“Şeir yazmıram və şairlərə ciddi baxmıram” - KƏRAMƏT BÖYÜKÇÖL

“Şeir yazmıram və şairlərə ciddi baxmıram” - KƏRAMƏT BÖYÜKÇÖL

“Moşu obrazı Azərbaycanda şairə elə bir zərbə vurub ki...”

“Mən öz təfəkkürümü, düşüncəmi kapitala çevirməyin tərəfdarıyam”

“Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı dərsliklərə salıb, uşaqlara zorla oxutmaqla onları kiməsə sevdirmək, kiminsə onları anlayıb qəbul etməsinə nail olmaq mümkün deyil”

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/men_nece_sevim_bu_veteni_-_kramt_bykl)

- Bax, bayaq dediyiniz milli-mənəvi dəyər budur, bütün söylədikləriniz elə bizim milli-mənəvi dəyərlərimizdir. Demək sizdə vətən sevgisi də, dəmilli-mənəvi dəyərlərimizə sadiqlik də var.

- Var, əlbəttə, var, məndə vətən sevgisi də, milli-mənəvi dəyərlərimizə sadiqlik də var, amma çoxlarının qəbul edib anladıqları anlamda yox. Həmin əsərdə çinar bir rəmzdir, obrazdır. Gəlib Qarabağ müharibəsinə ıxır məsələlər. Orda Göyçək adlı 13 yaşlı bir qız var, nənəsi həmin qızcığazı qan təzyiqi dərmanlarına və bir lafet oduna meşəbəyiyə satır. Sonra qız böyüyür, ailə qurur, başına o qədər müsibətlər gəlir ki, axırda meşəbəyi olayını sevgi kimi xatırlamağa başlayır.

Ən çox sevdiyim 22 yaşım idi. Mənə elə gəlirdi ki, o yaşda bütün arzularıma çatacam. Bu bir uşaq romantikası idi...

- Doğrudan da gözəl yaşdır.

- Bəli. Amma artıq 32 yaşım var, hələ də əlçatmaz arzularım var. İndi 22 yaşıma həsrətlə baxıram və düşünürəm ki, ən gözəl günlərimi həmin yaşda yaşamışam. Əminəm ki, 50 yaşımda da bu yaşıma həsrətlə boylanıb, düşünəcəyəm ki, ən gözəl günlərimi bu yaşda yaşadım.

Əsərdə belə bir məqam da var: ağac yıxılır, quşlar isə onlara doğma olan kökündən qopmuş azman çinarın budaqlarına qonaraq, bir zamanlar qurduqları yuvaları axtarırlar, amma tapa bilmirlər. Uşaqlar quşların yumurtalarını bir-birinə vurub sındırır.

- Yəni əsərdəki qoca çinar kimi hər kəs öz kökünə bağlıdır, öz yerində gözəldir, kökündən qopanda isə düzən itir, daxili tarazlıq pozulur, aləm bir-birinə dəyir.

- Çinar bizim milli ağacdı, milli dəyərlərimizin rəmzidir. Bu əsərdə milli dəyərlərlə bəşəri dəyərlər qarşı-qarşıya qoyulur. Hollandiyadan süni məshullar gətirib Azərbaycanda satırlar, sonra kənddə külək əsir, cənub tərəfdən insanların üzünə yaşıl kölgə düşür, bütün kənd sakinləri sanki cənubdan sillə ilə vurulmuş kimi olur, hər birinin üzü, ümumiyyətlə kəndin cənub hissəsində hər şey yaşıla bürünür. Bu isə İslamın, amma həqiqi, haqq-ədalət dini olan İslamın rəmzidir.

Həmin yaşıl kölgə bircə kənddəki şəhid qəbirlərinin (sözügedən kənddə cəmi 5-6 şəhid məzarıı var) üstünə düşmür, yerdə qalan canlı və cansız nə varsa, hamısının cənub tərəfi yaşıl rəngə boyanır.

Bu əsər rəmzlərin dili ilə danışır oxucusu ilə, burda hər şey ümumiləşdirilmiş şəkildə ifadə olunur.

- Bu sizin neçənci əsərinizdir?

- Əslində bu elə mənim ilk əsərimdir. Yazmağa başlayanda elə ilk olaraq bu əsəri yazmışam, sadəcə gec çap etdirmişəm.

Bu vaxta qədər bir neçə əsər yazmışam. “Çöl”, “Səkkizinci gün” romanlarım, sözügedən “Pozğun” povestim, hələ çapdan çıxmayan “Leyli və Məcnun “ romanım, hekayələr kitabım var.

- Şeir yazmırsınız?

- Şeir yazmıram. Ümumiyyətlə, şairlərə ciddi baxmıram. Vaqif Səmədoğluna Allah rəhmət eləsin, onun Moşu obrazı Azərbaycanda şairə elə bir zərbə vurub ki, bu gün burda bu peşənin sahiblərinə ciddi yanaşmırlar. Yazıçı sözü daha samballıdır.

- Yəni, sırf bu səbəbdən şair yox, yazıçısınız?

- Yox, amma şübhəsiz ki, həm də xoşuma gəlir bu söz. Həm də adama yazıçı deyə xitab edə bilmirlər. Amma “a şair!” deyə müraciət edirlər. O üzdən mənə də bəzən şair deyə müraciət olunur, halbuki, lap çoxdan cəmi bir-iki şeir yazmışam və anlamışam ki, şeirlə uğur qazana bilmərəm.

- Sizə pul lazımdır?

- Necə?

-Siz pul qazanmaq üçün yazırsınız?

- Mən öz təfəkkürümü, düşüncəmi kapitala çevirməyin tərəfdarıyam.

- Nə vaxt belə fikrə gəlmisiniz?

- Elə əvvəldən belə düşüncədə olmuşam. Misal üçün, mən yazıram, həm Azərbaycan ədəbiyyatı yaradıram, həm də yazdığımdan pul qazanıram. Əsərlərimi satıram və azad, müstəqil oluram, heç kəsdən, asılılığım olmur, dövlətə işləyib, gözümü aylığa dikmək ehtiyacım da qalmır.

Yazıçının kitabı satılırsa, o, heç yerdə işləməyib, istədiyi kimi yaşaya, çəkə, içə bilər. Heç kəs də onun həyatına müdaxilə edə bilmir. Gedib meşənin içində oturur, içkilərini də qoyur yanına, başlayır yazmağa. Çünki dünyada yeganə yaxşı bacardığı şey yazmaqdır, yazır, kitabları satılır, camaat oxuyur, o da yaşayır.

Əgər dəyərlidirsə, yazıçıdırsa, istedadlıdırsa, nədən bacarığını kapitala çevirməsin? Əgər varım başımdan aşırsa, bütün ehtiyaclarım ödənibsə, nədən kasıblara əl tutmayım, xeyriyyəçiliklə məşğul olmayım?! Təbii ki, ehtiyacı olanlarla varımı paylaşacağam.

- Söhbətinizdə şou proqramların qonağı olduğunuzu vurğuladınız. Yəni görmürsünüz ki, o proqramların aparıcıları sizin kimi insanların sayəsində ucuz şou yaradıb pul qazanırlar. Nə üçün buna razılaşırsınız, məqsəd piar olunmaqdır?

- Əslində şou pis bir şey deyil. Bir var düşük şou, bir də var intellektual şou. Qoy qalmaqal Mirzə Cəlillə, Xəlil Rza ilə bağlı olsun. Qoy mən deyim ki, Bəxtiyar Vahabzadə şair deyil, kimsə desin ki, şairdir. Yəni söhbət Bəxtiyardan getsin, lüt qızlar olmasın müzakirə mövzusu.

Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı dərsliklərə salıb, uşaqlara zorla oxutmaqla onları kiməsə sevdirmək, kiminsə onları anlayıb qəbul etməsinə nail olmaq mümkün deyil. Mən elə bir cəmiyyət istəyirəm ki, həmin cəmiyyətin nümayəndələri kitabxanalara gedib desinlər ki, mənə Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın kitablarını verin, mən bura onları oxumağa gəlmişəm.

- Çox maraqlıdır ki, kitab satmaq ideyası hardan ağlınıza gəldi? Özü də qeyd etməliyəm ki, kifayət qədər alıcınız var. Bayaqdan neçə gündür demək olar ki, məskunlaşdığınız bu çayxanadayam, alıcılar gəlir, kitablarınızı alır, sizinlə çəkil çəkdirib gedir. Hətta kitaba qoyduğunuz qiymətdən də artıq verənlər oldu, səhv etmirəmsə pərəstişkarlarınızdan biri kitabınızı 50 manata aldı. Üstəlik, kitab əldə etmək istəyənlər də ard-arda zəng vurur.

- İnanın ki, kitabımı alan insanlar arasında hələ şəxsən tanıdığım bircə nəfər də olmayıb, ancaq tanımadıqlarımdır.

Kitab satmaq ideyasına gəldikdə isə, bircə onu deyə bilərəm ki, insan çarəsiz qalanda hər şey ağlına gəlir. Pulum yox idi, Facebook səhifəmdə kitabımı satmaq niyyətində olduğumu paylaşdım. Düzü, pərt vəziyyətdə qalmaqdan qorxurdum bir az. Başqalarının yanında yox, öz yanımda pərt olmaqdan qorxurdum. Bir tərəfdən də düşünürdüm ki, səhifəmdə paylaşdığım böyük həcmli yazılarımı, statuslarımı kifayət qədər adam bəyənib şərh yazırsa, kitablarımı nədən almasınlar? Özü də kitabı dəyərindən 10 dəfə baha qiymətə satıram. Onun maya dəyəri 1 manatdır, amma mən 10 manata satıram. Çünki düşündüm ki, məni oxumaq istəyən sadiq oxucumun 10 manata heyfi gəlməz.

Bir dəfə də belə bir kampaniya təşkil etmişdim. O vaxt “Çöl” romanımı 100 manata satdım. 9 gün ərzində 4550 manatlıq kitabım satıldı, o pulları kitabımın üstünə qoyub şəklini çəkib Facebook səhifəmdə paylaşdım.

- Bəs o pulu nəyə xərclədiniz?

- Banka olan borcumu ödədim, bir az içdim, gəzdim, uşaqlara pal-paltar aldım.

- Neçə övladınız var?

- İki övladım var. Hərəsi də bir qadındandır. İki dəfə ailə qurmuşam, ikisindən də ayrılmışam.

Bayaq bir nəfər keçmiş yazılarımdan birini paylaşmışdı, özümə də qəribə gəldi. Bir neçə il bundan əvvəl yazmışdım, oxuyub diksindim. Yazmışdım ki, təsəvvür elə, axtarıb-axtarıb yorulmusan, çantalarını yığıb gedirsən, bir də görürsən, təyyarə pilləkanında qarşına çıxan qadın, ömrün boyu axtardığın qadındır.

- Var elə bir qadın, olub həyatınızda?

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA