“Elçibəy Rusiyanın neoimperiya siyasətini diz çökdürən yeganə dövlət başçısı idi”

“Elçibəy Rusiyanın neoimperiya siyasətini diz çökdürən yeganə dövlət başçısı idi”

Bədrəddin Quliyev: “Rusiya artıq ucqarları idarə edə bilmir, hətta forpost hesab etdiyi regionlarda söz sahibinə çevrilməkdə aciz durumla üzləşib”

“Azərbaycanda hələ də çox təəssüflər olsun ki, feodal təfəkkürü ilə “filənkəs tutduğu vəzifədən getsin” və ya “istefa” versin biz də iqtidara gələk ideyalarından kənara çıxa bilmirik”
Son günlərdə Cənubi Qafqaz respublikalarında müxlaifət aktiv duruma üz tutubdur. Gürcüstanda Rusiya yönlü qüvvələr müxalifətin adına fəallıq göstərməklə ölkənin aparıcı KİV-lərinə (özəlliklə aparıcı TV kanallara) sahib çıxmaq, növbəti bələdiyyə və parlament seçkilərinə hazırlıq üçün mövqelərini gücləndirməyə çalışırlar. Ermənistanda xuntaçılar “müharibə bloku” adı altında 20 siyasi partiyanı bir araya gətirərək eks-prezident Robert Köçəryanın rəhbərliyi altında payızda dövlət çevrilişinə hazır olduqlarını gizlətmirlər. Azərbaycanda Rusiya, İran və Qərbyönlü müxalif qüvvələr öz düşərgələrini səfərbər ediblər. Payızın astanasında görünən bu olaylarla bağlı “Cümhuriyyət Xalq Partiyası”nın sədri Bədrəddin Quliyevin fikirlərini öyrənməyə çalışdıq.

– Bədrəddin bəy, postsovet məkanı yenidən çalxalanır. Cənubi Qafqaz, Ukrayna, Moldova və Orta Asiyada proseslər çox sürətlə baş alıb gedir.

– Rusiyada mövcud olan avtoritar rejim digər postsovet məkanına daxil olan müstəqil dövlətlərə də uzun müddət sirayət edib. Belə ki, Moskva MDB adı altında məhz bu rejimləri müdafiə edib. Keçmiş Sovetlər Birliyinin çöküşündən sonra, müstəqilliyinə qovuşan ölkələrin güclənməsi üçün ikinci yeni dalğa başlayıb. Bu, həm də ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərdə baş vermiş milli azadlıq hərəkatlarının yenidən doğuşudur. 30 il öncə xalqlar öz azadlığı üçün döyüşürdülərsə, bu dəfə dövlətləşmə prosesinin inkişafı üçün mübarizə aparırlar. Moskva Çarlıq Rusiyası və Sovetlər Birliyi adı altında yürütdüyü 300 illik imperiya siyasətin metropoliyasını nəinki qorumağa, hətta gücləndirmək üçün “separatçı region”ları alətə çevirib. Azərbaycan, Gürcüstan və Moldova bu acınacaqlı aqibətlə üz-üzə qalıblar. Ukraynanın Luqansk, Donbas, Donetsk və Krım bölgələrinə görə, Qərb dünyası ayağa qalxdı. Halbuki, Əbülfəz Elçibəy hakimiyyəti dönəmində Azərbaycan Respublikasının Qarabağ bölgəsini əhatə edən rayonların Ermənistan adı altında işğalına qarşı beynəlxalq birlik sərt təpkilərini heç də göstərmədi. Əgər Azərbaycan dövlətinə münasibətdə qəti addımlar atılsaydı, indiki durum fərqli olardı. Əbülfəz Elçibəy postsovet məkanında Rusiyanın neoimperiya siyasətini diz çökdürən yeganə dövlət başçısı idi. Onun hakimiyyətdən devrilməsinin ardından Gürcüstanda hərbi çevriliş yolu ilə iqtidar dəyişdi. Separatçı regionlar olan Cənubi Osetiya və Abxaziya üzərindən hərbçilərin çətiri altında Eduard Şevardnadze hakimiyyəti ələ keçirə bilmişdi. Bütün bunlar azmış, devrilmiş prezident Zviad Qamsaxurdiya terror olunaraq öldürüldü. Beləliklə də Rusiya yenidən Cənubi Qafqaz siyasətində ön mövqelərə çıxdı. Hətta sovet rejimi dönəmindən Moskva üçün sədaqətli kadr kimi yetişdirilən zümrələr hakimiyyətin bütün sahələrində yerləşdirildilər. Beləcə MDB adı altında Rusiya daha sərt siyasət yürütməyə başladı. Müstəqil dövlətlər öz varlığını qorumaq üçün, MDB-yə alternativ olaraq GÜAM birliyini yaratdılar. Rusiya intiqam almaq üçün Özbəkistanın GÜAM-dan uzaqlaşdırılmasına nail ola bildi. Əgər GÜAM Qərb tərəfindən dəstəklənsəydi və bu istiqamətdə inteqrasiya üçün tələb olunan addımları atsaydı proseslər indi fərqli məcrada inkişaf edəcəkdi.
– Sizcə, siyasi proseslərdən əlavə, iqtisadi üstünlük postsovet məkanına nə kimi zərərlər gətirdi?

– 2002-2005-ci illər ABŞ-ın rəhbərliyi altında İraq, Misir, Liviya kimi dövlətlərdəki qəddqar diktatorların devrilməsi ilə müşahidə olundu. Uzun illər diktator rejimlərinə rəhbərlik etmiş Səddam Hüseyn, Müəmmər Kəddafi, Hüsnü Mübarək və digərləri qanlı döyüşlər nəticəsində devrildilər. Bunun ardında Əlcəzair, Tunis, Nigeriya və digər dövlətlərdə də “ərəb baharı” adı altında köklü dəyişikliklər oldu. Hər kəsin gözünün Yaxın Şərqdə yönəldiyi bir dönəmdə gözlənilmədən dünyada neft və neft məhsullarının qiymətləri astronomik səviyyədə artdı. Rusiya bu faktordan maksimum yararlanaraq, postsovet məkanında öz mövqelərini gücləndirmək kursunu irəli sürdü. Əsasən neft və qaz ixracatçısı olan Rusiya astronomik səviyyədə varlandı və Qərbə meydan oxumağa başladı. Bir sözlə postsovet məkanının şəriksiz sahibi iddiasını sərgilədi. Bütün bunların nəticəsi kimi, Ukryananın cənub-şərq regionlarının işğalı buna səbəb oldu. Artıq Qərbdə “Ukrayna böhranı” sindromu kimi qəbul edilən bu siyasət Şərqi Avropanın təhlükəsizliyi məsələlərinin nə qədər ciddi olduğuna indi hər kəs daha çox önəm verməkdədir. Rusiyanın bu işğalçı siyasətinə adekvat addım kimi sanksiyaların verilməsinə başlanıldı. Rusiyanın baş naziri Dmitri Medvedevin etiraf etdiyi kimi, bu sanksiyaların nəticəsində ölkəyə 143 milyard dollar zərər dəyib.
– Bəs bütün bunların nəticəsinə baxmayaraq Rusiya hələ də ayaqdadır.
– Rusiya bu gün keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış kadrların hesabına MDB məkanında hökmlü görünür. 1990-cı illərdən üzü bu yana yetişən yeni nəsilin Moskvaya bağlılığı yoxdur. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların sonucu olaraq Kreml çoxlu bazarlar itirib. Münasibətlər artıq Moskvaya birmənalı deyil. Yaxın Şərq ölkələrində ümid yeri olan diktator rejimlərinin çoxu aradan qaldırılıb. Rusiya hansı ölkədə idarəolunan müharibələr, etnik və dini münaqişələr aparıbsa, orada məğlub olub. Çünki bu münaqişələrdə silahlarını satıb, öz təsir dairəsində olduğu ölkələrin sosial-iqtidsadi durumunun inkişafında maraqlı tərəf kimi çıxış etməyib. Əfqanıstan, Suriya və digər Yaxın Şərq ölkələrindəki ifrat diktator rejimlərini müdafiə etdiyi üçün nəticədə acı məğlubiyyətlə üzləşib. Ona görə də qarşılaşdığı embarqoların sonucu olaraq Rusiya daxildən sosial-iqtisadi baxımdan çökməyə başlayıb. Hətta ruslara məxsus regionlarda əhalinin mərkəzdənqaçma meyilləri güclənməkdədir. “Primorye”, “Kalninqrad”, “Kamçatka”, “Murmansk”, “Xabarovsk”, “Amur”, “Krasnoyarsk” kimi iri bölgələr ayrıca regional şəkildə yeni rus dövlətlərinə çevrilmək kimi iddialarını irəli sürürlər. Bu yöndə yerli siyasi və iqtisadi elitaların iddiaları daha böyükdür. Mərkəzi və Qərbi Rusiyada isə, dövlətin idarə olunmasının avtoritarizmlə deyil, demokratik düzənlə inkişafını tələb edənlərin sayı günbəgün artmaqdadır. Artıq demokratiya tərəfdarlarının genişmiqyaslı mitinqlərinin və etirazlarının, eləcə də irəli sürdükləri tələblərin nəticəsi də dediklərimizi əyani şəkildə sübut edir. O da maraqlı bir olaydır ki, ötən il Rusiyanın forpostu olan Ermənistanda 20 illik hərbi xunta rejimi devrildi və Qərb yönümlü iqtidar hakimiyyətə gəldi. Deməli Rusiya artıq ucqarları idarə edə bilmir. Forpost hesab etdiyi regionlarda söz sahibinə çevrilməkdə aciz durumla üzləşib. Belə bir anlayış artıq etnik separatizm siyasəti yürüdən bölgələrə də sirayət etməkdədir. Qondarma Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı rejimlərini idarə edən hərbi xuntaçıların hakimiyyətdən devrilmələri an məsələsinə çevrilib. Ona görə də Rusiya özünün son gücünü toparlayaraq, Ermənistanda və Azərbaycanda dövlət çevrilişlərinə hazırlıq görür. Bunun üçün də müxalifət adı ilə proseslərdə önə çıxmağı tərcih edib.

– Sizin fikrinizcə, Azərbaycanla bağlı nə kimi planları ola bilər?

– Moskva çox yaxşı bilir ki, Azərbaycanda Rusiyaya meylli qüvvələrlə yanaşı, həm də əks qütbdə dayanan çevrələr mövcuddur. Hakimiyyətdə və müxalifətdəki “fətullahçı”, “nurçu”, “hizbullahçı”, “sələfi”, xristian təriqətlərinə məxsus qruplar “KRİPTO MÜXALİFƏT” adı altında istənilən anda qarışıqlıq yaradılmasında maraqlı tərəf kimi çıxış edəcəklər. Bunu dolayı yolla ənənəvi müxalifətdən kənarda yaradılmış “müxalifət koalisiyası” da adlandırmaq olar.

– Bəs gözlənilən bu kataklizmlərin qarşısını necə almaq olar?

– Bizim partiyanın gəldiyi qənaət ondan ibarətdir ki, hansı siyasi partiya və ya sosial zümrə milli dövlətçilik konsepsiyası ilə hərəkət etmirsə, cəmiyyəti bütövlükdə onlara qarşı səfərbər etməliyik. Çünki hakimiyyətə iddialı olan hər hansı bir patiyanın və ya siyasi gücün xaricdəki qüvvələrin dəstəyi ilə hakimiyyətə gəlmək iddiasına qətiyyən yol vermək olmaz. Azərbaycan xalqı müdrik xalqdır. Müxalifətdə də, hakimiyyətdə də xeyli sayda milli dövlət siyasətinə dəstək verən müdrik insanlar var. Azərbaycan bir dövlət olaraq şəhid və qazilərimizin bizə olan əmanətidir. Kimsənin bu müdəqqəs əmanətə xəyanət etməsinə imkan verilməməlidir. Ermənistan banan bölgə olduğu üçün Qarabağda qan tökmüş və Ermənistanda 20 il hərbi xunta rejiminə rəhbərlik etmiş Robert Köçəryanın ətrafında “ana müxalifət” adı altında birləşən 20 partiyanın irəli sürdüyü iddialar bunu göstərir ki, onlar payızda hakimiyyət çevrilişi yolu ilə iqtidar olmaq üçün hətta qan tökməyə hazırdırlar.

– Bəs Azərbaycanda müxalifətin payızda atacağı addımları necə qiymətləndirirsiniz?
– Özünü müxalifət adlandıran partiyalar və vətəndaş cəmiyyəti institutları təəssüflər olsun ki, ölkədə apardıqları mübarizədə daha çox hakimiyyəti dəyişdirmək müstəvisi üzərində kökləniblər. Dövlətin inkişafı naminə proqramlar və konsepsiyalar irəli sürüb iqtidara gəlmək uğrunda mücadilə aparmırlar. ABŞ kimi nəhəng dövlətin milyonlarla problemi var. Qərbdəki problemlərin həddi-hüdudu yoxdur. Adını çəkdiyim bölgələrdə müxalifət öncədən konsepsiyalarını xalqla bölüşür və seçki prosesində daha fəallıq göstərərək iqtidara gəlirlər. Azərbaycanda isə, hələ də çox təəssüflər olsun ki, feodal təfəkkürü ilə “filənkəs tutduğu vəzifədən getsin” və ya “istefa” versin biz də iqtidara gələk ideyalarından kənara çıxa bilmirik. Bu ilin payızında Azərbaycan ən çətin və sınaqdan keçəcək bir durumla qarşı-qarşıya olacaq. Çünki, bu il Azərbaycan Avropa Birliyinə assosiativ üzvlüklə bağlı ən ciddi mərhələyə qədəm qoyacaq. Azərbaycan Avropa ilə yeni iqtisadi və siyasi əlaqələr çərçivəsində addımlar atmaq istəyir. Rusiya və İran yönlü qüvvələr tərəfindən rahatlıqla həzm edilmədiyi üçün, müxalifəti səfərbər etməyə və ölkədə süni şəkildə qarışıqllıqlar yaradılmasına çalışılacaqdır.

(Ardı var)
Söhbətləşdi: Ənvər Yusifoğlu

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA