Deputatlara MSK nəzarət edərsə... – KEÇMİŞ VƏ İNDİKİ MİLLƏT VƏKİLLƏRİNİN RƏYİ

Deputatlara MSK nəzarət edərsə... – KEÇMİŞ VƏ İNDİKİ MİLLƏT VƏKİLLƏRİNİN RƏYİ

Nazim Bəydəmirli: “MSK-ya bel bir səlahiyyətin verilməsi kökündən yanlışdır”

Milli Məclisin deputatının etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklif edilir. Artıq bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik olunur. Bildirilir ki, layihə yaxın vaxtlarda ümumi müzakirəyə çıxarılacaq.

Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə edilən dəyişikliklərdə bildirilir: “Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci (Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə), 4-cü (dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), 5-ci (özü imtina etdikdə), 6-cı (Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda), 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verilə bilər”.

“Etik davranış qaydalarının Konstitusiyaya salınması məntiqə uyğun deyil”

““Milli Məclisin deputatının etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsinə etiraz edən deputat Fazil Mustafa Hurriyyet.org-a bildirdi ki, bu, yanlış bir xəttdir: “Hesab edirəm ki, Milli Məclisin statusunun aşağı salınmasıdır. Əslində, etik davranış qaydalarının Konstitusiyaya salınması məntiqə uyğun deyil. Milli Məclisin deputatının cəzalandırılması mexanizmi birbaşa seçki ilə əlaqəli olmalıdır. Etik davranış da birmənalı qarşılanan anlayış deyil. Çünki bir deputatın hər hansı çıxışı hansısa bir seçki hüququna, etik qaydalara uyğun gəlməyə bilər. Ona görə də yanlış bir mülahizədir. Konstitusiyaya görə, belə bir qanun qəbul olunursa, mütləq Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin bu mexanizmi həyata keçirməsi nəzərdə tutulmalıdır. Belə bir mexanizm nəzərdə tutulmursa, hesab edirəm ki, bu, onda Mili Məsclisin bir bələdiyyə qurumu səviyyəsinə kimi endirilməsinə gəlib çıxar”.

F.Mustafa dedi ki, bu məsələyə qarşı mövqe ortaya qoycaq: “Deputat mandatdan məhrum olunursa, seçicinin tələbi və ya hər hansı etik qaydanı pozduğuna görə məhkəmə vasitəsilə bunun həyata keçirlməsi yeganə mümkün yoldur”.

Mustafa onu da qeyd etdi ki, Milli Məclisin deputatının etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin MSK-ya verilməsində Milli Məclisin ümumi statusunun aşağı salınması məqsədi daha qabarıq görünür: “Yoxsa başqa nə ola bilər ki?! Əslində, Milli Məclisin hüquqlarını genişləndirmək əvəzinə, məhdudlaşdırmaq mənasına gəlir”.

“MSK-tərəfindən bu məsələnin gerçəkləşdirilməsi yanlışdır”

“Bilmirəm, deputatlar etiraz edəcəklər yoxsa yox, amma mənim fikrim budur ki, məsələ hüquqi yolla həllini tapmalıdır. MSK tərəfindən bu məsələnin gerçəkləşdirilməsi yanlışdır”, - deyə deputat əlavə etdi.

“Bu, həm seçicilərə, həm də millət vəkillərinə qarşı çox aşağılayıcı bir addımdır”

““Keçmiş millət vəkili Nazim Bəydəmirli isə bildirdi ki, MSK-ya bel bir səlahiyyətin verilməsi kökündən yanlışdır: ““Deputat statusu” haqqında qanun və Milli Məclisin daxili nizamnaməsi var, orada bütün hallar öz əksini tapır. Əslində, etik kodeksin qəbul edilməsini kökündən yanlış hesab edirəm. Seçilmiş şəxsdən mandatın geri alınması ancaq seçicilərin hüququna aid olmalıdır. Bir də, təbii ki, millət vəkili cinayət üstündə yaxalanıbsa, Baş Prokurorluq onun üzərindən toxunulmazlığı götürmək üçün Milli Məclisin özünə müraciət etməlidir. Bu, bütün dünya praktikasında belədir. Ancaq çox təəssüf edirəm ki, seçkinin normal keçirilməsi üçün texniki bir prosedur xidməti göstərən bir bürokrat və yaxud qurum seçicilər tərəfindən seçilmiş və mandat verilmiş şəxsin bu və ya digər səbəbdən mandatını geri almaq səlahiyyətinə məxsus olur. Bu, həm seçicilərə, həm də millət vəkillərinə qarşı çox aşağılayıcı bir addımdır. Mən bunu aşaığılayıcı bir tədbir kimi qiymətləndirirəm”.

“Belə qanunların qəbul olması bu qanuna səs vermiş millət vəkillərinin özlərinə verdiyi qiymətdir”

Bəydəmirli qeyd etdi ki, indiki durumda Milli Məclisin özünün səlahiyyətlər dairəsi çox aşağıdır: “Konstitutsiyada təsbit olunmuş hüquqlarını belə həyata keçirə bilmir. İcra hakimiyyəti orqanları dominant mövqedədir. Bu, Azərbayacan üçün Konstitusiyada hakimiyyət bölgüsünü ciddi zərbə altına qoyan addımdır. Belə qanunların qəbul olması bu qanuna səs vermiş millət vəkillərinin özlərinə verdiyi qiymətdir. Bugünkü Milli Məclis deputatları bu vəziyyətlə qane olurlarsa, onda Mərkəzi Seçki Komissiyasının onların mandatını almasını normal qarşılamaq olar. Çünki özləri özlərinə bu qiyməti verib ki, Milli Məclis də həmin qanunu qəbul edib. Ona görə, bunun şərh ediləsi yeri yoxdur. Bütün faktlar onu göstərir ki, Azərbaycanda Milli Məclisin səlahiyyəti çox aşağıdır. Hətta Komitələrin belə hər hansı dinləməyə hər hansı bir naziri, məmuru dəvət etməyə heç hüquqları yoxdur. Hətta Milli Məclisin özünün Hesablama Palatası var, hansı ki, büdcə xərclmələrinə nəzarət etməlidir, hətta ona belə yazılı tapşırıq verməyə Mili Məclisin nə deputatının, nə də komitənin ixtiyarı yoxdur və təcrübədə indiyə kimi belə bir şey olmayıb. Mili Məclis indiyə qədər öz qurumları ilə bağlı Konstitusiya hüquqlarını həyata keçirə bilmir və yaxud istəmir. Ona görə, belə bir Milli Məclisin statusunun daha da azaldılması onların özlərinin arzusu, istəyi ilə həyata keçirilir”.

“Deputatlar özləri istəyiblər ki, onların statusu aşağı salınsın”

“Bir ictimaiyyət nümayəndəsi olaraq bizə ağrılıdır ki, biz seçdiyimiz millət vəkilini niyə MSK öz istəyinə görə kənarlaşdıra bilər?! Əslində, Milli Məclisin deputatının statusu onun özünü cəmiyyətdə necə aparcağını əvvəlcədən müəyyən edib, ağzının sözünü bilməyən adamın ora seçilməsinə ehtiyac yoxdur, onu seçicilər seçməzlər də. O baxmdan, belə şərh edirəm ki, özləri istəyiblər ki, onların statusu aşağı salınsın. Qoy, davam etsinlər, nə deyək”.

Şamo EMİN, Hurriyyet.org

  • Hamısı
  • Loading...