Dron qaldırdı, indi də təhdid yağdırır! - BİZ AXI NİYƏ BU GÜNDƏYİK?...

Dron qaldırdı, indi də təhdid yağdırır! - BİZ AXI NİYƏ BU GÜNDƏYİK?...

Artıq 22 ildi Belçikada yaşayan, ixtisasca mühasib olan Spartak Adamyanın sport24.ru saytına verdiyi müsahibədən bilərəkdən məhz elə hissələri seçmişik ki, oxucularımızın, həmvətənlərimizin özünəvurğunluq hissinə təsir göstərsin. Bir sərsərinin fikirləri, həm də təhdidləri ilə tanış olun. Nə edəsən ki, acı gerçək ortadadı: ötən ilin dekabrında Londonda, bir neçə gün əvvəl isə Lüksemburda, yəni Avropanın göbəyində təxribat törədən birisi utanıb-çəkinmədən əməlindən qalmayacağını deyir. Sən demə, Londondakı biabırçılığa görə də heç bir cəza almayıb. Və biz bütün bu ikili standartlara, saxta Avropa dəyərlərinə qarşı heç nə edə bilmirik. Millət, dövlət, jurnalist olaraq!

* “Qarabağ”ın “Düdelanj”la oynayacağını biləndə özlüyümüzdə qərar verdik ki, gələk və bu aksiyanı təşkil edək. “Birinci erməni cəbhəsi” fanat hərəkatından olan uşaqlarla çoxdan bunu planlaşdırırdıq. Azərbaycanlılar hər yerdə qışqırırlar ki, idman siyasətdən kənardadı, ancaq onların futbol klubunun adı bunun əksini deyir. Məgər “Qarabağ” adlanan klub idmanla siyasəti birləşdirmirmi? Klubu belə adlandırmaları azmış kimi, onlar Henrix Mxitaryanın Bakıda oynaması üçün də heç nə etmədilər. Və biz kluba anlatmaq istədik ki, bu işi belə qoymayacağıq.

* İdeyanı tam şəkildə həyata keçirmək üçün bizə dörd adam lazım idi. Biri başverənləri çəkmək üçün stadionda olmalı, o biri stadiondakı durumla bağlı operativ bilgi vermək üçün rabitəçi rolunu yerinə yetirməliydi. Nəticədə iki qrupa bölündük: qruplardan biri qonşu binanın damında, digəri stadionda qərarlaşdı. Bayraq drondan düşsəydi, nəyin baş verməsindən və neçə adama qarşı olmağımızdan asılı olmayaraq, biz ikimiz onun arxasınca gedəcəkdik (təbii ki, burda gopa basır, cəsarətlərini çox görmüşük – “F+”). Bayrağımızın yad əllərə düşməsinə imkan verə bilməzdik. Əvvəlcə azərbaycanlı azarkeşlərlə eyni sektorda oturmaq istəyirdik ki, nəsə baş verəcəyi təqdirdə dronu ələ keçirək. Ancaq onların erməni olduğumuzu güman edə biləcəyini anladıq. İstəyimizə nail olandan sonra dronu geri çağırdıq, sakitcə maşına qoyduq və getdik. Dostumla birgə “Düdelanj” fanatlarının sektorundaydıq, azərbaycanlıların sektoru bizlə üzbəüz idi. Futbolçuların dronu topla vurub yerə salmağa çalışdıqlarını gördük, bu çox əyləncəli idi.

* Elə bu reaksiyanı da gözləyirdik – stadionda hər şey 180 dərəcə dəyişdi, Azərbaycan klubunun azarkeşləri qəzəblənməyə başladı, meydanda qarışıqlıq yarandı. Bu bizim məqsədimiz idi, sevindikləri vaxt əhval-ruhiyyələrini korlamaq istəyirdik. Yaxşı məsəl var: əsl gülən sonda güləndi. Tərəfimizdən heç bir təxribat yoxdu. Təxribat futbol klubunu “Qarabağ” adlandıran Azərbaycan tərəfindən gəlir. Azərbaycanın etdikləri xoşumuza gəlmir və biz bunla barışmayacağıq. Əlbəttə, istənilən müharibənin əleyhinəyəm. Azərbaycanda “Qarabağ” adlı idman klubları olmayacaqsa, sakitcə yerimizdə oturacağıq. Ancaq onlar tərəfindən bu bitməyəcəksə, belə aksiyaları davam etdirəcəyik.

* “Emireyts”də - “Qarabağ”ın “Arsenal”la oyununda meydana qaçanda sosial şəbəkələrdə minlərlə hədə-qorxu mesajı aldım. Buna xüsusi fikir vermədim. Göndərirlər, qoy göndərsinlər, vecimə də deyildi. Oyundan sonra belə təxribatın qorxaqlıq olduğunu deyən “Qarabağ”ın baş məşqçisinə necə cavab verəcəyimi bilmirəm. O belə düz adamdısa, “Arsenal”ın meydanında görünməyimin videosuna baxsın. Yerli stüardlar məni aparanda yoldaş Qurbanov vurmağa calışırdı (yenə də səhvə yol verir, onu Qurbanov yox, Rəşad Sadıqov vurmaq istəyirdi – “F+”). Orda hər şey aydın görünür. Təxribatı isə qoy öz ölkəsində axtarsın. Onlar ayaqdan başa qədər yeriyən təxribatçılardı.

* Henrixin “Qarabağ”la ev oyununda meydana çıxacağını gözləyirdim (bu epizoda 3-cü səhifədə ayrıca yazı həsr olunub deyə, təkrarlamağa dəyməz – “F+”). ...Azərbaycanlılar bundan sonra sosial şəbəkələrdə erməni adı ilə səhifələr yaratdılar və nəsə öyrənmək niyyəti ilə mənə yazırdılar. Məsələn, harda yaşadığımı bilmək istəyirdilər. Ancaq dərhal anladım ki, bunlar erməni deyil. Onda məndən soruşurdular ki, aksiya Mxitaryan üçündüsə, niyə Artsaxın bayrağını götürürsən? Bunu anlamaq asandı. Çünki onlar Ağdamdandılar, ancaq özlərini “Qarabağ” kimi təqdim edirlər.

Hazırladı: ORXAN