Diaspor Komitəsi İbrahimovun siyasətini davam etdirir - Komitə azərbaycanlıların Tiflisdə keçirdiyi aksiyanın kütləvi alınmasını nə üçün istəməyib?

Diaspor Komitəsi İbrahimovun siyasətini davam etdirir - Komitə azərbaycanlıların Tiflisdə keçirdiyi aksiyanın kütləvi alınmasını nə üçün istəməyib?

Xəbər verildiyi kimi, Gürcüstanda yaşayan azərbaycanlıların erməni terrorçu Mixail Avakyana Axalkalakidə qoyulan büstə etiraz olaraq fevralın 5-də Tiflisdə aksiya keçirmək istəyinə mənfi cavab verildi.

Bundan 3 gün sonra - fevralın 8-də soydaşlarımız Parlamentin binası qarşısında aksiya keçirməyə nail olsalar da, bu mitinqdə cəmi 200-300 nəfər iştirak etdi. Halbuki, bu aksiyanı daha möhtəşəm, izdihamlı təşkil etmək olardı.

Birmənalı olaraq demək olar ki, aksiya zəif təşkil edilmişdi. Burada Gürcüstan hökumətinin rolu da danılmazdı. Çünki göründüyü kimi, Gürcüstan hökuməti aksiyaya ümumiyyətlə icazə vermək istəmirdi. Lakin həm sosial şəbəkələrdə, həm də mətbuatda azərbaycanlıların etiraz səslərini ucaltmasından sonra, Meriya fevralın 8-də aksiya keçirilməsinə icazə verməyə məcbur oldu.

Amma, etiraf etməliyik ki, aksiyaya fevralın 5-də deyil, məhz 8-də icazə verilməsi tədbirin kütləviliyinə elə də təsir etmədi. Çünki bu məsələdə əsas yük təşkilatçıların üzərinə düşürdü. Və çox təəssüf ki, onlar da öz işlərinin öhdəsindən lazımi səviyyədə gələ bilmədilər.

Düzdür, kütləvilik zəif olsa da, aksiyada soydaşlarımızla yanaşı, bəzi gürcü ziyalılarının da iştirakı və onların çıxış etmələri tədbirin effektini nisbətən artırdı. Məsələn, gürcü politoloq Simon Kopadze çıxışı edərək demişdi ki, aksiyanın məqsədi yalnız Mixail Avakyanın büstünün qoyulmasına qarşı deyil, separatçılığa, terrora və torpaqlarımızın işğalına qarşı etiraz etməkdir. Siyasətçi Gürcüstanda separatçının büstünün qoyulmasını təxribat adlandırmış və abidənin götürülməsini tələb etmişdi.

Politoloq, tarixçi alim Quram Marxuliya da çıxışında M.Avakyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulamışdı. O bildirmişdi ki, Axalkalakidə büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib.

Mitinq bu kimi çıxışlarla yadda qalsa da, günlər keçməsinə rəğmən ortada heç bir müsbət nəticə yoxdur. Çünki Gürcüstan hökuməti Cavaxetiya bölgəsində məskunlaşan ermənilərlə bacara bilmir. Ona görə ki, erməni mütşəkilliyi, vəhdəti orada da özünü göstərir. Cavaxetiyada dövlət qurumlarında ermənilərin rəhbərlik etməsi bunun isbatıdır. Bu baxımdan, soydaşlarımızın etiraz aksiyasından sonra Gürcüstan hakimiyyəti azərbaycanlıların qanına əli bulaşmış Avakyanın büstünün götürülməsi ilə bağlı qərar qəbul etsə də, bu məsələnin reallaşacağı da suallar yaradır. Çünki artıq ermənilərin etiraz səsləri ucalmaqdadır. Belə bir vəziyyətdə isə büstün sökülməsi Gürcüstan hökumətinin siyasi iradəsindən asılıdır. Bu iradəni erməni birliyi sındıra biləcəkmi, bunu zaman göstərəcək.

Əslində, Gürcüstan hökuməti də dərk etməlidir ki, qatil erməninin büstünün qoyulması Azərbaycanla yanaşı, Gürcüstana qarşı da məqsədyönlü təxribat idi. Üstəlik, erməni terrorçunun büstünün açılışının məhz 20 yanvar tarixinə təyin olunması da düşünülmüş bir addım idi. Məqsəd, Azərbaycanda matəm günü kimi qeyd olunan bu tarxidə azərbaycanlıların yaralarını sızıldatqdan başqa bir şey deyildi.

Maraqlıdır ki, azərbaycanlıları içindən göynədən bu planın həyata keçməsinə rəğmən, Azərbaycan hakimiyyəti bu məsələdə kəskin mövqe sərgiləmir. Əslində, Tiflisdə keçirilən etiraz aksiyasının zəif təşkil olunmasında Gürcüstan hökuməti maraqlı olduğu halda, Azərbaycan hakimiyyəti bu mitinqin daha möhtəşəm, izdihamlı təşkil olunması üçün ciddi tədbirlər görməliydi. Və bu işləri gizlində görmək üçün elə bir əsas da yox idi. Rəsmi Bakı aksiyada iştirak edən soydaşlarımıza açıq şəkildə dəstək verməliydi. Ən azı ona görə ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz problemləri ilə bağlı etiraz aksiyası keçirmirdilər, Xocalıda azərbaycanlıların qanına əli batmış, qatil Avakyanın büstünün qoyulmasına etiraz edirdilər.

Əminliklə deyə bilərik ki, Tiflisdəki etiraz aksyasının bu cür zəif təşkil olunması xüsusilə də Diasporla İş üzrə Dövlət Komitəsinin yarıtmaz fəaliyyətinin nəticəsidir. Görünür, Komitə keçmiş sədr Nazim İbrahimovun siyasətindən fərqli iş görmək niyyətində deyil. Əks halda bu aksiyanın təşkil olunmasında ciddi fəallıq göstərməklə, Tiflisə on minlərlə azərbaycanlını toplamaq olardı. Hansı ki, bu aksiyda iştirak etmək istəyən soydaşlarımızın sayı da elə on minlərlə idi. Üstəlik, insanların böyük əksəriyyəti bu tədbirlə bağlı ümumiyyətlə məlumatsız idi. Çünki hansısa bir tələbənin Facebook statusu ilə insanları bir araya toplamaq olmazdı. Bunun üçün konkret iş görmək lazım idi. Tutaq ki, müxtəlif insanlar ayrılmalı və onlaırn vasitəsilə azərbaycanlıların yaşadığı kəndlərdə insanların aksiyaya qatılması üçün çağırışlar edilməliydi.

Burada Gürcüstanla münasibətləri pozacaq bir aksiyadan söhbət getmirdi ki, Komitə arxa planda iş görəydi. Çünki Gürcüstan özü də sepratizmdən əziyyət çəkir. Üstəlik, Axalkalakidə erməni separatçıya heykəl qoyulmasını haqlı olaraq əksər gürcü ziyalıları da düzgün hesab ermir. Bütün bunlara rəğmən, Diaspor Komitəsi hələ də məsələ ilə bağlı etirazını bildirməyib. O cümlədən, soydaşlarımızın Tiiflisdəki aksiyasına da ciddi bir dəstək verdiyi haqda informasiyamız yoxdur. Çünki, belə bir dəstək olsaydı, aksiya bu dərəcədə zəif təşkil olunmazdı.

Bütün bunlardan sonra adama elə gəlir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov Gürcüstanda, eləcə də digər ölkələrdə soydaşlarımızla görüş təşkil edib, “pul silmək”lə məşğul olmaqdan başqa heç bir iş görmədiyi kimi, indi də bu işi yeni sədr Fuad Muradov davam etdirir. Doğrudur, bu gün ortada hər hansı maliyyə yeyintisindən söhbət getmir. Amma faktiki olaraq bir iş görüldüyü də hiss olunmur...

Hörmətli Fuad Muradov, xarici ölkələrdə məzmunsuz görüşlər təşkil etmək, bu məqsədlə dövlət büdcəsindən vəsait xərcləmək hələ diasporla bağlı məsələləri yoluna qoymaq demək deyil. Gürcüstanda Azərbaycana dəstək məqsədilə aksiya keçirən soydaşlarımıza dəstək verməyəcəkdinizsə, bəs, onda rəhbərlik etdiyiniz qurumun fəaliyyəti nədən ibarətdir?

Əslində, Diasporla İş üzrə Dövlət Komitəsinin işi xarici ölkələrdə yaşayan azərbaycanlılara dəstək olmaq, ilk növbədə onların birliyinə nail olmaqdır. Amma təəssüf ki, 600 min nəfər soydaşımız yaşayn Borçalıda 2-3 min nəfəri bir yerə toplayıb, normal aksiya keçirməyə nail ola bilmirik. Məhz buna görə də, mitinqə cəmi 200-300 nəfərin yığışması Komitənin yarıtmaz fəaliyyəti kimi təbliğ olunmalıdır.

Maraqlıdır ki, Diasporla İş üzrə Dövlət komitəsinin bu məsələdə fəaliyyətsizliyi azmış kimi, qurumun yetkili şəxsləri ilə dəfələrlə əlaqə saxlasaq da, kimsənin möveyini öyrənə bilmədik. Mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı özünün açıqlama verməyə səlahiyyəti olmadığını, Gürcüstan bürösü ilə əlaqə saxlayıb, məsələyə münasibət bildirəcəklərini desə də, hələ də ortada Komitənin mövqeyi yoxdur. Əslində, Komitənin mövqeyinin olmaması elə onların mövqesizliyi deməkdir. Çünki deməyə sözü olan bir qurum bu günə kimi səssis qalmazdı. Və nə qədər ki, Diaspor Komitəsinin bu səssizliyi davam edəcək, soydaşlarımızın birliyi alınmaycaq. Halbuki, Komitə rəhbərliyi yeri gəldi-gəlmədi 50 milyon azərbaycanlını təmsil etdiklərini qürurlar qeyd edirlər...

Yenə də ümid edək ki, Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçusu Mixail Avakyana qoyulan abidə yaxın vaxtlarda götürüləcək. Çünki Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın “Hürriyyət”ə açıqlamasına görə, həm Gürcüstandakı səfirliyimiz, həm də Gürcüstanın buradakı səfiri vasitəsilə məsələlər nəzarətdə saxlanılır.

İnanırıq ki, məsələlərin necə nəzarətdə saxlanması yaxın vaxtlarda özünü göstərəcək. Şübhəsiz ki, bu, həm Azərbaycan, həm də Gürcüstan mediasında əksini tapacaq.

Qatil Avakyana qoyulan abidənin götürülüb-götürülməsi isə Gürcüstan hökumətinin siyasi iradəsinin isbatı ilə yanaşı, həm də qonşu ölkənin Azərbaycana və azərbaycanlılara sayğısının və yaxud sayğısızlığının göstəricisi olacaq ki, bunu da zamanla izləyəcəyik.

Şamo EMİN, Hurriyyet.org
 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA