“Dövlət satınalmalarının 90%-də qaliblər əvvəlcədən məlum olur” - SAHİBKAR

“Dövlət satınalmalarının 90%-də qaliblər əvvəlcədən məlum olur” - SAHİBKAR

“Rəhbərlik etdiyim şirkət son vaxtlar dövlət qurumlarının keçirdiyi 10 tenderin qalibi olub, amma yetərsayın olmaması və başqa bəhanələrlə mənimlə müqavilə bağlamaqdan imtina edilib”.

Hurriyyet.org finans.az-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birgə təşkil etdiyi “Biznes islahatları” mövzusunda seminarda sahibkarlardan biri, eyni zamanda ASK-nın Rəyasət Heyətinin üzvü, İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) komissiyasının sədri İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə görə, dövlət satınalmalarının 90%-də qaliblər əvvəlcədən məlum olur: “Halbuki, satınalmalar Azərbaycan iqtisadiyyatında azad rəqabəti təmin edə biləcək əsas alətdir. Əgər bu sahədə rəqabət yoxdursa, inkişaf da olmayacaq”.

Sahibkar çıxışında dövlət satınalmaları ilə bağlı ayrıca portalının yaradılmasını, prosesin elektronlaşdırılmasını müsbət qiymətləndirib, bununla belə, təklif edib ki, tender komissiyasına daxil olan şəxslərin də fəaliyyətinə nəzarət gücləndirilsin: “Satınalma prosesi elektronlaşdırılsa da, qalibi müəyyən edən şəxslər həmin tender komissiyalarının üzvləridir. Onlar isə monipulyasiyaya yol verirlər. Mən professional İKT şirkətinin rəhbəriyəm və hansısa xidməti 10 manata təklif edirəm. Küçədən keçən proqramçı isə bu işi 2 manata görür və son nəticədə satınalma müqaviləsi onunla bağlanılır. Çünki qanunvericilikdə boşluqlar var. Təklif edirəm ki, sahibkarların iştirakı ilə satınalmalar haqqında qanuna yenidən baxılsın, bir daha dəyişikliklər edilsin. Bununla bağlı iş adamlarının xeyli təklifi var”.

İ.Ələkbərovun iradlarına Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdirinin müavini Mirdaməd Kərimov cavab verib. O, sahibkara təkliflərini yazılı şəkildə onlara təqdim etməyi məsləhət görüb.

“Tenderlərdə küçədən keçənlərə üstünlük verilməsi bağlı dediklərinizə gəlincə isə, son illər ölkə prezidentinin tapşırığına uyğun olaraq real qiymətdən 20% aşağı qiymət təklif edənlər dərhal müsabiqədən kənarlaşdırılır. Hazırda yeni qanunvericiliyə uyğun olaraq müvafiq normativ hüquqi sənədlərin hazırlanması prosesi yekunlaşmaq ərəfəsindədir. Mal və xidmətlərin qiymətlərinin müəyyən edilməsi üçün qaydalar hazırlanır. Bu qaydalar tətbiq ediləndən sonra qiymətlərin kəskin şişirdilməsinin də qarşısı alınacaq”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA