Ekoloji risklər və əsas göstəriciləri - II HİSSƏ

Ekoloji risklər və əsas göstəriciləri - II HİSSƏ

Və yaxud ekoloji riksin qiymətləndirilməsində insanlar üçün risk faktorları nələrdir?

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/ekoloji_riskler_ve_esas_gostericileri)

Azalan risk prinsipinə müvafiq olaraq risklərin əvəz edilməsi prosesi idarəetmənin zəruri vasitəsidir. Həmin prosesə əsasən, müasir texniki vasitələrlə yaranan risk yalnız o zaman cəmiyyət tərəfindən qəbul edilir ki, bu zaman həmin texnikanın istifadəsi, eyni təsərrüfat məsələsini həll edən digər alternativ texnikadan istifadə ilə müqayisədə insanların məruz qaldığı ümumi riski nisbətən azaldır. Davamlı inkişafın təmin olunmasında əsas amillərdən olan ekoloji təhlükəsizlik məsələləri milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Öz strukturuna görə və milli prioritetinə görə ekoloji təhlükəsizlik bir çox ölkələrdə milli təhlükəsizlik strategiyasının tərkib hissəsinə daxil edilmişdir. Məsələn, ABŞ-ın sabiq prezidenti B.Klinton prezidentliyi dövründə ekoloji təhlükəsizliyin ölkənin təhlükəsizlik strategiyasının tərkib hissəsinə daxil edilməsi haqqında qərar vermişdir. Ekoloji təhlükəsizlik insan təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi həm də BMT-nin sənədlərində öz əksini tapmışdır. BMT-nin 1994-cü il üçün “İnsan İnkişafı” haqqında hesabatında ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilmişdir. Ekoloji təhlükəsizlik anlayışını şərh etməzdən əvvəl bir daha ekoloji təhlükə anlayışını şərh edək. Ekoloji təhlükə - insan və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir. Qeyd etmək lazımdır ki, ekoloji təhlükələr müvafiq ekoloji təhlükə mənbələrinin mövcudluğu nəticəsində meydana gəlir. Bu baxımdan hər bir ölkənin ekoloji təhlükəsizlik konsepsiyasının qarşısında duran əsas vəzifə ekoloji təhlükə mənbələrinin müəyyənləşdirilməsi, hər hansı bir ekoloji təhlükə mənbələrində ekoloji risk dərəcəsinin aydınlaşdırılması, nəhayət insan sağlamlığı və ətraf mühitin mühafizəsi üçün bütün sahələrdə və fəaliyyət növlərində ekoloji təhlükəsizliyin təmin edilməsidir. Ekoloji təhlükəsizlik anlayışı elmi ədəbiyyatda da kifayət qədər ətraflı şərh edilmişdir. Ekoloji təhlükəsizlik - insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsidir. «İnsan – təbiət» qlobal sistemində qarşılıqlı əlaqədə olan beş sistemi göstərmək olar. Bu atmosferi, hidrosferi, litosferi birləşdirən təbiət; insan (etnosfer); insan fəaliyətinin məhsulu kimi texnosfer və sosialsfer ; informasiya sferi – ümumi informasiya fəzasıdır. Bütün bu sistemlər təhlükəsizliyin obyektləri və subyektləridir, onlar qarşılıqlı əlaqədədir, bu həm müsbət, həm də mənfi ola bilər. Saxlanılması bütün digər sistemlərin təhlükəsizliyinə əsaslanan təhlükəsizliyin qlobal obyekti yerdəki hər bir insan üçün biosferdir. Onun fəaliyyət göstərməsi və saxlanılması Yerdəki bütün həyat formalarının varlığını, o cümlədən insanın həyatını təmin edir. Buna baxmayaraq, insan cəmiyyəti təhlükəsizliyin əsas obyekt və subyekti kimi insanı elan edir. İnsan isə ən qiymətli və ən zəif, lakin eyni zamanda həm özü, həm də bütün ətraf üçün ən təhlükəli varlıqdır. Təhlükəsizlik ayrı - ayrı şəxslərin, cəmiyyətin və təbii mühitin həddən artıq təhlükələrdən mühafizəsinin vəziyyətidir. Təhlükəsizlik, insanın fizioloji, sosial və mənəvi tələbatları ilə yanaşı vacib təlabatdır. Təhlükəsizliyin əsas kriteriyası təhlükə hissiyatı və ya gələcəkdə zərər yetirə bilən sosial təbii hadisələri müəyyən etmək qabiliyyətidir.

Biosfer və antropogen təhlükəsizlik

Ekoloji təhlükəsizlik sistemi - biosfer ilə antropogen, həmçinin təbii xarici qüvvələr arasında tarazlığın qorunub saxlanılmasına yönəlmiş qanunvericilik, texniki, tibbi və bioloji tədbirlərin toplusudur. Ekoloji təhlükəsizliyin subyektləri – insan, cəmiyyət, dövlət, biosfer. Ekoloji təhlükəsizliyin obyektləri – təhlükəsizlik subyektlərinin həyatı vacib maraqları: insan hüquqları, maddi və mənəvi təlabat, dövlət və cəmiyyətin inkişafının əsası kimi təbii ehtiyatlar və təbii mühit. Sağlamlıq – sadəcə xəstəliklərin olmaması deyil, fiziki, psixi və sosial rifahın tam olaması vəziyyətidir. İnsan sağlamlığını və ətraf mühitin vəziyyətini xarakterizə edən göstəricilərin təhlükəsizliyin ölçü vahidi kimi istifadə edilməsi təklif olunur. İlk növbədə sağlamlığın əsas göstəricisi orta ömür davamiyyətidir. Müxtəlif ölkələrdə ömrün uzunluğu təkcə səhiyyənin inkişaf səviyyəsindən deyil, həm də cəmiyyətin sosial – iqtisadi inkişaf səviyyəsindən və təbii mühitin vəziyyətindən asılıdır.

Təhlükəsizliyin məqsədi təkcə əhalinin sağlamlığının mühafizəsi deyil, həm də ətraf mühitin qorunması olduğundan, onun vəziyyətini və keyfiyyətini kəmiyyətcə qiymətləndirən göstəriciləri də müəyyən etmək vacibdir. Belə göstəricilərə ekosistemin vəziyyəti sabitlik sərhəddinə yaxınlıq dərəcəsi aid edilir. Sabitliyi qiymətləndirmək üçün təbii sistemin özünübərpa göstəricilərinin aşağıdakı qradasiyalarından istifadə edirlər:
a) Təbii vəziyyət – yalnız antropogen təsir fonu müşahidə olunur; biokütlə maksimaldır, bioloji məhsuldarlıq minimaldır; b) Tarazlıq vəziyyəti – bərpa proseslərinin sürəti pozulma tempinə bərabər və ya ondan yüksək olmalıdır; məhsuldarlıq təbiidən yüksəkdir, biokütlə azalmağa başlayır; c) Böhran vəziyyəti – antropogen dağıntıların sürəti təbii bərpa proseslərinin sürətindən yüksəkdir, lakin ekosistemlərin təbii xüsusiyyətləri qorunub saxlanılır, biokütlə azalır, məhsuldarlıq olduqca yüksəkdir;

d) Kritik vəziyyət – antropogen təsirin nəticəsində məhsuldar sistemlərin az məhsuldar sistemlərə çevrilməsi baş verir (qismən boşaldılma); biokütlə azdır və azalır;

e) Fəlakət vəziyyəti az məhsuldar ekosistemin möhkəmləndirilməsinin çətin bərpa prosesi (güclü səhralaşma); biokütlə və bioloji məhsuldarlıq minimaldır; o) Kollaps vəziyyəti – bioloji məhsuldarlığın bərpa edilməz itkisi, biokütlənin sıfra yönəlməsi. Təbiətin sönməsinin təbii – ekoloji təsnifatı ilə yanaşı təbii – sosial şkaladan da istifadə edilir və aşağıdakı dərəcələrlə səciyyələndirilir:

Firavanlıq zonası – ömrün uzunluğunun artması baş verir, əhalinin xəstələnməsi aşağı düşür; Gərgin ekoloji vəziyyət zonası – hüdudları daxilində təbiətin böhran vəziyyətindən kritik vəziyyətə keçidi müşahidə olunan areal; Kritik vəziyyət zonası;

Ekoloji təhlükəsizlik məfhumuna fövqəladə vəziyətin inkişafını proqnozlaşdırmağa, onların yaranmasına yol verməməyə və artıq yarandığı zaman məhv etməyə imkan verən nizamlama və idarəetmə sistemi daxildir. Ekoloji təhlükəsizliyin təmin edilməsi — təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması, habelə onların nəticələrinin, o cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemidir. Ekoloji təhlükəsizliyin təmin edilməsi qlobal, regional və lokal səviyələrdə həyata keçirilir. Ekoloji təhlükəsizliyin qlobal idarəetmə səviyyəsi ümumilikdə biosferin və onun tərkib hissələrində baş verən proseslərin proqnozlaşdırılmasını və müşahidəsini nəzərdə tutur. XX əsrin ikinci yarısında bu proseslər özünü iqlimin qlobal dəyişikliklərində, “istixana effekti”-nin yaranmasında, ozon ekranın dağılmasında, planetin səhralaşmasında və dünya okeanının çirklənməsində büruzə vermişdir. Qlobal nəzarətin və idarəetmənin mahiyyəti biosfer ilə ətraf mühitin saxlanılmasından və təbii yolla bərpa edilmə mexanizminin istifadəsindən ibarətdir. Bu, biosferin tərkibinə daxil olan canlı orqanızmlərin məcmuusu ilə istiqamətlənir. Qlobal ekoloji təhlükəsizliyin idarə edilməsi BMT, YUNESKO, YUNEP və digər beynəlxalq təşkilatlar səviyyəsində dövlətlərarası münasibətlərin preroqatividir. Bu səviyyədə idarəetmə üsulları ətraf mühitin mühafizəsi üzrə beynəlxalq aktların qəbul edilməsi, dövlətlərarası ekoloji proqramların həyata keçirilməsi, təbii və ya antropogen xarakterli ekoloji problemlərin qarşısının alınması üzrə hökumətlərarası qüvvələrin yaradılmasını özündə birləşdirir. Qlobal səviyyədə iri miqyaslı bir sıra ekoloji proplem nisbətən öz həllini tapmışdır. Nüvə silahının yeraltı sınaqları istisna olmaqla, bütün mühitlərdə qadağan edilməsi beynəlxalq ictimaiyyətin böyük nəaliyyətidir. Balina ovunun dünya üzrə qadağan edilməsi və balıq, habelə digər dəniz məhsullarının ovlanmasının tənzimlənməsinin dövlətlərarası hüququ barədə razılaşmalar əldə edilmişdir.

Regional ekoloji təhlükəsizlik

Regional səviyyə iri coğrafi və ya iqtisadi zonaları, bəzən də bir neçə dövlətin ərazisini əhatə edir. Nəzarət və idarəetmə dövlətin hökuməti və dövlətlərarası əlaqələr səviyyəsində həyata keçirilir. Bu səviyyədə ekoloji təhlükəsizliyin idarəetmə sisteminə aşağıdakılar daxildir:

- İqtisadiyyatın ekologiyalaşdırılması;

- Yeni ekoloji təhlükəsiz texnologiyalar;

- Ətraf mühitin keyfiyyətinin bərpasına mane olmayan və təbii ehtiyatların səmərəli istifadə edilməsinə xidmət edən iqtisadi inkişaf tempinin saxlanılması. Ekoloji təhlükəsizliyin idarəetmə səviyyəsi şəhər, rayon, metallurgiya, kimya, neft emalı müəssisələri, dağ-mədən hasilatı sənayesinin mühafizə kompleksinə, tullantılara, axınlara və s. nəzarəti əhatə edir. Ekoloji təhlükəsizliyin idarə edilməsi sanitariya vəziyyəti və təbiəti mühafizə fəaliyyətinə görə məsuliyyət daşıyan müvafiq xidmətlər cəlb edilməklə ayrı–ayrı şəhərlərin, rayonların, müəssisələrin inzibati rəhbərləri səviyyəsində həyata keçirilir. Konkret lokal problemlərin həlli, ekoloji təhlükəsizliyin regional və qlobal səviyyədə idarə edilməsi məqsədlərinə çatmaq imkanlarını müəyyənləşdirir. Ekoloji təhlükəsizliyin idarəetmə səviyyəsindən asılı olmayaraq əsas idarəetmə obyekti təbii ətraf mühit hesab edilir. Buna görə də, ekoloji təhlükəsizliyin idarə edilməsinin hər hansı səviyyəsi sxemində mütləq iqtisadiyyat, hüquqi məsələlər, inzibati tədbirlər, təhsil və mədəniyyətin təhlili iştirak edir. Ekoloji risk dərəcələrinin müəyyənləşdirilməsi ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm şərtlərdən biridir. Ekoloji risk dərəcələrinin müəyyənləşdirilməsi həyatın mövcudluğunu təmin edən fiziki sistemin ( atmosfer havası, su, torpaq, qida, mənzil və s. ) çirklənmə dərəcəsinin öyrənilməsinə xidmət edir. Məsələn, insan sağlamlığına atmosfer havasının təsirini arşdırarkən ekoloji baxımdan xəstələnmə riskinin dərəcəsi mütləq nəzərə alınmalıdır. Bundan başqa, havanın çirklənməsinin insan sağlamlığına təsiri zamanı sosial baxımdan cins, yaş, qidalanma, orqanizmin ümumi vəziyyəti nəzərə alınmalıdır. Yaşayış yerlərinə görə atmosfer çirklənməsinin mənfi təsirinə kənd yerlərinə nisbətən iri sənaye şəhərlərində yaşayanlar daha çox məruz qalırlar. Hazırda avtomobillərin çox olduğu şəhərlərdə ağ ciyər xəstəliyinin artmasını alimlər avtomobil mühərriklərindən çıxan zərərli qazlar vasitəsilə havanın həddən çox çirklənməsi ilə əlaqələndirirlər. Aparılan araşdırmaların nəticələrini ümümiləşdirərək Davamlı İnkişaf prinsiplərinə keçilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədə uyğun hesab edirik: - Seliteb (insan yaşayan) və qeyri seliteb ərazilərdə yaşıllaşdırma torpağın becərilməsi və təbiətdən istifadə tədbirlərinin həyata keçirilməsində Davamlı İnkişaf və ekoloji təhlükəsizlik prinsiplərinə əməl edilməsi;

- Kənd təsərrüfatının yerli şəraitə uyğun, eyni zamanda mütərəqqi aqrotexnoloji əsaslarla inkişaf etdirilməsi, torapağın eroziya və çirklənmədən qorunması və məhsuldarlığın yüksəldilməsi, kənd əhalisinin sosial müdafiə sisteminin yaradılması;

- Lokal ekosistemlərin təsərrüfat tutumunu nəzərə almaqla regional sənaye sisteminin təkmilləşdirilməsi.

- Sosial infrastrukturun inkişaf etdirilməsi, əhalinin sanitar – gigiyenik- epidemoloji sağlamlığının və ətraf mühitin ekoloji təhlükəsizliyinin təmin edilməsi;

- Torpağın deqradasiyasının qarşısının alınması və torpaqlardan səmərəli istifadə edilməsi;
- Altenativ enerji mənbələrinin tətbiqinin genişləndirilməsi imkanlarının artırılması;

- Radioaktiv maddələrlə çirklənmənin qarşısının alınması;

- Ekoloji təhlükəsizlik sahəsində institusional inkişafın təmin edilməsi.

“Hürriyyət”

Loading...

QALEREYA