Deputat: Vyana görüşü diplomatik, Aprel döyüşləri hərb zəfərimizdir

Deputat: Vyana görüşü diplomatik, Aprel döyüşləri hərb zəfərimizdir

Ermənistan, Paşinyan komandası daha bir diplomatik-siyasi məğlubiyyət acısı yaşadı. Prezidentlərin növbəti və son Vyana görüşü Azərbaycanın daha bir diplomatik-siyasi qələbəsi oldu. Bu, gözlənilən idi və belə də oldu.

Hurriyyet.org-un məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

“Azərbaycan prezidenti cənab İlham Əliyevin Avstriyanın paytaxtı Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü bir neçə məqamdan diqqətəlayiqdir. Əvvəla, xeyli müddət idi ki, belə görüş keçirilmirdi. Yəni münaqişənin həlli ilə bağlı danışıqlar bu səviyyədə aparılmırdı.

Xarici işlər nazirləri və ya ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində müəyyən görüşlər, danışıqlar aparılırdı. Lakin ölkə rəhbəri səviyyəsində görüş keçirilmirdi”, - deyən millət vəkilinin sözlərinə görə, Vyana görüşü həm bu baxımdan, həm də Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində baş tutması baxımından əlamətdar idi.

Millət vəkili xatırladıb ki, 2016-cı ilin uğurlu Aprel əməliyyatlarından dərhal sonra Vyanada prezidentləri görüşü keçirilmiş və Ermənistan hərbi məğlubiyyət acısından sonra diplomatik-siyasi uğursuzluq acısını da dadmışdı:

“Bu dəfə də prezidentlər Vyanada bir araya gəldi və Aprel hadisələrinin məhz üçüncü ildönümü ərəfəsində. Hesab edirəm ki, burada bir anlam, məna var. Digər tərəfdən, mart günlərində Paşinyan danışıqların formatının dəyişdirilməsi ilə bağlı təxribatçı və avantürist təkliflə çıxış etmişdi. Hətta Dağlıq Qarabağın erməni icmasının bu danışıqlarda tərəf kimi iştirakını təkidlə tələb etmişdi.

Amma Azərbaycan tərəfi, ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən, Avropa İttifaqının rəsmiləri birmənalı şəkildə bu tələbi rədd etmiş və açıq şəkildə Ermənistana izah olunmuşdu ki, mövcud format dəyişdirilə bilməz, onun dəyişdirilməsi qeyri-mümkündür, danışıqların pozulması deməkdir.

Məhz bu baxımdan həmin görüşün Vyanada keçirilməsi Ermənistanın, Paşinyanın obyektiv gerçəkliklə barışması mənasına gəlir. Yəni Paşinyan öz tələbində artıq israr edə bilmir və bilmədi. Anlayır və anladı ki, israr edəcəyi təqdirdə, onun destruktiv mövqeyi daha qabarıq şəkildə görünəcək.

Ona görə də Azərbaycanın tələb etdiyi kimi, danışıqlarda yalnız Ermənistan və Azərbaycan tərəflərinin iştirakı gerçəkliyini qəbul etmiş oldu. Bu, Azərbaycan prezidentinin görüşdən sonra TASS-a verdiyi şərhində də açıq şəkildə ifadə edildi”.

Millət vəkili qeyd edib ki, Vyana görüşü, ən azı, danışıqlar prosesinə yeni impuls verdi:

“Belə ki, Vyana görüşündə Paşinyanın ölkə prezidenti İlham Əliyevin dövlət xadimi kimi təcrübəsini əxz etməsi və öz xalqını bu çətin problemli vəziyyətdən çıxarması üçün şans yarandı.

Yəni İlham Əliyev öz təcrübəsi ilə bu münaqişənin həllində Ermənistanın baş nazirinə kömək edə bilər. Bunu isə Paşinyanın anlaması lazımdır. Çünki Ermənistan-Azərbaycan münaqişəsi bu gün elə bir mərhələdədir ki, bu, artıq Ermənistan üçün çox ağır bir problemə çevrilib. Azərbaycan dövləti iqtisadi, hərbi cəhətdən çox güclüdür.

İyirmi beş il bundan əvvəl qaçqın və köçkün məsələləri bizim üçün çox ağır problem idi. Ancaq Azərbaycan dövləti bu gün qaçqın və məcburi köçkünlərin problemlərinin böyük əksəriyyətini həll edib.

Əgər biz 20-25 il əvvəl çətin vəziyyətlə üzləşmişdiksə, bu gün Ermənistan ağır vəziyyətdədir. Bu gün Dağlıq Qarabağ münaqişəsi Ermənistan kimi zəif bir ölkənin kövrək çiyinlərinin daşıya bilməyəcəyi bir yükə çevrilib.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsindən qurtulması lazımdır. Qurtulacağı təqdirdə o ölkə, həqiqətən, inkişaf edə bilər. Bunu da ilk növbədə onların anlaması, dərk etməsi lazımdır. Anlamasalar, dərk etməsələr, yeni və daha sarsıdıcı aprellər onlar üçün qaçılmaz olacaq”.

Millət vəkili qarşıdan uğurlu Aprel əməliyyatlarının üçüncü ildönümünün gəldiyini bir daha xatırladaraq, bunun Azərbaycanın hərb tarixində, o cümlədən, 31 ildən artıq davam Qarabağ münaqişəsinin gedişatında yaşanmış böyük və zəfər sayıla biləcək bir əməliyyat, döyüş olduğunu deyib:

“Aprel döyüşləri bizim zəfər, qələbə tariximizdir. Qarabağ münaqişəsi dövründə Azərbaycanın bir çox uğurları, qələbələri olub. Amma Aprel döyüşlərindəki kimi, qələbə, zəfər heç vaxt yaşanmamışdı.

Azərbaycan dövləti, Azərbaycan xalqı, qəhrəman Azərbaycan ordusu həmin günlərdə tarix yazdı. Bu, həm də Ermənistana və onun açıq-gizli himayədarlarına, ikili standartlardan əl çəkməyən beynəlxalq birliyə bir siqnal, mesaj idi.

Azərbaycan bununla mesaj verirdi və vermiş oldu ki, heç kim onunla topraq məsələsində oyun oynaya bilməz. Azərbaycan müharibənin müəyyən bir mərhələsində uduzmuş, torpaqlarının bir qismini itirmiş olsa da, işğal faktı ilə heç zaman barışmayıb və barışmayacaq.

Torpaq, Qarabağ məsələsində bir addım olsun belə, öz mövqeyindən geri çəkilməyəcək, güzəştə getməyəcək. Həm də onun siqnalını vermiş oldu ki, danışıqlar nəticə verməyəcəyi, status-kvo dəyişdirilməyəcəyi təqdirdə, öz gücünə və beynəlxalq hüququn prinsiplərinə arxalanaraq, hərb variantına əl atacaq və Ermənistanı, işğalçıları birdəfəlik yerində oturdacaq.

Odur ki, bir azərbaycanlı, bir millət vəkili olaraq, Aprel döyüşlərindən, Aprel zəfərindən bir daha qürur duyduğumu bildirir, döyüşlərdə qəhrəmancasına həlak olmuş müqəddəs şəhidlərimizin ailələrinə bir daha başsağlığı verirəm və şəhidlərimizə tökülən qanlarınız yerdə qalmayacaq deyirəm.

Azərbaycan tezliklə öz igidlərinin, qəhrəman övladlarının hərbi şücaəti sayəsində işğal altındakı torpaqlarımızı, Qarabağımızı azad edəcək. O gün heç də uzaqda deyil”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA