“Diş yazıdan qat-qat daha dəyərlidir” - HEYDƏR OĞUZ

“Diş yazıdan qat-qat daha dəyərlidir” - HEYDƏR OĞUZ

“Artıq 50 yaşım var, nə vaxta qədər gözləməliyəm ki, yolum açılsın, yazmağa başlayım?!”

“Çox vaxt səhər saat 8-də kompüter arxasına keçib gecə saat 2-yə, 3-ə qədər fasiləsiz yazıram”

“Əvvəllər mətbəx səsləri mənə təsir etmirdi, amma son zamanlar nədənsə bu səslər məni qıcıqlandırır, fikrimi dağıdır, görünür qocalıram”

“Hürriyyət”in “Səmimi söhbət” rubrikasının ilk qonağı bu günlərdə 50 illiyini qeyd edən şair, publisist, araşdırmaçı jurnalist Heydər Oğuzdur.

Heydər Oğuzla çay süfrəsi ətrafında söhbətləşdik. Özü belə istədi. Dedi ki, belə daha rahat olar, daha səmimi alınar söhbətimiz. Həmin söhbəti “Hürriyyət”in oxucularına təqdim edirik:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/isa_hebibbeyliye_muraciet_etdim_eruzu_bilmediyini_dedi_-_heydr_ouz)

- O zaman artıq ailəli idiniz?

- Təbii. Ailəli idim. Söhbət 1998-ci ildən gedir. Mən isə tələbəlikdən evli idim. Anam ehtiyat edirdi ki, birdən Türkiyəyədən türkiyəli qızla qayıdaram, o üzdən burda “ayağımı bağlayıb” Türkiyəyə yollamışdı məni. Qızım 1995-ci ildə anadan olmuşdu. 2000-ci ildə isə oğlum dünyaya gəldi...

Həmin dönəmdə mən və bəzi həmkarlarım təqiblərə məruz qaldıq, həbs olunduq. Müxtəlif təzyiqlərlə məni mətbuatdan uzaqlaşdırdılar. Heç yerdə özümə uyğun iş tapa bilmədiyim üçün atamdan öyrəndiyim sənəti davam etdirmək qərarına gəldim. Rəhmətlik atam diş texniki idi. Öz sənətini mənə də öyrətmişdi. Beləcə, diş texnikliyindən qazandığım pulla ailəmi dolandırmağa başladım.

Amma işimi quranadək, bütün incəliklərini öyrənənədək çox əziyyət çəkdim. Hardasa 2-3 il kuryer işlədim, yəni dişi aparıb-gətirən. Çünki atam qızıl diş düzəldirdi, amma Bakıda qızıl diş keçərli deyildi. Burda metal-keramika dəbdə idi, elə indi də üstünlük bu dişlərə verilir. Amma metal-keramika düzəltmək elə də asan deyildi, bunun az sayda xüsusi ustaları vardı. Təvazökarlıqdan uzaq olsa da, deyəcəm. Mən diş texnikliyi sahəsində də ən yüksək səviyyəyə qalxdım. Əslində heç bacarmadığım bir iş idi, amma öyrənib ustası oldum.

Ümumiyyətlə, Azərbaycan çox qəribə bir ölkədir. Bu ölkədə insan ən bacarmadığı bir işdən çörək pulu çıxarır. Misal üçün, mənim bacarmadığım peşə jurnalistlik idi, jurnalist kimi işə başladım. Gördülər ki, pis alınmır, məni heç bacarmadığım bir sahəyə yönləndirdilər, orda da çətinliklə də olsa ən yüksək pilləyə yüksələ bildim.

- Bu gün də diş texnikliyi ilə məşğulsunuz?

- Hərdən diş düzəltməli oluram. Çünki vaxtım az olur. Yoldaşlar, dostlar xahiş edəndə, sözlərindən çıxa bilmirəm. Məsələ ondadır ki, başqa diş texniklərindən fərqli olaraq mən qohum-əqrəba, dost-tanış üçün dişi müftə düzəldirdim. İndi də yaxın adamlar, ailə üzvlərim üçün dişi özüm düzəldirəm. Amma sırf o işlə məşğul olmuram. Çünki, dediyim kimi, vaxtım yoxdur. Bu işlə məşğul olsam, yaza bilməyəcəyəm. Artıq 50 yaşım var, nə vaxta qədər gözləməliyəm ki, yolum açılsın, yazmağa başlayım? Düzdür, ya yox?

- Doğru deyirsiniz.

- Bəs hazırda daha çox hansı sahədə işləyirsiniz, hansı mövzulara müraciət edirsiniz? Şeir yazırsınızmı?

- Xeyr, şeir yaza bilmirəm. Açığı, 5 ildən çoxdur şeir yaza bilmirəm. Çünki publisistika ilə şeir bir-birini vurur. Yəni mütəmadi publisistika ilə məşğul olursansa, şeir yaza bilmirsən. Çünki ruh publisistləşir.

- Hər gün yazırsınız?

- Bəli, hər gün yazıram. Elə gün olur, 2-3 məqalə yazıram.

- Ruhunuzun qidası kimi yazırsınız¸ yoxsa məqsəd pul qazanmaqdır?

- Pul verən olsa, sevinərəm. Amma inanın ki, pul verən çox olmur. İndi yazıya qiymət verən yoxdur. Diş yazıdan qat-qat daha dəyərlidir. Amma özümə sual verirəm ki, mən nə vaxta qədər diş düzəltməliyəm axı? Qalmışam iki od arasında. Ruhumun istəyi ilə yazı işinə keçəndə diş düzəltməyə vaxt qalmır, çörək pulumdan oluram. Diş texnikliyi ilə məşğul olanda da yazmağa vaxtım qalmır, ruhum inciyir.

Mən yazanda davamlı yazıram. Bir yazı üzərində 6 saat işlədiyim vaxt olur. Mən xəbər yazmıram, mətbuatda analitik məqalələrlə çıxış edirəm. Hər hansı bir olayı analiz etmək üçün isə müxtəlif mənbələrə müraciət etməli, dövri mətbuatı izləməli, dünyada baş verən sosial-siyasi hadisələrdən xəbərdar omalısan və üstəlik yazmalısan. Bu da xeyli vaxt aparır. Bu qədər işləyib yorulandan sonra artıq diş düzəltməyə enerjin qalmır.

Bir də, dediyim kimi, mən gündə bir deyil, bir neçə məqalə yazıram. Çox vaxt səhər saat 8-də kompüter arxasına keçib gecə saat 2-yə, 3-ə qədər fasiləsiz yazıram.

- Özünüz də iki övladınız, həyat yoldaşınız və ananızla birgə ikiotaqlı kiçik mənzildə yaşayırsınız. İş otağınızsa mətbəxdi, daha doğrusu, mətbəxin bir küncüdür...

- Doğrudur. Mətbəxin bir tərəfində mən yazıram, digər tərəfində isə həyat yoldaşım yemək bişirir. Şikayət etməyi xoşlamıram. amma olanı deyirəm. Əvvəllər mətbəx səsləri mənə təsir etmirdi, amma son zamanlar nədənsə bu səslər məni qıcıqlandırır, fikrimi dağıdır, görünür qocalıram.

- Qocalığa hələ çox var.

- Amma hər halda kənar səslər artıq təsir edir. Əvvəllər səsləri eşitmirdim, istəyir yanımda lap top partlasın. Hətta həyat yoldaşım məndən inciyirdi ki, sənə söz deyirəm, məni eşitmirsən. Ona izah edə bilmirdim ki, mən yazı yazıram. Amma indi artıq eşidirəm. Misal üçün, qab yuyanda suyun, qab-qacağın səsi başıma düşür.

- Görünür, həm də bir az əsəblər korlanıb.

- Əsəblərim korlanıb. Elə onu demək istəyirdim. Əvvəllər heç əhəmiyyət vermədiyim şeylər indi məni özümdən çıxarır.

- Bu illərdə çox təəssüf ki, şəkər xəstəliyi də tapdınız.

- Sizcə, şəkərə xəstəlik demək olar? Əslində şəkər dövrümüzün həyat tərzidir.

- Daha çox passiv həyat tərzi keçirən insanların həyat tərzidir.

- Doğrusu, mən passiv həyat tərzi keçirmirəm.

- Az hərəkət edirsiniz, daha çox beyniniz işləyir.

- Düzdür, az yeriyirəm, amma söhbət ondan gedir ki, beyin işləyəndə insan daha çox enerji sərf edir. Şəkər bununla bağlı deyil. Şəkəri yaradan sarsıntılardır, problemlərdir, əsəb yaradan olaylardır. Mən demək olar ki, hər şeyə əsəbləşirəm. Odur ki, əsəb yaradan nəsnələrdən qaçmağa çalışıram. Məsələn, heç kəslə polemikaya girmirəm. Çünki əsəbləşəndə özümü cilovlaya bilmirəm, 3-4 gün həmin əsəb canımdan çıxmır.

- Sizin “Ovqat” adlı saytınız da var. Doğrudan da çox maraqlı, oxunaqlı bir saytdır. Həmin saytda müxtəlif mövzulu yazılar yer alırdı, amma daha çox oxunan sizin analitik məqalələriniz idi. Təəssüf ki, deyəsən işlədə bilmədiniz...

- İşlədə bilmirəm, çünkü saytı işlətmək üçün komandan olmalıdır. Komandasız saytı işlətməli olsam, onu müxtəlif saytlardan götürdüyüm xəbərlərlə doldurmalıyam. Əgər bir yazıya ən azından 3-4 saat sərf edəcəyəmsə, demək 3-4 saat saytı yeniləmək imkanım olmayacaq. Üstəlik, informasiya da toplamalıyam, müxtəlif peşə sahiblərindən müsahibələr almalıyam, şikayətçilərlə görüşüb dərdlərini dinləməliyəm. Sizcə, bu işlərin hansını çatdıra bilərəm?

Əvvəllər diş düzəldirdim deyə, az da olsa, imkan vardı. Özümə kiçik bir komanda qurmuşdum, əl-ələ verib saytı işlədirdik. Amma sonra devalvasiya ilə əlaqədar diş düzəltdirənlərin sayı kəskin surətdə azaldı.

Ümumiyyətlə, Azərbaycanda iqtisadi böhranı ilk hiss edən diş texnikləri və stomatoloqlar olur. Çünki bizdə dişi əsasən hansısa əlamətdar hadisə ərəfəsində düzəltdirirlər. Misal üçün, yeni işə qəbul olunanda, toy ərəfəsində və s. İqtisadi böhran vəziyyətində isə nə yeni işçiyə ehtiyac olur, nə də toy-büsat qurulur. O üzdən bizim işimiz də olmur.

Həm də doğrusu, publisistik yazılar da məni diş düzəltməkdən çəkindirdi. Hər kəsin bu dünyada bir missiyası var, mənim missiyam da yazmaqdır. Bu o demək deyil ki, mən diş texniki peşəsinə yuxarıdan aşağı baxıram. Əsla. Bu çox çətin, zərif bir peşədir, insandan bacarıq, dəqiqlik tələb edir. Mənim dədəm ömrü boyu diş texniki olub. Diş düzəltməklə bizi böyüdüb boya-başa çatdırıb. Onun əməyini yerə vura bilmərəm.

Amma atam diş düzəldib deyə mən də diş düzəltməli deyiləm axı. Mən yazanda özümü daha rahat hidss edirəm.

- İstər şeirlərinizdə, istərsə də publisisztik yazılarınızda, eləcə də facebook səhifənizdə paylaşdığınız müxtəlif mövzulu statuslarınızda fikrinizi olduqca kəskin söyləyirsiniz. Buna görə çox vaxt qınaq obtyektinə çevrilirsiniz. Heç düşünmədiniz ki, işinizin xatirinə tənqidi fikirlərinizi daha yumşaq ifadə edəsiniz? Bu sizdə alınmır, ya şəxsiyyətinizə, prinsiplərinizə uymur?

(Ardı var)

Haırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA