Daşlarda olan heykəltəraş ömrü

Daşlarda olan heykəltəraş ömrü

Hərdən olur ki, yolum rəsm qaleriyasından düşür. Burada olan işlərə baxdıqca düşünürəm. Sanki bütün bu gözəllikləri heç insan deyiləcək bir məvhum yaratmamış. Sanki uca yaradanın bir möcüzəsi bu tabloların bilavasitə yaranmasına səbəb ola bilib. Deyim ki, hətta incəsənətin hər hansı bir sahəsində süjet və üslub cəhətdən səciyyəvi olan əsərlərin növündən asılı olaraq roman, epik və ya məişət mövzusunda çəkilən hər hansı bir şəkil, nümayiş etdirilən əsərlər sırasında janr və mövzu etibarilə daha çox rəngarəngliyi ilə insanı düşünməyə vadar edir. Məlum bir həqiqətdir ki, incəsənət əsərləri müxtəlif janrlara bölünür. Bunların arasında tematik tablo mühüm yer tutur. Bu janrda mövzu əsasən dini rəvayətlərdən, yaxud tarixi hadisələrdən və eləcə də məişət səhnələrindən götürülür. Adətən tarixi janrda işləyən rəssamlar ya yunan və ya Qədim Şərq rəvayətlərini, ya dini mövzuları, ya da qədim eləcə də müasir tarixi hadisələri əks etdirməklə bəzən qəhrəmanını ümumiləşdirərək bir obraz şəklində verməklə izdiham içərisində, böyük xalq kütlələri arasında olan surətini yaradır.Müasir dövrümüzdə məişət janrı bu kimi sənətkarların konkret müşahidələrinə əsaslanır. Belə əsərlərdə adətən onlar qəhrəmanlarının yaşayış tərzi və gündəlik həyatı haqqında daha ətraflı məlumatlar verirlər. Portret janrında işləyən rəssamlar isə çəkdikləri əsərlərində konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə daha çox riayət edirlər. Bu zaman isə əsl istedadlı rəssam konkret şəxsin təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışırlar.

Bu sənət növlərinin içərisində daha maraqlı xüsusiyyətlərə malik olanı isə deyərdim ki, heykəltəraşlıqdır. Tarixi faktlara əsaslansaq heykəltəraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur. Monumental, Dekorativ və Dəzgah heykəltəraşlığı. Qədim Gəncəmin daha da gözəl görünməsində isə heykəltəraşlığın xüsusi bir əhəmiyyəti var. Hər dəfə Heydər Əliyev prospektində yerləşən Elm Mərkəzinin qarşısından keçərkən burada cəmlənən bir neçə tarixi şəxsiyyətlərin heykəlləri xüsusi olaraq diqqətimi cəlb edirdi. Hər dəfə də bu heykəllərə baxarkən onları yaradan heykəltəraşın kim olduğunu öyrənmək marağında idim. Xüsusi ilə Şah İsmayıl Xətainin heykəlinin quruluşu və müəllif ideyası daha çox diqqətimi cəlb edirdi. Bu heykələ baxarkən xüsusi olaraq Şah İsmayıl Xətainin sifət cizgilərində olan hökümranlıq bununla yanaşı sağ əlinin hər zaman qılıncında daha əzimkarlıqla vuruşmaq duyumu və həmçinin həmin əlinin şəhadət barmağının isə elmə, ədəbiyyata və daha çox şair qəlbli bir şəxsiyyət olaraq canlandırılması diqqətimdən kənarda qalmırdı. Elə bu marağın izi ilə sizə söhbət açmaq istədiyim heykəltəraş-rəssam isə deyərdim ki, tamam fərqli bir simadır. Hətta onun əsərlərində yaradılan hər bir qəhrəmanı daxili aləmindən süzülüb gələn istedadının və barmaqlarının həssaslığı ilə ərsəyə gələn sənət nümunələridir. Bu nümunələrə baxdıqca və yaradıcılığına baş vurduqca addımlarının heç də asan olmadığı, sənətin ağrılı-acılı anlarını daha çox yaşaya-yaşaya, ancaq böyük şövqlə yaradıldığının şahidi olursan. Əsərlərinə baxdıqca isə bədii formasının tərkib hissəsi insanı bir anlıq onun təsvir vasitələrinin nədən ibarət olduğunu düşünməyə vadar edir. Onun heykəltəraşlığı isə təsviri incəsənətin geniş yayılmış bir sahəsi, həyat hadisələrini bədii obrazlar vasitəsi ilə əks etdirən sənət növü olaraq daha səciyyəvidir.

Cəmaləddin Hamlet oğlu Rüstəmov 2 mart 1961-ci ildə Gəncədə anadan olub. Orta məktəbi Gəncədə 16 saylı tam orta məktəbdə səkkiz illik olaraq tamamlayıb. Daha sonra 1976-cı ildə Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikomunun rəsm müəllimi ixtisası üzrə daxil olub və 1980-ci ildə həmin ixtisası bitirib. 1980-1982-ci illərdə Qazaxıstan Respublikasına həqiqi hərbi xidmətə yollanıb və burada da rəssamlıq qabiliyyəti xüsusi olaraq köməyinə çatıb. Belə ki, bölüyün rəssamı olaraq hər kəsin hörmətini qazana bilib. Vətənə qayıtdıqdan sonra yenə də öz ixtisası üzrə rəssam olaraq fəaliyyətini davam etdirmək istəyib. Ancaq buna baxmayaraq heykəltəraşlığa da xüsusi önəm və diqqət verdiyindən bu istiqamətdə daha çox inkişaf etmək niyyətində olub. Qeyd edim ki, heykəltəraşlığa olan həvəsi mərhum əmisi, Gəncəmizin sayılıb-seçilən heykəltəraşlarından biri olan Məşdi Rüstəmov tərəfindən qaynaqlanıb. Məhz onun bir heykəltəraş olaraq püxtələşməsində əmisinin xüsusi rolu vardı. Belə ki, onun təkidi ilə Leninqrad Rəssamlıq Akademiyasına hazırlaşan Cəmaləddin Rüstəmov 1984-cü ildə sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəssam-heykəltəraşlıq” fakültəsinə verib və altı il burada təhsil alıb. Tələbəlik illərini xatırlayan Cəmaləddin Rüstəmov bu gün xatirələrini söyləyərkən deyir: “İncəsənət İnstitutuna qəbul olunmağım mənim həyata baxış nöqtəmi dəyişə bildi. Bu gün də müəllimlərimə minnətdaram. Xüsusi olaraq Zeynalabdin İsgəndərovu bu gün də böyük hörmət və ehtiramla xatırlayıram. Bu şəxsin mənim bir rəssam və heykəltəraş olaraq püxtələşməyimdə xüsusi əhəmiyyəti var. Yaxşı xatırlayıram. Dərs prosesində dəfələrlə olub yaxamdan tutub ki, “Ala, gəncəli işlə də”. Heç unuda bilmirəm. Əslində biz steklə (taxdadan olan alətin adı – A.B.) işləməli idik. Amma mən onsuz işləyirdim. Çalışırdım ki, hər zaman əlimlə işləyib, formaları hiss edə bilim. Hətta mənə deyilmişdi ki, Zeynalabdin müəllim steqlə işləməyi sevmir. Bu gün məhz bu müəllimimin mənə verdiyi yüksək təhsilin nəticəsidir ki, sənətdə öz sözümü deyə bilirəm”.

Bu gün heykəltəraş Cəmaləddin Rüstəmovun göründüyü bütün işlərdə sifət cizgisinin, onun mimkasının və hər hansı bir etapın dəqiq formada verilməsi daha dolğun eləcə də baxışların heykəllərə köçürülməsi donmuş simaların aydın şəkildə obrazlı xüsusiyyətlərilə sezilməkdədir. Heykəltəraş bu haqda deyir: “Çalışdığım qədər hər hansı bir işdə az da olsa daxili aləmi göstərmək istəyirəm. O zaman obrazlı bir formanı almaq mənim üçün daha rahat olur”.

Adətən deyirlər rəssam-heykəltəraşın iki gözü deyil, üç gözü var. Üçüncü göz onun daxilindədir. O bu gözlə yaratmaq istədiyi hər hansı bir personajı daha yaxşı görür və duyur. Bununla da o, surəti daha qabarıq bir formada görməyə müvəffəq ola bilir. Bəlkə də məcazi mənada deyilən üçüncü göz daxildə deyil elə barmaqlarındadır. Çünki heykəltəraş yaratdığı donmuş simalarda barmaqları ilə sifət cizgilərinin dolğun və dəqiqliklə işlənməsinə çalışmaqla onu daha çox hiss edə bilir. Onun fikrincə isə daxildə olan duyma və görmə qabiliyyətinə malik olan üçüncü göz mütləqdir. “Daxili boş olan insan inanın ki, heç nə edə bilməz. Bir qədər də bu sənətdə olan insanda az da olsa vicdan olmalıdır. Bu da əsas şərtdir. Çünki vicdan deyilən bir anlam hər bir dövrdə, hər bir vəziyyətdə özünü göstərə bilir. Rəssam-heykəltəraşda qorxaqlıq olmamalıdır. Bir var rəssam, bir də var ki, şəkil çəkən. Bunlar tamamilə fərqli şəxslərdir. Əslində rəssam-heykəltəraşın daxili aləmi olmasa hər hansı bir əsəri ərsəyə gətirə bilməz. Sənətin mahiyyətini isə açıb göstərmək hər bir rəssam-heykəltəraşa qismət olmur. Burada rəssam-heykəltəraşın şüuru və daxili eynilik təşkil etməyi bacarmalıdır. Bu sənətin incəliklərini duymaq nə böyük bir xoşbəxtlikdir. Bir də bu sahəyə hər zaman xüsusi diqqət və qayğı olmalıdır. Əsil sənətkar madiyyat tərəflərini düşünməməlidir”.

Bu fikirdən bir daha belə qənaətə gəlmək mümkündür ki, sözün əsl mənasında sənətkar həm də yaratdığı hər hansı bir işdə öz duyğularını və hisslərini görməyincə onun üzərində var-gər etməklə, onu bir neçə dəfə pozaraq yenidən işləməlidir. Bu zaman lazım olan formanın tapılması sənətkar üçün daha rahat olur. Hansı janrda işləmək daha rahatdır sualına isə Cəmaləddin Rüstəmov cavab verir: “Portret janrında işləmək mənim üçün önəmlidir. Portretin özündə insanın özünəxas duyğu və düşüncələri var. İnsan duyğularını anında vermək mənim üçün daha maraqlı olur. Bax, o anı tutmaq mənim üçün daha önəmlidir. Bununla yanaşı həm də tarixi janrlara da marağım var”.

Elə bu anda maraqlı tarixi bir məqama da toxunmaq yerinə düşər. 1990-cı illərə təsadüf edən respublikamızda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin ilk qurucusu olan Məmmədəmin Rəsulzadənin Gəncədə büstünün hazırlanması prosesidə Cəmaləddin Rüstəmovun adı ilə bağlıdır. Məhz bu büstün müəlliflərindən biri də odur. “Gəncədə 1990-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı olan Məmmədəmin Rəsulzadənin ilk dəfə olaraq büstünün hazırlanması böyük bir məsuliyyət demək idi. Məlum hadisələrdən və qanlı 20 yanvar faciəsindən sonra mənfur erməni generalı Baqramyanın heykəli vardı dəmiryolu vağzalının parkında. Qərara gəldik ki, onu dağıdaq. Belə də oldu. Sonradan həmin yerdə Məmmədəmin Rəsulzadənin heykəlinin qoyulmasına qərar verildi. O illərdə təsəvvür edin ki, Məhəmmədəmin Rəsulzadənin şəklini belə tapa bilmirdik. 1990-cı ilin noyabr, dekabr ayları idi. Hansısa bir qəzetdən balaca bir ölçüdə şəklini tapa bildik. Həmin şəklin əsasında mən eskiz etdim. Bəyənildi. Mən, Asəf Həsənov və Qurban Qurbanov bu büstü hazırlamalı olduq. Sonra o dövrlərdə bir qədər maliyyə problemləri ilə üzləşsəkdə ancaq 1991-ci ilin aprel ayında büstün açılmasına nail ola bildik”.

Bütün bunlarla yanaşı sənətkarın çətin anları daha çox olub. Yaradıcılığına süni maneələr yaradılıb. Hətta son yeddi ildə emalatxanası belə əlindən alınıb. Fəaliyyət göstərməsi üçün heç bir şərait yaradılmayıb. Buna baxmayaraq heç də büdrəməyib, əksinə daha da əzimkarlıqla işləmək, fəaliyyət göstərmək üçün bütün imkanlardan istifadə edib. “Bu yol çətin bir yoldur. Əslində sənətkar ömrü şərəfli bir ömürdür. Bu kimi insanların dünyaya gəlməsi Allahın böyük bir lütfü və qismətidir. Çətində olsa insanlara sənətimlə, yaradıcılığımla xüsusi bir zövqü aşılamağa çalışıram. Çalışdığım qədər psixoloji anları daha çox qabarıq bir formada göstərmək istəyirəm. Rəssam-heykəltəraş üçün emalatxananın olması əsas şərtdir. Ancaq təəssüf olsun ki, bütün cəhdlərimizə baxmayaraq emalatxanamız əlimizindən alındı. Mirzə Abbas Abbaszadə küçəsində yerləşirdi. 1979-cu ildə bu emalatxananı bizə Həsən Həsənov vermişdi. Orada mən həm də tək deyildim. On beş emalatxana vardı. Ancaq təəssüf ki, bu gün həmin yer əlimizdən alınıb mülki şəxslərə son yeddi il ərzində satıldı. Təəssüf ki, belə oldu”.

Bu gün heykəltəraş-rəssam Cəmaləddin Rüstəmov böyük ürək ağrısı ilə son illərdə Gəncədə qoyulan heykəllərin nə etnoqrafik nə də ki, tarixi cəhətdən eləcə də insan psixologiyasına uyğun olmadığını qeyd edir. “Gedin Cavad xan küçəsində qoyulan qoca kişi və qadın olan heykələ bir diqqətlə baxın. Bizim kişiləri ayağında qaloş və əynində nimdaş bir kastyumla zəif və xəstə ruhlu, beli bükülmüş bir halda təqdim olunmasını qəbul edə bilmirəm. Bu heykəllərin heç birində Azərbaycan, Türk, müsəlman aristokratlığı göstərilə bilməyib. Bu kimi xəstə ruhlu heykəlləri ictimailəşdirməklə nəyi təbliğ etmək istəyirik? Təəssüflə qeyd edim ki, hətta bu kimi heykəllərdə azərbaycanlılara xas olan sifət cizgilərini də görmək mümkün deyil”.

Bu arada heykəltəraşın arzuları da az deyil. Belə ki, Gəncədə dekorativ heykəltəraşlığı təbliğ edə biləcək müasir bir parkın yaranmasına ehtiyac olduğunu söyləyir. Bununla da biz mədəniyyətimizi şəhərimizə gələn qonaqlara və eləcə gəncliyimizə daha yüksək səviyyədə təbliğ etmiş olarıq-deyir. “Hətta bura tarixi-etnoqrafik qazıntılar zaman çıxan tapıntıları da əlavə etmək mümkündür. Bu təqdimat da üç dildə təqdim oluna bilər. Yetər ki, arzu və istək olsun”.

Heykəltəraş yaxşı bilir ki, yaratdığı hər bir sifət cizgiləri ikiqat obrazdır. Hər bir obrazı yaradan sənətkarın özündə belə bəzi nəsnələr mövcuddur. Bunlar ilk baxışda adi gözlə görünməyən nəsnələr heykəltəraşın daxili energetikasını cizgilərə və baxışlara hopduran sənətinin sirridir. İndi mən Cəmaləddin Rüstəmzadənin yaradıcılığına baxarkən düşünürəm. İlk görüşümüzdən sonra görəsən mənim sifət cizgilərim onun barmaqlarının duyumunda necə canlana bilərdi?

Anar Burcəliyev,

Teatrşünas

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA