DİLİMİZ - MİLLİ KİMLİYİMİZ! - III YAZI

DİLİMİZ - MİLLİ KİMLİYİMİZ! - III YAZI

Aynur TALIBLI, Tarix və mədəniyyət araşdırmaçısı, İstanbul, 2019

Dil, ünsiyyət, kültür və millət

“Dildə, fikirdə, işdə birlik” – Ortaq türkcəmizin təməl qaynağı

Türk dünyasındakı milli oyanış hərəkatının böyük öncüllərindən olan, Kırım Türkü İsmayıl bəy Qaspıralının önəmli sözlərindən biri belədir: “Millətinə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla”. Bu dəyərli sözləri bilərəkdən sizlərlə bölüşdüm, səbəbini isə sonra açıqlayacağam.

Araşdırmamızın öncəki bölümündə dil qavramından, ünsiyyət vasitəsi olaraq dildən, kültür ilə dilin əlaqəsindən və millətin meydana gəlməsindəki rolundan bəhs etdik. Bu bölümdə isə dilin millətin tarixini yansıtan bir ayna olduğundan, doğma Türk dilimizdən və düşünürlərimizin, fikir adamlarımızın dilimizlə əlaqədar düşüncələrindən söhbət açacaq, ortaq Türkcənin gərəkliliyinə geniş yer ayıracağam.

Dildən bəhs edərkən onun tarixi önəmini də unutmamalıyıq. Dil canlı bir varlıqdır, nəsildən-nəslə ötürülə bilən və toplumun müxtəlif özəlliklərini əks etdirən sosial bir qürumdur. Tarixi özündə əks etdirən ayna kimidir. Hər hansı bir dil, o dildə danışan toplumun yaşayış biçimini, geniş anlamda kültürünü, dünya görüşünü, tarix boyunca keçirdiyi müxtəlif evrələrin və başqa toplumlarla qurduğu əlaqələrin yansıtıcısıdır.

Dilin canlı bir varlıq olduğundan bəhs etdik. Bu məqamda Azərbaycanın və Türk dünyasının düşünürü, şairi Bəxtiyar Vahabzadənin “Latin dili” şeirindəki misraları xatırlatmaq istərdim:

Latın dili!

Hər sözündə dünya boyda yük daşıyır,

Latın dili! -

Millət ölüb, dil yaşayır.

***

Sabah bizim ərzimizin

Sərhəddindən o yana da

Qoşar bu dil.

Bəlkə… bütün ulduzları

Gəzər bu dil.

Döyüşlərdə zəfər çalıb

Ölən ərə bənzər bu dil.

Bu gün Latın milləti müasir çağımızda yaşamır, amma dilləri onların tarix səhifələrində varlığından xəbər verir. Yəni Latın dili öz millətinin varlığını bu gün bizlərə sübut edir. Hal-hazırda Azərbaycan Türkçəsinin də, Türkiyə Türkçəsinin də yazılı dili Latin əlifbası (qrafikası) ilə yazılır.

Türklərin, yəni bizlərin təxminən miladdan öncə 2500-cü illərə qədər uzanan köklü tariximiz və dilimiz var. Bunu söylərkən tarixi abidələrimizə, yazılı və şifahi (sözlü), yəni dildən-dilə yayılaraq günümüzə gələn ədəbiyyatımızın nümunələrinə əsaslanırıq. Dilimizin tarixi soy-kökümüz qədər qədimdir. Bu günkü Türkcə təxminən 1300-1500 illik yazılı keçmişə sahibdir. Göktürk dövlətinin (552) quruluşu və Orhun abidə yazıtlarının tikiliş tarixinə görə bu qənaətə gəlirik. İlk yazılı qaynaqlardan olan Orhun yazıtlarına – kitabələrinə diqqət yetirdiyimizdə anlayırıq ki, şifahi dilimiz yazılı dilimizdən də qədimdir. Çünki bir dilin yazı dilinin formalaşması və işlək duruma gəlməsi üçün minlərlə ilin keçməsi gərəklidir. Biz buna əsasən deyə bilərik ki, şifahi, yəni danışıq dilimizin tarixi 4-5 min il öncəsinə qədər gedib çıxır.

Biz Türklər tarix boyu digər topluluqlarla ticari-mədəni əlaqələr qurmuşuq. Bunun nəticəsində də dilimizə yabancı sözlər gəlmişdir. İslamı qəbul etdikdən sonra isə Türkcə ərəbcənin təsirinə məruz qalmışdır. Amma Türk tarixində əvəzsiz yeri olan, dilimizə böyük və önəmli xidmət etmiş Kaşgarlı Mahmud hələ 11-ci yüzildə Türkcənin bir gün dünya dili olacağına inanaraq, ərəblərə Türkcəni öyrətmək məqsədi ilə “Divanü Lûgati’t-Türk” əsərini qələmə almışdır. Əski Türkcə dövrünə aid qələmə alınan ən önəmli əsərlərdən olan “Divanü Lüğati`t-Türk” 1072-1074-cü illəri arasında yazılmışdır. Bu möhtəşəm sözlük Türkcəmizin bilinən ən qədim lüğəti və dilimizlə əlaqədar ən geniş bilgiyə sahib bir dilçilik əsəridir. Bu əsər peyğəmbərimiz Hz.Muhəmmədin (s.a.s) bir hədisi ilə başlayır. Sözügedən hədisdə isə belə buyrulur: “Türk dilini öyrənin, çünki onların uzun sürəcək səltənətləri (dünyada uzun sürən hakimiyyəti olacaqdır) vardır”. Bu günkü dilimiz müasir çağımıza gəlincəyə qədər çox yol qət etmişdir. Dilimizin özünü və özəlliklərini ərəbcədən, farscadan qorumasında Mahmud Kaşğarlı, Ahmet Yesevi, Yunus Emre, Şah İsmayıl kimi ismini qeyd etmədiyim daha yüzlərcə-minlərcə dəyərli dövlət və fikir adamlarının əvəsiz rolu olmuşdur. Hoca Ahmet Yesevi bir müsəlman-Türk olaraq Türkcəni İslamın da dili halına gətirmiş və ərəbcənin, farscanın təsirindən qorumuşdur. Ahmet Yesevi şeirində də dilimizi necə qoruduğundan bəhs edir:

Sevmez sözde bilginler

Bizim Türkçe dilini

Bilgeler konuşursa

Açar gönül ilmini

Ayet ve hadis Türkçe

Söylenirse duyarlar

Anlamına erenler

Baş eğerek uyarlar

Ey miskin Hoca Ahmet

Yedi atana rahmet

Fars dilini bilsen de

Sen Türkçene devam et

Türkcənin özünü qorumasında və elm, ədəbiyyat dili olmasında, Anadoluda Türkcəsinin İslam dini ilə bütünləşməsində, 13-cü yüz ildə dilimizin fars və ərəbcədən geri qalmamasında Yunus Emrenin xidməti də əvəsiz və mühümdür. Onun şeirlərindəki dil 13-cü yüzilin xalq (məişət) Türkcəsidir.

Yunus Emrenin yaradıcılığı üzərində tədqiqat aparan Mustafa Tatçı əsərində şairin Türkcəsinə dair bir çox fikir qeyd etmişdir. O, Yunusun sənətindəki dahiliyin səbəbini belə açıqlayır: “Yunus Emrenin əsil dahiliyi Türkcəni sənətkəranə bir üslubla işləməsi - istifadə etməsidir. O, adətən Türkcə təsəvvüf və istilah (elm-terminoloji ) dilinin qurucusudur. Türkcə Yunusun qələmi ilə estetikləşmiş, ədəbiləşmiş və canlanıb yayılmışdır”.

Heç şübhəsiz deyə bilərik ki, dahi Yunus Emre Türkcəmizə və milətimizə belə əvəsiz xidmət edərkən özü də düşüncəni ifadə edən dilin, sözcüklərin önəmini dərindən anlamış və bilicli bir şəkildə bunu həyata geçirmişdir. Söz ustası Yunus bunu misralarında ustalıqla əks etdirmişdir:

Söz ola kese savaşı söz ola bitüre başı

Söz ola agulu aşı balıla yag ide bir söz…

Beləcə deyə bilərik ki, Yunus Türk dilin mükəmməl bir tərzdə -üslubda istifadə etmiş bir dil sənətkarıdır və onun dili göstərişdən, gərəksiz ifadələrdən uzaqdır.

Dilimiz çağımıza gəlincəyə qədər keşməkeşli yolları qət etməsi haqda öncədən də bəhs etmişdim. Oxuyan, araşdıran bilincli soydaşlarımız, milli kimliyinə sahib çıxan insanlarımız bunu daha dərindən anlayırlar. Bir millətin bütün tarixi boyunca əldə etdiyi kültürü, dəyərlərinin bütününü və həyat təcrübələrini sinəsində toplayan, onu qoruyan və yaşadan "qutsal bir xəzinə" olan dil, sadəcə ilətişim-ünsiyyət vasitəsi olaraq düşünülməməlidir. İlətişim vasitəsi olma nitəliyi yanında dilin həm fərd, həm də millət üçün daha önəmli olan yönü kültürəl kimliyi bəlirləyici və qoruyucu olduğu yönüdür. Millətin iç dünyasını, ruhunu əks etdirən dil, fərdlərin mənsubiyyətlərinin, millətlərinə olan bağlılıqlarının da bəlirləyicisidir(Üstüner 2003: 2). Bu səbəbdəndir ki, dilimizin önəmini anlamalıyıq və onu gözbəbəyimiz kimi qorumalıyıq. Necə ki, Oğuz Türk hökümdarı olan Şah İsmayıl Xətai öz millətinə, yəni bizlərə xitabən deyirdi:

“Ey Türk oğulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc vətən torpağını dünyanın heç bir dövlətinə dəşiyməyin. Onu qoruyun və gələcək nəsillərə ötürün”.

Türkoloq Muharrem Erginin dil və millətlə bağlı dəyərli fikirlərindən biri belədir: “Bir millətin ruhu və yaşama biçimi dilində şəkillənir. Bu baxımdan dil, millətin həyat fəlsəfəsini yansıtır. Bir topluluğun millət halında yüksələ bilməsi ancaq dil ilə mümkündür. Millətin daha çox özəllikləri, örf və adətləri, dünya görüşü, həyat fəlsəfəsi, inançları, sənət anlayışları, dildə əks edilir. Dil, milli yaddaşın milli xatirələrın, duyguların və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin, bütün buluş və yaradılışların müştərək xəzinəsidir”.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA