DÖVLƏTƏ SƏDAQƏTİN "PLAGİAT MODELİ" YOXDUR

  • 2019-05-16 13:45:04
  • |
  • Ölkə /

DÖVLƏTƏ SƏDAQƏTİN "PLAGİAT MODELİ" YOXDUR

M.Nağısoylunun idarəçiliyi də, alimliyi də çox məhdud səviyyə üçündür, institutu da, onun özünü də başqaları idarə edir

AMEA-nın Nəsimi adına Dilçilik institutunun direktoru Möhsün Nağısoylu mətbuata verdiyi açıqlamada ünvanıma əsassız ittihamlar səsləndirib, bəzi yanlışlıqlara yol verməklə yanaşı, həm də məni məhkəmə ilə hədələyib.

Direktorun hövsələdən çıxmasının əsas səbəbi ötən il dövlət vəsaiti hesabına çap olunmuş “İzahlı dilçilik terminləri lüğəti”nin (kitabın baş redaktorları akademiklər İ.Həbibbəyli və M.Nağısoyludur) başdan-ayağa plagiat olması və başqa mənbələrdən köçürülməsi ilə bağlı mətbuatda gedən diskussiyalardır. Mən apardığım araşdırmalara və dünyaşöhrətli lüğətşünas alimlərin tutarlı dəlillərinə əsaslanaraq, həmin diskussiyalarda bu lüğətin həqiqətən plagiat olması və başqa kitablardan sözbəsöz (hətta misallar belə dəyişdirilmədən) köçürülməsi qənaətinə gəlmişəm, bu nalayiq plagiat əməlinin həqiqi alim vicdanı ilə bir araya sığmayan addım olduğunu demişəm və bunu bir daha təkrar edirəm.

M.Nağısoylu isə məsələyə elmi-əxlaqi prinsiplərdən yanaşmaq əvəzinə, plagiatçıları müdafiə etmiş, hətta tərtibçilərdən birini yüksək məbləğdə pulla mükafatlandırmışdır. Daha sonra “lüğətdə plagiat olmur” xoruna qoşulan direktor mətbuata verdiyi müsahibədə iddia etmişdir ki, guya Azərbaycan Əqli Mülkiyyət Agentliyi bu lüğətin plagiat olmaması barədə əsas tərtibçi S.Sadıqovaya sənəd vermişdir. Lakin adı çəkilən agentlik açıqlamasında kimsəyə belə bir sənəd verməməsini və “tərtib edilən istənilən lüğətdə plagiatın mümkünlüyü” barədə məlumat yaydıqdan sonra Dilçiik İnstitutunun rəhbərliyi və bu institutu yedəyində saxlayan akademik İsa Həbibbəyli taktikanı dəyişərək müxtəlif üsullarla məni susdurmaq qərarına gəliblər. Ona görə də mənim işə gəlib-getməyimin dəqiqəsini hesablayır, başqa ali məktəbdə dərsdə və AAK-da iclasda olduğum günlərdə iclas təyin edir, gəlməyəndə isə izahat tələb edir, kollektivi mənə qarşı qaldırır, psixoloji təzyiqlər göstərir, məni psikdirməyə çalışırlar.

Mən anlayıram ki, bütün bu addımların, o cümlədən məni məhkəmə ilə təhdid etməyin arxasında biabırçı plagiat faktını ört-basdır etmək, ictimaiyyətin diqqətini bu ciddi məsələdən yayındırmaq məqsədi dayanır.

M.Nağısoylu açıqlamasında üç il əvvəl onun haqqında yazdığım müsbət fikirləri misal gətirib, guya məni “dəyişməkdə” ittiham edir. Bəli, bataqlığa düşmüş Dilçilik İnstitutunda problemlərin həlli üçün “müəyyən vaxt, təmkin, prinsipiallıq, qətiyyət, vicdan və düzgün taktikanın seçilməsinin” vacib olduğunu düşünürdüm. Həm də elm adı altında işbazlıq edən “ünsürləri təmizləmək işində vicdan, elmi təəssübkeşlik və qanunun aliliyinin ən ümdə məsələ” olması qənaətində idim və əvvəllər sadə və zəhmətkeş alim kimi tanıdığım “M.Nağısoyluda bu əzm və iradə, eyni zamanda vicdan, ədalət, səmimiyyət duyğusu”nun işləri müsbətə doğru dəyişəcəyini düşünürdüm. Təəssüf ki, Möhsün müəllim ümidləri doğrultmadı. Məlum oldu ki, onun idarəçiliyi də, alimliyi də çox məhdud səviyyə üçündür, institutu da, M.Nağısoylunun özünü də başqaları idarə edir.

Özünün də feysbukda profili olan M.Nağısoylunun məni “sosial şəbəkə qəhrəmanı” adlandırması onun ciddi təfəkkür problemi olması qənaətini yaradır. Eləcə də mənim, az qala xuliqan kimi təqdim olunmağım və guya elmi şuranın iclaslarını pozmaq cəhdim ucuz demaqogiyadan o yana keçmir. Axı institutda həqiqi alim dostlara bəllidir ki, mən Azərbaycan dilçilik elminin ayaqlar altına atılmasına, plagiatçılara bu qədər geniş meydan verilməsinə etiraz edirəm, dilçiliyimizin ən aparıcı problemlərinə həssaslıqla yanaşılmasına çağırıram. Bəs siz nə istəyirsiniz, Möhsün Nağısoylu?!

Siz və sizi idarə edənlər, mənə istədiyiniz qədər təzyiq edə bilərsiniz. Amma özünüzə də dediyim kimi, mən bir addım da geri çəkilməyəcəyəm. Mənimsənilən vəsait büdcəyə qaytarılmalıdır. Plagiat kitab üçün xərclənən dövlət vəsaiti qəpiyinə qədər geri ödənilməlidir.

Hazırda Dilçilik İnstitutunun heç bir faydalı işlə məşğul ola bilməyən direktoru Möhsün Nağısoylu intriqaları körükləyir, şöbə müdirlərini, "institut çörəyi yeyənləri" məni “ifşa” üçün səfərbər edir. O, Azərbaycan Əqli Mülkiyyət Agentliyinin yanlış yolda olanlar üçün əlverişsiz açıqlamasınının günahını kitabın plagiat olduğunu təsdiq edənlərdə və ictimailəşdirənlərdə görür. Faktik olaraq, institutda heç bir iş direktoru maraqlandırmır. Onu ümummilli maraqlar naminə söz deyən, plagiat faktını təsdiqləyən İdris Abbasovu zərəsizləşdirmək və büdcədən əlavə vəsait mənimsəmək maraqlandırır. Qəfil iclas keçirir, izahatlar tələb edir. Hətta qanunsuzluq o dərəcəyə çatıb ki, lüğətlərdə plagiat problemi ilə bağlı məqalə yazmış şöbə əməkdaşı elmi şurada ölümlə hədələnir və s.
Bir sözlə, M.Nağısoylu "institut sirlərini yayan" hər kəsi zərərsizləşdirmək qərarına gəlib. O, bu tapşırıqların akademik İsa Həbibbəyli tərəfindən verildiyini deyir və bundan sonra heç kəsdən çəkinməyəcəyini bildirir.

M.Nağısoylu dövlət vəsaitini mənimsəməsi ilə fəxr edir, əlinin altında olan işçilərə iş gördürmək əvəzinə, onlardan iş görənləri psikdirib uzaqlaşdırmaq üçün istifadə edir. M. Nağısoylu onları inandırıb və əsaslandırıb ki, İ. Abbasov plagiatı təsdiq etməklə dövlət vəsaitini mənimsəyənlərin hamısına ziyan edib. Ona görə də İdris Abbasov və lüğətin plagiat olmasını təsdiq edən hər kəs yerindəcə cəzalandırılmalıdır.

Onu da vurğulamaq istəyirəm ki, digər dövlət qurumlarını öz oğurluq işinə şərik etməyə çalışan, onların adından saxta bəyanatlar yayan M.Nağısoylu ilk növbədə özünü vicdan məhkəməsinə versin! Dövlətə və elmə sədaqətin “Möhsün Nağısoylu modeli” qəbul edilə bilməz!

İdris ABBASOV""Ä°nstitutun sirlərini yayanlar"ı "pəncərədən tullamaqla ..."" - Ä°DRÄ°S ABBASOV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA