Darvazanı aç, Xəzərə keç - dənizin hasar problemi həll edilmir

  • 2019-05-21 10:43:24
  • |
  • Sosial /

Darvazanı aç, Xəzərə keç - dənizin hasar problemi həll edilmir

Xəzər daş hasarlar arasında...

Dəniz mövsümü başlayır, amma Xəzərin sahilboyu 20-50 metrlik mühafizə zolağı hələ də məmur-oliqarxların “işğalı” altındadır

Çimərlik mövsümü yaxınlaşdıqca, dənizin hasarlanması problemi də gündəmə gəlir. Xəzər sahilində oliqarxların hasarları kilometrlərdir. Dənizə darvazalar qoyulub. Ötən ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında tarixi sənəd imzalandı. Sənədə əsasən, su hövzəsi adlandırılan Xəzər Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran və Rusiya arasında bölündü.

SSRİ-nin dağılmasından sonra Xəzərin bölünməsi bütün 5 sahilyanı ölkənin münasibətlərində problemə çevrilmişdi və artıq problem yoxdur. Xəzərin Abşeron sahillərində təxminən eyni yaşlı problem – hasarlar isə qalmaqdadır. Abşeronun böyük hissəsində dənizə çıxış sadəcə yoxdur. Pulu, vəzifəsi, imkanı olanlar dəniz sahilinə daş töküb hasarlayıblar. Sadə vətəndaşların dənizə, dəniz çimərliklərinə çıxışı yoxdur.

Dənizə darvaza qoyanlardan biri də vəfat etmiş nazirlərdən biri idi. Türkanda dəniz sahili boyunca bir neçə kilometrlik ərazini hasarlamış, sakinləri dəniz üzünə həsrət qoymuşdu. O dövrdə nazirin əməlindən şikayətçilərdən biri də dənizə həsrət qalan 72 yaşlı Vladimir Viktoroviç Kudelin idi. Onun 2014-cü ilin yayında “Yeni Müsavat” əməkdaşına söylədiyi bu fikirlər bu gün də aktualdır.

Sitat: “Biz dövrün xoşbəxt adamları idik. Ər-arvad çimərlik paltarında dənizə gedirdik. İndi yaşlaşmışam, gözlərim tutulub, infarkt keçirmişəm. Bu səbəbdən də mənə dəniz vannası daha çox lazımdır. İndi də gəlib yolumuzu bağlayıblar. Pis bilirsiz nədir? Bu adamları hökumət görmək istəmir. O adamlar ki, bu işi görürlər heç yaxşı adamlar deyil. Axı bu dünyanın malını özünüzlə aparmayacaqsız. Onlar bu hasarı çəkməklə burada yaşayanları mənim kimi kor qoydular. Siz yüksək vəzifəli ola bilərsiz. Acgöz olmayın! Bir parça torpaq qoyun da bu camaat da getsin dənizə. Villa tik, imarət tik, malikanə tik... Biz prokurorluq deyilik ki, səndən hansı pula tikdiyinin hesabını soraq. Amma adam ol da, yolu kəsmə. Bu yolu mən şəxsən düzəltmişəm. Onu da götürüb hasar çəkirsən. Allahdan qorxun, övladlarınıza bu qədər insanın lənətini qazandırmayın”.

Kudelinlə Türkandakı bağ sahəsində görüşümüz zamanı o, ötən xoşbəxt günlərini belə xatırlayırdı: “Biz Aleksandra İvanovna ilə “Kimyaneftmaş”da işləmişik. Mən 46, həyat yoldaşım orada 40 ilə yaxın çalışıb. 66-cı ilin fevralında bizə buranı bağ sahəsi kimi vermişdilər. O dövrdə buralar çöllük idi. Canavar, çaqqal, dovşan dolu idi. İndi ancaq çaqqallar qalıb... O dövrdə telefon, yol yox idi. İndi bunlar var. Dünyanın o başında olandan bu başında xəbər tuturuq. Axı necə ola bilər ki, bu qədər insanın yolunu bağlayasan, sənin bəd əməlini də heç kim görməsin?”

Abşeron sahillərinin xalq üçün çatımlılıq problemi hər yay beləcə ən kəskin şəkildə ortaya çıxır. Boş qalmalı olan sahil zolağı bitib-tükənməyən uzun hasarlar və iri, dəbdəbəli darvazalarla faktiki olaraq “işğalındadır”. Xüsusilə Bakı şəhərinin ənənəvi çimərlik zonaları tamamilə tutulub. Problemin aradan qaldırılması üçün qanunlara edilən saysız-hesabsız dəyişikliklər də vəziyyətə təsir eləmir. 2018-ci il iyulun ortasında məsələ bir daha qabarıq şəkildə gündəmə gəlmişdi. Əmlak Məsələləri Dövlət Komitəsinin monitorinqləri zamanı bir daha təsdiq olunmuşdu ki, Xəzərin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələri zəbt olunub. Sahilyanı ərazilərin zəbti ilə bağlı çoxsaylı cinayət əməlləri aşkar edildi, cinayət işləri başlanıldı. Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində böyük qanunsuzluqlara yol verilməsi bir daha təsdiqini tapdı. Amma vəziyyət dəyişməz qalıb. Xəzərin sahilboyu 20-50 metrlik mühafizə zolağı məmur-oliqarxların “işğalı” altındadır. Təcili tədbirlər görülməsi, Azərbaycan vətəndaşlarının 99 faizi 2019-cu ilin yayını da dəniz həsrəti ilə başa vurmalı olacaq.../musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA