Dövlət "Diqlas" Ticarət Mərkəzi sahibinin ziyanına ŞƏRİK ÇIXMALI İDİ?

Dövlət "Diqlas" Ticarət Mərkəzi sahibinin ziyanına ŞƏRİK ÇIXMALI İDİ?

Rövşən Ağayev: "Bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır"

Qadir İbrahimli: "Sonda məlum olacaq ki, "Diqlas"ın büdcəyə ödədiyi vergi məhəllə marketinin ödədiyi vergidən çox deyil!"

Qubad İbadoğlu: "Bəlli oldu ki, gəlirli obyektlər siyasi hakimiyyətdə yüksək vəzifəsi olmuş və ya olan şəxslərə məxsusdur"

Nazim Bəydəmirli: "Dövlət büdcəsi hesabına bu cür kompensasiyaların verilməsi zərərlidir və qəbul edilməzdir"

Natiq Cəfərli: "Normal ölkələrdə yanğın, subasma, zəlzələ və digər bənzər hadisələr baş verərkən heç kim dövlətdən maddi yardım gözləmir"

Bildiyiniz kimi, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazidə yerləşən "Diqlas" Ticarət Mərkəzində yanğın olub. Baş vermiş yanğın nəticəsində ticarət mərkəzi tamamilə yararsız hala düşüb, 381 nəfər sahibkara milyonlarla manat ziyan dəyib. Martın 28-də isə ölkə başçısı sözügedən yanğınla əlaqədar müşavirə keçirib. Qeyd edək ki, "Diqlas"dakı yanğından ziyan görən sahibkarları gələcəkdə işlə təmin etmək üçün müvafiq addımların atılacağını bəyan edən prezident dövlətin onlara dəstək və yardım göstərəcəyini bildirib.

Dövlət başçısı həmçinin, vurğulayıb ki, adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır: "Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir. Artıq evlərin tikintisi başlamışdır və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilmişdir. Bütövlükdə, sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalatsınlar. Belə olan halda tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə onların əmlakı batmayacaq. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik. Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək. Ancaq biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki qaldı, ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir".

"Diqlas" yanğınındakı zərərçəkənlərə 3 milyon manat ayrıldı

Onu da nəzərinizə çatdıraq ki, artıq iqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" Ticarət Mərkəzində yanğın zamanı zərərçəkmiş icarədarlarla görüşüb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında baş tutan görüşdə nazir qeyd edib ki, prezidentin tapşırığı ilə onlara hər cür dəstək veriləcək: "Bütün məsələlər araşdırılır, şənbə-bazar günləri də işləyəcəyik. Üç gün ərzində araşdırma aparılacaq. Gələn həftədən dəstək tədbirlərinin həyatda keçirilməsinə başlanılacaq". Şahin Mustafayev bildirib ki, icarədarlara 5 illik müddətinə 4 faizlə manatla kredit verə bilərlər.

Ötən gün isə ölkə başçısı yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılacaq.

"Hesab edirəm ki, istintaq yekunlaşdıqdan sonra dövlət qarşıladığı ziyanı geri ala biləcək"

Bu arada, sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi, daha sonra reqress qaydasında mərkəzin sahiblərindən geri tələb edilməsi məsələsinə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı qeyd edib ki, dövlətin bütün yükü öz üzərinə götürməsi heç də baş vermiş hadisədə yanğından mühafizəni təşkil etməməklə sahibkarlara ziyan vuran bina sahiblərini məsuliyyətdən azad etmir. Onun sözkərinə görə, dövlət sahibkarlara dəyən ziyanı qarşılamaqla əsas iddiaçı tərəfə çevrilir: "Diqlas"da baş verən yanğın nəticəsində yüzlərlə insanın mallarının yanması bədbəxt və çox acı bir hadisədir. Ölkə rəhbərinin sahibkarlara dəyən ziyanın qarşılanmasına dair göstərişi analoqu olmayan bir qərardır. Çünki dövlətin həmin ziyanın ödənilməsi ilə bağlı heç bir öhdəliyi yoxdur. Prezident İlham Əliyev isə bir daha humanizm nümunəsi göstərdi, baş vermiş olaya seyrçi qalmadı və dərhal reaksiya verdi. Ancaq dövlətin bütün yükü öz üzərinə götürməsi heç də bu işdə günahı olan şəxsləri məsuliyyətdən azad etmir. Hadisə ilə əlaqədar olaraq istintaq işi aparılır. Əminik ki, günahkarlar texniki səhvlərinə və ya digər yanlışlıqlarına görə məsuliyyətə cəlb olunacaqlar və müvafiq addımlarla cəzalanacaqlar. Hesab edirəm ki, istintaq yekunlaşdıqdan sonra dövlət qarşıladığı ziyanı geri ala biləcək".

"Diqlas" Ticarət Mərkəzinin əsl sahibinin kimliyi nədən gizli saxlanılır?

“Məmur bəyannaməsi mexanizminin tətbiqi barədə danışmaq heç kimə sərfəli deyil” - RÖVŞƏN AĞAYEV

"Hürriyyət" xəbər verir ki, mövzuya dair mövqeyini bildirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevin fikrincə, ən böyük problem odur ki, qanunvericilik sahibkarı gizlətməyə yaşıl işıq yandırır: "Yanan ticarət mərkəzinin rəsmi təmsilçisinin sahibkarlarla görüşünü izlədim. Vegilər Nazirliyinin saytı vasitəsilə baxdım, insanlarla görüşən şəxsin adının qarşısında "qanuni təmsilçi" yazılıb. Elə ən böyük problem də odur ki, bizim qanunvericiliyimiz sahibkarı gizlətməyə yaşıl işıq yandırır. Hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı qanunvericilik mülkiyyətçinin və təsisçinin adını kommersiya sirri sayaraq gizli saxlayır. Bu yanaşma sivil dünya praktikasına ziddir - benefsiar sahiblik problemi həll edilməli, biznes obyektlərinin gerçək sahibləri cəmiyyət üçün açıq olmalıdır. Qarşılaşdığımız problemə baxın - minlərlə insan işlədiyi mülkün gerçək sahibinin kim olmasından xəbərsizdir, problemi onunla müzakirə edə bilmir. Onu rəsmi təmsil edən şəxs isə açıq deyir ki, onlardan icazəsiz heç bir vəd verə bilməz. Diqqət edin, zaman-zaman qırmızı lenti kəsilən obyektlərin belə sahiblərinin kim olması barədə heç bir rəsmi məlumat açıqlanmır. Halbuki normal ölkələrdə biznes adamları özləri ortaya çıxır, layihələrini təqdim edir, iqtisadiyyata verdikləri töhfə ilə öyünürlər. Gerçəkdən dünyada anoloqu olmayan situasiyadır - ortada nəhəng bir biznes var, amma biznesmeni yoxdur. Gizli və sirli sahibkar..."

"Heç bir dövlət bu qədər yükə tab gətirməz"

"Vətəndaşın kreditlərini dövlət qaytarır, əmanətlərini dövlət qaytarır, nəhəng bir bankın xarici borclarlarını dövlət qaytarır, iri şirkətlərini borclarını dövlət qaytarır, sahibkara dəyən ziyanı dövlət qaytarır" deyən Rövşən Ağayev hesab edir ki, dövlət bu qədər yükə dözməz. İqtisadçı ekspertin sözlərinə görə, bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır: "Bank sistemi riskləri hesablaya bilmir, sığorta sistemi riskləri sığortalaya bilmir, yanğın təhlükəsziliyi öz sahəsinə aid riskləri görə bilmir, vergi sistemi şəffaf dövriyyə yarada bimir ki, sığorta mexanizmləri riskləri sığortalamağa çətinlik çəkməsin. Bu qədər "sistem" sözü, sistem qüsuru olan yerdə fərdlərdə günah axtarmaq havaya vaxt itkisidir. Sistem islahatlarına ehtiyac var. Kabinetlərdə qəbul edilən qərarlara deyil, ortaq ağla söykənən, cəmiyyətin bütün kəsimlərinin prosesdə iştirakına zəmanət verən, onların rəyini və ehtiyaclarını nəzərə alan mexanizmin çalışmasına ehtiyac var. Əks halda heç bir dövlət bu qədər yükə tab gətirməz. Təsəvvür edirsinizmi, sistem düzgün çalışsaydı, dövlət bu qədər izafi və gərəksiz yükə məruz qalmasaydı, həmin vəsaitlər insanların sağlamlığına, təhsilinə, elmə, iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinə, ölkənin ekologiyasına sərf edilsə idi, cəmiyyətimizin nələr qazanardı. Bizim vəziyyətimiz indi təxminən belədir: ata (bizim reallıqda neft) nəhəng pullar qazanır, amma övlad bu pulları dəbdəbəli mənzillərə, avtomobilə xərcləyir. Amma onları da ya yandırır, ya da daşa-divara çırpıb yenilərini alır".

"Hakimiyyətdə yüksək vəzifəsi olmuş və ya olan şəxslər üçün isə nəinki qanun, hətta qaydaların belə aliliyi yoxdur"

Картинки по запросу Qadir İbrahimli

Məsələyə təxminən, eyni mövqedən yanaşan "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı-ekspert Qadir İbrahimli bildirib ki, zərərə düşmüş dükan sahiblərinə təzminatı dövlət hesabına ödətdirməyə gücləri yetir: "Soruşan yoxdur ki, "Diqlas" indiyədək dövlət büdcəsinə nə qədər vergi ödəyib ki, indi dövlət onların ziyanına şərik çıxır? Sonda məlum olacaq ki, "Diqlas"ın büdcəyə ödədiyi vergi məhəllə marketinin ödədiyi vergidən çox deyil!"

"Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir" - QUBAD İBADOĞLU

"Hürriyyət"in məlumatına görə, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, ABŞ-ın Rutgers Universitetində dərs deyən iqtisadçı alim Qubad İbadoğlunun fikrincə, "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın ən azı aşağıdakı 5 həqiqəti aşkara çıxardı: "1. Məlum oldu ki, vergi qanunvericiliyinə yeni dəyişikliklər yanvarın 1-dən tətbiqə başlasa da, hələ də mühsibat uçotu və hesabatları köhnə qayda ilə aparılır. İcarədarla icarəçi arasında müqavilələr formal xarakter daşıyır. İcarədarların ödədikləri vəsait rəsmiləşdirilmir. 2. Bəlli oldu ki, gəlirli obyektlər siyasi hakimiyyətdə yüksək vəzifəsi olmuş və ya olan şəxslərə məxsusdur. Onlar üçün isə nəinki qanun, hətta qaydaların belə aliliyi yoxdur. Onları yalnız qazancları və onu necə artırmaq yolları düşündürür. 3. Bu hadisə göstərdi ki, aidyyatı orqanlar hətta bu miqyasda yanğının söndürülməsində acizdirlər. Xüsusilə də mülki geyimli şəxslərin (işçi və ya kənar şəxs olmasına baxmayaraq) yanğın söndürmə işinə cəlbi bu sahədə idarəçilik probleminin mövcudluğunu üzə çıxartdı. 4. Yanğın söndürmə işinin təşkili göstərdi ki, bunun üçün əvvəlcədən yaradılmış infrastrukturun mövcud olmaması bu şəraitdə göstərilən səyləri səmərsiz edir. 5. Bəlli oldu ki, yanğından mühafizə qaydalarına və təlimatlarına əməl olunmamasından, əmlakın sığortalanmamasından ən çox ziyanı xırda və fərdi sahibkarlar çəkir. Onların hüquq və mənafelərini qoruyan sahibkarlıq birliklərinin, eləcə də məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməməsi bu problemin həllinin nə ictimai və nə də hüquqi müstəvidə mümkün olmayacağını deməyə əsas verir. Odur ki, xırda və fərdi sahibkarlara dəymiş zərərin ədalətli kompensasiya olunacağı ehtimalı çox azdır".

"Mənim ödədiyim vergilərin hesabına yenə kompensasiya veriləcək, yenə də insanlar öz risklərini sığortalamayacaq, yenə də məmur qazanacaq!"

Картинки по запросу nazim bəydəmirli

İqtisadçı-alim, sabiq millət vəkili Nazim Bəydəmirli də bu qənaətdədir ki, dövlət büdcəsi hesabına bu cür kompensasiyaların verilməsi zərərlidir və qəbul edilməzdir: "Kür daşqınları zamanı komitəmizin iclasında bu kimi hadisələrin nədən qaynaqlandığını və sığorta sisteminin necə işləməsinin yolunu göstərmişdik. Nə oldu? O zamandan bəri həmin "məmur sahibkarlığının" xeyrinə bir neçə icbari sığorta növləri gətirildi qanunvericiliyə, o da 25 ətrafında olan sığorta şirkətlərinin işinə yaradı. Hansı oliqarx-nazirin nəzarətində hansı sahələri icbari sığortalamaq lazım idisə, oraya başqa sığorta şirkətləri buraxılmadı. Beləcə, yenə öz aralarında bölüşdürüldü. İcbari sığorta inzibati resurslar hesabına inkişaf etdirildisə də, könüllü sığorta yerində qaldı, hətta gerilədi. Könüllü sığortanın inkişaf etdirilməsi üçün azad sahibkarlıq olmalıdır, inam etibar olmalıdır. O da ki, yoxdur və olmayacaq! Mənim ödədiyim vergilərin hesabına yenə kompensasiya veriləcək, yenə də insanlar öz risklərini sığortalamayacaq, yenə də məmur qazanacaq! Növbəti hadisəyə qədər belə də olacaq. Çünki məsləhət verənlər də, məsləhət verməyi "monopoliyaya" alıblar!"

"Bizdə böyük obyektlərin sahibi iri, ya çox iri məmurlar olduğu üçün nə qanuna baxırlar, nə qaydaları gözləyirlər, onlara da söz deyən oğul tapılmır"

Картинки по запросу Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq, iqtisadi ekspert Natiq Cəfərli də bildirib ki, normal ölkələrdə yanğın, subasma, zəlzələ və digər bənzər hadisələr baş verərkən heç kim dövlətdən maddi yardım gözləmir: "Dövlət təhlükəsizlik, ilkin tibbi yardım, kommunikasiyaların yaradılması məsələsinə baxır. Mal-mülk sahiblərinə dəyən ziyanı sığorta şirkətləri ödəyir. Çünki sığorta mədəniyyətinin formalaşması üçün dövlət şərait yaradır. Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb. Çünki normal vergi və sığorta münasibətlərinin yaranmasını təşviq edən sistem yoxdur. Vergi və sığorta münasibətləri ona görə yaranmır ki, dövlətin şəffaf çalışan institutları yoxdur. Şəffaf çalışan instututlar ona görə yoxdur ki, məmləkətdə seçki institu yoxdur, əslində bu qədər bəsitdi hər şey!" Ekspertin sözlərinə görə, dükanı olan malını sığortalaması üçün aldığı malları rəsmən əldə etməlidir: "Aldığı malları rəsmən əldə etmək üçün həmin məhsullar ölkəyə rəsmən daxil olmalıdırlar. Malların ölkəyə rəsmən daxil olması üçün şəffaf gömrük sistemi olmalıdır. Və ya icarədarlar icarəyə götürənlərlə rəsmi müqavilələr bağlamalı, həmin müqavilədə olan vəsaitin 14 faizini ya icarəyə verən, ya icarəyə götürən vergi şəklində büdcəyə ödəməlidir. Həmin müqavilədə fors-major vəziyyətlər nəzərə alınmalı, məsuliyyət bölgüsü açıq göstərilməlidir. Bizdə böyük obyektlərin sahibi iri, ya çox iri məmurlar olduğu üçün nə qanuna baxırlar, nə qaydaları gözləyirlər, onlara da söz deyən oğul tapılmır. Nəticədə müqavilə mədəniyyəti də formalaşmır. Bunun üçün məmur ya kreslosundan, ya da biznesdən qopardılmalıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA