Düşmən Şuşadadırsa, heç bir səhvi BAĞIŞLAMAQ OLMAZ! - II HİSSƏ

Düşmən Şuşadadırsa, heç bir səhvi BAĞIŞLAMAQ OLMAZ! - II HİSSƏ

Rusiya agenturası, böyük manqurt ordusu hakimiyyətdə həlledici rol oynayırsa, bizim müstəqillikdən danışmağa haqqımız yoxdur

Son vaxtlar böyük mimikriya ustası Mirşahin ağa maşallah dil boğaza qoymur, qarşısında rəqibin olmamasından sui-istifadə edərək üyüdüb tökür, hamını sarsıdan lentlər nümayiş etdirilir, məkrli şərhlər də öz yerində. Ağa çalışır ki, daha çox hərc-mərcliyi, başıpozuqluğu göstərsin, xülasə demək istəyir ki, “pambuq bəylərinin” dövründə ölkədə it yiyəsini tanımırdı. Amma bircə dəfə də olsun bütün qeyli-qolu pərdə arxasından idarə edən, qondarma liderlərin iplərini çəkən mahir rejissorun adini çəkmir.

Bu mimikriya ustası əla bilir ki, üç-dördü istisna olmaqla əsas siyasi məzhəkəçilər hal-hazırda yüksək vəzifələrdə, Milli Məclisin kreslolarında oturublar.

Xidmətlərinin müqabilində iqtidar onların başlarını da tumarlayıb, hamısına da günahsız olmaları barədə induligensiya da verib, rolları da müəyyən edilib.Hünərləri var 90-cı illərin əvvəllərində çıxardıqları oyunları bir də təkrar edib ağızlarına gələni desinlər. Axmaq deyillər, dədələrinin yuxularına girməmiş günləri görürlər, şıq geyinir, mal-mülk alır, “Biz Qarabağ həqiqətlərini dünyaya çatdırmalıyıq!” bəhanəsi ilə xarici ölkələrə başmaq seyrinə çıxırlar.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/dusmen_usadadirsa_hec_bir_sehvi_bailamaq_olmaz)

Vacib ricət

Heç kim cürət edib birinci vitse-prezidentin mədəniyyət sahəsində gördüyü nəcib işlərə kölgə sala bilməz. Bizim millətin dünya qarşısında ortaya qoyduğu iki möcüzə var: Xalça sənəti və muğam. 600 xalça çeşnisi, dünya dekorativ sənətinin bel sütunu və hind, ərəb, fars musiqisinə meydan oxuyan bizim muğam. Hörmətli Mehriban xanım bunların ikisinin də dadına çatdı, qoymadı ki, dəyəri heç nə ilə ölçülə bilməyən bu nəhəng sərvət pamal olsun. İqtidara nə qədər neqativ münasibət bəsləyib, onun quldurlarına nə qədər ikrahla baxsam da, elə bu nəcib əməllərinə görə mən ölkənin birinci xanımına ömürlük minnətdaram. Onun qızı ilə bir yerdə qayğıya, müalicəyə möhtac olan uşaqlara tez-tez baş çəkməsi, qəlbi sınıq balacalara nəvaziş göstərməsi məni həmişə mütəəssir edir, göz yaşlarımı saxlaya bilmirəm.

İndi yazacağım sözlər bəzilərinə qəribə də görünə bilər, amma hər halda ürəyimdən keçəni deyirəm. Son üç əsr ərzində “Böyük” adına layiq görülmüş elə, bu adla da tarixə düşmüş iki hökmdar qadın tanıyırıq. İstərdim ki, “Yeni Müsavat” qəzetinin səhifələrindən düşməyən hərşeyşünas ağalardan biri, bu iki tarixi şəxsin adlarını açıb xidmətlərindən beş-altı kəlmə desinlər. Onu əlavə etmək istərdim ki, tarixdə iz buraxmış bu iki qadın fitri istedad sahibi olsalar da hər cəhətdən güclü, sadiq, işinə məsuliyyətlə yanaşan dövlət xadimlərinə arxalanırdılar, komandaları gözü tox kübarlar idi.

Mən də istərdim ki, hörmətli Mehriban xanımın məiyyətində sadiq, dövlətin ali məramları naminə hər an ölümə getməyə hazır insanlar olsun. İki böyük dərdimiz var, ikisi də bizi üzür, Qarabağ və bir də ki, ölkənin quru yerdə qoyan quldur, rüşvətxor, tayfabaz banda. Daha dəqiq desək, yırtıcılar. Və nə qədər ki, bu yırtıcılar ixtiyar sahibidirlər biz nə Qarabağı görəcəyik, nə də ağ günə çıxacayıq. Mehriban xanım bu yırtıcıların nəfəslərini kəssə, biz dünyanın ən xoşbəxt bəndələrindən olacağıq. Əks təqdirdə, biz hər şeyi itirəcəyik.

Son otuz ildə başımıza gələn qəza-qədər bir faktı da bütün çılpaqlığı ilə ortaya qoydu. Başımızın üzərində əlində şallaq tutan “enkevede” fərraşı, Allah, din, mürvət tanımayan raykom olmasa biz heç nəyə qadir deyilik. Heç kim düşünməsin ki, bu sözlərlə mən nəyisə lağa qoyuram, əla salıram. İrz-namusu tapdanmış, dədə-babasının məzarları təhqir olunmuş, gündə də kəndləri atəşə tutulan millətin içindən indiyə qədər nə bir xalq intiqamçısı çıxıb, nə düşmənin canına vəlvələ salan terrorist. 25 ildir bi sözləri yazıram... Məcmuələrdə çap olunan şeirlərə baxırsan məəttəl qalırsan, özlərindən başqa heç kimi bəyənməyən bu məzhəkəçi sürüsü heç nədən ibrət almayıb. Yerindən duran kitab buraxdırır... Onun da bir qismini özü alıb qohum-əqrəbasına paylayır, qalanı da mağazalarda yatıb qalır.

Arsızlıq və unutqanlığımıza parlaq bir misal, 1667-ci ildə Xəzər sahili boyu böyük zəlzələ baş vermişdi. Abşerondan ta Lənkərana qədər bir kənd salamat qalmamışdı. Bakının istehkamları isə zərər çəkmədilər...

Camaat qorxu, vahimə içində, nə qədər ev yerlə yeksan olub, ölənlərin, yaralananların sayı bilinmir... Elə bu əsnada S. Razinin başçılığı altında Dondan, Volqa boyundan gəlmiş canilər soydaşlarımıza hücum etdilər. Nə qoşun vardı, nə də əməlli silah... Dəhrə, kərənti, yaba ilə başdan ayağa silah içində olan peşəkar qatillərə qarşı durmaq mümkün deyildi.

Ruslar Rəştə qədər o yer qalmadı ki, talan edib dinc əhalini qılıncdan keçirməsinlər. Nə qədər qız-gəlin əsir kimi Rusiyaya aparıldı. 1669-cu ilin payızına kimi ruslar o rəzalət qalmadı ki, Xəzər hövzəsində müsəlmanların başlarına gətirməsinlər.

Biz şərəfsiz xələflər isə qatil S. Razinin adından əl çəkmirik ki, çəkmirik. Moskva şovinistləri məgər bizim arsızlığımızı kütlüyümüzü görmürlər?

Özünə qaçqın deyən sırtıq, mədəniyyətsiz avtobus sürücüsünü qandıra bilmirsən ki, ay bala, ay oğul üzərində “Razin” sözü yazılmış bu zəhrimar lövhəni götür, ayıbdır, bu köpəkoğlu filan filan işləri görüb, Bakıxanov dura-dura sən bu xristian qatilin nəyinə aşıq olmusan? Bir-iki dəfə yeri gələndə sürücülərə söz dedim, peşiman oldum, erməninin qarşısında bir qələt eləməmiş cahil üzümə bozardı.

Özlərini ədəbiyyat, tarix üzrə ayətüllah sayan bizim “akademik”, “professor” güruhunun içindən hələ bir kişi çıxmayıb ki, desin, “Yeddi oğul istərəm” filmi bütün xalq üçün təhqirdir, komsomolçu adlanan marqinalların” əlləri ilə gedər gəlməzə göndərilmiş, bölgələrdə güllələnmiş günahsız insanların, dar ağacına çəkilmiş namuslu, mənəvi dəyərlərimizin nigəhbanı olan əvəzsiz din xadimlərinin ruhlarına tüpürməkdir. İqtidarın əzizlədiyi Nizami Cəfərov və digər alimi-biəməllər Azərbaycan komsomolunun zaman-zaman törətdiyi müdhiş cinayətlərdən xəbərdardılar. Səməd Vurğun bunlar üçün “tabudur” söz demək olmaz. Amma mən, S.Vurğunun ötən əsrin 30-40-cı illərində yazıdıqlarını tamam-kamal oxumuş adi bir adam kimi söz də deyərəm, lap o yana da keçərəm.

Əhməd Cavadın məşhir şeirini oğurlaya-oğurlaya ona düşmənçiliyini gizlətməyən, Cavid kimi imam övladına xalq düşməni deyən, psevdotarixi əsərləri ilə neçə nəsli mənən şikəst edən adama mən hörmət edə bilmərəm.

... 1969-cu ilin mart ayında Yazıçılar ittifaqında rəhmətlik Xəlil Rza Ulutürkün üzərində əsl “ədəbi inkivizisiya” məhkəməsi qurulmuşdu. İttihamçıların yaşlı nəsli vaxtilə Əhməd Cavadı, Müşfiqi, Salman Mümtazı, Cavidi gedər gəlməzə göndərənlər idi. Moskva irticasına sədaqətlərini göstərmək üçün dəridən qabıqdan çıxan bu “korifeylər” düz üç saat zavallı Xəlili yaş yuyub quru sərdilər. Kişini işdən də çıxarıb, çap olunmağına qadağa da qoydular.

... İllər keçdi, çox məsələlərdə haqq öz yerini tapıb. Nizami Cəfərov kimi birinin indi yenə də tərifləyib ağac başına çıxarmaq istədiyi “böyük sənətkarlar” , “görkəmli söz ustaları” heç kimin yadına belə düşmürlər. Amma, xalq, oğlunu da Vətən yolunda qurban verən, Lefortovanı keçən, sonra da bir iynə ilə məhv edilən Xəlil Rza Ulutürkü “İstiqlal şairi” taxtına yüksəltdi.

Məni kin bəsləməkdə, hikkdə günahlandıran tapılar. “Bu xarabanın dərdi sənə qalıb?”, “Özün bilirsən ki, bizdə heç nə düzəlməyəcə!” deyənlər də az deyil. Amma Sərdar Əsədi intihara məcbur edənlərin, Əli Kərim kimi nadir istedad sahibini çörəksiz qoyanların, dörd ildə beş bayrağa beyət gətirənlərin, dünən Heydər Əliyevi belədən belə söyüb indi isə onun oğlundan tula payı almağı özlərinə şərəf bilənlərin, möhtəşəm tədbirlərdə xüsusi əda ilə duranların tox sər-sifətlərinə sakit baxa bilmirəm.

On minlərlə oğul onun üçün qurban getmişdi ki, hər məddahın zinadan törəmiş balası kasıb-kusuba maşın kolleksiyasını göstərib acıq versin? Mənsur Əlisoy kimi qorxmaz mübarizin sümükləri sürməyə dönüb, amma ona “ekstremist” adını verib, cəmiyyətdən təcrid edilməsini istəyən əbləhlər cah-cəlallı imarətlərdə yaşayırlar.

... Yeni festival yaxınlaşır, siyasətbazlar da bir-iki forum sahmanlayıb özləri üçün yeyib-içəcəklər,

Yaltaq qəzetlər bu dəfə birinci səhifələrində camaatı həyasızcasına dolayan belə sərlövhələr verəcəklər:

“Paşinyanın sər damağı tutub, Ağdam bu gün-sabah azad olacaq!”, “Surinamdan gələn turist bizim qutabları bəyənib və deyib ki, Qarabağ sizindir!”, ”Dəniz kənarı bulvarda qəmərilərlə (lunatiklərlə) görüş keçiriləcək!” və i a.

Firuz Haşımov