DİKTAKRATİYA

  • 2019-03-30 14:19:25
  • |

DİKTAKRATİYA

(Siyasi-iqtisadi-mənəvi roman)

PROLOQ

Adi Mikrob dahi Mikrobun məqbərəsini ziyarət edərkən heç özü də hiss etmədən böyük bir səhvə yol verdi. Məqbərədə quraşdırılan həssas cihazlar bunu dərhal qeydə aldı və bic Mikrob bu hadisədən xəbərdar edildi. Nəticə özünü çox da gözlətmədi.

***

Aydın işgüzar bir gənc idi. Təzəcə universiteti bitirib mərhum atasının yuxarılarda məskun olan yaxın və sadiq dostlarından birinin köməyi ilə çox da böyük olmayan müstəqil və gəlirli müəssisələrin birinə həmsədr təyin olundu. Müəssisəyə çoxdan bəri orta yaşlı bir qadın rəhbərlik edirdi. O, dinib-danışa bilmədi. Amma demək olar ki, kənara çəkilib müəssisənin öz payına düşən taleyini taleyin ixtiyarına buraxdı. O, kənarda dayanıb tamaşa edirdi. Amma biganə deyil, maneəçi idi. Gözə görünmədən, hiss olunmadan işə pəl vururdu.

Qalın dodaqlarında daim bir kinayə vardı və Aydının nə vaxt yıxılacağını gözləyirdi.

Aydın özünü oda, suya vurur, vəziyyətdən çıxmağa müəssisəni yaşatmağa və inkişaf etdirməyə çalışırdı. Lakin müəssisənin bir tərəfi, bir başı daim əyilirdi və Aydının səyləri və işgüzarlığı tamamilə ikinci başın qaldırılmasına və ümumi səviyyənin bərabərliyinə sərf olunurdu.

İlk iki il vəziyyət eyni səviyydə qaldı.

Yuxarıdakılar iki il müəssisənin yaşadığını, amma artım olduğunu görmədilər.

Qalın dodaqlı həmsədr xanım eləcə tamaş edir, müflis olacaqları günü gözləyirdi ki, bunu tamamilə Aydının ayağına yazıb ondan xilas olsun.

Üçüncü il də vəziyyətin eynilə davam etdiyini görüb qazanc görməyən, amma onu gözləyən himayədarlar yığışıb belə qərara gəldilər ki, müəssisəni parçalayıb kimin-kim olduğu üzə çıxsın. Müəssisə iki hissəyə bölündü və həmsədrlər hərəsi xeyli kiçilmiş bazanın müstəqil rəhbərləri oldular.

Aydındır ki, sağlam düşüncəli və işgüzar Aydının bu keyfiyyətləri dərhal özünü göstərdi. O, artıq xarici ölkə firmaları ilə tanışlığını işə salıb ikinci ili uğurlu artımla başa vurdu.

Qalın dodaqlı xanımın göndərdiyi emissarların fəaliyyəti isə yalnız ştatdakıların yaşamasına kifayət edəcək qədər gəlir gətirə bildi. Bu isə, yuxarıları təmin etmirdi.

Onlar çoxdan tanıdıqları dodaqların artıq kinayəsiz sahibinə bir il də imkan verdilər.

Lakin fərq gözə soxulurdu. Bunu görüb xanım səssiszə kənarlaşdırıldı və Aydın həmin biznes sahəsinin yeganə aparıcısı oldu.

Məlum məsələdir ki, yuxarılarda da ciddi rəqabət və mübarizə gedir.

Nə qədər ki, hami və himayədar sağdı, səlahiyyətli nəzarətçilər Aydına toxunmaq üçün səbəb görmürdülər. Qazanc hər il artıqlaması ilə gəlirdi və onlar cavan adamın artıq özünün də varlanmasına göz yumurdular.

Beləliklə, Aydın bütün ölkə iqtisadiyyatı əllərində olan ortabab varlıların cərgəsinə qoşuldu.

O, öz sahəsində tək deyildi, lakin hamısından diribaş və xoşagələn idi. Bütün öhdəliklərini dəqiqliklə yerinə yetirir, vergini vaxtında ödəyir, heç bir pretenziya yaranmasına imkan vermirdi.

Və təbii ki öz şəxsi biznesi də günü-gündən çiçəklənirdi. Eə buna görə də bacarığından doğan eyforiyanın qoynunda üzürdü. Özünü tam təhlükəsiz hesab edirdi. Sanki qızıl mədəni tapmış, ya da dəmiri qızıla çevirməyin sirrini öyrənib istehsalına başlamışdı. Pul da sel kimi gəlirdi. Amma o, “skromnıy” yaşayıb ailəsini – bir oğlunu və bir qızını da belə tərbiyə edirdi.

Doğrudur, onlar məktəbə atalarının “mersedes”ində gedib-gəlirdilər. Amma başqa heç nə. Hamı kimi geyinib gəzir, yalnız savadları ilə sinifdən-sinifə keçirdilər.

Yalnız bir fərqləri vardı. Kiçik və yaraşıqlı bir villada yaşayır və istədiklrəini yeyib-içirdilər. Vəssalam.

Onun illik yüz milyonluq gəlirinin yarısı vergilərə, otuz faizi rəhbərliyə, qalan iyirmi faizin də on faizi nazirliklərə, prokurorluqlara polis rəislərinə və başqa idarələrə paylanır, beş faizi işçilərə, beş faizi də özünə qalırdı.

O, bu beş milyonu Milli Banka qoyur, ev üçün hər ay cüzi bir məbləğ ayırırdı. Başqa xərclər də olurdu ki, hamısı öz payından ödəyirdi.

Onu payladığı adamların hamısı sevir, onların qəbuluna birbaşa – növbəsiz keçirdi. Deyib-gülür, zarafatlaşırdılar da.

Beləcə, Aydın - otuz yaşlarında xoşagələn, “simpatiçnıy” bir gənc - öz işgüzarlığı, savadı, zirəkliyi və xeyirxahlığı ilə hamının sevimlisi olmuşdu. Xüsusilə də işçiləri başına and içir, ona ürəkdən sadiq idilər. Çünki məhz onun sayəsində hamı firavan yaşayır və çoxunun da şəxsi avtomobili vardı.

İnsan sağlam düşüncə sahibi ikən firavanlıq çox asan şeydir.

O, qətiyyən siyasətə qarışmır, yuxarıda xoşlamadıqlarını bilib heç bir sponsorluqla məşğul olmur, hamı kimi heç bir qəbul günü təşkil etmir, öz həmkar və iqtisadi tay-tuşlarından heç nə ilə fərqlənməyə çalışırdı. Bunu görürdülər və ona toxunmurdular.

Günlərinin necə keçdiyi heç hiss belə etmir, gərgin halda öz biznesi ilə məşğul olub günlərini daim yerli və əsasən də xarici şirkətlərlə danışıqlarda keçirirdi.

Eyni zamanda həyatın bütün ləzzətlərini dadır və bu çox məhdud və yeknəsək proses olduğuna gör bəzən darıxırdı. Hiss edirdi ki, o, hər yana gedə bilən, hara istəsə üz qoya bilən avtomobil deyil, sadəcə olaraq tramvay və ya trolleybus kimi bir şeydir. Bütün bunların səbəbini bilir, amma başqa bir çıxış yolu görməyib tez özünə gəlir və taleyi ilə barışırdı.

O, gedib gəzdiyi ölkələrdə olduğu kimi qəzet təsis etmək, ədəbi, musiqi müsabiqələri elan etmək, sadəcə ölkəsindəki böyük istedad sahiblərinə hami olub mədəniyyət və incəsənətin çiçəklənməsinə yol açmaq istəyirdi. Amma bilirdi ki, bu qətiyyən mümkün deyil. Çünki yuxarıdakılar nəinki xoşlamırdı, sadəcə belə şeyləri süngü ilə qarşılayıb dərhal cəzalandırırdı. Aydın da bunu görür və bilirdi.

Lakin pulu çox idi, getdikcə də çoxalırdı və hətta verməyə məcbur olduğu rüşvətlər verilməsəydi, sərvəti indikindən də qat-qat çox olardı.

Bütün bunlar keçici şeylərdi və o, xoşbəxt idi. Eləcə ailəsi də.

İnsanın bəxti ağlı ilə düşmən olur. İnsan, onun həyatı, ailəsinin və özünün firavanlığı dəli bir canavarın istəyindən və hətta ağlından keçənlərdən asılı ikən, dünyada addımbaşı ehtyatlı olmaqdan zəruri nə ola bilər?

O, daxilən özünə qarşı ədalətsizlik edildiyini, ədalətsizliyin qurbanı olduğunu düşünürdü, lakin heç kim heç yerdə bu barədə söz açmırdı, çünki asılı olduğunu, xoşbəxtliyinin və firavanlığının tükdən, daha doğrusu rəmzin bir kəlmə sözündən asılı olduğunu bilirdi. Ona görə də vəziyyətindən tamamilə şən və razı olduğunu hər gün bütün varlığı və davranışı ilə nümayiş etdirirdi.

Hamı da onu sevir, başına and içir, onu qoruyur, sədaqətlə qulluğunda durur, öhdələrinə düşən işləri can-başla yerinə yetirirdilər. O, bunu görür, hamıyla görüşür, vəziyyətlərini və nəyə ehtiyacları olduğunu soruşurdu.

Lakin insan nədir və daha konkret, bizimkilər nə deməkdir, onların sədaqətinin dəyəri nədir, bu barədə zərrcə heç nə bilmirdi.

Məsələn, Lebonu oxumamışdı və hətta oxumağa versələr də, oxusa belə, heç bir faydası olmayacaqdı. Çünki onun qəlbi və beyni belə alimlər və məsələlər üçün deyildi.

Bir də ki, personalı dar gününüdə hətta ona sadiq olsa belə, bunun faydası az olacaqdı, çünki yuxarıdakılar onların ucdantutma hamısını çölə atıb yeniləri ilə əvəz edəcəkdi.

Və günlərin bir günü Varisin pədərinin məqbərəsini ziyarət etməyə gəlmişdi. O, tək deyil, ölkənin və paytaxtın yüzə qədər seçilmişləri ilə idi. Bunlar elitanın ən yüksək nümaynədələri və dəstəsi deyildi, hətta ikinci dəstə də yox, üçüncü. Dördüncü dəstə idi.

Onlar növbə ilə bir-bir məqbərəni fırlanıb baş əyir, səcdədə dayanıb dua oxuyur, sonra keçib gedir, yerlərini daha aşağı səviyyəli elita dəstəsinə verirdilər.

Aydın da özü kimilərinin içində az qala bir-birlərinə yapışıb məqbərəni fırlanırdı. Hamı əyilmiş vəziyyətdə olsa da, altdan-altdan bir-birlərinə göz qoyurdular. Və hamıya yuxarıdan videokamera göz qoyub hər birinin hərəkətini lentə alırdı. Məlum idi ki, qeyri-müti insanlar – yəni “bizim adam” olmayanlar bu mərasimdə iştirak edə bilməzdilər. Bu, inanılmış, sınanmış sədaqətlilərin səcdəgahı, eyni zamanda onların da bir daha sınaqdan keçirildiyi bir mərasim idi ki, elə bu məqsəd üçün də ildə iki-üç dəfə təşkil ounurdu.

Əlbəttə, xoşbəxt və məğrur Aydın bunu layiqincə dərk etmirdi. O, sadəcə bu mərasimdə iştirak etməyi hakimiyyət rəmzlərinə bir güzəşt hesab edirdi ki, onun sədaqətinə heç bir şübhə imkanı verilməsin. Onunla yanaşı, yanında lap yüksək bir peşə sahibi olan və onun yaxşı tanıdığı, həm də senatın sədr müavini olan və cazibəsi solub getməkdə olduğuna görə yalnız sədaqətinin hesabına postlarını saxlayan Gülzar Malakanskaya xanım gəlirdi.

Mərasimin pik vaxtında və yerində ki, Aydın bütün bədəni ilə əyilib məqbərəyə təzim etməliydi, o bunu etdi, amma elə-belə, ehtirassız, bir növ mexaniki olaraq və üstəlik də təzim zamanı kifayət qədər əyilib-bükülmədi, elə-belə yüngülcə baş əyib keçdi, çünki ona elə gəlirdi ki, hərə öz aləmindədir və heç kim ona fikir vermir. Videokameradan da ki, əsla xəbəri yox idi.

(Ardı var)

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA