“DSMF ləğv olunsun” - KEÇMİŞ DEPUTAT

 “DSMF ləğv olunsun” - KEÇMİŞ DEPUTAT

“Pensiyaçılara xəzinədən ədalətli, bərabər sosial pensiya tətbiq edilsin”

“İndicə avtomobil yuduzdururdum, “moyka” sahibi ilə söhbət etməli oldum, işçilərin sığortası, maaşı, kommunal xərclər və vergi ödənişlərini soruşdum, məlum oldu ki, 3 işçisi var, hər ay 45 manat sığorta pulu ödəyir, gəlir vergisindən də azaddır. Hərçənd 8000 manat maaş da yoxdur. Hər şey rəsmidir. Xatırlatdım ki, oktyabrın 1-dən pensiya çıxmaq istəyən şəxslərin hesabında 28 800 manat pensiya kapitalı olmalıdır ki, onlar pensiya kapitalı ilə əmək pensiyasına çıxa bilsinlər. Qayıtdı ki, qardaş, indi kim pensiya yaşına çatır ki, mən və bunlar da çatsınlar? ” Hurriyyet.org xəbər verir ki, bu barədə keçmiş deputat Nazim Bəydəmirli sosial şəbəkə hesabında paylaşıb.

“Bu ödənişlə 53 il 4 ay “moyşik” işləmək lazımdır”

“Mən də onun yanında telefonun kalkulyatorunda hesabladım ki, bu kapitalı yığmaq üçün indiki halda, bu ödənişlə 53 il 4 ay “moyşik” işləmək lazımdır...özünə göstərdim, acı təbəssümlə güldü ki, biz bu gün evimizə çörək aparmağa çalışırıq, pensiya haqqında düşünmürük, gələcəyə ümidimiz yoxdur ki, pensiya alacağıq, pensiyanı deputatlara, nazirlərə, polislərə, prokurorlara versinlər, onlar çox yaşayacaqlar və əlavə etdi ki, hər şeyə haqq qazandırmaq mümkündür, bir bu əcaib pensiya sistemindən başqa...

Sonra özü qayıtdı ki, Gürcüstana getmişdim, orda bir kolleqam (moyka sahibi) ilə söhbət etdim, adam bir dəfə sosial vergi ödəyir, nə pensiya fondu görür, nə də mənim kimi 5 ayrı-ayrı işçinin sığorta hesablarına pul ödəyir, pensiyaya çıxanlara da bizdəki kimi ədalətsiz pensiya verilmir, hamıya eyni qaydada büdcədən pul ödənilir”,-deyə keçmiş deputat söhbəti xatırladıb.

“Gürcüstan təcrübəsi ilə "sosial vergi" tətbiq olunsun”

N. Bəydəmirli sonda vurğulayıb ki, DSMF ləğv olunsun, Gürcüstan təcrübəsi ilə “sosial vergi” tətbiq olunsun, pensiyaçılara da xəzinədən ədalətli, bərabər sosial pensiya tətbiq edilsin: “Bu gün “moyşik” də bildiyini hökumət öyrənib etmək istəmir...

Ən əsas dediyi də bu idi ki, əvvəllər sürücülər moykaya kefdən gəlirdilər, indi əksəriyyət məcburiyyətdən gəlirlər. Mən də əlavə edim- bu kasıbçılığın “ayaq səsləridir””.

Şamo EMİN, Hurriyyet.org