EFİRLƏRDƏN EVLƏRİMİZƏ YOL TAPAN MƏNƏVİYYATSIZLIQ...

  • 2019-04-05 13:58:11
  • |
  • Sosial /

EFİRLƏRDƏN EVLƏRİMİZƏ YOL TAPAN MƏNƏVİYYATSIZLIQ...

Milyardlara sahib olan “sənətçi”lərin əksəriyyəti heç də parlaq yaradıcılıqları sayəsində varlanmır

Bu gün efirlərə, “youtube” kanalına yol tapan “Ayə, hareyə gedirsən, ayə?”, “Mənə buyrub ki, həkim, arabir nəşə çəkim”, “Kazbekə şey basım zırranım”, eləcə də ərəb, İran və digər xalqların musiqisinin birləşməsindən yaranan digər bayağı, ara mahnıları nə yazıq ki, müasir gənclərimizin sevimli hitlərinə çevrilib...

Son günlərin gündəmini zəbt edən 3 nəfər qızın sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü və bu olayın milli-mənəvi dəyərlərimizə vurduğu zərbə bizi bir daha müasir cəmiyyətimizin durumu haqda düşünməyə vadar edir.

MƏNƏVİ SOYQIRIM... - Sonumuz necə olacaq?

Əslində cəmiyyətdə gedən mənəvi aşınma prosesi və bu prosesə rəvac verən səbəblər haqda dəfələrlə danışmışıq. Video “qəhrəman”ı olan qızların müğənni olduqlarının iddia edilməsi(?), eləcə də bu olayın arxasında şou biznes nümayəndələrinin dayanması faktı son illər ölkəmiz üçün kifayət qədər aktual olan qadın alveri məsələsinə bir daha diqqət çəkdi.

O üç gənc qızın məhz şou-biznes nümayəndələri tərəfindən eyş-işrət məclisinə yollanması bir daha təsdiq etdi ki, milyardlara sahib olan “sənətçi”lərin əksəriyyəti heç də parlaq yaradıcılıqları sayəsində varlanmır.

Təbii ki, ölkədə geniş vüsət alan narkobiznes və qadın alveri məsələlərinin araşdırılması və bu cinayətdə əli olan şəxslərin cəzalandırılması ilə hüquq mühafizə orqanları məşğul olmalıdır.

Bizsə milli mədəniyyətimizə və incəsənətimizə ağır zərbə vuran üzdəniraq müğənnilərin efirlərə yol tapan bayağı mahnılarına diqqət çəkmək istəyirik.

Üzdəniraq mahnı və verilişlərin artıq öz tamaşaçı və dinləyici auditoriyası yaranıb

Bu gün ölkədə fəaliyyət göstərən əksər tele və radio kanallarda gün boyu bayağı mahnılar, qurşaqdan aşağı zarafatlar, qalmaqal, təhqir dolu söhbətlər yer alır. Ən acınacaqlısı isə odur ki, bu cür üzdəniraq mahnı və verilişlərin artıq öz tamaşaçı və dinləyici auditoriyası yaranıb.

Tele və radio məkanı zəbt edən zaurların, xoşqədəmlərin, elgizlərin, elçinlərin, rövşanələrin, əli mirələmovların, toliklərin... qalmaqal üzərində qurulan ucuz şoularının seyrçi diqqəti qazanması, orda baş verən bayağı olayların (yerdə iməkləmələr, bir-birinin üzərinə su atmalar, əlbəyaxa olmalar, aparıcılarla qonaqların bir-biri ilə şit rəftar və zarafatları) uzun-uzadı müzakirə olunması ürək ağrıdır. Çünki bu fakt bu günkü cəmiyyətin zövqündən, daha dəqiq desək, zövqsüzlüyündən xəbər verir.

Bu gün əksər ölkələrdə teleproqramlar məhz qalmaqal, şou üzərində qurulur. Çünki bu günkü verilişlər maarifləndirməyə, yüksək sənətin təbliğinə deyil, reytinqə hesablanır. Azərbaycan da bu yolla gedir, özü də bizdə bu proses daha bayağı səviyyədə həyata keçirilir. Bunun əsas səbəbi isə bunun bizim milli mentalitetimizə, əxlaqımıza yad, ögey olmasıdır.

Mənəviyyatsızlıq, əxlaqsızlıq cəmiyyətimizin gündəlik həyatına daxil olur və getdikcə bu həyatın ayrılmaz hissəsinə çevrilir

Teleaparıcıların açıq-saçıq geyimdə efirə çıxması, sosial şəbəkələrdə yayılan biabırçı görüntüləri, özlərinə evli, imkanlı sevgili axtarmalarını açıq-aşkar etiraf etmələri və s. kimi əslində qəbulolunmaz hallar demək olar ki, artıq heç kəsi təəccübləndirmir. Əslində məsələnin qorxulu tərəfi də elə budur. Mənəviyyatsızlıq, əxlaqsızlıq cəmiyyətimizin gündəlik həyatına daxil olur və getdikcə bu həyatın ayrılmaz hissəsinə çevrilir.

Tele və radio məkanını “bəzəyən” bayağı mahnılar da zövqlərin korlanmasına, mənəvi aşınmaya öz xüsusi “xidmət”ini göstərir.

Bu gün efirlərə yol tapan bayağı, ara mahnıları nə yazıq ki, müasir gənclərimizin sevimli hitlərinə çevrilib

Heç bir məna ifadə etməyən, sadəcə söz yığınından ibarət, musiqisi daha çox küy təsiri bağışlayan üzdəniraq mahnılar, həmin mahnıların müəllifləri və ifaçıları efirlərdə bəh-bəhlə təqdim olunur. İstedadından çox çılpaq bədənləri, əxlaqdan uzaq davranışları ilə tanınan müğənniciklərsə hansısa səbəbdən xalqın sevimli “sənətkar” larına çevrilir, müxtəlif yaş kateqoriyalı fanatlara sahib olur.

Bu gün efirlərə, “youtube” kanalına yol tapan “Ayə, hareyə gedirsən, ayə?”, “Mənə buyrub ki, həkim, arabir nəşə çəkim”, “Kazbekə şey basım zırranım”, eləcə də ərəb, İran və digər xalqların musiqisinin birləşməsindən yaranan digər bayağı, ara mahnıları nə yazıq ki, müasir gənclərimizin sevimli hitlərinə çevrilib. Yeniyetmə və gənclər gecə klublarında, diskotekalarda, müxtəlif qonaqlıq və məclislərdə bu üzdəniraq mahnılara böyük həvəslə şıdırğı rəqs edir.

İmadəddin Nəsiminin qəzəlini hind musiqisi üzərində ifa edən, bunu “Nəsiminin sözlərinə borcumu ödəmək istədiyim üçün oxudum”- fikri ilə izah edən müğənni Afət Fərmanqızı sosial şəbəkələrdə bütün tənqidlərə təhqirlə cavb verir. Ən ağrılısı isə odur ki, bu “mahnı” da soydaşlarımız arasında böyük populyarlıq qazanıb.

İfasindan çox sosial şəbəkələrdəki qalmaqallı çıxışları ilə tanınan “müğənni” Dərya Dəmirli, şou aparıcılarının alət kimi kullandığı “müğənni” Maral Tahirqızı, səsindən çox çəkici görkəmi və haqqında gəzən şaiyələrlə məşhurlaşan Damla şou-biznesimizin bu günkü reallığıdır.

Göründüyü kimi, mənzərə heç də ürəkaçan deyil. Sonda bircə onu deyə bilərik ki, bu tip adamların efirlərimizdə meydan suladığı, övladlarımız, gənclərimiz üçün nümunə olduğu sürəcə, nə mədəniyyətimizin inkişafından, nə də cəmiyyətimizin sağlamlığından danışmağa dəyməz...

Hazırladı: İNCİ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA