Şəhid ailəsi soyuqdan donur, İcra Hakimiyyəti isə ərizə davası döyür

Şəhid ailəsi soyuqdan donur, İcra Hakimiyyəti isə ərizə davası döyür

İsmayıllı sakini çarəsiz qalaraq Ağdamın icra başçısına müraciət etdi

Atasını ölkəmizin müdafiəsi uğrunda savaşda itirən şəhid oğlu, İsmayıllı rayon Topçu kənd sakini Elman Məmmədov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, evinin istiliklə təmin olunması üçün döymədiyi qapı qalmayıb.

Deyir ki, nə yaşadığı İsmayıllı rayon İcra Hakimiyyəti, nə də “Azəriqaz” İstehsalat Birliyi onun problemini həll etmək istəmir: “Atam Məmmədov Elşad Fazil oğlu 1992-ci ilin iyununda Ağdam rayonunu erməni işğalçılarından müdafiə edərkən 29 yaşında şəhid olub. Mən, azyaşlı övladım, həyat yoldaşım və anam bir müddət şəhid ailəsi olaraq bizə verilən İsmayıllı şəhərindəki mənzildə yaşadıq. Amma sonra dolanışıq olmadığı üçün Topçu kəndindəki ata evimə dönmək məcburiyyətində qaldıq. Hazırda kənddə təsərrüfatla məşğul olub, ailəmi saxlayıram. Ancaq evimizə gələn qaz xətti kəsildiyi üçün soyuqda qalmışıq. Topçu kəndində qaz xətti olmasına və həmin xəttin evimizdən təxminən 250 metr aralı keçməsinə baxmayaraq, bizə qaz xətti çəkilmir. Dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə və İsmayılı rayon İcra Hakimiyyətinə müarciət etmişəm. Amma müraciətimin heç bir faydası olmayıb. “Azəriqaz” İstehsalat Birliyi ilə İsmayıllı rayon İcra Hakimiyyəti bizim problemizi həll etmir. Bu səbəbdən də biz- beş nəfərlik ailə sərt soyuqda qalmışıq. Əlacsız qalıb odun sobası işlədirik. Amma odun baha olduğu üçün, onu da ala bilmirik. Daha sərt şaxtalar düşsə, nə edəcəyik, bilmirəm”.

Artıq sözügedən qurumlardan əli üzülən şəhid oğlu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovdan kömək istəyir. Bu məqsədlə də o, Ağdamın icra başçısına müraciət ünvanlayıb: “Atam Məmmədov Elşad Fazil oğlu Ağdam rayonunun müdafiəsi zamanı şəhid olub. İndi də Sizin məni müdafiə etməyinizi, yəni bizim evimizin qaz probleminin həllinə yardımçı olmağınızı xahiş edirəm. Bilirəm ki, Siz Ağdam rayonun böyük hissəsinin erməni işğalında olmasına baxmayaraq, 6 min dən çox şəhid ailəsinin hər bir probleminin həllinə çalışırsınız. Sizdən çox xahiş edirəm ki, şəxsi nüfuzunuzdan istifadə edərək, bizim ailənin probleminə yardım edəsiniz”.

Elman Məmmədovun nicatı Ağdam rayon icra başçısı Raqub Məmmədovdan gözləməsinə rəğmən, biz problemi həll etməyə borclu olan qurumlarla məsələni aydınlaşdırmağa çalışdıq.

Öncə sualımızı İsmayıllı rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Ağayev cavabladı. Bildirdi ki, məsələdən hərtərəfli xəbərdardır və problemin çözülməsi üçün yardım etməyə hazırdır. Amma...

“Problemlə bağlı şəhidin həyat yoldaşı ilə də, oğlu ilə də danışmışıq. Biz ona dedik ki, İcra Hakimiyyətinə bununla bağlı müraciət imzalasın, bir ərizə yazsın. Biz də həmin müraciəti aidiyyatı üzrə Qaz İdarəsi, yaxud Qarabağ Əlilləri, Şəhid Ailələri İctimai Birliyinə yönəldək ki, məsələ həll olunsun.. Çünki ola bilsin, onlar hansısa rüsum ödənilmədiyi üçün belə bir problemlə qarşılaşıblar. Amma Elman Məmmədov müraciətdən imtina etdi. Dedi ki, bu iş müraciətsiz həll olunmalıdır. Üstəlik, Qaz İdarəsinə şərt də qoydu ki, onun evinə qaz 54 millimetrlik diametri olan xətlə gəlməlidir. Halbuki, idarə onlara bir ailənin tələbatı qədər olan qaz xətti çəkəcəkdi. Bu məsələyə görə iş həll olunmamış qaldı” – deyə Rövşən Ağayev bildirdi.

“Güman ki, Elman Məmmədov bu tələbi digər xətdə qazın zəif olması ilə bağlı olaraq qoyub” fikrinə R.Ağayev etiraz etdi: “Xeyr. Onlara bir evin tələbatı qədər qaz veriləcəkdi. Əslində, orda şəhid ailəsinin evinə daha yaxın məsafədən keçən xətt var. Hətta onun babasının həyətindən də çəkmək olar. Amma onların öz aralarında narazılıq olduğuna görə istəmədilər. Biz yenə də başqa yerdən onlara yaxın xətdən qaz çəkilməsinə razıydıq. Amma o, istəmədi. O halda bizim görə biləcəyimiz heç nə yoxdur. O, icra nümayəndəsinə deyib ki, “mən müraciət etmirəm. Niyə müraciət etməliyəm?” Bəs biz də onun ərizəsi olmadan bu işi necə reallaşdırmalıyıq? Onlara Heydər Əliyev Fondu da həssas yanaşdı və eyni tövsiyyəni verdi ki, vətəndaş müraciət etsin və onların müraciətinə baxılsın. Məsələ bu şəkildə çözülməli idi. Amma onlar bunu istəmədilər”.

“Ola bilər ki, şəhid ailəsi məsələ ilə bağlı həm sizin qurumdan, həm də digərlərindən incik düşüb. Hətta o qədər inciyib ki, İsmayıllı rayon İcra Hakimiyyətinə deyil, Ağdam rayon icra başçısına müraciət edir” fikrinə R.Ağayev belə münasibət bildirdi: “Müraciət olunmadan hansı işi həll etmək olar? İnciməyə qalanda, burda neçə-neçə əməkdaş çalışır. Məndən inciyib, o birinə müraciət etsinlər. Rayon icra başçısı, yerli icra nümayəndəliyi, bələdiyyələr, hansına, kimə istəyir müraciət etsinlər. Bəyəm, elə hamıdan inciyib? Şəhid ailəsi olaraq onlara bütün imtiyazlardan istifadə imkanı yaradılıb. Hüquqları imkan verən hansı imtiyazlar varsa, hamısından istifadə ediblər. Ev verilib, pensiya verilib, əlavə torpaq sahəsi, ikinci əmlak payı... Bu məsələdə də hər şey həll oluna bilər. Yetər ki, o, bir ərizə yazsın”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev İsmayıllı rayonunun, xüsusən də Topçu kəndinin mavi yanacaqla təmin olunduğunu dedi. Qeyd etdi ki, orada yeni yaşayış yerləri salınıb, əlavə fərdi yaşayış yerləri tikilib. Əhali sayı da durmadan artır. Həmin o genişlənən yaşayış sahələrinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyinə vəsait ayrılmayıb.

Konkret bu şikayətə gəlincə, o bildirdi ki, bu məsələnin reallaşması üçün vətəndaş müraciət etməlidir: “Bilmirəm, o vətəndaş rayon Qaz İstismar İdarəsinə müraciət edib, ya yox, amma hansı vətəndaş müraciət etsə, onunla xüsusi lisenziyası olan podratçı şirkət arasında müqavilə bağlanır, onun öz vəsaiti hesabına mənzilinin qalzalaşması həyata keçirilir”.

Altunay. Hurriyyet.org

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

Loading...

QALEREYA