“Deyirlər ki, o prezident, o da sən, get, hara istəyirsən de” - 20 YANVAR ƏLİLİ ŞİKAYƏT EDİR

“Deyirlər ki, o prezident, o da sən, get, hara istəyirsən de” - 20 YANVAR ƏLİLİ ŞİKAYƏT EDİR

“Qanunlar kağız üzərində qalıb”

20 Yanvar əlilləri hər zaman dövlət qayğısı görsə də, bəzən bunun əksinin də şahidi oluruq. Nəsimi rayonu, Alatava 3, ev 283-də yaşayan 20 Yanvar əlili Hüseynov Sadıq Hüsü oğlunun prezident İlham Əliyevə müraciəti də bu səpkidədir.

“Rəhmətlik Heydər Əliyev deyirdi ki, 20 Yanvar əlilləri dövlət nəzarətində yaşayıb, dövlət qayğısında olmalıdır”

II qrup 20 Yanvar əlili Sadıq Hüseynov “Hürriyyət”ə göndərdiyi məktubunda yazır: “Cənab prezident, Sizə bir şey xatırladıram ki, Heydər Əliyev hakimiyyətə gələndə vətəndaşların böyük məbləğdə su, işıq, qaz, kommunal borcu var idi, hamısını bağışladı.

Mənə isə qərəzli olaraq təkrarən 1500 manat işıq pulu yazdılar. Məhkəməyə verdim. Sağ olsun, məhkəmə bunu ləğv etdi və həmin borcu yazanları işdən çıxartdı, bircə orada rəis qaldı.

Mənə 1500 manat əsassız borc yazan adamı yenidən işə götürdülər. O, orada xəzinədar işləyir.

Cənab prezident!

O, mənə deyir ki, 1500 manatdan heç olmasa 100 manat verməlisən. Mən dövlətin Konstitusiyasına, qanunlarına tabeyəm. Ona görə də bu yaşa qədər heç bir cinayət etməmişəm, dövlətin borcunu da vaxtında ödəmişəm. Xahiş edirəm, bu ədalətsizliyə son qoyasınız.

Mənə deyir ki, işıq, qaz pulunu verməlisən. Bu, nə deməkdir? Rəhmətlik Heydər Əliyev deyirdi ki, 20 Yanvar əlilləri dövlət nəzarətində yaşayıb, dövlət qayğısında olmalıdır. İndi bunlar hamısı kağız üzərində qalıb, məhəl qoyan yoxdur.

Sizin verdiyiniz fərmanlar, qanunlar kağız üzərində qalır. İdarələrdə işləyən işçilər mənə deyirlər ki, o prezident, o da sən, get, hara istəyirsən de”.

“Mənə dövlət yardımı verin, heç olmasa 5-6 il yaşayım”

“Mən hazırda heç bir yerdə işləmirəm, Sizin verdiyiniz pensiya ilə yaşayıram, iş qabiliyyətimi də tamam itirmişəm, çəliklə gedib-gəlirəm, özüm də tənha yaşayıram. Sizin işləməyən, tək yaşayan müharibə əlilləri üçün 2012-ci ildə dövlət güzəşti nəzərdə tutmusunuz. Ancaq mən bu dövlət güzəştini görümürəm, hara gedirəm məni qovurlar. Prezidentə, dövlət qanunlarına, Konstitusiyaya məhəl qoyan yoxdur. Xahiş edirəm, mənim bu şikayətimi Sizə çatdırsınlar. Çatdırmasalar, mən Avropa dövlətlərinə yazacam. Mənim işığımı, qazımı kəsirlər, işıqsız, qazsız qalıram. Bu işığı, qazı, suyu kəsməyə ixtiyarları yoxdur. Mənə dövlət yardımı verin, heç olmasa 5-6 il yaşayım.

Cənab prezident!

İdarələrdə oturanlar qanun bilmirlər, bilsəydilər, deməzdilər ki, “get o sən, o da president”. Xahiş edirəm, elələrinin yerinə savadlı, insanlara normal münasibət göstərən mütəxəssislər təyin edəsiniz. Çünki o cür adamlar dövlət mənafeyi nədir, dərk etmirlər.

Xahiş edirəm, mənə köməklik edin. 2012-ci ildə verilən qanunlar kağız üzərində qalıb. Mən sənədlərimi göstərirəm, deyirlər ki, o qanun sizə şamil edilmir”,-deyə şikayətçi qeyd edir.

S. Hüseynov əlavə edib ki, 2015-ci ildən “Oka” maşını növbəsindədir, hələ də vermirlər: “Nə vaxt verəcəklər? Mənim ömrüm sona çatır. Xahiş edirəm, mənə maşın verilməsinə göstəriş verəsiniz”.

“Qonşu işıq idarəsinə pul verib, mənim sayğacıma kabel qoşub”

Şikayətçi onu da vurğulayıb ki, qonşusu İlqar Kazımov özü və ailəsi onu yaşamağa qoymur: “Özü gündə mənim üstümə hücum edir. 2017-ci ildən bu günə kimi məndən əl çəkmir. İndi də işıq idarəsinə pul verib, mənim sayğacıma nəsə qoşub, işıqdan istifadə edərək, nəsə bişirib, satırlar. Sizdən xahiş edirəm mənim sayğacıma qoşulmuş elektrik xəttinin çıxarılmasına göstəriş verəsiniz.

Mənim işığımın əsas xəttindən 25 metr kabelimi kəsiblər, qonşunun xəttini gətirib mənim sayğacıma birləşdiriblər. Mənim sayğacım yazır, onunku yazmır. Çünki qonşu pul verib. Bu məsələni Nəsimi rayonunda “öldürüblər”. O, heç prezidenti də saymır. Mən Sizdən xahiş edirəm, buna son qoyulsun.

Mən yazıram, şikayətimi yoxlayan yoxdur. İlqar Kazımovdan pulu alıb, gediblər. Onların yaşadığı ev 4 dəfə alınıb-satılıb. Bu ev uçurulmalıdır. Özü də bu ev qanunsuz tikilidir. Prezidentin qanunu var ki, qanunsuz tikililər sökülməlidir, ancaq onlardan pul alıb, sökmürlər. Mən məcburiyyət qarşısında qalmışam, əmlakım neçə kvadratdır, ona uyğun mənə pul verin, mən buradan çıxıb gedim, yaxud onun evini sökün”.

“Mən 29 ildir zəliləm, tənha yaşayıram”

“Xahiş edirəm, mənim işıq dirəyimi bərpa etsinlər. 25 metr kabelimi gətirib çəksinlər. Mən 29 ildir zəliləm, tənha yaşayıram. Mənim yaşımı, 20 Yanvar əlili oldğumu nəzərə alsınlar. Mənim gündə işığımı, qazımı kəsirlər. Cənab prezident, buna imkan verməyin”,-deyə şikayətçi yazır.

Cavid ƏRSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA