“DYP mafiyası”nın məğlubedilməzliyi... - ŞOK FAKTLAR

  • 2019-05-24 17:40:03
  • |
  • Ölkə /

“DYP mafiyası”nın məğlubedilməzliyi... - ŞOK FAKTLAR

“Özünü Nuşirəvan Səfərovun adamı kimi təqdim edənlər zəng edirlər…”

Jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Dövlət Yol Polisi İdarəsində (BDYPİ) konkret şəxsin ondan 100 manat rüşvət tələb etməsi haqda açıqlamasından 10 günə yaxın vaxt keçsə də, müvafiq dövlət orqanları, o cümlədən Dövlət Yol Polisi İdarəsi hər hansı araşdırma aparmayıb.

Bu barədə baş redaktor “AzPolitika.info”-nun sorğusuna cavabında məlumat verib. Ə.Zeynallı bildirib ki, bu müddət ərzində heç kim onunla maraqlanmayıb.

Xatırladaq ki, Ə.Zeynallı özünün “Facebook” statusunda məlumat vermişdi ki, mayın 4-də avtomobili vurulub, sığorta şirkətinə təqdim etmək üçün “Forma 4” arayışı almaq üçün BDYPİ-yə gedib. Sitat: “Bakı Dövlət Yol Polisi İdarəsinin 24-cü otağında Nicat Cəlilov adlı bir adam oturdublar, kapitandır. Avtomobilim vurulub və “Forma 4” deyilən arayışı bu adamdan almalıyam. Nicat Cəlilov məni mayın 4-də, hadisə günü axşam saat 21.30-da çağırdı. Sənədi tez verməsini xahiş etdim. “100 manat versən, bir günə verə bilərəm” dedi. Çaşdım açığı. “Binəqədi DYP-də bu sənədi bir günə aldım, pul da vermədim” dedim ki, bəlkə anlaya. Anlamadı Nicat və başladı izahat verməyə. Kuryerləri varmış, onlara pul verirlərmiş… Bu minvalla Nicat Cəlilov deyilən bu dünyanı vecinə almayan adam düz 7 gün məni yollarda süründürdü. 100 manatı ala bilmədi, amma sənədi də vermədi…”

Ə.Zeynallı həmçinin yazırdı ki, Nicat Cəlilovun BDYP-nin rəisi Ramiz Zeynalovun yaxın qohumu olduğu haqda ona məlumat verilib. “Bunların arxasında ən aşağısı Ramiz Zeynalov, ondan da balacası Nuşirəvan Səfərov dayanır. Cuppulu xandır Nuşirəvan. Vətəndaşları qəbul da etmir ki, rəislik edib rüşvət yığdığı binasında nələrin baş verdiyini deyəsən. Ona görə Nicat Cəlilov adam saymır, çünki arxasında Nuşirəvan var. Ona görə də hər bir “Forma 4” arayışı üçün 100 manatı bağırda-bağırda alır vətəndaşlardan. Növbə növbənin dalınca. Soy ki soyasan vətəndaşı.
Hamının gözünün içinə baxa-baxa rüşvət yığan Nicat Cəlilov bu dili və bu cəsarəti birbaşa rəis Nuşirəvan Səfərovdan alır. Mənim bu yazım Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üçün hərəkətə keçməyə səbəb olmalıdır. Onlar Nuşirəvan Səfərovun dövlət idarəsində rahatca rüşvət almasının hesabını ondan və Nicat Səlimov kimilərdən sormalıdır”.

Bakı Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə elə həmin gün Əvəz Zeynallının ittihamları ilə bağlı araşdırma aparıldığını bildirmişdi: “Məsələ ən yüksək səviyyədə diqqət mərkəzindədir. Bu gün səhər tezdən rəhbərlik ittihamlarla bağlı ciddi araşdırılma aparılması üçün göstəriş verdi. Yalnız araşdırma aparıldıqdan sonra ittihamların nə dərəcədə əsaslı olub-olmadığını demək olar. Əmin olun ki, əgər deyilənlərdə bir balaca həqiqət olsa, günahkarlar cəzalanacaq”.

“Mən olmadan bu işi necə araşdıra bilərlər?”

evez

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, V.Əsədovun bu açıqlamasının üzərindən 10 gün keçməsinə baxmayaraq, Ə.Zeynallının rüşvət ittihamı ilə əlaqədar araşdırmanın nəticəsi barədə ictimaiyyətə hər hansı məlumat verilməyib.
Ə.Zeynallı deyir ki, Vaqif Əsədovun operativ reaksiyası onu ümidləndirib. “Vaqid Əsədovun BDYPİ-də qarşılaşdığım və yazdığım rüşvət olayı ilə bağlı açıqlamasını mən də mətbuatdan oxumuşdum. Açığı, DİN orqanlarının belə operativ reaksiyası xoşuma da gəlmişdi. Amma aradan keçən 10 gün müddətində bu araşdırmanın necə aparıldığını, hansı təhqiqatın getdiyini, hansı nəticələrin əldə olunduğunu heç bir mənbədən xəbər ala bilmədim. Mən həm BDYPİ-dən, həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən reaksiya gözləyirəm əslində. Çünki BDYPİ-də açıqca rüşvət yığıldığını və ağır dövləti cinayət baş verdiyini bu idarəyə də yazımla bildirmişəm. Amma təəssüf ki, heç bir açıqlama yoxdur.

İstər BDYPİ, istərsə də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən mənə heç bir zəng olunmayıb, çağırış gəlməyib. Mən olmadan bu işi necə araşdıra bilərlər? Görünən odur ki, ya yenə Vaqif Əsədovun sözünə əhəmiyyət verən olmayıb, ya da rüşvət toplayan Nicat Cəlilov kimi adamlar güclü və arxalı çıxıblar. Mən Nicat deyilən rüşvəttoplayanın Ramiz Zeynalovun yaxın qohumlarından biri olduğunu eşitmişəm. Təbii ki, bu haqda da araşdırmalarım davam edir. Bu günlərdə xəbər çıxmasa bir daha BDYPİ-yə getmək və yerində yenidən araşdırma aparmaq düşüncəsindəyəm…”

Ə.Zeynallı deyir ki, şikayətilə bağlı rəsmən maraqlanan olmasa da, N.Səfərov bəzi adamları ona minnətçi salıb.
“Bu arada özünü Nuşirəvan Səfərovun adamı kimi təqdim edən bəziləri zənglər edirlər. Məncə o tip zənglərə ehtiyac yoxdur. Nuşirəvan müəllim rüşvətin qarşısını alsın – mənə yollar axtarmaqdansa…”

***

azpolitika info nusirevan seferov agali ferecov fizuli ferecov 99-BS-999 Füzuli Fərəcovun nuşirəvan səfərov dyp Ağaəli alik_999 porsche magnum

Ə.Zeynallının belə sərt ittihamları, ifşası qarşısında Nuşirəvan Səfərovun susması və əl altdan baş redaktorun üzərinə minnətçilər salması təəccüblü deyil. DYP rəisi əmindir ki, Ə.Zeynallı həqiqəti deyib – ondan açıq-aşkar rüşvət tələb ediblər. Bəs başqa cür necə olsun? Bəs BDYP-dəkı hər otağın üzərinə “yüklənmiş” günlük 5 min manatdan başlayıb (5,12,13 saylı otaqlar), aylıq 30, 50 min manatadək artan-azalan “tas” necə yığılsın? Əvəz Zeynallı jurnalistdir, ondan almaq olmaz, filankəs Həsən ağanın qohumudur, ona güzəşt et, o birisi filan nazirin katibəsinin sürücüsüdür, yola ver getsin… “Bəs kimdən alaq, necə toplayaq?” Lazım gəlsə, nicatcəlilovlar soruşa bilərlər. “Bəlkə rəisin payından kəsək?”, – kimsə böyürdən dillənə bilər. “Yox, rəisin payına dəymək olmaz, kişinin əlində vacib işləri var!”, – birisi yandan qətiyyətlə hökm edə bilər.

Yeri gəlmişkən, gəlin əyri oturaq, düz danışaq: Bu çarx hər gün fırlanmasa, Əvəz Zeynallı və onun kimi minlər, onminlər hər gün həmin yerdə nəzirdən-niyazdan verməsələr, yəni günlərin bir günü belə bir möcüzə baş versə, onda bu “cuppulu xan” aşağıda fotosunu təqdim etdiyimiz növbəti və ərazinin qanunsuz zəbt olunması, ağacların qırılması hesabına tikilən, bu yaxınlarda tikintisi bir müddət dayandırılan, daha sonra azərbaycansayağı anlaşma nəticəsində tikintisinə icazəsi verilən obyektində işləri necə başa çatdırsın? Belə çətin zamanda Ramiz Zeynalovun qohumu Nicat, vaxtilə əlində 2500 manat rüşvət tutulduqdan sonra DYP-dən uzaqlaşdırılan, lakin hamının yadından çıxdıqdan sonra xəlvətcə geri qaytarılanbacıoğlu Namiq və başqa qohum-qardaş da sinəsini önə verməsin, bəs kim versin?

20190524_164400_resized

Əvəz Zeynallı bu obyektin sahibindən tələb edir ki, rüşvətxoru cəzalandırsın…

Hələ onu demirik ki, bu kişilərin bilib-bilmədiyimiz neçə-neçə başqa öhdəlikləri də var – milyonluq villaları tikib-təmir edib təhvil verməkdən tutmuş, hektarlarla istilikxanaları qurub-yaratmağa, restoranlar, gecə klubları açmağadək… Asandırmı bu qədər zıppıltıların öhdəsindən gəlmək?! Üstəlik də, yaş dirənib 60-a, bu gün-sabah təqaüd yoldaş qapını tıqqıldadacaq. Yəni hələ bu da var – öhdəlik çox, zaman az…

20190524_164747

Bu villa artıq təhvil verilib…

***

Bütün bu işlərin ən düşündürücü tərəfi bilirsinizmi nədir? Son 1-2 ildə ölkədə hansı proseslər gedir, necə böyük dəyişikliklər baş verir, necə qüdrətli mafiyalar ləğv olunur, hamımızın gözünün qarşısındadır. Bu dəyişikliklər nəticəsində ölkənin ən böyük qara kassalarının mövcud olduğu Gömrük Komitəsi və Vergilər Nazirliyi kimi dövlət orqanlarında qayda-qanun yaradılıb – qara kassalar, korrupsiya, rüşvət demək olar ki, ləğv olunub, şəffaflıq böyük ölçüdə təmin olunub. Milli Təhlükəsizlik Nazirliyində kök salmış kriminal banda zərərsizləşdirilib, bu orqanda korrupsiya və rüşvətin, cinayətkarlığın kökü kəsilib. Rabitə və nəqliyyat sektorlarındakı mafiyalara sarsıdıcı zərbə vurulub. Tikinti sektoruna az-çox qanun-qayda, nizam-intizam gətirilib. Sırada məhkəmə sistemidir – burda da böyük dəyişikliklər başlayıb.
Yəni bu dalğa, bu “fırtına” bu və ya digər dərəcədə bütün dövlət qurumlarını “ağuşuna alıb” – təkcə birinin “tükünü də tərpədə bilməyib”: Dövlət Yol Polisinin!

1487228238_1487094677_ramiz-nusirevan

Bəlkə də yeganə orqandır ki, burda açıq bazar prinsipi bu gün də öz işindədir! Yenə də sürücülük vəsiqəsini almaq kolxoz bazarından bir kisə soğan almaq kimi bir şeydir: 1000 manatını ver, bir saatdan sonra “ölüm kağızı” sənin cibindədir. Bu “can bazarı” düz BDYP rəisi Ramiz Zeynalovun pəncərəsinin altında fəaliyyət göstərir, araşdırması yox, pəncərədən boylanması kifayətdir ki, kimin nə alıb, nə satdığını öz gözləri ilə görə bilsin. “Ölüm kağızı”, “can bazarı” ifadələrini isə təsadüfən seçmirik, nədən ki, sürücülük vəsiqəsini pulla satmaq, mahiyyətcə həmin vətəndaşa qətl törətmək üçün verilən “icazə sənədindən” başqa bir şey deyil. Yəni ki, bu adamlar 1000 manata vəsiqə yox, insan taleyi satırlar ki, bu alverin dəhşətli nəticələrini görmək üçün hər gün xəbər lentlərinə gözücü nəzər salmaq kifayət edir.

Dünyanın heç bir şəhərində Bakıda, Azərbaycanda olduğu qədər yol polisinə rast gəlmək mümkün deyil. Bir tərəfdən dövlət yüz milyonlar xərcləyərək müşahidə kameraları, radarlar, intellektual idarəetmə sistemi qurur, amma digər yandan da hər tində iki DYP maşını pusquda durub. Magistral yollar üzərində tikilmiş bütün DYP postlarında açıq dilənçilikdir. Qeydiyyat mərkəzlərində 5 manatlıq işə 50 manat tələb olunur. Texniki baxış pul tələsindən başqa bir şey deyil – baxış talonları iki-üç qat bahasına şəhərin müxtəlif nöqtələrində açıq satışda olur. DYP idarələrində açıq alver gedir və sairə.

20190524_164532_resized

Qısası, hələ bir neçə il əvvəl təsadüfən yazmırdıq ki, “DYP mafiyası məğlubedilməzdir!”

Zaman bu fikrin doğruluğunu artıqlamasilə sübut etdi./AzPolitika.info/

IMG-20160223-WA0000

Nuşirəvan xanın sarayı…

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA