ci ildən 1936-cı ilə kimi Bakı Dövlət Universitetində işləyib. 1921-1927-ci illərdə universitetin fəhlə fakültəsində dekan müavini və türk şöbəsinin müdiri, 1928-1936-cı illər ərzində isə ali riyaziyyat kafedrasının dosenti vəzifələrini yerinə yetirib. 1936-cı ildə işdən çıxarılan Eynülhəyat xanım həbs ediləcəyini bilərək gecə ikən gizli yolla Daşkəndə, bacısının yanına qaçıb. Bir müddət burada gizli yaşayan Eynülhəyat xanım sonra Daşkənd Maliyyə-İqtisad İnstitutunda müəllim işləyib. İşlərinin yaxşı getməsinə baxmayaraq, yenidən 1944-cü ildə Bakıya qayıdıb və Azərbaycan Qiyabi Pedaqoji İnstitutunda müəllimlik peşəsini davam etdirməyə başlayıb. İki il keçmir ki, yenidən təqiblərə məruz qalıb, işdən qovulub, bu dəfə Moskvaya gedib. Moskvada da təqibləri hiss etdiyi üçün Tatarıstana yollanıb. 1952-ci ildə yenidən Bakıya qayıdıb və üç il sonra Bakıda dünyasını dəyişib.

Nəsib bəylə Eynülhəyat xanımın Bəhriyyə adlı qızları olub, amma gənc yaşında dünyasını dəyişib.

Rəsulzadənin birinci xanımı – Ümmulbanu Rəsulzadə

Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadə əmisi Kərbəlayı Molla Əbdüləzizin qızı Ümmülbanu (?-1939) ilə ailə qurub və ondan 5 övladı olub: Lətifə (1912-1943), Rəsul (1914-6.3.1938), Xalidə (1916-1943) və Azər (1920-?) (bir övladları körpə ikən ölüb).

M.Rəsulzadə xaricə getdikdən sonra onun ailəsi hədsiz təqiblərə məruz qalıb. 6 noyabr 1937-də yoldaşı Ümmülbanu xanım, analığı Maral xanım, qızı Xalidə və oğlu Azər Qazaxıstana sürgün ediliblər. Maral xanım 1937-də, Ümmülbanu xanım 1939-da sürgündə dünyalarını dəyişiblər. Xalidə xanım 1943-də gizlicə Bakıya gəlib və üç ay sonra itkin düşüb. Lətifə xanım kökcə Lahıc kəndindən olan Damad bəydə ərdəydi. Firuzə, Eşvə (1933-1943) və Sona (3 yaşında ölüb) adlı qızları olub. 1941-ci ildə Lətifə xanım iki qızı ilə sürgünə göndərilib və 1943-də 10 yaşlı qızı Eşvə ilə birgə aclıqdan və soyuqdan ölüb. Onun əri Damad da 1941-də həbs edilib, başına nə gəldiyi indiyədək bəlli deyil.

Rəsulzadə mühacirətdə ikən dəfələrlə ailəsini yanına gətirməyə çalşıb. Təəssüf ki, buna icazə verilməyib. Ceyhun bəy Hacıbəyliyə yazdığı 19 iyul 1925-ci il tarixli məktubda bildirib: “Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, icazə istəmiş, verməmişlər. Daha artıq gözləmək lazım gəldiyini bildirmişlər. Buna görə də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə əl atıram”.

Rəsulzadənin ikinci xanımı – Leyla Rəsulzadə

N.Yaqublunun hazırladığı “Rəsulzadə Ensiklopediyası”nda belə bir qeyd var: “M.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” məzarıstanlığında dəfn edilib”.

2006-cı ildə çap olunmuş “Kebikeç” dərgisinin 22-ci sayında Bülent Danışoğlu adlı müəllifin məqaləsində Leyla xanım haqqında xatirələrə rast gəlirik. B.Danışoğlu yazısına belə başlayır: “Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona “madam” deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası “Leyli və Məcnun” əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cumhurbaşkanı Məhəmməd Əmin Rəsulzadə...”

Müəllif Leyla xanımın Rəsulzadə ilə böyük eşq yaşayaraq evləndiyini söylədiyini yazır. Rəsulzadədən öncə bir dəfə ailə həyatı qurub və boşanıb.

Vanda (Leyla) xanımla bağlı əlimizdə olan digər qaynaq isə “Azerbaycan” dərgisinin 1974-cü ildə çap olunan 210-cu sayındakı nekroloqdur. Həmin nekroloqda Leyla xanımın necə fədakar qadın olduğuna diqqət çəkilir:

“May ayının sonunda Məhəmmədəmin Rəsulzadənin mühacirətdəki həyat yoldaşı Leyla xanım da mədə qanamasından müalicə aldığı Ankara xəstəxanasında fani dünyaya vida etdi. Ömrünün 30 ilini xroniki şəkər xəstəliyi ilə mücadilə içində keçirən mərhum milli öndərimiz Rəsulzadə 1930-cu illərdə Varşavada mətbu fəaliyyəti zamanı bir tərəfdən düşmənin əsir türklərə qarşı davam etdirdikləri politik, ekonomik və mədəni basqı və sömürgəçiliyi sərt qələmi ilə cavablamaqla məşğul ikən, digər tərəfdən də içini gəmirən xəstəliklə mücadilə etmək məcburiyyətində qalırdı.

Şəkər xəstəliyinin başlıca müalicə üsulu hesab edilən pəhriz rejiminə sıx şəkildə əməl etmək gərəkli idi. Bu isə ancaq vəfalı bir həyat yoldaşının olması ilə mümkün idi. Ona görə də Əmin bəy xarici bir mühitdə polyak əsilli Leyla xanımı özünə həyat yoldaşı olaraq seçmişdi. Əmin bəy 1955-ci ilin martında həyata gözlərini qapadığı ana qədər vəfalı yoldaşı Leyla xanım istər nisbi sağlığında, istərsə də xəstəliyinin kriz vaxtlarında başı ucundan bir an belə ayrılmayıb, sevə-sevə, hər cür məşəqqətlərə qatlanaraq bir xəstə baxıcısı kimi qulluq etmişdir. Bütün bunları edərkən, Leyla xanım sadəcə bir həyat yoldaşı kimi deyil, eyni zamanda Əmin bəyin böyüklüyünü və müştərək düşmənə qarşı mücadilədə güclü şəxsiyyətini nəzərə alıb hərəkət edirdi. Buna görədir ki, Əmin bəyi sevən hər kəs Leyla xanıma da ürəkdən sayğı duyur, təqdir edərdi. Ruhu şad olsun”.

Leyla xanımın məzar yerini jurnalist Könül Şamilqızı aşkar edib.

Dilqəm ƏHMƏD

Qaynaq:

  1. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları. Bakı, 2018
  2. Aliyeva Çınar Minara. Nesip Yusufbeyliden Şefika Gaspıralıya Mektuplar. İstanbul, 2018
  3. Hablemitoğlu Şengül, Hablemitoğlu Necip. Şefika Gaspıralı ve Rusya’da Türk Kadın Hareketi (1893-1920). Ankara, 1998
  4. Rafiq Səfərov. Cümhuriyyətin maarifpərvər xanımı Eynülhəyat Yusifbəyli.
  5. Qərənfil Dünyaminqızı. Nəsib bəyin gizli sevgisi.
  6. Nəsiman Yaqublu. Rəsulzadə Ensiklopediyası. Bakı, 2013
  7. Ədalət Tahirzadə. Məhəmmədəmin Rəsulzadənin soyağacı.\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz